I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı

 

 

 

Noyabrın  20-dən 24-dək  Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivala ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim edib.

Bu barədə  Mədəniyyət və Turizm Nazirliyinin  rəsmi saytı məlumat  yayıb. Məlumatda deyilir ki, festivalın təşkilat komitəsi müsabiqə proqramını açıqlayıb. “Ölkə, region, şəhər” kateqoriyasında 15, “Mədəniyyət, ənənə” kateqoriyasında 16, “Ekstremal turizm” kateqoriyasında 9, “Ekoloji turizm” kateqoriyasında 13, “Reklam filmləri” kateqoriyasında 10, “TV filmləri” kateqoriyasında 15 film olmaqla ümumilikdə 78 film müsabiqə proqramına daxil edilib.

31 ölkədən (ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Bosniya və Hersoqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Xorvatiya, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Monteneqro, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna, Yunanıstan) 74 rejissorun filminin iştirak etdiyi müsabiqə proqramında 14 azərbaycanlı rejissorun da filmi yer alıb. Filmlər 20-23 noyabr tarixində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandırmaq üçün müəyyən edəcək. I yerə layiq görülən filmlərə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə layiq görülən filmlərə Gümüş mükafat - diplom və mükafat, III yerə layiq görülən filmlərə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filminə isə “QRAN PRİ” - diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.

Qeyd edək ki, noyabrin 20-də keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcək. Həmin gün Nizami Kino Mərkəzində açılış filmi olaraq məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan “Qafqaza qayıdış” filmi nümayiş olunacaq. Festivalın bağlanış mərasimi isə noyabrın 23-də nəzərdə tutulur. Festivala xaricdən 45 qonaq dəvət edilib. Bu qonaqlardan bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri isə dünyanın müxtəlif yerlərində keçirilən turizm filmləri festivallarının direktorlarıdır.

Qeyd edək ki, festival direktorlarının müsabiqə proqramında nümayiş edilən filmlərdən öz festivallarının proqramı üçün seçim aparacağı da istisna edilmir. Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün onlara dəstək göstərir.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi sponsoru Garant Holding, sponsoru Nar Mobile, rəsmi tərəfdaşı “JW Marriot Absheron Baku” hoteli, informasiya dəstəkçiləri İctimai Televiziya, APA Holdinq və day.az saytıdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında