Azərbaycanın ədliyyə sahəsində qabaqcıl təcrübəsi dünyada təqdir olunur

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan hərtərəfli islahatlar çərçivəsində ədliyyə sistemi xeyli təkmilləşdirilmiş, insan hüquqlarının daha etibarlı qorunması, cəza siyasətinin humanistləşdirilməsi, müasir infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər görülmüşdür.

Eyni zamanda, məhkumların hüquqları və imtiyazları xeyli genişləndirilmiş, saxlanma şəraiti, dərman və digər təminatları, xüsusilə tibbi xidməti əsaslı şəkildə yaxşılaşdırılmış, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olunmuşdur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq nəticəsində məhkumlar arasında vərəmə qarşı mübarizə üzrə birgə fəaliyyət çox müsbət nəticələr vermiş, bu xəstəliyin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq olunmuşdur. Bütün bunlar penitensiar müəssisələrdə xəstəlikdən ölüm hallarının sayının 12 dəfə, vərəmdən isə ölüm hallarının təqribən 40 dəfəyədək azalmasına səbəb olmuşdur.

Artıq ölkəmizin bu sahədə nailiyyətləri beynəlxalq aləmdə təqdir olunaraq BQXK Azərbaycanın bu müsbət təcrübəsini örnək kimi digər dövlətlərə tətbiqi üçün tövsiyə etmişdir.

Bununla əlaqədar, Böyük Britaniya, Moldova, Ukrayna, Gürcüstan, Filippin, İraq və Mərkəzi Asiya ölkələri, habelə bir sıra inkişaf etmiş dövlətlərin, o cümlədən İngiltərə, Almaniya və İsveçrənin tibb üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları  nailiyyətlərimizə böyük maraq göstərərək geniş nümayəndə heyətlərini Azərbaycana göndərmiş və təcrübəmizlə tanış olmuşlar.

Eyni zamanda, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan və baş qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşən digər nüfuzlu təşkilat - İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramını 2013-cü ilin səhiyyə mükafatına layiq bilmişdir.

Mükafatın təqdimatı bu günlərdə ABŞ-ın Kolorado Sprinqs şəhərində dünyanın 70 ölkəsinin ədliyyə, o cümlədən penitensiar sistemini təmsil edən 500-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilmiş Assosiasiyanın 15-ci İllik Konfransında olmuşdur. Bu məqsədlə Azərbaycan Ədliyyə Nazirliyinin tibb xidmətinin rəhbəri Rəfael Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak etmişdir.

Mükafat Assosiasiyanın prezidenti tərəfindən təntənəli mərasim zamanı Azərbaycan tərəfinə təqdim olunmuşdur.

Qeyd olunmalıdır ki, belə mükafatlar penitensiar sistemlə bağlı proqramların dünya standartlarına uyğun icra edilməsində xüsusi fərqlənməyə və yüksək nailiyyətlərin əldə olunmasına görə verilir və Azərbaycan bu il səhiyyə sahəsində təltif olunmuş yeganə ölkədir.

Həmçinin, Azərbaycanın yüksək nailiyyətlər əldə etdiyi nəzərə alınaraq müsbət təcrübəmizlə bağlı əhatəli təqdimat xüsusi olaraq gündəliyə salınmış və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Bu yüksək mükafat dövlətimizin siyasi iradəsi ilə son illər həyata keçirilən çoxşaxəli islahatlara verilən növbəti qiymətdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında