İtirilmiş şöhrət necə qaytarılır?

Söhbət ölkə Prezidenti İlham Əliyevin şəfa ocağı Naftalana göstərdiyi diqqət və qayğıdan, son vaxtlar burada aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərindən gedir
Son vaxtlar Naftalana tez-tez gedirəm. Özu də bu, təkcə yayın istisindən, aranın bürküsündən təntiyib uzaqlaşmaq, Murovun ətəklərində yerləşən bu yerlərdə bir az sərinləmək ehtiyacından doğmur. Əsas səbəb bu kiçik şəhərdə aparılan böyük işlər, tikinti-quruculuq, abadlıq tədbirləri, hər addımda hiss olunan canlanma, inkişaf və irəliləyişdir. Bəli, Naftalanda həyatın axarı gurdur. Elə bir küçə, elə bir bina yoxdur ki, orada abadlıq, yenidənqurma işləri aparılmasın. Orası da var ki, bu işlər müasir arxitektura tələbləri səviyyəsində, yüksək zövq və səliqə ilə aparılır.
Yeri gəlmişkən, Naftalanda gördüyüm, şahidi olduğum daha bir vacib məsələ barədə. Son aylar burada vüsət alan yenidənqurma işlərində, tikinti-abadlıq tədbirlərində təkcə şəhər icra hakimiyyəti, müvafiq idarə, müəssisə və təşkilatlar, başqa sözlə desək, rəsmi dövlət strukuturları deyil, ziyalılar, ağsaqqallar, gənclər, bir sözlə, bütün əhali fəal iştirak edir. Bunu görmək, əlbəttə, çox xoş idi və biz də şəhər sakinləri ilə görüşdük, söhbət etdik, onların ürək sözlərini, arzu və düşüncələrini eşitdik.
Yekdil fikir bundan ibarətdir ki, naftalanlılar son illərə qədər burada hökm sürən ətalət və durğunluğa dözə bilmirdilər. Elə bil ki, respublikamızın bütün bölgələrini bürüyən və getdikcə daha böyük vüsət alan tikinti-quruculuq və abadlıq işlərinin, inkişaf və yüksəlişin bu şəhərə dəxli yox idi. Axı, Naftalanın parlaq inkişaf və yüksəliş dövrü, gəlimli-gedimli, qonaqlı-qaralı vaxtları olub. Şəhərin öz yerli əhalisindən başqa, hər il bu əvəzsiz şəfa ocağına 70 minə yaxın qonaq gəlirdi. 70-80-ci illərdə burada yaşayan sakinlər indi də o illəri xoş duyğularla xatırılayırlar.
Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illər Naftalanın əsl inkişaf və yüksəliş illəri olmuşdur. Azərbaycan KP MK-nın "Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında" xüsusi qərarından sonra isə şəhərin inkişafı sürətləndirildi, çoxmərtəbəli yaşayış binaları, yeni sanatoriya korpusları tikildi. Ona görə də naftalanlılar keçmişi geri qaytarmaq üçün aparılan böyük təşəbbüslərə həvəslə qoşulur, tikinti-quruculuq və abadlıq işlərində fəal iştirak edirlər. Bir sözlə, onlar öz doğma şəhərlərini daha abad, gözəl və yaraşıqlı görmək istəyirlər.
Naftalanın sosial-iqtisadi inkişafından danışarkən, əlbəttə, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli Qanununun tətbiq edilməsi barədə sərəncamını qeyd etmək lazımdır. Məsələ burasındadır ki, məhz həmin sərəncamdan sonra şəhərin inkişafında yeni bir mərhələ başlamışdır. Belə ki, Goranboy rayonunun inzibati ərazisindən 489 hektar torpaq sahəsi, o cümlədən Goranboy rayonunun Qaşaltı, Qaraqoyunlu və Qasımbəyli kəndləri Naftalan şəhər inzibati ərazi vahidlərinin tərkibinə daxil olmuşdur.
Söhbət sözsüz ki, şəhərin təkcə, necə deyərlər, coğrafi baxımdan genişləndirilməsindən getmir. Hərçənd buna da ciddi ehtiyac hiss olunurdu. Ona görə ki, əhalinin artımı və son vaxtlar tikilən bir sıra sosial obyektlər, fərdi yaşayış evləri ilə bağlı şəhər öz sərhədlərinə sığmırdı. Ancaq burada daha vacib və əhalinin böyük razılığına səbəb olan əsas cəhət odur ki, ölkə Prezidenti Naftalan kurort şəhəri kimi inkişafına daim diqqət yetirir, qayğı və köməyini əsirgəmir.
Yeri gəlmişkən, qısa müddət ərzində Naftalanda artıq görülüb başa çatdırılmış və davam etdirilən bəzi vacib tədbirləri bir daha yada salmaq istəyirik. Bu, həm də şəhərdə aparılan tikinti-abadlıq və quruculuq işlərinin həcmi və miqyası barədə aydın təsəvvür yaradır.
Naftalanda olarkən bizi son illər müxtəlif səbəblər üzündən şəhəri tərk etmiş onlarla iş adamı ilə tanış etdilər. Məlum oldu ki, indi onlar doğma şəhərlərinə qayıtmışlar. Hazırda müasir istehsal sahələri yaratmaq üçün müvafiq tədbirlər görür, yeni yollar, imkan və ehtiyat mənbələri barədə düşünürlər. Heç də təsadüfi deyildir ki, əvvəllər fəaliyyətini dayandırmış bir sıra müəssisələr bərpa edilmiş, yeni iş yerləri açılmışdır. Elə bunun nəticəsidir ki, şəhərdə işsizlik az qala gündən-günə azalır. Aparılan təhlillər onu da göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ümumi istehsal da xeyli artmışdır.
Əhalinin vacib sosial probleminin həllinin diqqət mərkəzində saxlanılması böyük razılığa səbəb olmuşdur. Təsəvvür edin ki, az qala 20 ilə yaxındır ki, şəhərin doqquzmərtəbəli yaşayış binalarında lift işləmirdi. Harada gəldi tikilən köşk və mağazalar şəhərin arxitektura görkəminə ciddi xələl gətirirdi. Qaz, su və elektrik təminatında ciddi nöqsanlar hökm sürürdü. Məktəb, xəstəxana və uşaq bağçasının yerləşdiyi binalar bərbad vəziyyətdə idi. Bir vaxtlar böyük qayğı ilə əkilmiş və şəhərə xüsusi gözəllik verən nadir ağaclar susuzluqdan yanıb sıradan çıxırdı və s.
İndi isə vəziyyət tamamilə dəyişmişdir. Belə ki, qısa müddət ərzində doqquzmərtəbəli yaşayış binalarında liftlər yenisi ilə əvəz edilmişdir. Bütün binaların girişləri işıqlandırılmış, dam örtüyü və fasadları əsaslı şəkildə təmir olunmuşdur. Çoxmərtəbəli yaşayış binalarının istilik sistemi ilə təmir olunması istiqamətində müvafiq iş aparılır.
Şəhərin yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması, o cümlədən şəhərdaxili qaz xətlərinin yenisi ilə əvəz edilməsi artıq başa çatmaq üzrədir. Bu məqsədlə Goranboy qazpaylayıcı məntəqəsindən 14,5 kilometr uzunluğunda xətt plastik borularla əvəz edilmişdir. Naftalanın içməli və təsərrüfat suyu ilə bağlı problemi həmişə olub. Ancaq son illər vəziyyət daha dözülməz idi. Ona görə də hazırda şəhər icra hakimiyyətində bu istiqamətdə bir sıra imkan və ehtiyat mənbələri götür-qoy edilir, daha optimal variantlar axtarılır. Məsələn, vaxtilə burada kəhriz olmuşdur, ancaq sonralar su batmış, kəhriz unudulmuşdur. Nəzərdə tutulan işlərdən biri də həmin kəhrizin bərpasıdır.
Naftalan istirahət və kurort, parklar və xiyabanlar, güllər-çiçəklər şəhəridir. Ancaq nə olsun ki, vaxtilə böyük xərc və zəhmət bahasına salınmış həmin park və xiyabanlar, yaşıllıq zolaqları baxımsızlıq və laqeydlik üzündən dağılıb gedirdi. İndi isə o yerlərdə böyük bir canlanma, irəliləyiş var. Məsələn, yeni artezian quyuları qazılmış, biri bərpa edilmiş, Heydər Əliyev adına parka isə yeni plastik boru ilə su xətti çəkilmişdir.
Bütün bu dediklərimizə Goran dəmiryol stansiyasından şəhərə qədər uzunluğu 18 kilometr olan magistral yolun əsaslı təmir olunaraq müasir standartlara cavab verən ikitərəfli yolla əvəz olunmasını, 240 yerlik yeganə uşaq bağçası - körpələr evinin yenidən qurulmasını, şəhər yeddiillik uşaq musiqi məktəbinin tikintisini, heç bir tələbata cavab verməyən tikililərdə yerləşən xəstəxana üçün binanın, məişət tullantılarının təkrar emalı zavodunun, Naftalan neftindən dərman preparatları hazırlayan zavodun, müasir olimpiya - idman kompleksinin, Naftalan beynəlxalq aeroportunun tikintisini və s. əlavə etsək, onda dünya şöhrətli bu müalicə ocağının abad, müasir və yaraşıqlı sabahını aydın təsəvvür etmək olar.
Naftalanda, eləcə də ətraf bölgələrdə İlqar Hüseynovu tanımayan yoxdur. Məsələ burasındadır ki, o, bu sahədə ilk özəl müəssisə yaradan iş adamıdır. "Naftalan Müalicə və Sağlamlıq Mərkəzi"nin direktoru İlqar Hüseynovun fəaliyyəti ilə yaxından tanışlıq, sözün əsl mənasında, adamı heyran edir. Öyrəndik ki, o, uzun illər Rusiyada yaşayıb. Ulu öndər Heydər Əliyevin xarici ölkələrdə və respublikada yaşayan iş adamlarına tarixi müraciəti qəlbi hər an doğma torpağı və milləti üçün döyünən İlqar Hüseynovu da Vətənə qaytardı. Beləliklə, Naftalanda ilk özəl müalicə və sağlamlıq mərkəzinin əsası 2004-cü ildə qoyuldu.
Ötən müddət ərzində mərkəz öz ərazisini xeyli genişləndirmiş, burada müasir dünya standartlarına cavab verən yaraşıqlı korpuslar inşa edilmişdir. Otaqlarda xəstələrin normal dincəlmələri və istirahət etmələri üçün hər cür şərait yaradılmışdır. Həyət-baca gül-çiçəkdir. Hər addımda yüksək zövq və səliqə-sahman hiss olunur.
Tibb elmi təsdiq etmişdir ki, Naftalan neftinin tətbiqi 70-dən çox, o cümlədən sümük-əzələ sistemi, periferik sümük və damar, ginekoloji, dəri, xroniki prostatitlər və başqa xəstəliklərin uğurlu müalicəsinə imkan verir. Mərkəzdə Naftalan vannaları və yaxmaları, yod-bromlu su vannaları, parafinlə müalicə, masaj, sualtı dartma və başqa kabinetlər, diaqnostika, biokimyəvi laboratoriyalar fəaliyyət göstərir.
İlqar Hüseynov təbiətən yaradıcı, qurucu adamdır. Bu günün işini sabaha qoyan deyil. Həyatın inkişaf sürəti ilə ayaqlaşmağa çalışır, keçmiş sovetlər birliyində, eləcə də dünyada baş verən yenilikləri diqqətlə izləyir. Söhbət zamanı təcrübəli iş adamı bildirdi:
- 2008-ci il mart ayının 3-ü kollektivimizin hər bir üzvünün yaddaşına əbədi olaraq həkk olunmuşdur. Məsələ burasındadır ki, məhz həmin gün ölkə Prezidenti İlham Əliyev Naftalana tarixi səfəri çərçivəsində bizim mərkəzə də gəldi, görülmüş işlərlə yaxından tanış oldu, həkimlər, tibb işçiləri, o cümlədən burada müalicə olunan insanlarla səmimi söhbət etdi. Ölkə rəhbərinin sahibkarlara, iş adamlarına göstərdiyi diqqət və qayğı, verdiyi qiymətli məsləhət və tövsiyələr işimizi daha yaxşı qurmaqda bizə də çox kömək edir. Burada gördüyünüz bir neçə bina məhz ölkə Prezidenti ilə görüşdən sonra tikilib istifadəyə verilmişdir. Onu da əlavə edim ki, bu əvəzsiz şəfa ocağında müalicəyə və istirahətə gələnlərin sayı ildən-ilə artır. Hazırda burada onlarla xarici ölkədən insanlar dincəlir.
Naftalanın bugünkü həyatı, şəhər sakinlərinin günü-güzaranı, arzu və düşüncələri bax, belədir. İşlərin gedişi ilə yaxından tanışlıq, görülmüş və görüləcək işlər, yaradılmış sağlam mənəvi-psixoloji mühit, yaradıcı və təşəbbüskar ab-hava belə deməyə tam əsas verir ki, Naftalan öz keçmiş şöhrətini tezliklə qaytaracaqdır.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında