Aura elə qurulmuşdu ki, bizim – baş redaktorların heç birinin üzündə həyəcan, özünü dartma, loğvalanma, təkəbbür hissləri yox imiş kimi sakitcə və maraqla Prezident iqamətgahında dövlət başçımızı gözləyirdik. Bu, sıradan bir görüş olmasa da, sanki, Prezident də bizi gözləyirdi deyə, heç bir rəsmi hazırlıq görülmədən içəri daxil oldu, hamı ilə salamlaşdı, yerində əyləşdi. “Jurnalistlərin dostu” mükafatı Əflatun Amaşov tərəfindən təqdim olundu.
Prezident təşəkkürünü bildirib öz çıxışına başladı. Hiss olunurdu ki, cənab İlham Əliyev ölkə mətbuatının problemləri ilə yanaşı, onun uğurları ilə də yaxından tanışdır. Problemləri sadalayır, ən xırda incəliklərinə qədər danışırdı. Maraqlı idi, hərdən özümə sual verirdim ki, Prezident bütün bunları haradan bilir? Səmimi görüş, səmimi olduğu qədər də məsuliyyətli idi. Prezident mesajlar verirdi. Bilirdi ki, onun burada dediyi hər bir söz, cümlə elə buradan çıxan kimi televiziyalarda, qəzetlərdə, sosial şəbəkələrdə yayımlanacaq, hər kəs özünə sərf eyləyən fikirləri iqtibas kimi söyləyəcək, bəzi şəxslərsə məsələnin mahiyyətini kənara qoyub şəbəkələrdə mükamilə yazışmasının əndazəsindən kənara çıxıb hətta “atışacaqlar”. Bu da normaldır, deməli, Prezident İlham Əliyevin dediyi sözlər heç kəsdən yan keçməyib, hər kəs öz payını götürüb.
Bu görüşdə maraqlı bir fakt da ortalığa çıxdı. O, açıq şəkildə dedi ki, Azərbaycan daxilində, fərqi yoxdur – müxalifət olsun, ya iqtidar, hamı Azərbaycan vətəndaşıdır və azərbaycanlıdır. Hər bir azərbaycanlının bu dövlətdə xüsusi yeri var və bu işdə ayrı-seçkiliyi əsasən kütləvi informasiya vasitələri aradan qaldırmalıdır.
Dövlət rəhbəri KİV-in gücünü göstərməklə yanaşı, həm də daha bir mesajını verdi. Bu mesaj xaricdən maliyyə dəstəyi alan, qaynaqlarını xarici ölkələrdə axtaran, onun-bunun qapısında boynunu büküb imdad gözləyənlərə bir mesaj idi. Hamı bilir ki, bəzi güc və maliyyə sahibləri Azərbaycan dövlətindən istədiyi “pay”ı ala bilməyəndə, illərlə maliyyələşdirdiyi qəzetləri, ictimai təşkilatları ayağa qaldırır, bitib-tükənməyən yalanları hesabat şəklində beynəlxalq təşkilatlara ötürməklə başını qaldırıb (iyirmi iki yaş nədir ki?) irəliləmək və öz sözünü dünyada demək istəyən Azərbaycanın imicinə zərbə vururlar. Çox düz qeyd olundu ki, siyasi partiyaların siyasiləşmiş qəzetləri bu işdə daha çox canfəşanlıq edirlər, çünki ortada siyasi sifarişlər olur.
Daha bir məqamı xüsusi ilə qeyd etmək istərdim. Cənab Prezident ahıl jurnalistlərin problemindən danışanda hiss etdim ki, uşaqlara, gənciliyə necə rəğbət bəsləyirsə, yaşlı və ahıl insanlara ondan da çox rəğbət bəsləyir, onların qayğısına qalmağa çalışır. Bax bu, bizim mentalitetdir, bizə xoş olan adət-ənənədir.
Yaşlılara hörmət, gəncləri irəli çəkmək, uşaqlara qayğı - budur Prezident İlham Əliyevin devizi, şüarı. Keçmişinə hörmət etməsən, gələcək də sənə hörmət etməyəcək. Keçmişin ayağından tutub tez-tələsik onu dəfn etmək istəsən, sabah sənin də başına bu iş gələcək, çünki sən də nə zamansa, keçmişdə, xatirələrdə qalacaqsan. Bu mənada Prezidentin çıxışı özümüzü-özümüzə qaytardı, – desəm, yanılmaram. Elə bu görüşdə Şirməmməd müəllimə münasibəti, onunla mükamiləsi bunu bir daha sübut etdi. Və belə başa düşdüm ki, bu məntiqlə İlham Əliyev “Azərbaycanda ahıl evləri olmamalıdır” demək istəyirdi. Hər kəs atasına, anasına hörmətlə yanaşarsa, əzab-əziyyətini çəkərsə, bu “ahıl evləri” niyə olmalıdır ki? Necə ki, bizdə hələ Sovet İttifaqı vaxtından “ayıltma məntəqəsi” yoxdur.
Prezident mətbuatın, qəzetlərin satış problemlərini də bilir, hətta göstəriş verib ki, qəzet köşklərini mini bazara çevirməsinlər. Bir sözlə, dövlət başçımız istəyir ki, ölkədə insanlar qəzet, kitab oxusunlar, ən azı gündəlik xəbərlərlə tanış olsunlar, orada-burada gedib qeybət qılmasınlar, şayiələri küçəbəküçə gəzdirməsinlər. Məgər biz bunu istəmirdikmi?
Görüşdən sonra İlham Əliyev hamı ilə bir-bir görüşdü, tanımadığı baş redaktorlarla şəxsən tanış oldu. Çox səmimi görüşürdü, zarafat edirdi. Bu auranı özü yaratmışdı. Hətta bu sətirlərin müəllifinə iki cildlik “Əmir Teymur” kitabını ona təqdim etmək üçün özü şərait yaratdı və sonra zarafat da etdi, hamı gülüşdü. Elə bil, neçə illərin dostuyduq, hamı üçün bu görüşdə belə şərait yaradıldı, çünki o, jurnalistlərin dostudur.
Dost demişkən, cənab Prezident görüşün sonunda bir cümlə işlətdi: “Mən dostluqda möhkəm adamam”. Azərbaycan, Vətən, millət üçün çalışan insanla biz də dostuq və bu dostluqda möhkəmik. Və nəhayət, Prezidentin bu görüşdə çıxışının bütün qayəsini ümumiləşdirib belə yekunlaşdırmaq istərdim. “Satma satılarsan, atma atılarsan, unutma unudularsan!” O, belə dostluq istəyir.
Yunus OĞUZ,
“Olaylar” qəzetinin baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.