Bakıətrafı qəsəbələrdə su təchizatı infrastrukturu yaradılır

 

 

 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin  birgə həyata keçirdiyi “Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması” layihəsinin icrası uğurla davam etdirilir.

Xatırladaq  ki, ötən əsrin 50-ci illərində Kürdəxanı qəsəbəsində su təchizatı sistemləri yaradılsa da, mövcud infrastruktur uzun illər istismar olunduğundan və qəsəbəni tam əhatə etmədiyindən tələbata cavab vermir. Mərkəzləşmiş su təchizatı olan yerlərdə sakinlər gündə yalnız bir neçə saatlıq qrafik əsasında içməli su ilə təmin olunur. Su şəbəkəsi olmayan ərazilərdə əhali quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır. Qəsəbənin yalnız kiçik bir hissəsində kanalizasiya şəbəkəsi mövcuddur.

İcrasına cari ilin mayında başlanmış yeni layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 30 minə yaxın insanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanmışdır. Koreya hökumətinin ayırdığı 26 milyon dollar qrant hesabına həyata keçirilən layihəyə əsasən, Kürdəxanı qəsəbəsində müxtəlif diametrli polietilen borularla 90 kilometrə yaxın içməli su xətti çəkiləcək, 3600-dən çox ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Bundan əlavə, qəsəbədə 417 yanğın hidrantının quraşdırılması nəzərdə tutulur.

“Azərsu” ASC-nin mətbuat xidmətinin məlumatına görə, layihənin icrasına başlanandan ötən dövr ərzində qəsəbədaxili su şəbəkəsinin 19 kilometrlik hissəsi çəkilmiş, 400-dək ünvana birləşmə verilmişdir. Layihə üzrə işlərin 2014-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, ilkin mərhələdə qəsəbəyə içməli su mövcud Ceyranbatan-Maştağa magistral xəttindən veriləcək. Gələcəkdə qəsəbə yaxınlığında hər birinin tutumu 4 min kubmetr olan iki ədəd su anbarı tikiləcək və bu anbarlar Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı kəmərindən qidalanacaq. Layihə çərçivəsində 3,8 kilometr uzunluğunda kanalizasiya kollektorunun və 1,4 kilometr uzunluğunda mikrotunelin inşası da nəzərdə tutulur.

Bununla yanaşı, Azərbaycan hökumətinin vəsaiti hesabına qəsəbə ərazisində 77,3 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq. Toplanacaq tullantı suları isə gələcəkdə Pirşağı qəsəbəsi yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək kənarlaşdırılacaq.

M. YAQUBZADƏ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında