Beynəlxalq forumlar Azərbaycanı dünyanın humanitar mərkəzinə çevirir

 

Bakı növbəti dəfə möhtəşəm bir beynəlxalq foruma ev sahibliyi etdi. Oktyabrın 31-dən Heydər Əliyev Mərkəzində öz işinə başlayan Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu dünyanın diqqət mərkəzində oldu. Forumda dünyanın çoxsaylı ölkəsindən nümayəndələr iştirak edirdilər. Təqribən 70 ölkədən 800-ə yaxın qonaq bu böyük tədbirə qatılmışdı.

 Bu sırada nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər var idi. Forumun keçirilməsi haqqında qərar hələ 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir. Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir.

 Dünyada sivilizasiyaların  azsaylı qovşaqlarından hesab olunan ölkəmizdə bu forumun keçirilməsi  olduqca mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, son on ildə Azərbaycan bu kimi beynəlxalq əhəmiyyətli nəhəng tədbirlərə ev sahibliyi edir. Təkcə bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Eyni zamanda iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bunun səbəbi şübhəsiz ki, Azərbaycanın son on il ərzində yüksək iqtisadi yüksəliş yolu keçməsi və regionda bütün sahələrdə təşəbbüsü ələ alması ilə izah oluna bilər. Bu gün ölkəmiz dünyanın humanitar mərkəzlərindən biri hesab olunur. Ötən illə yanaşı bu il də Beynəlxalq Humanitar Forum kimi genişmiqyaslı tədbirin paytaxt Bakıda baş tutması ölkəmizin imicinin hansı pillədə olduğunu bir daha sübut edir. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq  ənənələri olan ölkəmiz bu formatda tədbirlərə ev sahibliyi edilməsi üçün ideal məkandır. Bütün dövrlərdə, Azərbaycanda mövcud olan ictimai-siyasi quruluşdan asılı olmayaraq, dözümlülük,tolerantlıq əsas münasibət meyarı kimi qəbul olunmuşdur.

Bu gün ölkəmizdə çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, Azərbaycan xalqının mənəvi sərvəti və böyük dəyəridir. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin  tarixi abidələri qorunur, bərpa edilir. Dövlətimizin tolerantlıq siyasəti yürütməsi dini məbədgahların bərpasında, onlardan istifadə üçün gözəl şəraitin yaradılmasında özünü açıq-aşkar göstərir. Azərbaycanda qədim Zərdüştilik məbədinin bərpa edilməsi, Qafqazın ən qədim kilsəsinin Azərbaycanda olması və onun da əsaslı şəkildə bərpa edilməsi, dünyanın ən qədim məscidlərindən biri kimi qəbul edilən  1270 yaşlı Şamaxı Cümə məscidinin əsaslı şəkildə bərpa olunması buna əyani sübutdur. Azərbaycanda toplanmış bu tarixi təcrübə bu gün müasir şəkildə özünü büruzə verir. Vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı bizim dövlətin nailiyyətidir.

Bu gün dünyada multikulturalizm böyük dəyər hesab olunur. Ötən ilki forumla yanaşı, bu ilki forum bir daha onu göstərdi ki, Azərbaycanda multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. Bu dəyərin ölkəmizdə  həm də bir həyat tərzi olması danılmaz həqiqətdir. Prezident İlham Əliyevin forumda iştirakı və məzmunlu çıxışı ölkəmizdə birinci şəxsin multikulturalizmə, dialoqa böyük qiymət verməsinin göstəricisidir. Prezident çıxışında xüsusi qeyd ki, XXI əsrdə multikulturalizmə alkternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun ki, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. Çünki dünyada multikulturalizmin bir çox ünvanları vardır.  Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zamanın tələbidir.Yəni, bəşəriyyət bu istiqamətdə inkişaf edir. Bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir. Belə olan halda multikulturazimlə bağlı problemlər əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir.

Prezident İlham Əliyevin çıxışından da göründüyü kimi, əsas məsələ bu müzakirələrin daim diqqət mərkəzində saxlanılması nəticəsində cəmiyyətdə səmimi münasibətləri təmin etməkdir. 

Humanitar Forumun məhz Bakıda keçirilməsi bu təcrübənin müsbət tərəflərinin qiymətləndirilməsidir. Baxmayaraq ki, Azərbaycan özü humanitar fəlakətlə üzləşmişdir. Uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqları işğal altındadır. Əzəli torpaqlarımız olan Dağlıq Qarabağ və onun ətraf rayonları erməni işğalçı qüvvələri tərəfindən zəbt olunmuşdur. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə salınmışdır. Torpaqlarımızın 20 faizi işğal altındadır. İşğal edilmiş bölgələrimizdə bütün mədəni sərvətimiz, tarixi, dini abidələrimiz dağıdılıbdır.

Beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilmişdir ki, bu regionda hər şey məhv edilmişdir. BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarına qarşı qəbul etdiyi dörd qətnaməsinə bu gün Ermənistan rəhbərliyi  tərəfindən  əməl olunmur. Baxmayaraq ki, Azərbaycan belə dözülməz halla qarşı-qarşıyadır. Lakin Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlərə ev sahibliyi etməyimiz xalqımızın multikulturalizmə dərin köklərlə bağlı olduğunu bir daha nümayiş etdirir.

Bu gün Azərbaycan Respublikası qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan sıx münasibətlərə malikdir. Burada iqtisadi və siyasi, eyni zamanda mədəni münasibətləri qeyd etmək olar. Azərbaycanın Türkiyə, Rusiya, ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya və s. Avropa və Asiya ölkələri ilə geniş müstəvidə ciddi əlaqələri və sağlam münasibətləri mövcuddur. Bütün bunların hamısı Azərbaycan dövlətinin balanslaşdırılmış siyasətə sadiq qaldığının və mehriban qonşuluq prinsiplərinə həssaslıqla yanaşdığının göstəricisidir. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun  keçirilməsi və dünyanın müxtəlif ölkələrindən qonaqların təşrif buyurması da buna nümunədir. Forumun əsas mövzularından biri də  iqtisadi inkişafın humanitar aspektləridir. Azərbaycanın torpaq işğalına və etnik təmizləməyə məruz qalmasından asılı olmayaraq bu gün ölkəmiz 10 il ərzində aparılan islahatlar nəticəsində iqtisadiyyatını 3,4 dəfə artıra bilmişdir. Ölkəmiz bu 10 il ərzində qarşıya bir sıra hədəflər qoymuşdu. Bu hədəflərdən biri də qeyri-neft sektorununun inkişafını təmin etmək idi. Bu proses indi də yüksək templə davam etdirilir. Ümumi daxili məhsulumuzda hazırda qeyri-neft sektorunun üstünlük təşkil etməsi də buna əsaslanır.

Forum çərçivəsində elmi innovasiyalar haqqında “dəyirmi masa”lar keçirilmişdir. Azərbaycan bu sahədə qabaqcıl yerlərdə olmağa çalışır.Elmin inkişafına böyük diqqət göstərilir. Bunun nəticəsidir ki, ölkəmizdə Elmin İnkişafına Dəstək Fondu yaradılmış, kosmik sahədə uğur qazanılmış və Azərbaycan kosmosa öz peykini göndərmişdir. Bu gün “Azərspace-1” dövlətimizə, xalqımıza xidmət etməklə yanaşı, internet texnologiyalarının inkişafı üçün də öz töhfələrini verməkdədir.

Forum çərçivəsində keçirilən ”dəyirmi masa”larda müasir dünyada əhəmiyyətli olan fikirlər səsləndirilmişdir. “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”ya rəhbərlik edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi və direktoru Leyla Əliyeva bu gün Bakının dünyanın sürətlə dəyişən şəhərlərindən biri olduğunu, forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin bunu tam əks etdirdiyini bildirmişdir. Leyla Əliyeva tolerantlığın bizim üçün yeni ideya deyil, mədəniyyətimizin və həyatımızın bir hissəsi olduğunu qeyd etmiş, ekoloji məsələlərə diqqət yetirməyin vacibliyini vurğulamışdır.

IDEA-nın təsisçisi bildirmişdir ki, ekoloji sivilizasiyanın yaradılması bəşəriyyətin arzusudur. İnsanlar ətraf mühitə baxışlarını dəyişməsələr, gələcəkdə ekoloji fəlakətlər bəşəriyyətin həyatı üçün real təhlükəyə çevriləcəkdir. Leyla Əliyeva IDEA kampaniyası çərçivəsində ölkədə 14 milyon ağacın əkildiyini, dünyanın bir sıra ekoloji şirkətləri ilə əməkdaşlığın qurulduğunu, nəsli kəsilməkdə olan heyvanların qorunmasına yönələn bir çox təşəbbüslərin dəstəkləndiyini, 90 ölkədə 1400 uşağın iştirakı ilə ekologiya mövzularına həsr olunan müsabiqənin təşkil edildiyini diqqətə çatdırmışdır. Forumda müzakirələr zamanı yeni terminlərin - ekoloji mədəniyyət, ekoloji jurnalistika, ekoloji təhlükəsizlik, ekobiznes və digər anlayışların yarandığını qeyd edən Leyla Əliyeva əminliklə bildirmişdir ki, birgə səylərlə ətraf mühitin qorunmasında mühüm nailiyyətlər əldə olunacaqdır.

 Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” adlı “dəyirmi masa”nın rəhbəri, ABŞ-ın Roçester Universiteti Optika İnstitutunun direktoru Si-Çenq Çjan Kvant kompyuter texnologiyasının müasir dövr üçün əhəmiyyətinə toxunaraq yenilənmiş enerji ilə bağlı tədqiqatların artırılmasının vacibliyini vurğulamışdır. O, humanitar forumun elm adamlarına təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar yaratdığını bildirmişdir.

Kanadanın Vaterloo Universitetinin rektoru, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda “dəyirmi masa”ya sədrlik edən professor Feridun Hamdullahpur müasir dövrdə elmin inkişafı ilə bağlı görülən işlərin diqqəti cəlb etdiyini, dünyanın hər yerində təhsil imkanlarının genişləndirilməsinin vacibliyini vurğulamışdır. Bunun üçün dünyanın müxtəlif ölkələrində işsizlik probleminin həll edilməsinin vacibliyini qeyd edən kanadalı alim məhz bu halda dünyada təhsil imkanlarının genişlənəcəyini və gələcəyin liderlərinin yetişəcəyini diqqətə çatdırmışdır.

Avstraliyanın Sosial Texnologiyalar Konsaltinqinin rəhbəri Frank Kemp Salter “Postmodern dövründə milli özünüdərk” mövzusunda “dəyirmi masa”da müzakirə olunacaq məsələlərdən söz açmışdır. O, modern dünyada milli özünəməxsusluğun əhəmiyyətinin getdikcə artdığını və postmodernizmin qloballaşma, internet və digər vasitələrlə ixrac edildiyini diqqətə çatdırmışdır.

III Bakı Beynəlxalq Humanitar Forumunun qəbul edilən bəyannaməsində dünyanın müxtəlif ölkələrinin Bakıda toplaşmış siyasət, elm, mədəniyyət və təhsil xadimləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edilərək bir sıra prinsiplər hədəf götürüldü. Dövlətlərarası və regional əməkdaşlıq, informasiya texnologiyaları sahəsində əməkdaşlığın sürətləndirilməsi, istehlakın və istehsalın inkişafına söykənərək hərəkət edilməsi, siyasi, mədəni və elmi elitanı, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələrini qloballaşma dövründə əməkdaşlığa çağırılması, davamlı insan inkişafı amillərinin qorunub saxlanılması, mədəniyyətlərin dialoqunun gerçəkləşdirilməsi, postmodern dövrdə milli özünədərkin hər hansı təzahürünə qayğı və ehtiramla yanaşmanın ifadə edilməsi, ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısının alınması, multikulturalizm sahəsində zəruri addımların atılması və digər prinsiplər bəyannamənin əsas qayəsini təşkil etdi.

Beləliklə, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun  siyasi, iqtisadi və mədəni əhəmiyyətinə diqqət yetirdikdə bir daha bu beynəlxalq tədbirin Azərbaycan üçün vacibliyi üzə çıxmış olur. Bu kimi tədbirlər Azərbaycan dövlətinin nəinki regionun o cümlədən dünyanın mədəni-humanitar və intellektual mərkəzlərindən birinə çevrildiyinin əyani sübutudur.

Anar TURAN,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında