Türkiyədə “Azərbaycan həftəsi” çərçivəsində silsilə görüşlər və tədbirlər keçirilmişdir

 

Türkiyədə “Azərbaycan həftəsi” çərçivəsində görüşlər və tədbirlər keçirilir. Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Fərhad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bursa, Yalova, Balıkesir və paytaxt Ankarada bir sıra görüşlər keçirmişdir.

Nümayəndə heyətinin üzvlərinin Bursa bələdiyyəsinin sədri Rəcəb Altepe ilə görüşündə iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilmişdir. Bursa Uludağ Universitetində keçirilmiş “dəyirmi masa”da iki qardaş ölkənin xarici siyasəti haqqında suallar cavablandırılmışdır. Uludağ Universitetinin professoru Tayyar Arı, Fərhad Məmmədov, Sabancı Universitetinin professoru Bülend Aras universitetin tələbələri ilə görüşdə TANAP, Bakı-Tbilisi-Qars və digər layihələrin əhəmiyyətindən bəhs etmişlər.

Yalova valisi Esengül Civelek ilə də görüşən nümayəndə heyətimiz Yalova Universitetində keçirilən konfransda iştirak etmişdir. Konfransda SAM-ın sədri Fərhad Məmmədov Azərbaycanın xarici siyasətinə, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Pirincçi ölkələrimiz arasında əlaqələrə dair məruzələrlə çıxış etmişlər.

Balıkesir Universitetində professor Muzaffer Yılmazın moderatorluğu ilə keçirilmiş “Azərbaycanın xarici siyasəti və Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda konfransda da bir sıra məruzələr təqdim edilmişdir. Fərhad Məmmədov Azərbaycanın xarici siyasəti, professor  Musa Qasımlı Azərbaycan-Türkiyə münasibətləri, SAM-ın əməkdaşlı Cavid Vəliyev regional layihələrə Azərbaycanın baxışı, Araz Aslanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi, Zaur Vəliyev ölkəmizin regional iqtisadi siyasəti haqqında məruzələrlə çıxış etmişlər.

Ankarada Türkiyə Nazirlər Kabinetinin xarici siyasət məsələləri üzrə baş müşaviri İbrahim Kalın ilə keçirilmiş görüşdə, həmçinin Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzində təşkil olunmuş “dəyirmi masa”da Azərbaycan-Türkiyə ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

  Daha sonra Türkiyə paytaxtında SAM-ın və Türkiyənin Yaxın Şərq Araşdırmalar Mərkəzinin (ORSAM) birgə təşkilatçılığı ilə “Dəmirdən İpəkyolu: Bakı-Tbilisi-Qars dəmiryolu” mövzusunda konfrans keçirilmişdir. Konfransın açılışında çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Odalar və Borsalar Birliyi İqtisadiyyat Universitetinin rektoru, professor Necip Camuşçu, SAM-ın sədri Fərhad Məmmədov və ORSAM-ın sədri Hasan Kanbolat Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən, həyata keçirilən birgə layihələrdən və Prezident İlham Əliyevin qardaş ölkəyə rəsmi səfərinin əhəmiyyətindən bəhs etmişlər.

  SAM-ın sədri Fərhad Məmmədovun sədrlik etdiyi konfransın “Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tarixçəsi” mövzusunda ilk bölmə iclasında dosent Həsən Əli Karasar, ekspertlər Toğrul İsmayıl və Cavid Vəliyev BTQ layihəsinin regionun geosiyasi vəziyyətinə təsirindən söhbət açmışlar.

Ankara Universitetinin professoru Erel Tellalın sədrlik etdiyi “Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivləri və problemlər” mövzusunda ikinci bölmə iclasında isə ORSAM-ın eksperti Səncər Səfər Suer, Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi Taleh Ziyadov və SAM-ın əməkdaşı Zaur Vəliyev layihənin bölgə ölkələrinin iqtisadiyyatına töhfəsi və qlobal əhəmiyyəti barədə danışmışlar.

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında