Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə “Jurnalistlərin dostu” seçilməsi dövlət başçısının Azərbaycan mətbuatına verdiyi misilsiz dəstəklə, mediamızın inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlıdır.
Şübhəsiz ki, belə bir yanaşmaya əsas verən bir sıra mühüm amillər var. Qənaətimə görə, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının həyata keçirilməsi istiqamətində atılan addımlar, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyətə başlaması ötən illər ərzində milli mətbuatımızın inkişafına təkan verən ən mühüm hadisə kimi qiymətləndirilməlidir. Çünki, məhz adıçəkilən konsepsiyanın hazırlanması və qəbul edilməsi nəticəsində mətbuatımızın inkişafı ilə bağlı uzaq hədəflərə hesablanmış strateji bir yol xəritəsi ortaya qoyuldu və bu elmi-konseptual yol xəritəsindən çıxış edilərək həyata keçirilən fəaliyyət özünü sözün bütün mənalarında doğrultdu.
Bu konsepsiyanın həyata keçirilməsi istiqamətində Azərbaycan Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun atdığı birgə addımlar nəticəsində mətbuatımızın kənar təsirlərdən qorunması və milli platforma üzərində inkişafı üçün əlverişli zəmin yarandı. KİV layihələrinin maliyyələşdirilməsi və birdəfəlik yardımlar nəticəsində mətbuatın maddi-texniki bazası nəzərəçarpacaq dərəcədə möhkəmləndi.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının təşəbbüsü ilə ayrı-ayrı dövlət qurumlarının və ictimai birliklərin təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələri media mənsublarının peşəkarlıq səviyyəsinin yüksəldilməsində, onların sosial vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynadı. Bakıda və ölkənin müxtəlif bölgələrində mütəmadi olaraq keçirilən görüşlər, reket mətbuata qarşı aparılan ardıcıl mübarizə ayrı-ayrı dövlət qurumları və ictimaiyyət nümayəndələri ilə media arasında etimadlı münasibətlərin formalaşmasına, mətbuatın nüfuzunun yüksəldilməsinə müsbət təsir göstərdi.
Son 10 ilin mənzərəsinə diqqət yetirsək, bu illər ərzində ölkə həyatının bütün sahələrinin, o cümlədən mətbuatımızın nə qədər böyük və sürətli inkişaf yolu keçdiyinin şahidi olarıq. Ölkəmizin sürətli və sabit inkişafı isə şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü, konseptual əsaslara, milli və bəşəri dəyərlərə söykənən siyasətdən qaynaqlanır. Bu baxımdan Azərbaycan Prezidentinin ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi tamamilə təbii qəbul olunmalıdır. Mən bir mətbuat nümayəndəsi kimi Azərbaycanımızı innovativ islahatlar yolu ilə, kataklizmlərə, qarşıdurmalara yol vermədən irəliyə doğru aparan, ölkəmizin müstəqil inkişafını təmin edən şəxsin - Prezident İlham Əliyevin dostu olmaqdan qürür duyuram.
Cənab Prezidentə “Jurnalistlərin dostu” mükafatının verilməsi və təqdimat mərasimi çərçivəsində media nümayəndələri ilə keçirilən görüş isə Azərbaycan mətbuatının tarixində olduqca mühüm bir hadisə kimi dəyərləndirilməlidir.
Azərbaycan Prezidentinin jurnalistlərlə keçirilən görüşdə səsləndirdiyi fikirlər ölkə həyatının bütün sahələri üçün mühüm əhəmiyyət kəsb edir! Prezident kifayət qədər açıq danışdı, mediamızın və bütövlükdə ölkəmizin inkişafı, eləcə də mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı dövlətimizin yaxın və uzaq hədəflərini göstərdi. Azərbaycan cəmiyyətinin iqtisadi-siyasi cəhətdən, ictimai fikir baxımından daha da sıx birləşməli olduğunu vurğuladı, medianın bu prosesdəki rolunu yüksək dəyərləndirdi. Prezidentə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi, jurnalistlərlə keçirilən görüş və dövlət başçısının ortaya qoyduğu mükəmməl yol xəritəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti Azərbaycan mediasına heç bir təmənna güdmədən, heç bir əvəz istəmədən, ayrı-seçkilik salmadan, siyasi baxışlarına, mövqeyinə fərq qoymadan sahib çıxır. Bu isə Azərbaycan dövlətinin humanist mahiyyətindən, demokratik prinsiplərə, söz və fikir azadlığına verdiyi dəyərdən qaynaqlanır!
Bu görüş mətbuatımızın inkişafına daha ciddi təkan verəcək, mətbuat nümayəndələrinin gələcəyə daha böyük ümidlərlə baxmasına zəmin yaradacaq çox önəmli bir məqamı da ortaya çıxardı: Azərbaycan dövləti hər zaman milli mətbuatın inkişafına dəstək verəcək və onun yanında olacaq!
Azərbaycan mətbuatı inkişafdadır. Bu inkişafın əsas səbəbi isə bilavasitə Azərbaycanın iqtisadi qüdrətinin, beynəlxaq nüfuzunun artırması ilə bağlıdır. Dövlətimiz gücləndikcə onun daim sahib çıxdığı Azərbaycan mətbuatı da güclənir, inkişaf edir. Ən önəmli və ümidverici məqam isə odur ki, Azərbaycan dövləti öz mətbuatına, mətbuat isə öz dövlətinin dəstəyinə inanır.
Elçin MİRZƏBƏYLİ,
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.