Gəncə daha bir beynəlxalq tədbirə ev sahibliyi etmişdir. İkinci dəfə bu qədim şəhərdə keçirilən Beynəlxalq “Şərab” festivalında iştirak edən III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları və Fransalı qonaqlar Azərbaycanda, eləcə də Gəncədə gördükləri sürətli inkişafa heyran qaldıqlarını bildirmişlər.
AzərTAc xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Fransa-Azərbaycan əlaqələrinin genişləndirilməsində dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətdən, istər iqtisadi, istərsə də mədəni sahələrdə iş birliyi yaradılmasının vacibliyindən ətraflı söhbət getmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev I festivaldan keçən dövr ərzində Fransa ilə davam edən əməkdaşlıq əlaqələrinin bəhrələrindən danışmışdır. Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş katibi Frederiko Kastelluci, Şabli şəhərinin meri Patrik Jaedno çıxış edərək Azərbaycan-Fransa əlaqələrinin genişləndirilməsində belə görüşlərin əhəmiyyətindən danışmış və bildirmişlər ki, Azərbaycan Fransa üçün vacib ölkədir və o, təkcə enerji resursları ilə deyil, həm də iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq üçün etibarlı tərəfdaşdır.
Görüşdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini İlham Məmmədov çıxış edərək son illər Fransa-Azərbaycan əlaqələrinin genişləndirilməsində qazanılan uğurlardan söhbət açmış, bu əlaqələrin dərinləşdirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırmışlar.
Fransa ilə Azərbaycan regionları arasında qurulacaq iş birliyi çərçivəsində ilk olaraq Gəncədə fransız çörəyi istehsalı müəssisəsinin yaradılması barədə memorandum imzalandıqdan sonra qonaqlar görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Festival çərçivəsində şəhərlə yaxından tanış olan Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları və fransalı qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, burada xatirə kitabına ürək sözlərini yazdıqdan sonra Şah Abbas məscidi, Cavad xan türbəsi ilə tanış olmuşlar.
Sonra Cavad xan küçəsinə gələn qonaqlar burada II Gəncə Beynəlxalq şərab festivalı çərçivəsində təşkil edilmiş sərgi-tamaşalara baxmışlar. Başdan-başa festival əhval-ruhiyyəsində bəzədilmiş küçədə nümayiş etdirilən şərab məhsulları, aktyorların ifaları, məktəblilərin, həmçinin uşaq bağçalarının balaca sakinlərinin təqdim etdikləri şer parçaları qonaqlarda xoş ovqat yaratmışdır. Onlar açıq havada nümayiş etdirilən qədim el sənətkarlarının əl işləri, məişət avadanlıqları ilə tanış olmuş, eləcə də gənc rəssamların əsərlərinin sərgisinə baxmışlar. Burada qədim zamanlarda Azərbaycanda şərab istehsalını əks etdirən prosesi həvəslə izləyən qonaqlar milli geyimli qızların rəqslərini də maraqla baxmışlar.
Sonra II Gəncə Beynəlxalq şərab festivalı öz işinə başlamışdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dünyanın 40 ölkəsindən 200 nəfərədək nümayəndənin iştirak etdiyi II Gəncə Beynəlxalq şərab festivalının iştirakçılarını təbrik etmiş, belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırmışdır. III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları və fransalı qonaqlar çıxış edərək festivala yüksək səviyyədə aparılan hazırlıqdan məmnun qaldıqlarını bildirmiş və belə tədbirlərin müxtəlif xalqların bir-birinə daha da yaxınlaşmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırmışlar.
Meydan milli geyimli rəqs qruplarına və müğənnilərə verilmişdir. Çıxışlara heyranlıqla baxan qonaqlar incəsənət ustalarının ifalarını alqışlarla qarşılamışlar.
Sonra qonaqlar Gəncənin və regionun şərab istehsalçılarının açdıqları pavilyonlarda şərab məhsullarının, eləcə də, təqdim olunan milli Azərbaycan xörəklərinin dadına baxmışlar. Beləliklə Gəncədə reallaşan daha bir beynəlxalq tədbir uğurla başa çatmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.