Nizami rayonunda payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olundu

 

 

 

Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirildi. Tədbirdə, həmçinin Nizami rayonu üzrə payız-qış mövsümünə hazırlığın yekunları və həlli vacib məsələlərdən geniş bəhs edildi.

Müşavirəni giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov iştirakçıları tədbirin gündəliyi ilə tanış edərək onları payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müzakirəsində fəal iştirak etməyə səslədi. Qeyd olundu ki, ilin bu dövründə qarşıda duran ən mühüm məsələlərdən biri yanğın hadisələrinin qarşısının alınması və bu sahədə zəruri profilaktik işlərin vaxtında həyata keçirilməsindən ibarətdir. Bu sahədə paytaxtın bütün ərazilərində olduğu kimi, Nizami rayonunda da mühüm işlərin görüldüyünü diqqətə çatdıran T. Budaqov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və onun yerli qurumlarının son illər bununla bağlı həyata keçirdikləri geniş miqyaslı tədbirləri yüksək dəyərləndirdi. Natiq ən müasir texniki vasitələrə və zəngin kadr potensialına malik Fövqəladə Hallar Nazirliyinin istər Azərbaycanda, istərsə də bir sıra xarici ölkələrdə baş vermiş təbii fəlakətlərin və yanğın hadisələrinin nəticələrinin aradan qaldırılmasında misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırdı.

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri” adlı məruzə ilə çıxış etdi. Qeyd olundu ki, nazirliyin Bakı Regional Mərkəzinin ənənəvi olaraq yerlərdə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarınınr rolu” mövsususunda keçirdiyi müşavirələrin müsbət nəticələri getdikcə öz bəhrəsini verir. Ölkəmizdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə hüquqi və fiziki şəxslərin qüvvədə olan qanunvericiliyə əsasən, məsuliyyət daşıdıqlarını diqqətə çatdıran məruzəçi bildirdi ki, cari ilin 9 ayında respublika ərazisində 7208 yanğın hadisəsi baş vermişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 694 hadisə çoxdur. Həmin hadisələr zamanı 45 nəfər həlak olmuş, 57 nəfər isə xəsarət almışdır. Bu cür bədbəxt hadisələrin səbəbləri, əsasən, elektrik avadanlıqlarının istismar qaydalarının pozulması, sobaların nasazlığı, siqaret çəkilməsi zamanı ehtiyatsızlıq və uşaqların nəzarətsiz qalmalarıdır. Bundan əlavə, payız-qış aylarında qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi son nəticədə insanların dəm qazından zəhərlənmələrinə gətirib çıxarır ki, bu da bir çox hallarda ölümə səbəb olur.

 Müşavirədə, həmçinin Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən video-material nümayiş etdirildi.

 Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Babək Tatlıyevin payız-qış mövsümünə hazırlığın yekunları ilə bağlı məruzəsi dinlənildi. Məruzəçi bildirdi ki, Nizami rayonunun yaşayış fondu 730 binadan ibarətdir ki, bundan da 515-i mərkəzi istilik sistemi vasitəsilə, 215-i isə divar sobaları ilə qızdırılır. 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 17 nəfərdən ibarət qərargahın yaradıldığını diqqətə çatdıran natiq qeyd etdi ki, ötən müddətdə mərkəzi istilik sisteminin, su və kanalizasiya xətlərinin, istilik məntəqələri və qazanxanaların, soba və tüstü bacalarının normal fəaliyyətini təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər görülmüş, təmir-bərpa işləri aparılmışdır. Belə ki, ötən müddətdə rayonun istilik təsərrüfatı tərəfindən istismara yararsız 840 paqonometr müxtəlif diametrli boru dəyişdirilmiş, qazanxanalarda əsaslı təmir-bərpa işləri aparılmış, magistral və məhəllədaxili istilik xətləri çəkilmiş, bir sıra binaların aşağı paylayıcı xətləri yenilələnmişdir və bu istiqamətdə tədbirlər hazırda da sürətlə davam etdirilir.

Ötən dövrdə rayonun elektrik enerjisi təzhizatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edən B. Tatlıyev bildirdi ki, bu məqsədlə 2 ədəd yeni komplekt transformator məntəqəsi quraşdırılmış, 4 ədəd zəif transformator güclüsü ilə əvəz edilmiş, 10 transormator məntəqəsindən çıxan hava xətləri SİP kabellərlə əvəzlənmiş, transformator məntəqələrində təmir-təftiş işləri görülmüş, avadanlıqlar cari təmir olunmuş, 33 binanın elektrik təchizatı yaxşılaşdırılmış, hava və kabel xətləri dəyişdirilmiş, rayon ərazisində yerləşən yarımstansiyalarda bir sıra yenidənqurma işləri aparılmışdır. Rayon sakinlərinin “mavi yanacaq” la təminatının yaxşılaşdırılması məqsədilə hesabat dövründə Nizami Qaz İstismar Sahəsi tərəfindən lazımi işlərin görüldüyünü diqqətə çatdıran Q. Məmmədov dedi ki, ilin əvvəlindən rayon ərazisində müxtəlif diametrli 5091 paqonometr yeni qaz xətti çəkilmiş, fərdi yaşayış evlərinin qaz xətləri küçəyə çıxarılmış, sayğaclaşdırma tədbirləri davam etdirilmişdir. Növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində rayon sakinlərinin içməli su təminatının və kanalizasiya xidmətlərinin səviyyəsini yaxşılaşdırmaq üçün ayrı-ayrı ünvanlarda 3444 paqonometr su və 1437 paqonometr kanalizasiya xətləri dəyişdirilmiş, 94602 uzunluğunda su xətti isə yenilənmişdir.

Məruzəçi, həmçinin rayonun lift təsərrüfatının fəaliyyəti, kommunal mənzil fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması və onun qorunub saxlanılması ilə bağlı həyata keçirilmiş tədbirləri diqqətə çatdırdı. Qeyd olundu ki, ötən müddətdə Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq balansında olan binaların dam örtüklərini, binadaxili istilik və elektrik xətlərini təmir etmiş, ümumi istifadə yerlərini şüşələmiş, giriş qapı və pəncərələri dəyişdirmiş, tüstü bacaları və havalandırma kanallarını təmizləmişdir. Eyni zamanda, rayonun təhsil və səhiyyə müəssisələri üzrə payız-qış mövsümünə hazırlıqla bağlı mühüm işlər görülmüşdür.

Məruzə ətrafında çıxış edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2012-ci və 2013-cü illərin doqquz ayında baş vermiş yanğın hadisələri və onların acı nəticələri, eləcə də dəm qazı nəticəsində qeydə alınmış ölüm və zəhərlənmə hallarının statistikasını açıqladılar, onların səbəbləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Müşavirədə, həmçinin rayonun aidiyyatı təsərrüfat qurumlarının rəhbərləri payız-qış mövsümünə hazırlıqla bağlı gördükləri işlərdən bəhs etdilər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov müşavirəyə yekun vuraraq payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işləri qənaətbəxş hesab etdi, bəzi çatışmazlıqların təcili surətdə aradan qaldırılması ilə əlaqədar müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında