Qaz təsərrüfatının infrastruktur imkanları genişləndirilir

 

 

 

Ölkəmizin zəngin qaz potensialı bu sahədə bir sıra əlavə işlərin görülməsini, qaz təsərrüfatının infrastruktur imkanlarının daha da genişləndirilməsi zərurətini yaradır. Son illər ölkənin qaz təsərrüfatında yığım-nəql sisteminin təkmilləşdirilməsi və “mavi yanacağın” istehlakçılara çatdırılmasını təmin etmək üçün ən müasir infrastrukturun yaradılması istiqamətində   genişmiqyaslı işlər görülmüşdür.

Belə ki, qaz hasilatının artırılması məqsədilə dəniz yataqlarının yerləşdiyi ərazilərdə yeni özüllər inşa olunmuş, mövcud obyektlərdə bir sıra genişləndirmə işləri həyata keçirilmiş, əlavə qaz quyuları qazılıb istismara verilmişdir.  Neft-qaz sənayesinin infrastruktur imkanlarının genişləndirilməsi, yeni obyektlərin inşası isə Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin tikinti-quraşdırma idarələri tərəfindən həyata keçirilir. Trestin 2 saylı tikinti-quraşdırma idarəsi də ölkənin neft-qaz təsərrüfatı üçün son dərəcə vacib olan bu tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir. Təkcə onu demək kifayətdir ki, son illər adıçəkilən idarənin təmir-tikinti və quraşdırma briqadaları tərəfindən magistral qaz kəmərlərinin, qaz anbarlarının, kompressor stansiyalarının inşası ilə bağlı dövlət sifarişlərini vaxtında və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olurlar. Bu baxımdan 2013-cü ilin ötən dövrünü də kollektiv üçün uğurlu hesab etmək olar. Belə ki,  ilin əvvəlindən bir sıra dövlət əhəmiyyətli obyektlərin tikintisi və təmiri sahələrində səylə çalışan inşaatçılar ölkənin qaz təsərrüfatının inkişafına mühüm töhfələr vermişlər. Bu sahədə görülən vacib işlərdən biri də Dövlət Neft Şirkəti Qaz İxracı İdarəsinin sifarişi əsasında həyata keçirilən “Qazıməmməd-Qazax magistral qaz kəmərindən Mingəçevir qazpaylayıcı stansiyasına gedən magistral qaz kəməri qolunun tikintisi” layihəsidir. Cari ilin aprel ayında tikinti-quraşdırma tədbirlərinə başlanıldığı bu obyektdə artıq işlərin əsas hissəsi tamamlanmış, 12 kilometrə yaxın yeni boru xətti çəkilmişdir. Xatırladaq ki, obyektin ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Bu ilin əvvəlindən kollektivin aldığı daha bir mühüm sifariş Altıağac-Ağsu magistral qaz kəmərinin 17-26 kilometrlik hissəsinin əsaslı təmiri ilə bağlıdır. Belə ki, layihənin icrasına başlanıldığı aprel ayından bəri əsaslı təmir işləri çərçivəsində 3,93 kilometr uzunluğunda yeni boru xətti çəkilmişdir. Bundan əlavə, idarənin təmir-tikinti briqadaları tərəfindən Azərbaycan Qaz Emalı Zavodunu Qaradağ qazpaylayıcı stansiyası ilə birləşdirən 700 millimetrlik magistral qaz kəmərinin  əsaslı təmiri obyektində də xeyli iş görülmüş, 2, 26 kilometr yeni boru xətti quraşdırılmışdır. Xatırladaq ki, Qaz İxracı İdarəsinin sifarişçisi olduğu hər iki layihə artıq tamamlanmaq üzrədir. Həmin obyektlərin də ilin sonunadək sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Qaradağ rayonu “Puta” yüksəkliyi ətrafında  Hərbi Dəniz Qüvvələri üçün yeni şəhərciyin salınması 700 millimetrlik Zirə-Digah-Qaradağ (Cənub) magistral qaz kəmərinin bu ərazidən keçən hissəsinin köçürülməsi zərurətini yaratmışdır. Cari ilin fevral ayından layihənin icrasına başlayan 2 saylı tikinti-quraşdırma idarəsinin inşaatçıları polad borulardan pnevmatik sınaq keçirməklə 2142 metrdən artıq yeni boru kəməri çəkmişlər. Hazırda obyektdə işlər sürətlə davam etdirilir.

Ölkənin qaz təsərrüfatında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də yeraltı qaz anbarlarının tutumunun artırılması və qaz-kompressor stansiyalarının yenidən qurulması işləri  ilə bağlıdır. Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən dövründə  bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin sifarişi ilə Qaradağ yeraltı qaz anbarında 2 saylı qaz-kompressor stansiyasının yenidən qurulması layihəsi bu baxımdan diqqəti cəlb edir. Podratçı təşkilat olan 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi tərəfindən layihənin icrasına başlanıldığı mart ayından etibarən obyektə xeyli iş görülmüş, su nasosxanası üçün binanın, 0,4 kilovoltluq paylayıcı qurğunun, genişləndirici tutumların və əlaqələndirici boru düyümlərinin tikintisi, eləcə də hava ilə su və qaz soyuducularının quraşdırılması başa çatdırılmışdır. Hazırda  “Qaradağ 2 saylı qaz-kompressor stansiyasının yenidən qurulması” layihəsi çərçivəsində işlər sürətlə davam etdirilir. Bütövlükdə isə idarənin kollektivi bu ilin ötən doqquz ayında 36863,3 min manatlıq təmir-tikinti və quraşdırma işləri həyata keçirmişlər ki, bu da ölkənin qaz təsərrüfatının ahəngdar işinin təmin olunmasına əvəzsiz töhfələr vermişdir.

Göründüyü kimi, ölkəmizin neft-qaz sənayesinə mühüm töhfələr verən inşaatçılar dövlət qayğısından ruhlanaraq sifarişləri vaxtında və keyfiyyətləyerinə yetirirlər. Qaz təsərrüfatının infrastruktur imkanlarının artırılması isə əhalinin və iqtisadiyyatın “mavi yanacaq”la təminatının yaxşılaşdırılmasına, eləcə də ölkəmizin ixrac potensialının genişləndirilməsinə gətirib çıxarır.

 Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında