Dövrün, hadisələrin və mənsub olduğu dövlətin ən önəmli əlamətlərini özündə əks etdirən bayraqlar mühüm tarixi abidədir. Bayraqda ideoloji, siyasi, sosial, sinfi, dini, milli və digər ideyalar daha cəmləşmiş formada öz təcəssümünü tapır.
Arxeoloji tapıntılar Azərbaycan ərazisində ştandart formalı bayraqların hələ tunc dövründə (b.e.ə. IV- II minillik) istifadə edildiyini təsdiq edir. Şəmkir və Şəki rayonlarında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş buynuzlu maral, üzərində səkkiguşəli ulduz, şüalanan Günəş və müxtəlif həndəsi naxışlar olan dairəvi lövhə və başqa formalı tunc ştandartlar, çox güman ki, qəbilə başçısının və ya hakimiyyətin rəmzini təmsil edir. Tapılmış ştandartların əksəriyyəti buynuzlu heyvan təsvirləridir. B.e.ə. VIII-VII əsrlərə aid Manna qalalarını təsvir edən Assur relyefində də belələrinə rast gəlinir. Çox güman ki, dövlətçiliyimizin rəmzi sayılan bu formalı ştandartlar tilsim rolunu oynamışdır. Bu gün Azərbaycanda qapı və darvazaların yuxarılarına, divar və barılara bərkidilən keçi və qoç buyunuzları, heyvan (it, at, maral) kəllələri bəd nəzərdən, bəd əməllərdən qoruyan nişan, tilsim kimi istifadə olunur.
Azərbaycan bayrağının tarixi qədimdir. 5 minillik dövlətçilik tarixinə malik və dünyanın ən qədim insan məskənlərindən biri olan bu diyarın ilk dövlət qurumlarından başlamış sonrakı dövrlərdə dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdir. M.Kalankatlının “Albaniya tarixi” əsərində həm albanların, həm də ilk orta əsrlərdə onlarla döyüş meydanında qarşılaşan türklərin bayraqlarının təsvirləri vardır. Əjdaha və quş formasında olan bu cür bayraqların əsas hissəsi ipək parçadan olmuş, gümüş bayraq sapı isə əfsanəvi heyvanın başını əks etdirmişdir. Buna bənzər bayraqlar erkən orta əsr Avropasında və digər Şərq ölkələrində də geniş yayılmışdır.
Bayraqlar həm də hərbi əhəmiyyət daşımışdır. Döyüş zamanı bayraq göz bəbəyi kimi qorunmuşdur. Bayrağın enməsi və ya düşmən əlinə keçməsi məğlubiyyətin əlaməti sayılırdı. “Kitabi Dədə Qorqud”da düşmən hücumunun qisasını ala bilən Salur Qazanın qardaşının “Kafərin tuğ ilə sancağını (yəni bayrağı) qılıncladı”ğı və “yerə saldığı” göstərilir.
Ərəb xilafətinin tənəzzülündən sonra — IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyasının rolu artmağa başlamışdır. Türk-islam dövlətləri təkcə Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın deyil, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində iz qoymuşlar. Şübhəsiz ki, türk-islam dövlətlərinin milli simvolu kimi bayraqları da olmuşdur.
Azərbaycan dövlətinin təkamülündə paytaxtı Təbriz olan mərkəzləşdirilmiş Səfəvilər dövlətinin öz yeri vardır. Bü dövlətin bayrağındakı təsvirlər — şir, arxada isə insan üzünün Günəş kimi təsviri (Şiri-Xurşid) dövlətin milli ənənələrə və qədim tarixə söykəndiyini göstərir.
Azərbaycan xanlıqlarının da xüsusi bayraqları olmuşdur. Müxtəlif şəkildə olan bu bayraqlar da müstəqil dövlətçiliyimizin rəmzi kimi mühüm əhəmiyyət kəsb edir. Bu bayraqlar hələ XIX yüzilliyin əvvəlindən başlayaraq müxtəlif yollarla Azərbaycandan çıxarılmış, 1888-ci ildə Tiflisdə açılan Qafqaz Hərbi Tarix Muzeyinə verilmişdir.
AXC hakimiyyəti dövründə — 1919-cu il aprel ayının əvvəllərində Azərbaycanın dövlətçilik tarixini əks etdirən bayraqların Vətənə qaytarılması məsələsi ortaya çıxmış, hərbi nazir, tam artilleriya generalı S.Mehmandarovun göstərişi ilə Baş Qərargah tərəfindən Azərbaycanın Gürcüstandakı attaşesi olan podpolkovnik Məmmədbəy Əliyevə Tiflis muzeyində saxlanılan Azərbaycana aid bayraq və başqa dövlətçilik rəmzlərinin Bakıya qaytarılması haqqında Gürcüstan hökumətindən razılıq alınması təklif edilmişdir. Bu məsələ 1920-ci il iyun ayında Azərbaycanda Dövlət Muzeyi yaradılandan sonra Birinci Ümumazərbaycan diyarşünaslıq qurultayında (sentyabr 1924) yenidən gündəmə gəlmişdir. Elə həmin il Azərbaycan Dövlət (Tarix) Muzeyi xanlıqlara, çar ordusunda xidmət edən azərbaycanlı generallara və ayrı-ayrı müsəlman alaylarına məxsus bayraqları əldə edə bilmişdir.
Azərbaycan xanlıqlarının üçkünc, dördkünc, beşkünc, düzbucaqlı formada olan bayraqları ilə tanışlıq göstərir ki, onlar XVI-XVIII əsrə aid edilən gözəl Şərq parçalarından tikilmiş, müxtəlif ornament və yazılarla bəzədilmişdir. Bayraqlara müxtəlif rəngli ipək, eləcə də qızıl və gümüşü saplardan saçaqlar salınmışdır. Bayraq ağacları silindrik formada yüngül ağac gövdəsindən düzəldilmiş, boyanmış, onların başlarına fiqurlu metal ucluqlar taxılmış, qızılı, gümüşü və başqa rəngli saplardan hazırlanmış qotazlar bağlanmışdır.
Azərbaycan xanlıqlarından bir neçəsinin bayrağına nəzər yetirək. Məlumdur ki, 1804-cü il yanvarın 3-də general P.D. Sisianovun başçılıq etdiyi rus qoşunları Gəncə qalasına hücum etdilər. Gəncə xanı Cavad xan və oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak oldular. Xanlıq ləğv edildi. Qələbə xəbəri ilə bərabər Sisianov çoxlu qənimətlə yanaşı, Gəncə xanına məxsus bir ştandartın (üzərində balıq təsviri olan bayrağın) və 8 bayrağın ələ keçirildiyini çara bildirir. Gəncə Yelizavetpol adlandırılır. Gəncənin yaxınlığında 22 il sonra - 13 sentyabr 1826-cı ildə baş vermiş döyüşə həsr edilən xatirə medalı buraxılmışdır.
Gəncə xanlığının bayrağı dördkünc, xüsusi toxunmuş qumaşdan hazırlanmış, uzunluğu 127, eni 174 sm olmuşdur. Bayraq əl ilə tikilmiş moruğu və yaşıl rəngli xara parçadan hazırlanmışdır. Bayrağın yuxarı hissəsində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir. Qızılı zanbaq gülləri ilə əhatələnmiş qırmızı dairənin içində ərəb əlifbası ilə “Allah” sözü yazılmışdır.
1805-ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov Qarabağ xanlığından mövqeyini bildirməyi tələb etdi. Başqa sözlə, Sisianov Qarabağ xanlığını Rusiya tabeliyinə keçməyə məcbur etdi. Mayın 14-də Kürəkçay sahilində bağlanmış müqaviləyə görə, Qarabağ xanı Rusiyanın vassalı olmağa razı oldu, xarici dövlətlərlə müstəqil münasibətlər saxlamaq hüququnu Rusiyaya verdi, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürdü.
Kürəkəni İbrahimxəlil xandan sonra Nuxa xanı Səlim xan da Sisianovun iqamətgahına gəlib, 1805-ci il mayın 21-də Gəncə yaxınlığında Rusiya ilə Nuxa xanlığı arasında müqavilə imzaladı və Nuxa xanlığı da Rusiyanın himayəsinə keçdi.
Səlim xan çar Rusiyası dövlətinin xəzinəsinə ildə 7 min çervon xərac verməli, Nuxada 500 nəfərlik rus hərbi hissəsini yerləşdirməli və onların bütün ehtiyaclarını ödəməli idi. Xanın oğlu kiçik olduğundan (4 yaşlı idi) sədaqət əlaməti olaraq onun əvəzinə beş bəyin uşağını əmanət verməli, iki ildən sonra öz oğlunu daimi yaşamaq üçün Tiflisə göndərməli idi. Lakin bir il sonra Qarabağ xanı öz ailəsi ilə öldürüldü. Səlim xan bacısının İbrahim xanla birlikdə qətlə yetirilməsindən əsəbiləşərək itaətdən çıxmaq əlaməti olaraq Nuxada yerləşdirilmiş rus qarnizonunu xanlığın hüdudlarından çıxardı. 1806-cı il oktyabrın 22-də Nuxa yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın qoşunu məğlub edildi. 1807-ci ilin yanvar ayında Cəfərqulu xan Xoylu Nuxaya xan təyin olundu. Rus general-qubernatoru Nebolsinin başçılıq etdiyi dəstənin ələ keçirdiyi qənimətlər içərisində xanlığın 6 bayrağı da olmuşdur. Onlardan üçü Azərbaycan Tarixi Muzeyində saxlanılır.
Ölçülərinə görə Nuxa xanlığına məxsus bayraqların ən böyüyü 245x237 sm olub beşbucaqlı formasındadır. Moruq rəngli olan bayrağın orta hissəsi ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Bayrağın kənarlarına yaşıl xara parçadan enli haşiyə salınmışdır. Ortada, güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında, sapı ipək saplarla cərgə-cərgə səkkiz guşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvari və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır. Bayrağın yaşıl xaradan olan haşiyəsi üzərində sarı ipək saplarla şahmat qaydasında səkkizguşə ulduzlar çəkilmişdir.
Eyni təsvirlər bayrağın astar tərəfində də işlənmişdir. Bayrağın parça hissəsinin bəzi yerləri zədəlidir. Açıq-qəhvəyi boya ilə rənglənmiş bayraq sapı (uzunluğu 289 sm kəsikdə diametri 3,8 sm) bir çox yerlərdən çatlamışdır. Dəmir ucluq (uzunluğu 52 sm) üç hissədən ibarətdir. Konusvari borunun üst tərəfində qabarıq kəmərlik qoyulmuş, başına içi boş “alma” taxılmışdır. “Alma”nın üst hissəsinə dəmirdən dördtilli süngü keçirilmişdir.
İkinci bayraq həm ölçülərinə, həm də tikilişinə görə birincidən fərqlənir. Tarixdən məlumdur ki, Nadir şahın bir qədər əvvəl Nuxa valisi təyin etdiyi Hacı Çələbi Nuxa vilayətini müstəqil xanlıq, özünü isə xan elan etmişdi. Yalnız uzun müddət davam edən qanlı döyüşlərdən sonra “Gələrsən-görərsən” qalasında mühasirəyə alınmış Hacı Çələbi Nadir şahın hakimiyyətini tanımışdır. Nadir şaha məxsus bayraq elə həmin dövrdən Nuxa xanlığının bayraqlarından biri olmuşdur. Lakin əlimizdə bu bayrağın hədiyyə olduğu və ya savaş zamanı əldə olunduğu barədə dəqiq məlumat yoxdur. Bayraq 1605-ci ildə hindistanlı Hacı Hüseyn tərəfindən hazırlanmışdır. Nadir şahın Hindistan yürüşündə əldə etdiyi qənimətlərdən olmuşdur. Bayrağın üz tərəfində sarıya çalan açıq qəhvəyi tirmə parçanın yerində cərgə ilə butalar salınmışdır.
Düzbucaqlı üçbucaq formasında olan ikinci bayrağın ölçüləri 143x105x93,5 sm-dir. Üz və astar tərəfləri müxtəlif növ parçalardan tikilmişdir. 1806-cı ildə məğlub olduqdan sonra xan adından məhrum edilmiş nuxalı Səlim xana mənsub olan döyüş bayrağı ruslar tərəfindən ələ keçirilmişdir. Qırmızı çiçək və yaşıl yarpaqlardan tərtib edilmiş butaların bir cərgəsi sola, digəri isə sağa tərəfdir. Bayrağın açıq qəhvəyi rəngli saya parçadan olan astar hissəsinin üzərində əvvəldən olan sanskrit yazılarla yanaşı, sonradan ərəb və fars dillərində əlavələr edilmiş, Quranın müxtəlif surələrindən ayələr, eləcə də həmin ayələrin başlanğıcında mənası, məqsədi və mahiyyəti bu gün də alimlər üçün anlaşılmaz olaraq qalan, “Allahın sirri” hesab edilən bir və ya bir neçə hərf verilmişdir. Böyük kvadratın aşağı haşiyələrində və bütövlükdə bayrağın kənarlarında da Quran ayələri verilmişdir. Bayraq qumaşı üzərindəki yazılar onu üç hissəyə - ortada yerləşən böyük kvadrata və kənarlarda yerləşən iki düzbucağa bölür. Böyük kvadrat hər birində Quran ayələrindən ayrı-ayrı sözlər olan kiçik kvadrat xanalara (100x100) bölünüb. Düzbucaqlı üçbucaqlarda da içərisində Quran ayələri olan kvadrat xanalar, müxtəlif ayə və kiçik surələr yerləşdirilmiş, Allah vəsf edilmiş, sağ düzbucaqlıda, həmçinin döyüşdə qələbəyə inam və ümid yaradan “Kömək Allahdandır və qələbə yaxındır” yazılmışdır.
Bayrağın sapı 297 sm-dir. Qara və yaşıl rənglərlə boyanmışdır. Mis ucluq üç hissədən ibarətdir. Konusvari borunun başına əzilmiş alma formasında olan “alma” taxılmışdır. Üst hissə ortası qabarıq, yarpaq formasında kəsilmiş içi boş ucluqdan ibarətdir. Bütün ucluq qızıl suyuna salınmışdır. Yarpağın uzunluğu 26 sm, eni 16 sm, qalınlığı 16 sm-dir.
Üçüncü bayraq düzbucaqlı üçbucaq formasında olub ikiqat parçadan əl ilə tikilmişdir. Ölçüləri 224x178x137 sm-dir. Naxışlı cəhrayı qanovuzdan olan, bir üzündə mavi və qızılı saplarla gül budağı üstündə dimdik-dimdiyə oturan quş və balıq təsvirləri toxunmuşdur. Bayrağın göy xara ipəkdən olan o biri üzünə, qızılı ipək saplarla toxunmuş uzunsov yarpaqvari damaların içinə qızılı və yaşıl saplarla gül ornamenti salınmışdır. Bayrağın iki tərəfdən kənarlarına saçaq çevrilmiş, nazik zərxara köbə üzərində quş, dovşan, gül və yarpaq təsvirlərindən ibarət ornament salınmış, köbənin qırağına güləbətin saplardan saçağı olan ensiz qızılı lent tikilmişdir. Qumaşın bayraq ağacına taxılması üçün qara, altı sarı qəhvəyi rəngdə olan nazik ipək torbacıq tikilmişdir. Bayraq ağacının uzunluğu 228 sm-dir. Qara boya ilə örtülmüşdür. Qızıl suyuna salınmış üç hissəli mis ucluq (uzunluğu 52 sm, eni 12 sm) konusvari borudan, ona taxılmış içi boş “alma”dan və “alma”nın üst hissəsinə birləşdirilmiş ortası qabarıq, kənarları qırçınlı içi boş yarpaqdan ibarətdir.
Bakı xanlığının bayrağı dördkünc qumaşı (uzunu 220 sm, eni 127 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilən yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6 sm) vasitəsilə taxılmışdır. Birinci zolaqda yan-yana baş-ayaq yerləşdirilmiş biri tünd, o biri açıq rəngli zanbağa oxşar butaların içində altışəkilli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlar salınmışdır.
İkinci zolaq daha enlidir. Zolağın içində uclar birləşdirilmiş, biri tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilmişdir. Bu ayparaların birləşməsindən yaranmış çevrənin içərisində altı və səkkizguşəli güllər tikilmişdir. Bayrağın digər hissəsində də müxtəlif ornamentlər salınmışdır.
Ümumiyyətlə, xanlıqların bayraqları ölçüləri, tikilişi, üzərindəki ornamentlər bəzəkləri ilə seçilir. Bayraqların hazırlanmasında müxtəlif rəngli ipək saplardan istifadə olunmuşdur.
Məlumdur ki, Türkmənçay müqaviləsindən az sonra davam edən rus-türk müharibələrində iştirak etmək üçün işğal edilmiş Cənubi Qafqazın müsəlman vilayətləri əhalisindən, o cümlədən azərbaycanlılardan ibarət altı müsəlman alayı və Kəngərli süvari dəstəsi formalaşdırılmışdır. Üzərindəki naxışlara və siyasi mənasına görə seçilən alayların döyüş bayraqları müxtəlif rəngli ipək parçalardan hazırlanmış, üzərində Rusiya dövlətinin gerbindəki ikibaşlı qartal təsvir olunmuşdur. Bayraqların üzərində ərəb əlifbası ilə yazılar vardır.
Zaqafqaziya qeyri-müsəlman atlı-müsəlman alaylarının bayraqları da parçanın növünə, tərtibatına və bəzədilməsinə görə fərqlənmişdir.
Bayraqlar içərisində XIX əsrin sonu, XX əsrin əvvəllərində hazırlanmış dini bayraqlar da diqqəti cəlb edir. Bunlardan müxtəlif dini mərasimlərdə istifadə olunurdu.
Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyun ayının 21-də verilib. Həmin qərara əsasən qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Bu bayraq cüzi fərqlə Osmanlı imperiyasının bayrağına oxşayırdı. Qeyd edək ki, bu bayraq Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək (Sultan Əbdülməcid hakimiyyətinin son illərində səkkizguşəli ulduz beşguşəli ulduzla əvəz edilmişdir) mövcud olmuş qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Bu qərar qəbul ediləndə Azərbaycan hökuməti Gəncədə yerləşirdi. Əlbəttə, o vaxtlar bu qərarı düzgün başa düşməyərək Azərbaycanı Türkiyənin bir parçası hesab edənlər də tapılmışdı. Lakin sonralar məlum olduğu kimi, AXC hökuməti 1918-ci il noyabrın 9-da dövlət bayrağının təsvirini dəyişməyi qərara almışdır. Nazirlər Şurasının bu haqda qərarında oxuyuruq: “Yaşıl, qırmızı və göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”. Beləliklə, 1918-ci il noyabrın 9-da Azərbaycanın üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul olunmuşdur.
Bərabər enli üç üfüqi zolaqdan ibarət Azərbaycan bayrağının yuxarı zolağı göy, orta zolağı qırmızı, aşağı zolağı yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Bayraqdakı göy rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar vardır. Orta əsrlərdə yaşayan müsəlman türkdilli xalqların yaşadığı ərazilərdə tikilən abidələrin əksəriyyəti göy rəngdə olmuşdur. Bu baxımdan göy rəng rəmzi məna daşıyır.
Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşünü əks etdirmişdir. Digər izaha görə, monqollar özlərindən şimalda yaşayan türkləri göy rənglə işarələmişdilər. Göy rəngin izahına dair digər fikirlər də vardır.
Bayraqdakı yaşıl rəng islam dinini ifadə edir. Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içərisində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.
Qırmızı rəng əsasən müasirləşməni, azadlığı ifadə edir. Qeyd edək ki, qırmızı rəng Avropa xalqlarından daha əvvəl türklərdə azadlıq rəmzi hesab edilmişdir. İlk dəfə 777-ci ildə İbrahim əl-Bərmin başçılığı altında ərəb zülmünə qarşı baş verən üsyanda, daha sonralar Babək hərəkatında qırmızı rəngli bayraqdan istifadə olunmuşdur.
M.Ə.Rəsulzadə 1918-ci ildə parlamentin yığıncağında demişdir: “İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib”.
İlk dəfə üçrəngli bayraq ideyasını gündəmə gətirən Ə.Hüseynzadə müasirləşmədən bəhs edərkən yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin, ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil. Biz istəriz ki, İslam ölkəsinə onların beyinləri, dimaqları girsin”.
Bayraqdakı qırmızı rəngin ortasında üzərində aypara və səkkizguşəli ulduzun təsviri verilib.
Aypara ən qədimdən türklərin inanc gətirdiyi qüvvə olub. Azərbaycan mifologiyasına görə, Ay kişi rəmzi, ulduz isə Günəşin - qadının rəmzidir. Qafqaz Albaniyasında da Ay insanların inanc gətirdiyi qüvvə hesab olunmuşdur. Albaniyada hökmdardan sonra ən müqəddəs varlıq ay məbədinin kahinləri sayılmışdır. Belə izaha da rast gəlinir ki, aypara və səkkizguşəli ulduzun bir yerdə verilməsi AXC-də qadın və kişilərin bərabər hüquqlu olmasına işarədir. Başqa bir izaha görə, Ayla ulduzun bir yerdə olması xoşbəxtlik rəmzi sayılır.
Səkkizguşəli ulduz “Od yurdu” sözünün əski əlifba ilə yazılışını əks etdirdiyinə dair izahlara da rast gəlinir. Digər bir izaha görə, səkkizguşəli ulduz “cənnətin səkkiz qapısı” mənasındadır. Səkkizguşəli ulduz təsvirlərinə türklərə aid qəbir başdaşlarında da rast gəlinmişdir. Riyaziyyatda səkkiz sonsuzluq, yəni əbədi inkişafın göstəricisidir. Şumer əsatirində tufan 7 gün 7 gecə davam edib və 8-ci gün Günəş Allahı Ulu Torpağa istilik göndərib.
Səkkizguşəli ulduzun mənasından bəhs olunarkən belə də açıqlanır ki, M.Ə.Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik.
Səkkiz guşə ilə bağlı başqa bir izahda bildirilir ki, Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılıb. Ay fəzalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5, 7-ci illərdə) ilin axırıncı ayı olan Zülhəccəyə 30-cu gün əlavə edilirdi. Çox güman ki, Osman qazi tərəfindən əsası qoyulmuş türk imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı səkkizbucaqlı ulduz dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir.
Ümumiyyətlə, “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım” şüarı üç rəngin açması hesab olunur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağı ilə birlikdə gerb, möhür və dövlət himninin rəsmi qaydada qəbul edilməsi sahəsində müəyyən tədbirlər görülmüşdür. Dövlət gerbi və dövlət möhürü haqqında ilk dəfə 1919-cu il martın 23-də müsabiqə elan olunmuşdur. Qərara əsasən, layihələr həmin ilin aprelin 20-dək təqdim olunmalı idi. Çox güman ki, təqdim olunmuş layihələr qəbul olunmadığından, 1920-ci il yanvarın 30-da hökumət ordenlər, Milli himn, dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün yenidən müsabiqə qərarı çıxarmışdır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanın bolşeviklər tərəfindən işğalı səbəbindən qərarın həyata keçirilməsi baş tutmadı. Sovet işğalından dərhal sonra ölkədə milli dövlət idarəçilik sisteminin dağıdılmasına başlandı. 1920-ci ildə bolşeviklərin hakimiyyəti ələ alması ilə AXC süqut etdi. 1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu. 1920-1991-ci illərdə Azərbaycan bayrağının təsviri bir neçə dəfə dəyişdirildi. 1921-1925-ci illərdə qırmızı parçanın sol tərəfinin yuxarı hissəsində yaşıl qumaşda A.S.S.R. abbreviaturası olan bayraq, 1925 -1931-ci illərdə qırmızı parçanın yuxarı sol tərəfində oraq - çəkic və ondan yuxarı hissədə aypara və beşguşəli ulduz olan və üzərində kiril və ərəb qrafikası ilə A.S.S.C. abbreviaturası olan bayraq, 1931-1937-ci illərdə qırmızı parçanın yuxarı sol tərəfində oraq - çəkic və ondan yuxarı hissədə aypara və beşguşəli ulduz olan və üzərində kiril qrafikası ilə A.S.Z.C. abbreviaturası olan bayraq, 1937-1940-cı illərdə qırmızı parçanın yuxarı sol tərəfində yuxarıda oraq-çəkic, Az. SSR abbreviaturası olan bayraq, 1940-1952-ci illərdə qırmızı parçanın yuxarı sol tərəfində oraq-çəkic və ondan aşağıda kiril qrafikası ilə Az. SSR abbreviaturası olan bayraq, 1952-1991-ci illərdə isə aşağıdan dörddə biri göy zolaq, dörddə ikisi qırmızı zolaqdan ibarət olub üzərində oraq-çəkic və beşguşəli ulduz olan bayraq qüvvədə olmuşdur. Əlbəttə, bütün bunlar ölkədə baş verən dəyişikliklərin fonunda baş vermişdir.
İkinci Dünya müharibəsində iştirak edən diviziyaların, o cümlədən Azərbaycan diviziyalarının, alaylarının, hərbi hissələrin, polkların, bölmələrin, donanmaların öz bayraqları olmuşdur.
Milli partiyaların, siyasi təşkilatların və cəmiyyətlərin, təhsil müəssisələrinin də bayraqları olmuşdur.
Bununla belə, SSRİ-də hökm sürən totalitar rejimin bütün qadağalarına baxmayaraq həm Sovetlər Birliyində yaşayan, həm də xaricdə mühacir həyatı keçirən soydaşlarımızda xalqın yaddaşına köçən üçrəngli bayrağa inam azalmamışdır.
1952-ci il mayın 28-də mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Gününə həsr olunmuş yığıncaqda M.Ə.Rəsulzadə xanımı ilə birlikdə hazırladığı üçrəngli bayrağı başı üzərinə qadıraraq onu kimin Azərbaycana apara bilməsini soruşmuşdur. İştirakçılardan biri - Gülmirzə Bağırov həmin bayrağı Azərbaycana aparacağına söz vermişdir. Lakin bayrağın Azərbaycana aparılması uzun illər mümkün olmamışdır. Nəhayət, Gülmirzə Bağırov 70-ci illərdə bu bayrağı həyat yoldaşının bədəninə sarıyıb Vətənə gətirə bilmişdir. O, həmin bayrağı 1990-cı il 20 Yanvar faciəsində Maştağadakı evinin damından asmışdır.
1956-cı ildə Azərbaycan vətəndaşı Cahid Hilaloğlu sovet quruluşuna etiraz olaraq üçrəngli bayrağı Qız qalası üzərinə qaldırmışdır. Bu cəsarətinə görə o, 4 il azadlıqdan məhrum edilmiş, onun həmfikiri olan Çingiz Abdullayev adlı şəxs isə ruhi dispanserə salınmışdır.
1988-ci ildə başlanan azadlıq hərəkatı zamanı xalq üçrəngli bayrağı indiki Azadlıq meydanına gətirmişdir.
Bayrağa ilk hüquqi statusu ümummilli lider Heydər Əliyev vermişdir. 1990-cı il noyabrın 17- də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul etmiş və Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdır. Nəhayət, 1991-ci il fevralın 5-də Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etmiş, az sonra – 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur.
Azərbaycan bayrağına əsl diqqəti və qayğını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev göstərmişdir. 2007-ci il noyabrın 17-də cənab İlham Əliyev Bakıda dövlət bayrağı meydanının yaradılması haqqında sərəncam imzalamışdır. Həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulmuşdur. ABŞ-ın “Trident Support” şirkətinin hazırladığı layihəni Azərbaycanın “Azenko” şirkəti icra etmişdir. İcra olunmuş dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Meydanın ümum sahəsi 2450 kvadratmetr, bayrağın eni 35 metr, uzunluğu 70 metr, çəkisi təqribən 350 kiloqramdır. 2010-cu il sentyabr ayının 1-də Dövlət bayrağı meydanının təntənəli açılışı olmuş və açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.
Azərbaycan bayrağı Azərbaycan xalqının müstəqilliyinin və istiqlalının rəmzidir. Azərbaycan bayrağı namus və qeyrət emblemi olub dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə bayraq haqqında duyğularını belə ifadə etmişdir:
Daim ucalasan savaş günündə
Səni əsgər silahı ilə tən görüm.
Yalnız zəfər çalmış zəfər günündə
Şəhidlər önündə əyilən görüm.
Azərbaycan bayrağı bu gün dünya dövlətlərinin bayraqları ilə yanaşı BMT qarşısında dalğalanır. Azərbaycan bayrağı bu gün təkcə Bakıda deyil, Azərbaycanın hər bir guşəsində dalğalanır. Azərbaycan bayrağı yüksələndə və Azərbaycan Respublikasının himni səslənəndə hər Vətən övladı duyğulanır, başqa sözlə, ümummilli lider Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olduğumuz üçün qürur hissi keçiririk. Hər bir azərbaycanlı onu qorumalı, sevməli, əməlləri ilə ucaltmalıdır. Şübhə etmirik ki, tarixin bütün dönəmlərində qalib çıxmış Azərbaycan bayrağı tezliklə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağda dalğalanacaqdır.
Mais ƏMRAHOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası” kafedrasının professoru, tarix elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.