... Həmsöhbətimin stolunun üstündə Avropanın müxtəlif ölkələrində nəşr olunmuş bir neçə nəfis jurnal var idi. Tərtibatdan da bilinirdi ki, əksəriyyəti turizm mövzusundadır. Heç birinin adı mənə tanış gəlməyən həmin mətbuat vasitələrini kimin oxuduğunu öyrənmək istədim. Cavab ürəkaçan idi : Bu jurnalları əlinə götürən istənilən adam oxumaqdan əvvəl üz qabığındakı şəkilləri görür.
Həmin şəkillərdə isə Qəbələnin turizm obyektləri və təbiəti əks olunub. Baxın, peşəkarlıqla çəkilmiş şəkillərin hər birində bu qədim diyarın bir mənzərəsi göz oxşayır. Əcnəbilər bizim təbiətimizi də, tarixi abidələrimizi də, ənənələrimizi də, insanlarımızın qonaqpərvərliyini də sevirlər. Qəbələyə gələn istənilən qonaq buradan ayrılanda sağollaşmaq əvəzinə, “görüşənədək” - deyib gedir. Halbuki, əvvəllər belə hadisələrlə çox təsadüfi hallarda rastlaşardıq. İndi Qəbələ təkcə Azərbaycanın və azərbaycanlıların şəhəri deyil, dünyanın və bütün xalqların şəhəri kimi tanınır. Beynəlxalq festivallar zamanı burada, az qala, bütün xalqların təmsilçilərini görmək mümkündür. Dünya miqyaslı tədbirlərin burada keçirilməsi isə artıq şəhərimizin ənənəsinə çevrilib.
Rayon icra hakimiyyəti başçısının müavini Abil Ağasəfov bu fikirləri söyləməklə yanaşı, əlavə etdi ki, Qəbələnin bu şəkildə inkişaf etdirilməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev idi. Heydər Əliyev Azərbaycanın ağır illərində hər dəfə bizim rayona gələndə deyirdi ki, biz Qəbələni Qafqazın və dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik. O, Qəbələnin möhtəşəm bir inkişaf mərhələsi yaşayacağına inanırdı və həmin inamı Prezident İlham Əliyev günün reallığına çevirdi. İlham Əliyev Qəbələnin bu inkişafını təmin etdi. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva isə bizim şəhəri dünya mədəniyyətinin əsas mərkəzlərindən birinə çevirdi. Beynəlxalq aeroport, dünya standartları səviyyəsində olan avtomobil yolları, ən ali səviyyəli turizm obyektləri, ən mötəbər beynəlxalq tədbirlərin keçirilməsinə imkan verən möhtəşəm saraylar, idman kompleksləri, xüsusən, avropalıların daha çox maraqlandığı “Tufan” dağ-xizək yay- qış istirahət kompleksi, mədəniyyət mərkəzləri, ən müasir səhiyyə-sağlamlıq ocaqları və bir çox amillər Qəbələnin əsl Avropa şəhəri, əsl dünya mədəniyyət mərkəzlərindən biri kimi nüfuz qazanmasını təmin etmişdir. Bu şəhər öz tarixi şöhrətini sürətlə bərpa etməkdədir. Şəhərimizi indiki səviyyəyə qaldıranlar isə Qəbələyə deyil, Azərbaycan tarixinə xidmət edirlər.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev əsl Heydər Əliyev siyasi kursunun yetirməsidir. Onun nə zamansa həyata keçirilən tədbirlər, reallaşdırılan layihələr barədə danışdığını görən olmayıb. Arqumenti də belədir ki, biz dövlətin və cənab dövlət başçımızın üzərimizə qoyduğu vəzifələri, tapşırıq və tövsiyələri yerinə yetiririk. Görülmüş işlər barədə isə rüblük, yarımillik və ya illik hesabatlarla şura iclaslarında çıxış edirik. Ona görə də gördüyümüz işlər haqqında danışmağı o qədər də məqsədəuyğun saymıram.
Səbuhi müəllim rayon rəhbərliyinin həyata keçirdiyi tədbirlər və görülən işlər barədə danışmasa da, dövlət başçımızın Qəbələnin inkişafına ayırdığı diqqət və qayğı barədə əhatəli söz açdı: - Rayonumuzun ictimai həyatında baş verən əsas əlamətdar hadisələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin fevral ayının 28-də və avqust ayının 14-də Qəbələyə səfərləri olmuşdur. Səfər zamanı ölkə başçısı bir çox mühüm sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak etmiş, inşaat işləri davam edən tikintilərdə işin gedişi ilə tanış olmuşdur. Görülmüş işlər barədə fikirlərini bildirən ölkə başçısı qarşımıza yeni-yeni vəzifələr qoymuşdur.
İcra hakimiyyətinin başçısı qeyd etdi ki, bu ilin doqquz ayında rayonumuzun ictimai həyatında baş verən bütün əlamətdar hadisələr hər bir qəbələlidə qürur hissi yaradır. Hesabat dövründə Qəbələ 4 ölkənin prezidentlərinin iştirakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısına, Qəbələ V Beynəlxalq Musiqi Festivalına, “MDB-nin mədəniyyət paytaxtları - 2013” dövlətlərarası proqramının təntənəli açılşına, “Qəbələ mürəbbə festivalı”na, “İbtidai təhsil-yeni baxışlar, təcrübələr və perspektivlər” mövzusunda konfransa, “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika və beynəlxalq birinciliyinə ev sahibliyi etmişdir. II Qəbələ Kuboku futbol oyunları və digər idman tədbirlərinin keçirilməsi də məhz hesabat dövründə baş vermişdir. Eləcə də Qəbələ rayonu ilə Ukrayna Respublikasının Rovno vilayəti arasında regionlararası əməkdaşlıq haqqında anlaşma protokolu imzalanmışdır.
İndi haqqında söz açmaq istədiyimiz faktlar barədə rayon rəhbəri danışmaq istəməsə də biz bir çox məqamları öyrəndik. Məsələn, öyrəndik ki, cari ilin ötən dövrü ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə rayonda 212.735 min manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5.193 min manat, yaxud 2,5 faiz çoxdur. Ümumi məhsul buraxılışı sənayedə 1 milyon 966 min manat, yaxud 17,6 faiz, kənd təsərrüfatında 1 milyon 767 min manat, yaxud 3,9 faiz, tikintidə 273 min manat, yaxud 0,2 faiz, nəqliyyatda 57 min manat, yaxud 2,4 faiz, rabitədə 30 min manat, yaxud 5,1 faiz, ticarətdə 1.100 min manat, yaxud 5,1 faiz artıb. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2.139 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çoxdur. Dövlət siyasətinin əsas istiqamətlərinə əməl olunması nəticəsində rayon iqtisadiyyatında qeyri-dövlət bölməsinin xüsusi çəkisi 71,4 faiz təşkil edib. İlin 9 ayı ərzində 524 daimi iş yeri açılıb.
Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə bu sahələr daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər davam etdirilib, 2-ci mərhələ üzrə isə tikinti işlərinə başlanılıb. Qəbələ Telekommunikasiya Qovşağı 9 ay ərzində proqnoz tapşırığına 104,9 faiz əməl etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz, yəni 78,5 min manat artıq gəlir əldə edib. Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 375 min kubmetr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə isə 828 min kubmetr çay məcrası daş və qumdan təmizlənib, 258 kubmetr qabion bəndi vurulub, 4.151 kubmetr daş beton bəndi cari təmir edilib.
İlin geridə qalan ayları genişmiqyaslı tikinti-quruculuq içləri ilə yadda qalıb. Məsələn, “Qəbələ Mədəniyyət Mərkəzi”, Qaradeyn kəndində inşa edilən şərab zavodu, Böyük Əmili kəndində inşa edilən 1200 başlıq heyvandarlıq kompleksi, Vəndam qəsəbəsində 1200 başlıq heyvandarlıq kompleksi, 1200 yerlik Heydər Əliyev “Konqres Holl”, “Karvansaray” oteli, Zaragan kəndində 2 ədəd 5 mərtəbəli, 155 mənzilli yaşayış binaları , 22 kilometr uzunluğunda Qəbələ-Ağdaş avtomobil yolunun yenidən qurulması, Qəbələ-Oğuz avtomobil yolunun əsaslı təmiri, Kiçik- Pirəlli kəndində 180 şagird yerlik tam orta məktəb binası obyektlərində tikinti, quraşdırma və təmir işləri başa çatıb, rayonun Nohurqışlaq kəndinə qaz çəkilişi tamamlanıb və qeyd edilən obyektlər istismara qəbul edilərək fəaliyyətə başlayıb.
Təbii ki, istənilən rayon və ya şəhər barədə qəzet materialı hazırlayarkən ilk növbədə söz açılmalı sahələrdən biri də təhsil sektorudur. Ötən dövr Qəbələnin təhsil həyatında da uğurlu olub. 2012-2013-cü dərs ilində müvəffəqiyyət faizi 99,8 faiz, keyfiyyət göstəricisi isə 59,9 faiz olub. İmtahana buraxılmış 1375 şagirddən 1374 nəfəri müvəffəq qiymətlərlə tam orta təhsilə dair attestat almağa müvəffəq olub. Rayon məktəblərinin 5 məzunu qızıl medala, 2 məzunu isə fərqlənmə attestatına layiq görülüb. Ali məktəblərə qəbul olmaq üçün sənəd verən 795 nəfər məzundan 496 nəfəri tələbə adını qazanıb. Bu da əvvəlki illə müqayisədə 46 nəfər çoxdur. Qəbul olunanların 104 nəfəri 500-dən, 27 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
Təbii iqlim şəraiti, mineral bulaqları, gur şəlalələri, iti axan dağ çayları, tarixi keçmişi, “ İpək yolu”nun üstündə yerləşməsi Qəbələnin turizm məkanı kimi inkişaf etməsinə stimul verən amillərdəndir. Bu gün Qəbələdə fəaliyyət göstərən 16 otelin 4-ü beşulduzlu, biri dördulduzlu və ikisi üçulduzludur. Həmin otellərin hesabına Qəbələdə bir gündə 1500-dən artıq turisti qəbul etmək imkanı yaranıb. Bütün turizm obyektlərində olan şərait, xidmətin səviyyəsi gələn qonaqları razı salır. Bunun nəticəsidir ki, 2013-cü ilin 9 ayı ərzində Qəbələyə 35 min 640 nəfər turist gəlib. Ölkə rəhbərinin qayğısı, rayon rəhbərliyinin səyləri əsasında görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr deməyə imkan verir ki, Qəbələ çox yaxın zamanda Beynəlxalq Turizm Mərkəzi kimi dünyada tanınan bölgələrdən birinə çevriləcək. Bu bir faktdır ki, turizmin Qəbələ rayonunda sürətli inkişafı ixtisaslı kadrlara olan tələbatı da artırıb. Bu məqsədlə 2009- cu ildən fəaliyyət göstərən Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində kompyuter operatoru, əməliyyatçı mühasib, mehmanxana inzibatçısı, mehmanxana qeydiyyatçısı, ofisiant, barmen-bufetçi, aşpaz ixtisasları üzrə qruplar fəaliyyət göstərir. Hazırda tədris mərkəzində 6 ixtisas üzrə 194 nəfər şagird dövlət hesabına təhsil alır. Bunlardan 94 nəfəri ümumi orta təhsil bazasından, 100 nəfəri isə tam orta təhsil bazasından olan şagirdlərdir. Əhali arasında meyvəçiliyin və üzümçülüyün inkişaf etdirilməsi istiqamətində təbliğat işləri genişləndirilir. Mövcud bağ sahələri 5603 hektar, üzüm plantasiyaları isə 460 hektardır. Keçən dövr ərzində bağlarda və plantasiyalarda aqrotexniki işlər davam etdirilib, əhalinin əsas hissəsinin məşğulluğu təmin olunub.
... Mən Səbuhi Abdullayevin rayonun müxtəlif kəndlərində sakinlərlə görüşlərində dəfələrlə iştirak etmişəm. Həmin görüşlərin heç birində kimsə öz şəxsi problemi barədə danışmırdı. Qaldırılan məsələlər əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikintisi, artezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olurdu. Bu isə o deməkdir ki, Qəbələdə hamı ümumi inkişafın sürətləndirilməsi üçün nə isə etmək istəyir.
Təbii ki, 2013-cü ilin ən böyük hadisəsi oktyabrın 9-da keçirilən prezident seçkiləri idi. Hamıya məlumdur ki, Azərbaycanda keçirilən prezident seçkiləri bir çox ölkələr üçün örnək oldu. Seçkilərin Qəbələ rayonunda da demokratik, ədalətli və şəffaf keçirilməsi isə mənim gözlərimin qabağında baş verdi. Bu barədə əhatəli söz açdığıma görə indi ancaq onu qeyd edirəm ki, qəbələlilər mövcud siyasi kursu dəstəkləmək üçün sözün həqiqi mənasında mükəmməl bir yekdillik, mütəşəkkillik nümayiş etdirdilər.
... Dəmiraparançayın üstündən keçib üzü Vəndam tərəfə gedəndə adamı heyrət götürür. Bu təbiət nə qədər qüdrətli, nə qədər zəngin imiş, İlahi! Cəmi iki ay əvvəl zümrüd kimi yamyaşıl olan meşələrdə indi palitranın bütün rəngləri görünür. Yamac boyu düzülmüş, hər birinin xəzanı ayrı bir rəngdə olan ağaclar, sanki, payızın rənglər simfoniyasını ifa edirlər. Elə bil, bu diyarın təbiəti də beynəlxalq festivallar şəhərinin payız akkordlarını zümzümə etmək istəyir. Ağaclar daha həzin, daha lirik və dağlara xas şaqraq bir ahənglə insanların uğurlarını yarpaqların rəngi qədər zənginləşdirə bilirlər. Bu dağların payızı necə əsrarəngiz, necə nağılvari olurmuş...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.