Pirallahı rayonunda içməli su infrastrukturu yaradılır

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Son zamanlar həm paytaxt Bakıda, həm də regionlarda bu məqsədlə geniş layihələr həyata keçirilir.

Xatırladaq ki, “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramında paytaxtın içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə geniş tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.  Ölkə Prezidenti İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli sərəncamı ilə Pirallahı, Cilov və Neft Daşları qəsəbələri əsasında yaradılmış Pirallahı rayonunda da əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər getdikcə sürətləndirilir. Bu sahədə idarəetmə sisteminin yaxşılaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə “Azərsu” ASC-nin Pirallahı Rayon Sukanal İdarəsi yaradılmışdır. Hazırda yeni yaradılmış rayonda su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin artırılması üçün təxirəsalınmaz tədbirlər və strateji layihələr həyata keçirilir.

Xatırladaq ki, 14 min nəfər əhalisi olan Pirallahı  sakinləri 30 ilə yaxındır ki, içməli suyu maşınlarla alırlar. Özəl nəqliyyat vasitələri ilə qəsəbəyə daşınan içməli su əhaliyə pul ilə satılırdı. Pirallahı qəsəbəsində içməli su təchizatı tam mərkəzləşdirilmiş qaydada təmin edilənə qədər “Azərsu” ASC-nin su maşınları ilə qəsəbə sakinlərinə,  həmçinin təhsil və səhiyyə müəssisələrinə pulsuz su çatdırılır.  Yeri gəlmişkən, Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılmışdır. Qəsəbəyə Zirə yaxınlığında qazılmış artezian quyulardan məişətdə istifadə etmək üçün texniki su verilir. Əvvəllər abonentlər həftədə cəmi 1 gün qrafik əsasında su alırdılarsa, görülmüş işlər nəticəsində (qeyri-qanuni qoşulmaların aradan qaldırılması, bu sahədə itkilərin qarşısının alınması, verilən suyun həcminin artırılması hesabına) hazırda gündəlik rejimə keçilmiş, sakinlər səhər və axşam qrafiklə su ala bilirlər.

Qəsəbənin içməli su probleminin tamamilə həll edilməsi isə yeni infrastrukturun yaradılmasından sonra mümkün olacaqdır. Hazırda qəsəbə ərazisində inşası nəzərdə tutulan 72 kilometr su, 60 kilometr kanalizasiya və 4 kilometr yağış suları xətlərinin tikintisi davam etdirilir. Tikinti işlərinin başlanmasından indiyədək su xətlərinin 60 faizi, kanalizasiya xətlərinin 20 faizi, yağış sularının axıdılması xətlərinin isə 10 faizində işlər yekunlaşmışdır. Eyni zamanda, qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulur. Artıq bu məqsədlə zirzəmilərdəki paylayıcı xətlər tam yenilənmiş və dik dayaqlar pilləkən qəfəslərinə çıxarılmışdır. Hər bir abunəçinin “samrt-kart” tipli sayğacla təmin olunması nəzərdə tutulur.

Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin inşası və qəsəbədaxili şəbəkənin tikintisi başa çatandan sonra Pirallahı sakinləri 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Bütövlükdə isə Pirallahı qəsəbəsinin  içməli su təchihazının yaxşılaşdırılması işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur. 

Hazırda Pirallahı rayonunun ərazi vahidləri olan Çilov və Neft Daşları qəsəbələrinə isə içməli su gəmilərlə daşınır. Bununla yanaşı, Çilov adasının sakinləri ARDNŞ-in quraşdırdığı “əks-osmos” tipli bioloji təmizləmə qurğusunda duzsuzlaşdırılmış dəniz suyundan da istifadə edirlər.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında