Tanrı Mil-Muğan torpağından bar-bərəkətini heç zaman əsirgəməyib, İmişli isə Mil-Muğanın gözüdür, desəm, yəqin ki, səhvə yol vermiş olmaram. Sadəcə, bu qədim diyarın naz-nemətlərindən faydalanmaq üçün bir qədər əzm, iradə tələb olunub. Bunu bacaranlar isə həmişə bu torpağın sevimlisinə çevriliblər.
Rayon sakinləri də həmişə öz işgüzarlıqları ilə fərqləniblər. Respublikanı, sözün əsil mənasında, “ağuşuna alan” abadlıq-quruculuq prosesi müəyyən səbəblər üzündən İmişlidə bir qədər yubansa da, son iki ildə görünməmiş miqyas alıb, aparılan yenidənqurma və abadlıq işləri sayəsində qısa zaman ərzində rayon xeyli dirçəlib və simasını təzələyib. Bütün bunlar isə, sözsüz ki, hansısa “sehirli barmaqların” işarəsi hesabına baş tutmayıb. İsti-soyuq, qar-yağış, gecə-gündüz bilməyən, necə deyərlər, yuxusuna haram qatan, şair demişkən, “zəhməti həyatının ilk bəzəyi sanan” insanların sayəsində gerçəkləşib, reallığa çevrilib.
2013-cü ilin 9 ayı ərzində İmişli rayonunun sosial-iqtisadi inkişafında da bir sıra uğurlu nəticələr əldə olunub. İqtisadiyyatın əsas sahələri üzrə 267072,9 min manatlıq məhsul istehsal edilib və ya xidmət göstərilib. Rayon üzrə ümumidaxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artmış, bu artım sənayedə 95333,6 min manat və ya 35,7 faiz, kənd təsərrüfatında 70895 min manat və ya 26,5 faiz, tikintidə 65266,3 min manat və ya 24,4 faiz, ticarətdə 30088,5 min manat və ya 11,3 faiz, nəqliyyatda 5012,1 min manat və ya 1,9 faiz, rabitədə 477,4 min manat və ya 0,2 faiz təşkil etmişdir.
2013-cü ilin 9 ayı ərzində büdcə vəsaiti hesabına 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbi üçün yeni bina inşa edilmiş, Xoşçobanlı kənd tam orta məktəbinin tədris binasında bərpa-gücləndirmə işləri aparılmış və 8 əlavə sinif otağı tikilmişdir. Rayonun Cavadxanlı, Buludlu, Cəfərli kənd 1 saylı tam orta məktəblərində əsaslı təmir işləri aparılmış, 360 şagird yerlik Sarıxanlı kənd 1 saylı tam orta məktəbinin tədris binasında bərpa-gücləndirmə işləri və əlavə sinif otaqlarının tikintisi, 960 şagird yerlik şəhər 5 saylı məktəb-liseyin əsaslı təmiri başa çatdırılaraq şagirdlərin və pedaqoji kollektivin istifadəsinə verilmişdir. Həmçinin 120 şagird yerlik Cəfərli kənd 2 saylı və 180 şagird yerlik Ölcələr kənd tam orta məktəblərinin, eləcə də 40 yerlik Məzrəli kənd uşaq bağçasının tikintisinə başlanılmışdır və hazırda tikinti işləri davam etdirilir. İmişli Regional Ədliyyə şöbəsi üçün dördmərtəbəli inzibati binanın tikintisi başa çatmış, Rayon Məhkəməsinin inzibati binasının tikintisinə başlanılmışdır.
Şəhərdə istifadəyə verilən Gənclər Mərkəzində konfrans zalı, kinoklub, kitabxana, şahmat dərnəyi, idman zalı, kafe, çayxana və digər xidmət növləri fəaliyyət göstəməyə başlamışdır. Uzunmüddətli fasilədən sonra yeni “Mil-Muğan” futbol komandası yaradılmış və artıq uğurlu nəticəyə imza atılmışdır. Rayon Tarix-Diyarşünasliq Muzeyində əsaslı təmir işləri görülmüş, dam örtüyü dəyişdirilmiş, bina aqlayla üzlənmişdir. Sahəsi 200 kvadratmetr, 2 zaldan ibarət olan muzeyin daxili tərtibatı yenidən qurulmuş, eksponatların sayı 4 minə çatdırılmışdır. Rayon Mədəniyyət Sarayında, mərkəzi muhasibatlıqda və Uşaq İncəsənət Məktəbində cari təmir işləri görülmüş, mədəniyyət müəssisələrinə inventar və digər avadanlıqlar alınmışdır. Hazırda rayon mərkəzi kitabxanasında, təmir işləri aparılır, binanın fasad hissəsinin aqlay daşları ilə üzlənməsi davam etdirilir.
Dövlət başçısının 30 mart 2010-cu il tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmış və müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Xəstəxanada 2013-cü ilin 28 martından fəaliyyətə başlamış dializ şöbəsində hazırda növbəli iş şəraitində hər gün 15 xəstə müalicə olunur. 2013-cü ilin 6 ayı ərzində Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstələrinə 500 ədəd qlükometr (şəkər ölçən aparat) və 1300 qutu test çubuqları verilmişdir. 20 sentyabr 2013-cü ildə Axıcanlı həkim məntəqəsi üçün yeni bina inşa edilərək kənd sakinlərinin istifadəsinə verilmişdir. Bütün bu tikinti və abadlıq işlərinin görülməsində, şübhəsiz ki, rayon rəhbərliyinin, xüsusən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin müstəsna xidmətləri olmuşdur.
İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində tikinti işləri “T.T.Ş İnşaat” MMC tərəfindən davam etdirilir. İndiyədək Beyləqan rayonunun Aşıqlılar kəndi ərazisində 5 ədəd artezian quyusu qazılıb istismara tam hazır vəziyyətə gətirilmişdir. Tikintisi başa çatdırılmış 29,5 kilometrlik (630 millimetrlik polietilen boru ilə) Beyləqan-İmişli magistral su xəttinin üzərində olan Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərini içməli su ilə təmin etmək üçün 100 mm-lik borular vasitəsilə çıxışlar qoyulmuşdur. Magistral xətt üzərində nəzərdə tutulan müxtəlif təyinatlı bütün quyuların və suqəbuledici kameranın tikintisi başa çatdırılmışdır. Layihədə nəzərdə tutulmuş 1 ədəd 1500 kubmetrlik və 2 ədəd 2500 kubmetrlik su anbarının da tikintisi başa çatdırılmış, müxtəlif diametrli polietilen borularla 7321 poqonometr kanalizasiya kollektor xətti çəkilmişdir. Şəhərdaxili 167 kilometr içməli su xəttində tikinti işləri başa çatmış, su xətti çəkilərkən 741 ədəd yanğın hidrantı inşa olunmuş, 6100 abonentə “SMARTkart” tipli sayğaclar quraşdırılmış, əhaliyə təmiz və dayanıqlı içməli suyun verilməsi təmin edilmişdir.
Azərbaycanda sudan istifadə edənlər birliklərinin inkişafına dəstək layihəsi çərçivəsində rayonun Muradxanlı və Ağaməmmədli kəndləri ərazisindəki suvarma və drenaj kanallarında təmir-bərpa işləri başa çatmışdır. Bunun üçün 2405 hektar sahədə 76700 poqonometr suvarma kanallarının, 30600 poqonometr drenaj kanallarının lildən təmizlənməsi, 281 ədəd müxtəlif tipli yeni hidrotexniki qurğuların tikintisi, 96 ədəd mövcud qurğuların təmiri, 57744 p/m beton üzlük işləri görülmüşdür. Layihənin smeta dəyəri 2018 min manatdır. İş 100 faiz yerinə yetirilmişdir. Bununla yanaşı rayonun bir çox kəndlərində sudan istifadə edənlər birlikləri üçün yeni inzibati binalar tikilmiş, binaların mebel və avadanlıqlarla təchiz olunması nəzərdə tutulmuşdur.
9 ay ərzində Kür-Araz çaylarında mühafizə bəndlərini möhkəmləndirmək məqsədilə 191 kubmetr həcmində betonla, 352 kubmetr faşınla sahilbərkitmə, 40,8 kilometr uzunluğunda 798,2 min kubmetr həcmində qayakəsmə və təmir işləri görülmüşdür. Həmçinin rayonun Qaradonlu kəndində Araz çayının sağ sahilindəki 1,8 kilometr məsafədə yeni layihə üzrə aparılan mühafizə bəndlərinin möhkəmləndirilməsi və təmiri işləri başa çatdırlmışdır.
Təsərrüfat hesablı rayon Aqroservis filialı tərəfindən 246 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və qoşquları ilə fermerlərə servis xidməti göstərilmiş, onlara güzəştli qiymətlərlə 487,95 ton amonium nitrat kübrəsi satılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə kompensasiyanın ödənilməsi tam təmin edilmişdir. Birinci yarımillikdə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli idarələri tərəfindən kollektorlarda 195 kilometr, suvarma kanallarında isə 686 kilometr lildən təmizlənmə işləri aparılmışdır. Heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 89867 başa, qoyunların sayı 239117 başa, quşların sayı isə 1284094 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1909 baş, qoyunlar 4563 baş, quşlar isə 12173 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 8586 ton, süd istehsalı 34167,3 ton, yumurta 70626,2 min ədəd, yun istehsalı isə 360,1 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. Cari ildə 10757 hektar sahədə buğda, 5199 hektar sahədə arpa, 345 hektar sahədə kartof, 342 hektar sahədə bostan, 486 hektar sahədə tərəvəz, 308 hektar sahədə dən qarğıdalı, 1535 hektar sahədə pambıq, 611 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. 46595 ton taxıl məhsulu istehsal olunmuş, məhsul istehsalı ötən ilin müvafiq dövri ilə müqayisədə 198 ton artmışdır. Həmçinin cari ilin 9 ayında 1714 ton qarğıdalı, 3391 ton kartof, 5638 ton tərəvəz məhsulları, 4172 ton bostan məhsulları, 1191 ton şəkər çuğunduru, 473,6 ton pambıq tədarük olunmuşdur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisinə başlanılmışdır. Rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli, 54 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 550 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün Bəhrəmtəpə qəsəbəsində 100 hektar torpaq sahəsi ayrılmış, hazırda 325 ailə üçün fərdi yaşayış evlərinin və 360 şagird yerlik 2 mərtəbəli yeni məktəb binasının tikintisi başa çatmışdır. Hazırda 50 yerlik uşaq bağçası, inzibati bina, klub, feldşer-mama məntəqələrində tikinti işləri başa çatmaq üzrədir.
Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yemqurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq Quşçuluq” MMC istifadəyə verilmişdir. 2013-cü ilin 9 ayı ərzində Ağsu-Kürdəmir-Bəhrəmtəpə, İmişliyə giriş və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bəzi yerlərində 505,6 min manatlıq təmir işləri aparılmışdır. Hazırda Hacıqabul-Bəhrəmtəpə və İmişli-Biləsuvar avtomobil yolu Türkiyənin “Kolin” və Azərbaycanın “Azər Star” şirkətləri tərəfindən əsaslı təmir olunur, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 101-115-ci kilometrlərində torpaq yatağının və əsasın tikilməsi işləri aparılır.
2013-cü ilin 9 ayı ərzində şəhərin 20 Yanvar küçəsi, Çahar, Bəcirəvan və Cəfərli kəndlərinin giriş yolları 512,4 min manat məbləğində təmir edilmişdir. Şəhərin M.Əsədov, Həsənoğlu, A.Ələsgər, 20 Yanvar küçələrində, H.Əliyev prospektində, Bayraq Meydanında və Mərkəzi Rayon Xəstəxanasının qarşısındakı meydanlarda 500 min manatlıq abadlıq işləri aparılmışdır. Şəhərin T.İsmayılov və S.Fətəliyev küçələrinə asfalt örtüyü salınaraq abadlaşdırılmışdır.
İmişli şəhərində 0,4 kv-luq elektrik xətlərinin SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli 8500 ədəd “SMART-kart” tipli sayğacların və elektrik dirəklərinin quraşdırılması işləri başa çatmış, 2013-cü ilin 9 ayı ərzində 2941 metr məsafəyə SİP kabeli, 20986 metr məsafəyə isə naqil çəkilmiş, 625 ədəd elektron tipli enerqomer sayğac quraşdırılmışdır. 52 ədəd müxtəlif gücdə olan transformator təmir edilmiş, 49 ədəd istismara yarasız ağac dayaqlar yeniləri ilə əvəz olunmuş, 68 ədəd dəmir-beton dayaqlar basdırılmışdır. Həmçinin, 25 ədəd istismara yararsız dayaq 38 ədəd metal dayaqla əvəz olunmuşdur.
796 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 7616 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Qeyri-əhali sektoru üzrə 58 abonentin də təbii qazdan istifadəsi təmin edilmişdir. “Neft yolları tikinti” ASC tərəfindən şəhərin bir çox ərazilərdə 4226 poqonometr polietilen, 14434 poqonometr polad boru xətləri çəkilmişdir. Yalavac, Cəfərli, Ağaməmmədli və Muradxanlı kəndlərində daşıyıcı qaz xətlərinin çəkilişi başa çatdırılmış, Yalavac və Cəfərli kəndlərində mənzillərə fərdi qaydada məişət qaz sayğacları quraşdırılmışdır. Bəhrəmtəpə qəsəbəsində “Təmir-Tikinti AZNY” QSC tərəfindən müxtəlif diamterlərdə 19713 poqonometr polad boru xətti çəkilmişdir. “Aran” Yoldaşlıq şirkəti MMC tərəfindən Rəsullu kəndində kənddaxili yeraltı daşıyıcı polietilen boru xətti çəkilmiş, mənzillərə məişət qaz sayğacları quraşdırılmış və kəndə qazın verilməsi təmin edilmişdir.
9 ay ərzində rayon üzrə 205 abonentə telefon xətti çəkilmişdir. Rayonun Qızılkənd EATS-i 256 nömrə, Bəhrəmtəpə EATS-i 50 nömrə, Qaravəlli EATS-i 96 nömrə, Qaraqaşlı EATS-i 128 nömrə, Qaradonlu EATS-i 100 nömrə, Muradxanlı EATS-i 100 nömrə, şəhər üzrə EATS-i 1000 nömrə olmaqla cəmi 1730 nömrə üçün xətt təsərrüfatının genişləndirilməsinə başlanılmışdır. Genişzolaqlı internet istifadəçilərinin sayı 2015-ə çatmışdır. Əhalinin genişzolaqli internetə olan tələbatını ödəmək üçün DSLAM avadanlıqları olmayan EATS-də internet avadanlıqları quraşdırılması nəzərdə tutulmuşdur. Cari ildə rayonun Rəsullu, Əliqulular və Xəlfəli kənd poçt şöbələri üçün yeni binaların tikintisi nəzərdə tutulmuşdur.
Həmin müddətdə rayon üzrə 1174 iş yeri açılmışdır ki, onun da 450-i daimidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə açılmış yeni iş yerləri 1,5 faiz artmışdır. Yeni istifadəyə verilmiş “Araz” ticarət mərkəzində 1000 nəfərə yaxın rayon sakininin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur.
İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 70214,4 min manat həcmində investisiya qoyulmuşdur ki, bunun da 92,3 faizi və ya 65266,3 milyon manatı tikinti-quraşdırma işlərinin payına düşmüşdür. Cəmi investisiyaların 28,9 faizi sənaye sahələrinin inkişafına, 22,6 faizi nəqliyyata, 14,2 faizi təhsilə, 13,5 faizi mənzil tikintisinə, 11,1 faizi kənd təsərrüfatına, 8,2 faizi ticarət və xidmət sahələrinə, 0,6 faizi isə abadlıq işlərinə sərf edilmişdir.
Səməd HÜSEYNOĞLU, “Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.