“Doing Business-2014” hesabatında Azərbaycan əmlakın qeydiyyatına görə ön sıradadır

 

 

 

 

 

Ölkə tarixində görünməmiş yüksəliş  gündəlik həyatın reallığına çevrilmişdir. Son on ildə Azərbaycan Respublikası iqtisadi artım sürətinə görə dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. İctimai həyatın bütün sahələrində hökm sürən inkişaf dinamikası misilsiz vüsət almışdır. Milli ərzaq təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımlar atılmış və atılmaqdadır.

İqtisadiyyatın dinamik  inkişafı Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişdirir, insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır.  Aqrar sahədə, ümumiyyətlə kənd iqtisadiyyatında müsbət dinamika davamlı xarakter alır.

Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.

2003-2013-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Son on ildə iqtisadiyyatımız üç dəfədən çox artmış, yoxsulluq 50 faizdən 6 faizə düşmüşdür. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 7 dəfə artmış və pul ifadəsində 5800 dollara çatmışdır. Bu, postsovet məkanı ölkələri üçün çox böyük göstəricidir. Azərbaycanda son beş il ərzində sənaye istehsalı 2,7 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim ümumi  daxili məhsulun artımında sənayenin, o cümlədən aqrar-sənayenin rolu artır. Bizim  siyasətimiz, Azərbaycanda  çox böyük sənaye potensialının yaradılması, sənayeləşdirmə layihələrinin icra olunması artıq bunun əyani  sübutudur.

2003-cü ildən bəri qeyri-neft sektorunda ümumi daxili məhsul 2,4 dəfə artmışdır. Bu, daha çox regional inkişaf üzrə 2004-cü və 2009-cu illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla yerinə yetirilməsinin nəticəsidir. Bu proqramlarda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, təkcə keçən il 117 min yeni iş yeri açılmışdır ki, bunlardan da 93 mini daimi iş yeridir. Aqrar regionlarda iqtisadi fəallığın təşviqinə yönəlik tədbirlərin kompleksliyi, məşğulluğun səviyyəsinin yüksəlməsi və strukturunun yaxşılaşmasını şərtləndirmişdir.

Təkcə  bu ilin ötən aylarında qeyri-neft sektoru 11 faizdən çox  artmışdır. Yəni, bu, o deməkdir ki, şaxələndirmə siyasəti öz bəhrəsini verir. Bu gün ölkəmiz üçün ənənəvi olmayan sahələr, məsələn,  informasiya-kommunikasiya texnologiyaları sahəsi  inkişaf edir, neft amilindən asılılıq azalır. Ümumi daxili məhsulumuzda neft seqmenti artıq azlıq təşkil edir. Bu da çox müsbət göstəricidir. Ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Gələcək illərdə bu proses davam etdiriləcəkdir.

Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında ilk 50-liyə daxildir, yəni 46-cı yerdədir, MDB məkanında isə biz neçə illərdir ki, 1-ci  yerdəyik.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası növbəti “Doing Business-2014" hesabatını yaymışdır. Hesabat 10 müxtəlif göstərici üzrə 189 ölkəni əhatə etmişdir. ”Doing Business-2014" hesabatının reytinq cədvəlində Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 13-cü yerdədir.

Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində Azərbaycanın tutduğu yer dünya üzrə ən yaxşı göstəricilərdəndir. Müqayisə üçün bildirək ki, hesabata əsasən, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionunda əmlakın qeydiyyatı üzrə orta göstərici 59-dur. Əmlakın qeydiyyatına görə, qonşu ölkələrdən Rusiya 17-ci, Türkiyə 50-ci, İran 168-ci yerdədir. Hesabatda ABŞ 25-ci, Avstriya 36-cı, Böyük Britaniya 68-ci, Almaniya 81-ci, Fransa isə 149-cu yerdə qərarlaşmışdır.

Hesabatda bildirilir ki, Azərbaycanda əmlakın qeydiyyatı üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət sərf edilir. Reytinqə görə, bu, ən yaxşı göstəricilərdən biri hesab olunur. Belə ki, eyni proses üçün Avropa və Mərkəzi Asiya regionu üzrə orta rəqəmlə 6 prosedur, 26,5 gün müddət və əmlak dəyərinin 2,8 faizi qədər xərc tələb olunur. Dünyanın inkişaf etmiş ölkələri olan ABŞ-da bu proses üçün göstərici 4 prosedur və 12 gün, Almaniyada 5 prosedur və 40 gün, Böyük Britaniyada 6 prosedur və 21,5 gün, Fransada 8 prosedur və 49 gün, Belçikada 8 prosedur və 64 gün müddətdir.

Azərbaycanın reytinqdə məhz ön sıralarda olmasının mühüm səbəbi son dövrlər daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişaf, müasir informasiya-kommunikasiya texnologiyalarının və modern idarəetmə sistemlərinin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsidir.

Qaydaların sadələşməsilə qeydiyyat müddətləri də kifayət qədər qısalmışdır. Sadələşmədən sonra vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə arayışları isə 1 günə əldə edirlər.

Xatırladaq ki, artıq ölkəmizdə müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompyuter şəbəkəsi uğurla fəaliyyət göstərir.

Yeri gəlmişkən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron xidmətlərin tətbiqinə başlanması bu prosesi daha da sürətləndirmişdir. Hazırda 16 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlərin cəmləşdiyi Elektron Xidmətlər Portalı yaradılmışdır. Elektron xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı üçün internet vasitəsi ilə “on-layn” müraciət etmək imkanları mövcuddur. Müraciətlərin elektron qəbulu qeydiyyat prosesini operativ və daha etibarlı etmişdir. Elektron xidmətlər vasitəsilə artıq 7 minə  yaxın müraciət daxil olmuşdur ki, bu da vətəndaşların elektron xidmətlərinə olan marağının sürətlə artmasının göstəricisidir.

Bütün bu fəaliyyətlərin nəticəsidir ki, son iki ildə daşınmaz əmlakın qeydiyyatı sürətlənmiş və əvvəlki illərlə müqayisədə son iki ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatmışdır. Xatırladaq ki, 2011-ci ildə 147 min, 2012-ci ildə isə bu rəqəm 151 min olmuşdur. Bu ilin 9 ayı ərzində isə artıq 130 minə yaxın daşınmaz əmlakın qeydiyyatı aparılmışdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tezliklə təqdim ediləcək növbəti yenilik daşınmaz əmlaka dair arayışların, xüsusilə yüklülük barədə arayışların real vaxt rejimində verilməsi olacaq.

Hazırda daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların notariat orqanları ilə “on-layn” rejimdə, yəni birbaşa internet vasitəsilə sürətli əlaqə yaradılmaqla aparılması istiqamətində ilkin hazırlıq işləri görülür. Daşınmaz əmlakın dövlət reyestrindən arayışların notariat idarələrinə real vaxt rejimində ötürülməsi, dövlət reyestrində olan məlumatların “on-layn” mübadiləsinə dair təkliflər hazırlanıb təqdim edilmişdir. Bu məsələ Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyə kimi icra olunan “Daşınmaz əmlakın qeydiyyatı layihəsi”ndə də yer almışdır.

Bu tədbirlərin icrası nəticəsində  daşınmaz əmlakın qeydiyyatı prosedurları daha da sadələşəcək, daha operativ və şəffaf olacaq. Qeydiyyat müddətləri daha da qısalacaq və sənədləşdirmə prosesinə sərf olunan vaxta qənaət ediləcək.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında