Noyabrın 26-da ATƏT-in Bakı ofisi “İnsan alveri qurbanlarının müdafiəsi mexanizmləri: insan alveri qurbanları üçün cəzasızlıq müddəasının icrası” mövzusunda ikigünlük beynəlxalq seminara başlamışdır.
AzərTAc xəbər verir ki, seminarın məqsədi hakimlərin, prokurorların, vəkillərin, hüquqşünasların və s. insan alveri və məcburi əmək hallarının mühakiməsi, eləcə də insan alveri qurbanlarının müdafiəsi haqqında biliklərini təkmilləşdirməkdir.
Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay bildirmişdir ki, cəmiyyətə və ləyaqətə zərər vuran insan alverinin qurbanları əsasən yoxsul təbəqədən şəxslər, əksər vaxtlar isə miqrantlar olurlar. Qadın və uşaqların evlərindən didərgin düşüb insan alverinin qurbanı olmağa məruz qalmaları, uşaqların məcburi əməyə cəlb edilmələri, məhkəmə sisteminin və hüquq mühafizə orqanlarının bu məsələyə diqqəti artırmalarını vacib edir. İnsan alverinə qarşı mübarizəyə cəlb olunmuş qurbanlar adətən özlərini müdafiəsiz vəziyyətdə hiss edirlər. Bu sosial bəlaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq məsələləri mühüm əhəmiyyət kəsb edir.
Vurğulanmışdır ki, insan alveri qurbanlarının qarşılaşdıqları çətinliklərlə mübarizə aparmaq vacibdir. Qurbanların bərabərlik, qeyri-diskriminasiya, təhlükəsizlik, səhiyyə, təhsil hüquqlarının qorunması, layiqli işlə təminatı məsələləri çox önəmlidir. Burada inzibati tənzimləmə mexanizmləri mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilmişdir ki, insan alveri qurbanlarının məcburən törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməməsi əhəmiyyətli məsələlərdəndir. Bu sahədə aidiyyəti təşkilatların və qurumların nümayəndələrinin lazımi tövsiyələrini vermələri mühüm əhəmiyyət kəsb edir. Seminarda hazırlanan tövsiyələr cəzasızlıq müddəalarının daha geniş tətbiq olunmasına kömək edəcəkdir.
ATƏT-in Bakı ofisinin rəhbəri diqqətə çatdırmışdır ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində çox yaxşı təcrübəyə malikdir və ölkəmizdə bu sahədə uğurlu nəticələr əldə olunmuşdur. Burada digər region ölkələri üçün nümunə sayılacaq müsbət təcrübə vardır. Azərbaycan hökuməti bu sosial bəlanın nəticələrinin aradan qaldırılması, insan alveri qurbanlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şərait yaradılması və digər istiqamətlərdə müvafiq tədbirlər görmüşdür.
Seminarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev çıxış edərək ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, qəbul edilmiş Milli Fəaliyyət planları, qanunlar, fərmanlar, proqramlar, respublikamızın qoşulduğu beynəlxalq konvensiyalar haqqında danışmışdır. Artıq “Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2014-2018-ci illər)”nın hazırlandığını deyən C.Şıxəliyev insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğunu, belə hallara qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanda insan alveri ilə mübarizəyə ciddi əhəmiyyət verilir. Görülən tədbirlərin, o cümlədən maarifləndirmənin nəticəsidir ki, ölkəmizdə illər üzrə götürdükdə insan alveri ilə bağlı cinayətlərin sayının azalması müşahidə edilir. Həmin cinayətlər arasında ilk dəfə olaraq xarici ölkə vətəndaşları insan alverinin qurbanı qismində müəyyən edilmiş, onlardan ikisinə miqrant statusu verilmişdir. Natiq insan alveri ilə mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətini vurğulamış, seminarın bu sosial bəla ilə mübarizəyə töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov insan alverinin potensial qurbanlarının maarifləndirilməsi, insan alverindən zərər çəkmiş şəxslərin hüquqlarını qorunması məsələlərinin, bu sahədə müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsinin aparılmasının vacibliyindən söz açmışdır.
Beş bölmə iclasından ibarət seminarda insan alverinə qarşı mübarizədə məhkəmə orqanlarının roluna dair müzakirələr aparılmışdır.
Tədbir iştirakçıları məhkəmə prosesləri və qurbanların ifadə verməsi zamanı üzə çıxan əsas problemləri, qurbanlara təzminatların ödənilməsi, eləcə də onlara hüquqi yardımın göstərilməsində vəkillər kollegiyasının rolunu və pulsuz hüquqi yardım xidmətinin mümkünlüyünü müzakirə etmişlər.
Tədbirdə iştirak edən Moldova, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan hakimlər, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri mövzu ilə bağlı çıxışlar etmiş, öz ölkələrinin bu sahədəki təcrübələrini bölüşmüşlər.
ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndə və əlaqələndiricisi ofisinin hazırladığı “İnsan alveri qurbanları ilə bağlı cəzasızlıq müddəasının səmərəli şəkildə həyata keçirilməsi istiqamətində siyasət və qanunvericilik üzrə tövsiyələr” tədbir iştirakçılarına paylanılmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.