Abadlıq-quruculuq və yüksəliş...
Bu gün respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəliş Binəqədi rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.
Xatırladaq ki, rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədiyə rəhbərliyə gəlişindən sonra bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla reallaşdırılmışdır. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı qısa müddətdə xeyli iş görülmüşdür. Bununla bağlı ötən 9 ayda sosial-iqtisadi sahələrdə əldə edilən göstəricilərindən bir qisminə diqqət yetirək.
Dövlət başçısı İlham Əliyevin 22 aprel 2013-cü il tarixli müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına Xocəsən və Biləcəridə 97600 kvadratmetr, digər mənbələr hesabına isə mikrorayon və qəsəbələrində 153800 kvadratmetr asfalt örtük çəkilmişdir.
Rayonda bu ilin ötən ayları ərzində xidmət sahələrinə daxil olan binalarda 28425 kvadratmetrə yaxın yumşaq dam örtüyü cari, 58845 kvadratmetr isə əsaslı təmir edilmişdir. Bundan başqa, 2545 kvadratmetr pəncərə dəyişdirilmiş, 141 binanın girişində əsaslı təmir işləri aparılmış və 212 giriş qapısı dəyişdirilmişdir.
On ay ərzində 19167 metr yeni kanalizasiya xətti çəkilmiş, 2800 metr xətt simlə, 38000 poqonometr xətt mexaniki üsulla təmizlənmişdir. Binaların zirzəmisində 1375 metr içməli su xətti və 1225 metr kanalizasiya xətti dəyişdirilmişdir. Eyni zamanda, 9-cu mikrorayonda və Biləcəri qəsəbəsi 5057/68-ci məhəllədə ümumilikdə 346 ədəd işıq dirəyi quraşdırılmışdır.
Liftlərin təmiri, habelə yenilərinin quraşdırılması da diqqət mərkəzində saxlanılır. Sözügedən dövrdə xidmət sahəsinə daxil olan 790 liftin 30-u əsaslı təmir edilmiş, 71-i isə yenisilə əvəzlənmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar müvafiq tədbirlər planına əsasən su-kanalizasiya təsərrüfatında da bir sıra işlər görülmüşdür. Qəsəbə və mikrorayonlarda 132715 metr içməli su xətti çəkilmiş, 74 ədəd su nasosu və mühərriki əsaslı təmir edilmiş, 78 siyirtmə yenilənmişdir. Binəqədi-Xırdalan yolunda yeni su nasos stansiyası tikilmişdir. Hazırda burada quraşdırma işləri həyata keçirilir.
Rayonda ötən aylar ərzində binaların su təchizatının keyfiyyətinin artırılması məqsədilə 17950 kubmetr içməli su anbarı yuyularaq zərərsizləşdirilmişdir.
2013-2014-cü ilin payız-qış mövsümü ərəfəsində məişət qazının təchizatını daha da yaxşılaşdırmaq məqsədilə vahid şəbəkə üzrə cari hazırlıq işləri görülmüşdür. Qaz İstimar Sahəsinin daxili imkanları hesabına fərdi yaşayış evlərinin həyətyanı sahələrindən keçən, istismara yararsız qaz xətlərinin yenilənməsi üçün ümumilikdə müxtəlif diametrli 16672 metr qaz xətti çəkilmiş, 79 ədəd qaztənzimləyici şkaf quraşdırılmış və 1150 ədəd mexaniki qaz sayğacı smartkart tipli sayğacla əvəz olunmuşdur. Bundan başqa, Xocəsəndə yeraltı qaz xəttinin ləğvi ilə əlaqədar 90 metr yeni xəttin çəkilmiş və qaztənzimləyici şkafın quraşdırılmış, Biləcərinin Y.Hüseynov küçəsində və Hərbi şəhərcikdə məhəllədaxili qaz xətləri yenidən qurulmuşdur. Dərnəgül yaşayış massivində, Binəqədi-Biləcəri şossesində qaz xətlərinin çəkilişi başa çatdırılmışdır. M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrində yeni qaz xətlərinin çəkilişi işləri isə davam etdirilir.
Rayonda əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, istilik təsərrüfatının xidmət ərazilərində çatışmazlıqların aradan qaldırılması istiqamətində də müsbət nəticələr əldə edilmişdir.
İnsan amilinə mühüm önəm verilir
Azərbaycan Prezidenti İlham Əliyevin icra strukturları qarşısında ilk gündən müəyyənləşdirdiyi ciddi tələblərdən biri də məhz vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddi şəkildə yanaşılması ilə bağlıdır. Binəqədi Rayon İcra Hakimiyyəti də fəaliyyətini bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görür. Rayon rəhbərliyinə ünvanlanan müraciətlər cavabsız qalmır, vətəndaşların problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir.
Başçının yerlərdə keçirdiyi səyyar görüşlərdə səsləndirilən şikayət və təkliflərlə bağlı Tədbirlər Planı tərtib edilərək aidiyatı qurumlara və cavabdeh şəxslərə verilir. Adıçəkilən planda hər bir məsələnin reallaşdırılması ilə bağlı konkret vaxt müəyyənləşdirilir, məsələlərin icrası vəziyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən nəzarətdə saxlanılır.
İcra hakimiyyəti aparatında sakinlərin müraciəti üçün “1646” xidməti səmərəli fəaliyyət göstərir. Adamlar icra hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə telefonla çatdıra və məlumat ala bilirlər. “1646” xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edə bilir. Rayon icra hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid xidmətə daxil olan müraciətlər qanunvericilik bazası üzrə “Sual-cavab bloku”na əsasən cavablandırılır.
Təkcə bu ilin oktyabr ayı ərzində “1646" xidmətinə 1933 zəng daxil olmuş, 1409 zəng birbaşa cavablandırılmış, 662 əks əlaqə yaradılmış və 357 şikayət vərəqəsi hazırlanmışdır. Bundan əlavə, sözügedən xidmətin səviyyəsi 80 faiz, icraçılıq səviyyəsi 93,3 faiz təşkil etmişdir.
İdarəetmədə yenilik: pilot layihə Binəqədidə reallaşdırılır
Avropa Komissiyasının “İNOGATE” Proqramı çərçivəsində reallaşdırılan “Şərqi Avropa və Mərkəzi Asiyanın İnşaat Sektorunda Enerjiyə Qənaət Təşəbbüsü” layihəsinin Azərbaycanda icrası üçün Bakı Şəhər İcra Hakimiyyətinin təklifi əsasında Binəqədi rayonunun ərazisi (Naxçıvani küçəsi, 27) seçilmişdir. Bu, son vaxtlar Binəqədidə gedən abadlıq-yenidənqurma işlərinin sürətli gedişi və əldə olunan müsbət nəticələrlə bağlıdır.
Layihənin həyata keçirilməsinin əsas komponentlərindən biri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) yaradılmasını nəzərdə tutur. Avropa təcrübəsində bu qurum Kondominium adlanır. Kondominium latınca birgə mülkiyyətçilik, vahid obyektə, daha çox isə evə, həmçinin daşınmaz əmlaka sahiblik deməkdir. Bu anlayış bir çox ölkələrdə, o cümlədən ABŞ-da geniş yayılmışdır.
Xatırladaq ki, təklif qəbul ediləndən sonra layihə üzrə beynəlxalq ekspertlər Bakı şəhərinə ezam olunmuş, layihə üçün pilot binaya baxış keçirilmiş, binanın enerji auditi aparılmış və burada istifadə olunan enerjinin böyük hissəsinin itkiyə getdiyi aşkarlanmışdır. Mütəxəssislər tərəfindən enerji sərfiyyatında qeyri-rasionallığın mövcudluğu üzə çıxarılmışdır. Bildirilmişdir ki, səmərəlilik artırılarsa, işlədlən enerjinin təxminən 50 faiz qənanət edilməsi mümkün olar.
Azərbaycanda sözügedən MMMC-lərin yaradılmasına 2009-cu ilin ikinci yarısında başlanmışdır. Belə ki, Azərbaycan Prezidenti 27 avqust 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə məsələləri haqqında” və 24 may 2010-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” fərmanları ilə Mənzil Məcəlləsinin icrası üzrə yerli icra hakimiyyətləri qarşısında bir sıra vəzifələr müəyyən etmişdir. Xatırladaq ki, Mənzil Məcəlləsinin 10.0.9-cu maddəsilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təşkilinin və fəaliyyət qaydasının müəyyənləşdirilmədiyi, habelə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən idarəsi üsulu seçilmədiyi təqdirdə bu iş dövlətin vəzifələrinə aid edilmişdir.
Pilot lahiyə olaraq rayonda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması və həmin cəmiyyətlər vasitəsilə idarəetmənin təşkilinin formalaşdırılması nəzərdə tutulur. Bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrası ilə əlaqədar tədbirlər haqqında” 27 may 2013-cü il tarixli sərəncamına əsasən komissiya yaradılmış, komissiyaya mikrorayonlarda, xüsusilə rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunan və fasadları üzlənmiş binalarda, habelə abadlaşdırılmış məhəllələrdə maarifləndirmə, izahat və təbliğat işləri aparılması tapşırılmış, habelə çoxmənzilli binaların mülkiyyətçilərinə binanın idarəedilməsi üsullarının seçilməsi, həmçinin idarəetmə üsulu seçilmiş binalarda müvafiq sənədlərin hazırlanması, dövlət qeydiyyatına alınması məsələlərinə hərtərəfli dəstək və kömək göstərilməsi tövsiyə edilmişdir.
Mənzil təsərrüfatlarının yeni metodlar əsasında idarə edilməsinin əsas çətinliklərindən biri çoxmənzilli binaların ümumi istifadə yerlərinin əsaslı təmirə ehtiyacı olması ilə əlaqədardır. Məhz buna görə də Binəqədi Rayon İcra Hakimiyyəti əsas diqqəti bu istiqamətə yönəltmişdir. Belə ki, son ilyarım ərzində 268 binanın zirzəmisində su və kanalizasiya xətləri əsaslı təmir edilərək dəyişdirilmiş, 44 çoxmənzilli binada əsaslı təmir işləri başa çatdırılmış, 5 binada isə işlər davam etdirilir. Bundan başqa, həyətlərdə abadlıq işləri aparılır, binaların pəncərələri dəyişdirilir, liftlər yenilənir, dam örtükləri əsaslı təmir olunur, ərazilərə asfalt örtük salınır, həyətlər işıqlandırılır.
Artıq 8-ci mikrorayonda S.S.Axundov 4, İ.Dadaşov 91 və 91a binalarının sakinləri tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) təsis edilərək sənədlər qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunmuşdur.
Son olaraq...
...Rayonda görüləsi işlər, həyata keçiriləsi layihələr hələ çoxdur. Lakin yuxarıda qeyd edilənlər bir daha göstərir ki, Binəqədi öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunmuş bütün uğurların əsasında Prezident İlham Əliyevin rayona xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş, rasional sosial-iqtisadi siyasəti dayanır. Hazırda Binəqədi rayonunun hər bir sakini dövlət başçısının rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.