Xalqımızın, ölkəmizin həyatında böyük və silinməz izlər qoyan, mühüm ictimai-siyasi hadisələrlə zəngin olan 2013-cü il sona yaxınlaşır. Bu barədə danışarkən, əlbəttə, ilk növbədə demokratik, azad və şəffaf şəraitdə keçən, böyük uğurlarla nəticələnən növbəti prezident seçkilərini, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunu, iqtisadi, sosial və mədəni sahələrdəki böyük uğurları və s. ayrıca qeyd etmək lazımdır.
Bəli, son 10 ildə respublikanın bütün bölgələri, şəhər, qəsəbə və kəndləri böyük inkişaf və yüksəliş yolu keçmiş, öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Son illər belə dinamik inkişaf yolu keçmiş rayonlardan biri də Ağcabədidir. Bəs 2013-cü il Ağcabədi rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında daha çox nə ilə əlamətdar olmuşdur? Əldə edilmiş konkret nəticələr, qarşıda duran mühüm vəzifələr, həllini gözləyən vacib problemlər nədən ibarətdir?
Əslində, bu sualların cavabı mənə gün kimi aydın idi. Etiraf edim ki, bölgə müxbiri kimi, vaxtımın çoxunu Qarabağın bu qədim və bərəkətli torpağında keçirirəm. Başqa sözlə desək, son illər, xüsusilə, 2013-cü ildə iqtisadi-sosial və mədəni sahədə əldə edilmiş dinamik inkişaf, genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri gözlərimin qarşısında baş vermişdir. Ancaq hər halda, qazanılmış uğurların statistikası, fakt və rəqəmlərin müqayisəli təhlili, işin təşkili, idarəetmə məsələləri və s. barədə rəsmi məlumat vacib idi.
Ona görə də ilk növbədə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla söhbət etməyi qərara aldım. Ancaq icra başçısı ilə geniş müsahibəmiz baş tutmadı. Başçının cavabı konkret oldu:
— Siz bayaq qələbəyə aparan yol sözlərini işlətdiniz. Bəyəm bilmirsiniz ki, qələbəyə aparan yol hardan, nə vaxt, kimdən başlanıb? Hamıya gün kimi aydın olan bu həqiqəti burada bir daha xatırlatmaq istəyirəm: respublikamızda yaranan və bərqərar olan sabitlik, dönməz xarakter alan inkişaf və yüksəliş, ölkəmizin artan beynəlxalq nüfuzu xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. İndi hamı haqlı olaraq bu yolu azadlıq, sabitlik, xoşbəxtlik yolu adlandırır. Olduqca fərəhlidir ki, həmin yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən daha böyük qətiyyət və uzaqgörənliklə davam etdirilir.
Belə bir vəziyyətdə, əlbəttə, başqa cür yaşamaq və işləmək, sadəcə, olaraq mümkün deyil. Sözsüz ki, hər kəs öz gücü, imkan və təcrübəsi daxilində hərəkət edir. Ağcabədidə son illər, həqiqətən, böyük layihələr həyata keçirilmiş, dinamik inkişaf və yüksəliş əldə edilmişdir. Bunu sizdə olan arayışdakı fakt və rəqəmlər də sübut edir. Ancaq bu, heç də o demək deyildir ki, nəzərdə tutulmuş tədbirlər, qarşıya qoyulmuş bütün vəzifələr, necə deyərlər, yüz faiz yerinə yetirilmişdir. Qarşıdakı illərdə bizi böyük vəzifələr, uca zirvələr gözləyir. Biz bunları aydın görürük və onların icra mexanizmlərini dəqiq bilirik. Deməli, işləmək, işləmək, yenə də işləmək lazımdır.
Biz xoşbəxt xalqıq, bir də ona görə ki, həyatımızın başqa sahələrində olduğu kimi, təşkilat – idarəetmə məsələlərində də bütün zamanlar üçün hamımıza parlaq örnək, canlı nümunə, əsl məktəb var. Bu, Heydər Əliyev məktəbi, Heydər Əliyev nümunəsi, Heydər Əliyev şəxsiyyətidir. Respublika Prezidenti İlham Əliyevin qətiyyətli, müdrik daxili və xarici siyasət xətti, dünyanın ən böyük dövlət və siyasət adamlarını belə heyran qoyan geniş dünyagörüşü, dərin zəkası, regionlara müntəzəm xarakter alan səfərləri, adamlara qayğısı, sözün həqiqi mənasında, bizim üçün həyat dərsləridir. Biz bu zəngin və tükənməz xəzinədən mümkün qədər çox şey öyrənməliyik.
Son illər Ağcabədidə iqtisadi-sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurların başlıca səbəbləri, sizin dediyiniz kimi, fəlsəfəsi bax bunlardan ibarətdir.
Bir də onu bildirmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin ölməz ideya və əməllərinə ölkə Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasət xəttinə sədaqət və məhəbbət təkcə sözlə deyil, konkret əməli işlərlə sübut olunmalıdır. Əməli işlər isə göz qabağındadır.
Başçının dediklərinə əlavə olaraq əvvəlcə yüksək sürət və dinamik inkişafı əks etdirən xarakterik fakt və rəqəmlərə, onların müqayisəli təhlilinə nəzər salaq.
2013-cü ilin ötən ayları ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 223788,3 min manat olmuşdur. Bu isə əvvəlki illə müqayisədə 36,6 faiz, 2005-ci ilə nisbətən 4,1 dəfə çoxdur.
Hazırda rayonda əsas kapitala yönəldilmiş investisiyanın həcmi 86112,4 min manatdır. Başqa sözlə desək, bu, ötən ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə, 2005-ci ilə nisbətən isə 59,6 dəfə artıqdır.
Rayon üzrə orta aylıq əmək haqqı 242 manatdır. Cari ilin ötən aylarında rayonda 2290 yeni iş yeri açılmışdır ki, bunun da 1167-si daimi, 1123-ü mövsümidir. Həmin göstəricini 2012-ci ilin müvafiq dövrü ilə müqayisə etdikdə 4,7 faiz, 2005-ci ilə nisbətən 5,8 dəfə çoxdur.
Bu fakt və rəqəmlər, bəlkə də, öz-özlüyündə quru, cansıxıcı görünür. Əsl həqiqətdə isə onlar son illər rayonda aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin, ardıcıl və məqsədyönlü fəaliyyətin, dinamik inkişaf və yüksəlişin aydın mənzərəsini əks etdirir.
İqtisadiyyatın, sosial-mədəni həyatın ayrı-ayrı sahələrində inkişaf daha ardıcıl və sistemli xarakter daşımışdır. Mühüm layihələr işlənib hazırlanmış, onların nəzərdə tutulmuş müddətdə və keyfiyyətlə həyata keçirilməsi üçün bütün imkan və ehtiyat mənbələri hərəkətə gətirilmişdir. Burada, əlbəttə, şəhərdə və ayrı-ayrı yaşayış məntəqələrində aparılan tikinti-quruculuq məsələlərindən başlamamaq ədalətsizlik olardı. Ona görə ki, indi Ağcabədi 30 il, 10 il, hətta bir il əvvəlki Ağcabədi deyil. Şəhər öz simasını tamamilə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Tikilən, yaxud əsaslı şəkildə təmir olunan hər bir bina, çəkilən yollar, səkilər, salınan parklar, xiyabanlar... yüksək zövq və müasirlikdən xəbər verir. Bir sözlə, Qarabağın bu bərəkətli bölgəsi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Qarşıda daha böyük hədəflər, uca zirvələr durur.
Söhbət fakt və rəqəmlərdən gedirsə, cari ilin ötən ayları ərzində rayonda 3605 kvadratmetrlik yeni səki salınmış, 1520 kvadratmetrlik hasar hörülmüşdür. Şəhərin Z.Adıgözəlov, N.Abdullayev, Ə.Bünyadov küçələrində 53 ədəd yeni işıq dirəkləri quraşdırılmışdır. İ.Məlikzadə, Z.Adıgözəlov, S.Vurğun, Babək, E.Sadıqov, X.Şuşinski, H.Əliyev, Ş.Cəmşidov və başqa küçələr asfaltlaşdırılmışdır.
Heydər Əliyev meydanında abadlıq işləri davam etdirilmiş, əraziyə dekorativ plitələr döşənmişdir. Bundan başqa, Yeni Azərbaycan Partiyasının inzibati binasının, 205 çarpayılıq müasir xəstəxanasının, Gənclər Mərkəzinin, müasir tipli Qonaq evinin,150 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır.
Ağcabədi ənənəvi kənd təsərrüfatı rayonudur. Burada taxılçılığı, pambıqçılığı, heyvandarlığı sürətlə inkişaf etdirmək üçün hər cür imkan və şərait var. Fərəhlidir ki, kənd əməkçiləri bu ehtiyat mənbələrindən səmərəli istifadə edir, ildən-ilə məhsul istehsalını artırırlar. Heç də təsadüfi deyildir ki, respublika üzrə ilk pilot təsərrüfatı yaratmaq üçün Ağcabədi rayon ərazisindən 3300 hektar torpaq sahəsi ayrılmışdır. Onu da əlavə edək ki, cari ildə həmin torpaqlarda əkilmiş taxıl sahələrində məhsuldarlıq 54,4 sentnerə çatdırılmışdır.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 149,35 nəfər istehsalçıya 2,291239 manat vəsait ödənilmişdir.
Ötən aylar ərzində rayon üzrə ət istehsalı 7868 ton, süd 45585 ton, yumurta isə 9454 min ədəd olmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
Sahibkarlığın inkişafına dövlət dəstəyi cari ildə də uğurla davam etdirilmişdir. Belə ki, ötən aylarda Sahibkarlığa Kömək Milli Fondu 28 sahibkara 1,450 manat güzəştli kredit vermişdir ki, bunun da nəticəsində 118 yeni iş yeri açılmışdır. Hazırda müasir çörək zavodunun tikintisində son tamamlanma işləri aparılır.
Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmış, sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, ciddi intizam və tələbkarlıq yaradılmışdır. Belə bir fakt xüsusilə diqqəti cəlb edir ki, təkcə ötən il son 30 il ərzində olduğundan artıq məktəb binası tikilib istifadəyə verilmişdir. Cari ildə isə 220 yerlik Aran kənd 1 saylı tam orta məktəb və 320 yerlik Avşar kənd 3 saylı ümumi orta məktəbi üçün yeni binalar tikilib. M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 yerlik, Köyük kənd tam orta məktəbi üçün 220 yerlik, R.Quliyev adına Taynaq kənd tam orta məktəbi üçün 180 yerlik yeni məktəb binalarının tikintisinə başlanılmışdır.
Təhsilin əsas göstəricilərindən biri məzunların ali və orta ixtisas məktəblərinə qəbuludur. Bu baxımdan Ağcabədi rayonunda uğurlu nəticələr əldə edilmişdir. Belə ki, son illər ardıcıl olaraq bu göstərici artmaqdadır. Məsələn, rayon üzrə cari ildə ali və orta ixtisas məktəblərinə 289 nəfər qəbul olunmuşdur. Rayon icra hakimiyyətində tələbə adı qazanmış gənclərlə görüş keçirilmiş, 500-600 arası bal toplayanlara hədiyyələr, 600-700 arası bal toplayan abuturiyentlərə isə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının nəzdində 2 şəhər, 1 qəsəbə, 4 kənd sahə xəstəxanası, 19 kənd həkim məntəqəsi və 24 kənd tibb məntəqəsi fəaliyyət göstərir.
2011-ci ilin may ayının 6-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfəri zamanı 205 çarpayılıq yeni xəstəxana binasının təməlqoyma mərasimində iştirak etmişdi. Qışa müddətdə binanın tikintisi başa çatdırılmış və 29 avqust 2013-cü il tarixdə dövlət başçısı İlham Əliyevin yenidən Ağcabədi rayonuna səfəri zamanı açılışı olmuşdur.
Ölkə Prezidentinin bu diqqət və qayğısına cavab olaraq rayonun səhiyyə işçiləri islahatların tələblərinə uyğun olaraq ilkin tibbi yardımı, amblator—poliklinik və sanitar epidemioloji xidmətləri gücləndirmək, səhiyyənin maddi texniki bazasını inkişaf etdirmək, kadr potensialını artırmaq istiqamətində ardıcıl və sistemli iş aparmışlar.
Rayon mərkəzi xəstəxanasında və kənd xəstəxanalarında, həkim məntəqələrində xeyli abadlıq işləri aparılmışdır. Avşar kənd həkim məntəqəsi əsaslı təmir olunmuş, Qaravəlli kənd sahə xəstəxanası, Yuxarı Qiyamaddınlı, Şənlik kənd həkim məntəqələri, Köyük, Şotlantlı kənd tibb məntəqələri cari təmir olunmuşdur.
Havalar getdikcə soyuyur, qarlı-şaxtalı günlər yaxınlaşır. Qısa vaxtda keyfiyyətli hazırlıq tədbirləri də diqqət mərkəzindədir. Bu, xüsusilə xidmət təşkilatlarından ciddi intizam və tələbkarlıq tələb edir. Bəs bu cəhətdən Ağcabədidə vəziyyət necədir?
Əvvəlcə onu deyək ki, Rayon Elektrik Şəbəkəsi tərəfindən 2013-cü ilin müxtəlif gücə malik 26 ədəd transformator əsaslı təmir edilərək yenidən əhalinin istifadəsinə verilmişdir. Şəhər ərazisində, ayrı-ayrı kəndlərdə istismara yararsız dayaqlar yenisi ilə əvəz olunmuş, 920 metr hava xətti çəkilmişdir. Hindarx qəsəbəsində küçə işıqlandırılması üçün dayaqlar quraşdırılmış və istifadəyə verilmişdir.
Qaz istismar sahəsi 25562 abonentin qazla təmin olunmasını nəzərdə tutmuşdur. Bundan başqa, rayon ərazisində 3 məcburi köçkün qəsəbəsində 1363 abonent təbii qazla təmin olunmuşdur. Ötən müddət ərzində Ağcabədi şəhəri üzrə 131 abonentə və 5 kəndə təbii qaz verilmişdir. Ödəniş isə 110,4 faiz olmuşdur. Hazırda 1 qəsəbəyə və 9 kəndə təbii qaz çəkilişi davam etdirilir.
İqtisadi-sosial və mədəni həyatın müxtəlif sahələrindən gətirdiyimiz misallardan da göründüyü kimi, son illər Ağcabədi, sözün əsl mənasında, böyük inkişaf yolu keçmiş, bütün imkan və ehtiyat mənbələri hərəkətə gətirilmişdir. Nəticədə, rayon öz tarixinin ən şöhrətli illərini yaşamaqdadır.
Burada, əlbəttə, bugünkü inkişaf və yüksəlişi təmin edən əsas cəhətlər barədə düşünmək lazım gəlir. Heç şübhəsiz, həlledici amil xalqımızın böyük oğlu ulu öndər Heydər Əliyevin memarı olduğu dövlətçilik strategiyasını, iqtisadi-sosial və mədəni sahədə müəyyən etdiyi magistral yolu, bu istiqamətdə aparılmış islahatları ayrıca qeyd etmək lazımdır. Xoşbəxtlik bir də ondadır ki, ölkə Prezidenti İlham Əliyev bu gün həmin siyasəti daha böyük qətiyyət və ardıcıllıqla davam etdirməkdədir. Ağcabədililər bu gün məhz belə düşünürlər.
Heç uzağa getməyək. Ölkə Prezidenti son illər dəfələrlə Ağcabədiyə tarixi səfər etmiş, təməlqoyma və açılış mərasimlərində olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüşlər keçirmişdir. Belə səfər və görüşlər, o cümlədən rayonun sosial-iqtisadi inkişafına yönəldilmiş fərman və sərəncamlar isə, heç şübhəsiz, işlərin gedişinə böyük təkan vermiş, inkişafın yeni hədəflərini müəyyən etmişdir.
Digər mühüm cəhət isə yerlərdə işin düzgün təşkili— intizam və tələbkarlıq, insan amili, adamlarla işləyə bilmək, onları öz ardınca apara bilmək bacarığıdır. Uzun illərin təcrübə və müşahidələrinə əsasən deyə bilərəm ki, Ağcabədi Rayon İcra Hakimiyyəti, onun yerli strukturları rəhbərlik, iş üslub və metodlarını daim təkmilləşdirir, yeni, maraqlı formalar tapır, bu zaman insan amillərini əsas götürürlər. Belə qarşılıqlı inam və etibar, bütün qüvvə və səyləri bir məcraya yönəltmək qabiliyyəti, ölkə Prezidentinə, onun apardığı müdrik və qətiyyətli daxili və xarici siyasət xəttinə hədsiz sədaqət isə öz növbəsində qarşıya qoyulan vəzifələrin, böyük layihələrin uğurla həll olunması ilə nəticələnir.
... Ağcabədiyə, Qarabağın bu bərəkətli bölgəsinə son səfərimdən aldığım təəssürat, müşahidə və düşüncələr bundan ibarətdir. Ancaq hələ deyiləsi sözüm çoxdur. Əlimin altında olan fakt və rəqəmlərin hələlik heç yarısından da istifadə etməmişəm.
Bəlkə də, belə yaxşıdır. Deməli, Ağcabədi haqqında bundan sonra da yazılacaq...
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.