Şabran şəhəri adının Dəvəçi rayonuna verilməsindən qürur hissi keçiririk

Son illər respublikamızın hər yerində olduğu kimi, rayonumuzun sosial-iqtisadi həyatında da böyük canlanma, tərəqqi müşahidə edilir. Birinci və ikinci regional proqramlarda nəzərdə tutulmuş tədbirlərin bu qədim yaşayış məskənində uğurla icrası sənayenin, kənd təsərrüfatının inkişafını sürətləndirmiş, əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərmişdir.
Fikrimizin təsdiqi kimi diqqəti bir neçə fakta yönəltmək istərdik. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təməli qoyulan, ölkəmizin nəhəng tikintilərindən olan və mühüm əhəmiyyət daşıyan Taxtakörpü Su Anbarının və Su Elektrik Stansiyasının inşası rayonumuzun gələcəkdə daha böyük uğurlara imza atmağa əsas yaratmışdır.
Tikintisi sürətlə aparılan Bakı-Rusiya Federasiyası magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin kənara çıxarılması, respublikada ən böyük - 544 metr uzunluğunda körpünün burada inşası təkcə nəqliyyat infrastrukturuna deyil, bütün sosial-iqtisadi həyata öz müsbət təsirini göstərmişdir.
Regional proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində bütün sahələrdə əsaslı irəliləyiş əldə edilmişdir. Xatırladaq ki, 100-dən çox layihənin reallaşdırılmasına 35 milyon manat dövlət investisiya vəsaiti yönəldilmişdir. Məhsul istehsalının ümumi həcmi 11 dəfə artaraq ötən il 215 milyon manata çatmışdır. Həmin dövrdə sənaye məhsullarının həcmi 2,8 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 3,2 dəfə, orta aylıq əmək haqqının dinamikası isə 4 dəfədən çox artmış, əhalinin ümumi pul gəlirləri isə 64 milyon manata çatmışdır. İşsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirlər nəticəsində son bir neçə ildə rayonda beş minə yaxın yeni iş yeri açılmışdır ki, onların da iki min yeddi yüzü daimi iş yeridir.
Möhtərəm Prezidentimizin diqqəti sayəsində təhsil, mədəniyyət sahələrinə də böyük qayğı ilə yanaşılır. Ötən il rayonumuzda ümumilikdə 1800 şagird yerlik 4 məktəb binası və əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir. Bu nəcib işdə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" devizilə həyata keçirdiyi tədbirləri xüsusi qeyd etmək istərdik.
Rayonda maddi-mədəniyyət abidələrinin qorunması, bərpası, yaşadılması da daim diqqət mərkəzində saxlanılır. Ulu öndərimiz Heydər Əliyev "Azərbaycan şəhər mədəniyyətinin nadir nümunəsi" adlandırdığı Şabran və Çıraqqala tarixi qoruqlarının mühafizəsi, ərazilərinin bərpa edilməsi və abadlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, son günlər hamımızı sevindirən, çoxdankı istəyimizi reallaşdıran bir hadisəni qısaca qeyd etmək istərdik. Bu, aprelin 2-də Milli Məclisin iclasında Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında Qanunun qəbul olunması ilə bağlıdır. Bu, bir daha göstərdi ki, Azərbaycan dövləti, onun başçısı İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması qayğısına qalmaqla yanaşı, maddi-mənəvi dəyərlərin qorunmasına, tarixi yurd yerlərimizin adlarının bərpasına, yaşadılmasına və təbliğinə də xüsusi önəm verir. Dəvəçi adının öz tarixi keçmişi ilə bağlı olan Şabranla əvəz olunması məhz bunun bariz ifadəsidir.
Bu gün şəhərsalma mədəniyyətimizin ulu keçmişini canlandıran ulu Şabran VI əsrdə qala-şəhər kimi tikilmiş, IX-X əsrlərdə isə iri siyasi-inzibati, ticarət, sənət və mədəniyyət mərkəzinə çevrilmişdir. Şabran X-XII əsrlərdə Şirvanşahlar dövlətinin əsas siyasi mərkəzlərindən biri olmuş, bəzi fərziyyələrə görə, hətta paytaxt kimi də fəaliyyət göstərmişdir. XI əsrin ortalarında Şirvanşahların türbəsi məhz Şabranda yerləşirdi. XIII əsrin ortalarında şəhər monqolların hücumuna məruz qalır və dağıdılır.
Şəhərdə canlanma XIII əsrin axırı - XIV əsrin əvvəlində hiss olunur və XV əsrin axırına qədər davam edir. XIV-XV əsrlərdə şəhərdə tikinti işləri görülür. Lakin XVII əsrin əvvəlində Səfəvi-Osman müharibələri nəticəsində şəhər dağıntılara məruz qalaraq məhv olur. A.A.Bakıxanov da Dəvəçi rayonunun Şahnəzərli kəndi yaxınlığında orta əsr şəhəri Şabranın yerləşməsi barədə əsərlərində məlumat verir.
Ölkə Prezidenti tarixi keçmişə böyük qayğı ilə yanaşaraq bu qədim yurd yerimizin adının bərpası ilə həm də üzərimizə böyük vəzifələr qoymuşdur. İndi məqsəd şəhər mədəniyyəti nümunələrini qorumaqla, müasir, gözəl və yaraşıqlı şəhərə çevirməkdir.
Şabran rayonunun ziyalıları adından:

{nl}

Qərib ORUCOV, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Bahəddin ƏLİYEV, əməkdar müəllim, Cavanşir QULİYEV, əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında