Xəbər Agentliklərinin IV Dünya Konqresi Ər-Riyadda öz işini davam etdirir

 

 

 

Xəbər Agentliklərinin IV Dünya Konqresi noyabrın 19-da Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində öz işini davam etdirmişdir.

Səudiyyə Xəbər Agentliyinin təşkilatçılığı ilə keçirilən Dünya Konqresinin işində Səudiyyə Ərəbistanı Krallığının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Fransanın Frans-Press, Böyük Britaniyanın Press Assoşieyşn, Avstraliyanın Assoşieyted Press,  Tomson Röyters, Çinin Sinxua, Yaponiyanın Kyodo, Türkiyənin Anadolu, Rusiyanın İTAR-TASS, Almaniyanın DPA, Misirin MENA, Argentinanın TELAM, Koreya Respublikasının YONHAP, İndoneziyanın ANTARA agentlikləri daxil olmaqla dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY-Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərləri iştirak edirlər.

Azərbaycanı konqresdə AzərTAc informasiya agentliyi təmsil edir.

“Strategy-Entertainment & Media Price Water House Coopers” şirkətinin tərəfdaşı Nick Corcun rəhbərliyi ilə keçirilən ilk panel iclasında “Dünyada medianın mənzərəsinə baxış” mövzusu müzakirə olunmuşdur. Böyük Britaniyanın Press Assoşieyşn agentliyinin baş icraçı direktoru Klayv Marşal qlobal medianın üzləşdiyi problemlərdən danışmış, bu konqresin müasir mətbuatın qarşılaşdığı çətinlikləri müzakirə edib həlli yollarını tapmaq üçün yaxşı platforma olduğunu demişdir.

Bu panel çərçivəsində keçirilən birinci sessiyaya Avstraliyanın Assoşieyted Press agentliyinin baş icraçı direktoru Brus Devidson moderatorluq etmişdir. Sessiya “İnformasiya bazarında yeni məhsullar və xidmətlər” mövzusuna həsr olunmuşdur. Röyters Media Agentliyinin  icraçı direktoru Stiven Şvarts, İspaniyanın EFE Agentliyinin prezidenti və baş icraçı direktoru Xose Antonio Vera, Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, ABŞ-ın məşhur Assoşieyted  Press Agentliyinin prezidenti və baş direktoru Qarri Pruit, Fransanın Frans-Press Agentliyinin prezidenti və icraçı direktoru Emmanuel Hoq sessiyada çıxış edərək mövzu ilə bağlı maraqlı fikirlər bildirmişlər. Onlar xəbər agentliklərinin fəaliyyətlərində müvəffəqiyyət qazanmaq üçün əsas məsələləri diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, indi xəbər hazırlanmasında mətn kifayət deyildir. Fotolara və videoxəbərlərə də ehtiyac vardır. Ancaq videoxəbərlər də ayrı-ayrılıqda kifayət deyildir. Bütün bu məhsullar arasında sinxronlaşma aparılmalıdır. E.Hoq maraqlı fikir söyləyərək demişdir: “Hamı baş verən anda hər hansı bir hadisədən xəbər tutur. Amma nəzərdən qaçırmamalıyıq ki, burada hadisənin necə baş verməsini, tarixçəsini bilmək zəruridir. Bax elə burada da jurnalist işinin keyfiyyəti üzə çıxır. Başqa mənbələrin sahibləri ilə əməkdaşlıq artıq başlamışdır. İnformasiya strateji məsələdir”.

Natiqlər xəbər agentliklərinin qarşısında duran çağırışlardan danışmış, medianın problemlərinin həlli yollarını diqqətə çatdırmışlar.

Həmin gün Assoşieyted Press Agentliyinin sosial media redaktoru Erik Karvinin moderatorluğu ilə keçirilmiş ikinci sessiyada “Sosial media və digər rəqəmsal informasiya platformaları” mövzusu ətrafında maraqlı müzakirələr aparılmışdır. Müzakirələrdə iştirak edən dünyanın internet üzrə böyük şirkətlərindən Yahoo-nun Yaxın Şərq və Afrika üzrə media rəhbəri Məhəmməd Sabe, Böyük Britaniyanın MSN agentliyinin sosial media  şöbəsinin rəhbəri Darren Votters, Google şirkətinin Yaxın Şərq və Şimali Afrika regionu üzrə qlobal kommunikasiyalar və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri xanım Maha Abuleneyn sosial medianın ənənəvi xəbər agentliklərinin qarşısında yaratdığı çağırışlar və onlara uğurla cavab vermək yolları, xəbərlərin hazırlanmasında qərəzsizlik meyarını əsas tutmaq, fotoların kontentə uyğun seçilib yayılmasında peşəkarlığa üstünlük verilməsinin zəruriliyi barədə fikirlərini bölüşmüşlər.

Maraqlı müzakirələr şəraitində keçən sessiyadan sonra konqres iştirakçıları üçün Ər-Riyad yaxınlığındakı tarixi yerlərə səfər təşkil edilmişdir. Bədəvi ərəb musiqisi, adət-ənənələri, milli ərəb mətbəxi ilə tanış olan qonaqlar oradan xoş təəssüratlarla ayrılmışlar.

Konqres işini davam etdirir.

Şıxəli ƏLİYEV,

AzərTAc-ın müxbiri

Ər-Riyad

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında