“Jurnalistlərin dostu” kimi şərəfli bir mükafata layiq görülən insan möhtərəm dövlət başçımız İlham Əliyev, böyüklü- kiçikli, rəsmi, qeyri rəsmi bütün mətbuat vasitələrinin və nüfuzlu qələm sahiblərinin hamısının gündəliyində olan əsas məsələ isə Prezidentin Azərbaycan mətbuatına qayğısının miqyasıdır.
Ancaq biz bu sətirlərin sərlövhəsinə adı çəkilən mükafata növbəti dəfə cənab İlham Əliyevin layiq olduğunu sübut edən insanların qədrşünaslığını çıxartdıq. Həmin addım bir daha sübut etdi ki, bu gün Azərbaycan mətbuatına rəhbərlik edənlər, xüsusən, bu mükafatın laueratının seçilməsi prosesində iştirak edib səs verənlər sözün həqiqi mənasında milli mətbuatımızın təəssübünü çəkən insanlardır. Bu gün sayı minlərlə, on minlərlə hesablanan jurnalistlər ordusunda Prezident İlham Əliyevin biz mətbuat işçilərinə göstərdiyi qayğının mükəmməlliyini təsdiq etməyən tapılmaz, tapılsa da, o adam mütləq qərəzli mövqe nümayiş etdirmiş olar. Elin gözü tərəzidir, deyiblər. Ancaq daim əlində qələm olan, cəmiyyət həyatında kimin kim olduğunu, hansı addımın nə üçün atıldığını bütün sənət - peşə sahiblərinə nisbətən daha yaxşı bilən mətbuat təmsilçilərinin gözü tərəzidən də dəqiqdir. Ona görə də, halal olsun bu mükafatı üç il əvvəlki lauerata ikinci dəfə təqdim edənlərə. Eyni zamanda, bu ad möhtərəm Prezidentimizə tamamilə halaldır.
Biz bir də onunla fəxr edirik ki, bu mükafata əvvəlki illərdə layiq görülən siyasətçilər və dövlət xadimləri arasında xalqımızın ümummilli lideri Heydər Əliyev də var idi. Təkcə jurnalistlər və bu sahə ilə bağlı olan adamlar deyil, eləcə də, ölkə əhalisinin hamısı ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatının qalibi olduğu günü xatırlayır. Ulu öndər o zaman demişdi ki, “Jurnalistlərin dostu” olmaq şərəfdirsə, bu dostluğu davam etdirmək daha böyük şərəfdir. Bu gün xalqımız şahiddir ki, cənab Prezident ulu öndərimizin “daha böyük şərəf” adlandırdığı dəyərə həqiqətən layiqdir.
Mükafatın təqdimolunma mərasimində qeyd edildi ki, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin bu ilin sentyabrında təşkil etdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyləri öyrənilmişdir. Sorğunun nəticələrinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 89 faiz səslə qalib gəlibdir. Ancaq Azərbaycan jurnalistikası təkcə bu siyahıda adı sadalanan qurumlardan ibarət deyil. Ölkə mətbuatının bütün təmsilçiləri arasında sorğu keçirilsəydi belə, təbii ki, ona ehtiyac yoxdur, yenə də bu göstərici ya bu şəkildə qalar, ya da müsbətə doğru dəyişilərdi. Nə üçün? Bu suala cavab vermək üçün bəzi məqamları yada salaq. 2005-ci ilin yayında mətbuatımızın həyatında baş verən möhtəşəm hadisələr hamının yadındadır. Təməli böyük maarifçimiz Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın 130 illik yubileyi ölkəmizin hər yerində həqiqi bir bayram kimi qeyd olundu. Həmin il Prezidentin imzaladığı sərəncama əsasən 100-dən çox media təmsilçisi “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, “Tərəqqi” medalına layiq görüldü. Cəmi beş il sonra - 2010-cu il iyulun 22-də jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan sərəncamla isə dövlət başçımız milli mətbuatımızın 135 illik yubileyi təntənəsinə yeni ovqat bəxş etmişdi. İndi həmin sərəncam yüksək səviyyədə öz həllini tapıb və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 156 jurnalistə yeni binada tam təmir olunmuş mənzillər verilib. Bu yay isə jurnalistlər üçün yeni yaşayış binasının təməli qoyulub. Cənab Prezidentin bu məsələlərlə bağlı çıxışında səsləndirildiyi kimi MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda jurnalist şəhərciyi yaradılır. Bundan başqa mətbuat vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, redaksiyaların nəşriyyata borclarının silinməsi, xüsusən, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və mətbuatla bağlı digər məsələlərin daim dövlət başçımızın diqqət mərkəzində olması bir daha sübut edir ki, “Jurnalistlərin dostu” mükafatı bu il də öz həqiqi ünvanını tapıb.
Aqillərdən hansısa deyib ki, jurnalistlər cəmiyyətin düşünən beynidir. Başqa bir aqilin fikrincə isə, qüdrətli dostu olan insanlar əhatəli yaradıcılığa və böyük uğurlara meyilli olurlar. Deməli, Azərbaycan mətbuatının uğurlu yaradıcılığı və daha böyük uğurları hələ qabaqdadır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.