Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III plenumu keçirilmişdir.
MİMHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova konfransın gündəliyində duran məsələlər barədə iştirakçılara məlumat verdi və bildirdi ki, buraya MİHİ RK tərkibində qismən dəyişiklər edilməsi və 2013-2017-ci illər üzrə fəaliyyətin Əsas İstiqamətlər Konsepsiyasına uyğun olaraq şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələri tərəfindən sahə və ərazi sazişlərinin, kollektiv müqavilələrinin bağlanması, müəssisə və təşkilatlarda əməyin mühafizəsi komissiyalarının fəaliyyəti, işə götürənlərlə işçilər arasında fərdi əmək müqavilələrinin bağlanması və s. daxildir.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən Cəmilə Səttarova ötən müddət əzində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, ötən ay keçirilən Prezident seçkilərində digər təşkilatlar kimi, MİMHİ işçiləri də fəallıq nümayiş etdirmişlər və Prezident İlham Əliyevin parlaq qələbəsi onların hədsiz sevincinə səbəb olmuşdur. Son illər ölkədə gedən sosial-iqtisadi, mədəni sahədə gedən dəyişiklik və uğurlara toxunan natiq mədəniyyət işçilərinə dövlət qayğısından söhbət açaraq, bildirdi ki, mədəniyyət işçilərinin maddi, sosial məsələləri hər zaman diqqətdə olmuşdur.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizə diqqət göstərməsi, bir sıra işçilərin fəxri adlar, mükafatlarla təltif edilməsi buna nümunədir. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında növbəti iki ili əhatə edən kollektiv sahə sazişinin imzalanması mərasimi də bu diqqət və qayğıdan irəli gəlir. On iki bölmədən ibarət olan sənəd mədəniyyət və turizm sahəsində çalışanların sosial hüquqlarını özündə əks etdirir.
2013-2017-ci illər üzrə fəaliyyətin Əsas İstiqamətlər Konsepsiyasına uyğun olaraq, tədbirlər planına toxunan sədrin sözlərinə görə bölgələrdə mütəmadi olaraq, reydlər və seminarlar keçirilmiş, mədəniyyət müəssisələrində çalışan işçilərin əmək mühafizəsi və texniki təhlükəsizliyinin durumu yoxlanılmışdır. Natiq bildirdi ki, ortaya çıxan çatışmazlıqlar səmərəli fəaliyyət və bölgələrdəki həmkarlar təşkilatları ilə sıx əməkdaşlıq şəraitində aradan qaldırılır.
Bölgələrdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri görülən işlər, qarşıda duran vəzifələr və onları narahat edən məsələlər barədə çıxış etdilər.
Təşkilatın Gəncə şəhər həmkarlar ittifaqı komitəsinin sədri Sahib Axundov son illər şəhərdə mədəni təşkilatların fəaliyyəti və mədəniyyət işçilərinin əmək mühafizəsi və onların texniki təhlükəsizlik məsələlərinə toxundu. Bildirdi ki, mədəniyyət işçilərinin hüquqi maarifləndirilməsi, onların sosial maraq və mənafelərinin qorunması istiqamətində mütəmadi işlər görülür. Mədəniyyət işçilərinin cəbhə bölgələrinə səfəri və orada çıxışları vətənpərvərlik duyğularının artmasında mühüm rol oynayır.
Təşkilatın Yevlax şəhəri üzrə həmkarlar ittifaqı komitəsinin sədri Zöhrə Adıgözəlova Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, respublika komitəsinin işçilərinin Yevlağa və eləcə də digər bölgələrə səfərləri və onların iş şəraiti ilə tanışlığı daha sıx əməkdaşlığa töhfə verir.
Daha sonra Goranboy rayon həmkarlar ittifaqı komitəsinin sədri Nizami Abdullayev, Daşkəsən rayon həmkarlar ittifaqı komitəsinin sədri Mətanət Abdullayeva, Zaqatala rayon həmkarlar ittifaqı komitəsinin sədri Sona Qazıyeva, Azərbaycan Gənc Tamaşaçılar Teatrı həmkarlar ittifaqı komitəsinin sədri İlham Həsənov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı həmkarlar ittifaqı komitəsinin sədri Hafiz Quliyev çıxış etdilər. Görülən işlər, əldə edilən nailiyyətlər, eləcə də onları narahat edən məsələlər plenum iştirakçılarının diqqətinə çatdırıldı.
Sonda plenumda Respublika Komitəsinin aparatında struktur dəyişikliyi təsdiq edildi.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.