Qənbər Şəmşiroğlu-80
Çoxdandır məni narahat edən bu duyğuları, düşüncələri yazıya almaq istəyirdim. Amma nədənsə cəsarətim çatmırdı. Hər dəfə qələmə toxunanda bütün vücudum titrəyirdi. Çünki haqqında yazacağım adama mənim nəzərimdə ulu Tanrı öz səxavətiylə saymaqla bitməsi mümkün olmayan çox qabiliyyətləri, istedadları, məziyyətləri bəxş eləyib. Bunları vəsf eləmək isə təpər, bacarıq, hünər istəyir. Nəhayət ki, bu cürəti, bu hünəri Kəlbəcər adına, Kəlbəcər qüdrətinə söykənib tapdım özümdə. O Kəlbəcər ki, adı dilimizi, odu könlümüzü yandırır.
O Kəlbəcər ki, altı da, üstü də, florası da, faunası da möcüzələrlə doludur. Dünyanın ən məşhur səyyahları onu dünyanın səkkizinci möcüzəsi adlandırmışdı. Bu möcüzələr içərisində səyyahların qeydə almadığı, ancaq ədəbiyyatçıların, folklorşünasların, nəhəng söz adamlarının kəşf etdiyi ulu bir saz-söz ədəbi məktəbi var idi. Bu məktəbin təməli Ağdabanlı Qurbanla qoyulmuş, sarayı XX əsrdə aşıq sənətinin dədəlik zirvəsinə ucalmış Dədə Şəmşir tərəfindən möhtəşəmlənmişdir. Artıq iki əsrə yaxındır ki, bu ədəbi məktəb özünün çox istedadlı, tərlan təbli varisləri ilə saz-söz sevərləri heyrətə gətirib. Kəlbəcərdə ucalan, Kəlbəcəri ucaldan, kəlbəcərlilərin başını uca edən şəxsiyyətlər sırasında bu gün haqqında söz açdığım, ömrünün 80-ci ilini qürurla yaşayan, bütün fəaliyyəti ilə həm müasirlərinə, həm də gələcək nəsillərə örnək olan Qənbər Şəmşiroğludur.
Q. Şəmşiroğlunu xalqına sevdirən nədir? Bu düşündürücü və aydın sualın cavabını onu tanıyanların əksəriyyəti yaxşı bilir. Mənim isə bir daha bu cavaba aydınlıq gətirmək kimi bir borcum qalır. Hələ əmək fəaliyyətinə başladığı ilk müəllimlik illərindən şagirdlərinin, həm də həmin şagirdlərin valideynlərinin əzizinə, sevimlisinə çevrilib. O dövrdə Kəlbəcər təhsilinin şöhrətlənməsində Qara Bəhmən, Aslan müəllim, Cəfər Əhmədov kimi neçə-neçə təhsil fədaisinin sırasında Qənbər müəllim də olub. Həmin vaxtlarda rayonun ən iri məktəblərindən olan 2 saylı orta məktəbə rəhbərlik edib. Bu gün Qənbər müəllim o məktəbin yetirmələri olan neçə-neçə çoxlu alimlə, həkimlə, mühəndislə, müəllimlə fəxr edir.
Qənbər müəllim respublikanın ən ucqar dağ rayonu olan Kəlbəcərdə partiya komitəsinin ikinci katibi, icraiyyə komitəsinin sədri kimi çətin və məsul vəzifələrdə çalışıb. Xalqa canıyananlıq, yurda-yuvaya bağlılıq, işində prinsipiallıq bu vəzifələrdə çalışdığı vaxtlarda özünü göstərib. O zaman Kəlbəcərin əksər kəndlərinə maşın yolu, elektrik, telefon xətləri çəkilib, bu kəndlərdə məktəb, klub, kitabxana, mağaza, xəstəxana və s. kimi sosial obyektlər tikilib.
Kəlbəcərin mərkəzində “Yuxarı düz” adlanan sahədə yeni gözoxşayan şəhər salınmışdı. Murovun amansız, sərt aşırımlarının uçurulub-dağıdılmasında və buradan bütün kəlbəcərlilərin nicat yolunun açılmasında Qənbər müəllimin əməyi, fəaliyyəti danılmazdır.
Yeri gəlmişkən, əgər Qənbər müəllim Kəlbəcərin dar macalında, mühasirə günlərində vəzifədən uzaqlaşdırılmasaydı, bu gün Kəlbəcər boyda itkimiz, həsrətimiz olmazdı. Bəli, bunun heç bir sübuta, isbata ehtiyacı yoxdur. O zaman Gədəbəy rayonunda rəhbər vəzifədə işləyən Qənbər Qurbanovun səyi, uzaqgörənliyi, təşkilatçılığı sayəsində bədnam qonşularımızın Gədəbəyi ələ keçirmək niyyətləri gözlərində qaldı. İctimai fəaliyyətilə bağlı söhbət düşəndə Qənbər müəllim həmişə qürurlanır. Deyir ki, çox xoşbəxt adamam, çünki ulu babam Miskin Abdal Şah İsmayıl Xətai ilə çox yaxın ünsiyyətdə olub, mən də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ayrı-ayrı vəzifələrdə işləmişəm.
Şair dostum, görkəmli söz ustadı Məmməd Aslan deyir ki, dövlət işlərində işləmək Qənbər Şəmşiroğlunun söz dühasını uzun illər pərdələyib. Doğrudan da elədir, vaxtilə yüksək dövlət işlərində gecəsini gündüzünə qatan Qənbər müəllimin dəyərli şeirlərindən, nəsr əsərlərindən, publisistikasından uzun illər özündən başqa heç kim xəbərdar deyildi. Gizli saxlanılan bu incilərlə tanışlığımız sonralar bizi bu heyrət dünyasına çox zərif və qırılmaz tellərlə bağlayıb. Hər gün gözləyirik ki, Qənbər Şəmşiroğlundan şəhdi-şəkər bir şey alacağıq...
Səksən yaşının bu çağında Qənbər Şəmşiroğlu yenə də mötəbər məclislərdə görünür, heç kimdən ağsaqqal məsləhətlərini əsirgəmir. 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevin vəkili kimi seçicilərlə həmsöhbət olması, insanlarla mehriban görüşməsi, həmişəki səmimiliyi ilə diqqət çəkirdi. Qənbər müəllim ölkəmizin dinamik inkişafı barədə, artan beynəlxalq nüfuzu haqqında seçicilərlə elə maraqla söhbət edirdi ki, heyran qalırdın. Həmin görüşlər zamanı həmyerlilərimizin birinin-İlham Heydər oğlunun vəkili məhz Qənbər Şəmşiroğlu kimi ağsaqqallar olmalıdı, deməsi heç vaxt yadımdan çıxmaz.
Qənbər müəllim Kəlbəcərin işğalından sonra didərgin düşən elimizə rəhbərlik eləyib, onları təmkinə, səbrə, öz qeyrətlərini, qürurlarını qorumağa çağırıb. Bu gün də hər bir kəlbəcərlinin xeyrinə-şərinə yarayır, məclislərdə ağsaqqal missiyasını ləyaqətlə yerinə yetirir.
Şair, nasir, publisist, Azərbaycan Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, ən əsası sevimli insan Qənbər Şəmşiroğluna üzümü tutub deyirəm ki, yaşa, var ol, Qənbər müəllim! Sən bu pərən-pərən düşən elimizə hələ çox gərəksən. Sonda isə şeir dililə ürəyimdən keçənlərə nöqtə qoyuram:
Qadir Allah, xoş saatda yaratdı,
Bədxahlıqdan uzaq oldu bu ömür.
Şər qudurub yolumuzu kəsəndə,
Qılınc oldu, bıçaq oldu bu ömür.
Qara gəlmiş ilk baharın günündə,
Azmış olduq çiskinində, çənində.
Başsız qalan bir mahalın önündə,
Günəş oldu, çıraq oldu bu ömür.
80 yaşın təlatümlü dəryadır,
Kəlbəcərdi iniltisi, fəryadı.
Ayırmadı bir doğmanı,
bir yadı,
Kor vicdandan qaçaq oldu
bu ömür.
Zahid Muxtar, bir sehirli nağıldı,
Ulu sazdan, doğru sözdən doğuldu.
Yetim-yesir kölgəsinə yığıldı,
Çinar oldu, dayaq oldu bu ömür,
Qənbər adlı mayak oldu bu ömür.
Zahid MUXTAR,
“Kəlbəcər harayı” qəzetinin baş redaktoru, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.