Lənkəran: könül fərəhlənir gözəlliyindən

İndilər "cənub mirvarisi" Lənkəranın qollarını geniş açaraq qonaqlara gəl-gəl deyən vaxtıdır. Şəhərin təbəssüm dolu baxışları-mavi Xəzərin qırçın ləpələri, güllü-çiçəkli parklar, xiyabanlar, bir-birindən gözəl istirahət guşələri göz-könül oxşayır. Turist marşrutları ilə Lənkərana gələn hər kəs şəhərin təmizliyindən, abadlığından sanki ilham alır, seçimində yanılmadığını yəqinləşdirir.
Subtropik zonada yerləşən Lənkəranın əsrlərin şahidi olan tarixi abidələri, limonu, narıngisi, cevizi, balığı, meşələrində bitən azat, nil, dəmirağac və sair kimi "yaşıl fəvvarələri", əsrarəngiz Xanbulançay dəryaçası, müalicəvi İstisu irmaqları bu yerlərin misilsiz sərvəti sayılır.
Peşəmlə əlaqədar Lənkərana tez-tez ezamiyyətə gəldiyim üçün bu bənzərsiz diyarın inkişaf dinamikasının canlı şahidiyəm. Hazırkı Lənkəranın on-on beş il əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. Müasir əyalət mərkəzinin sosial infrastrukturu, yeni tikililəri onun təbii gözəlliklərini tamamlayır. Bölgənin mədəni mərkəzi sayılan Lənkəranda sakinlər dövlət universiteti, kolleclər, regional televiziya, dövlət dram teatrı, beynəlxalq standartlara cavab verən mərkəzi stadion və mötəbər turnirlərdə yarışan ustalardan ibarət "Xəzər-Lənkəran" futbol klubunun olması ilə fəxr edirlər. Burada "göydələn"lərin tikilməsi, "Lənkəran" markası ilə çeşidli qida məhsullarının buraxılıb ixrac edilməsi əsl tərəqqi elementləri kimi fərəh doğurur.
Bir neçə gün öncə cari ilin birinci yarısının yekunlarına həsr olunan yığıncaqda da qeyd olunduğu kimi, Lənkəranda sosial-iqtisadi inkişaf sürətlə davam edir. Müqayisəli rəqəmlərin artan dinamikası nikbinlik yaradır. Hər kəs doğma yurdun gündən-günə çiçəklənməsinə sevinir, rayonun inkişafına öz töhfələrini verməyə çalışır. Elə bu təəssübkeşliyin, yurdsevərliyin nəticəsidir ki, abadlıq-quruculuq tədbirləri daim genişlənir.
Lənkəranda əhalinin məşğulluğu əsasən təmin edildiyindən bekar gəzib darıxan adamlara rast gəlməzsən. Statistik məlumata görə, son yeddi ildə burada 26 minədək yeni iş yeri açılıb. Bu il rayonda 684 yeni iş yeri yaradılıb ki, bunun da 508-i daimi xarakterlidir. Hazırda Lənkəranın müəssisə və təşkilatlarında 313 boş iş yeri var. Halbuki beş-on il əvvəl minlərlə adam işsiz qalmışdı. Adi günlərdə bu şəhərdə hər kəs yetərincə işgüzar təsir bağışlayır. Şənbə və bazar günləri isə lənkəranlılar istirahətlərini mənalı keçirməkdə çətinlik çəkmirlər. Onlar çoxsaylı qonaqlarının qulluğunda durur, dənizə, dağlara, meşələrə dincəlməyə gedir, doğma yerlərin əsrarəngiz mənzərələrindən zövq alırlar.
Misal gətirəcəyim rəqəmlər Lənkəranda adamların həyat şəraitinin ilbəil yaxşılaşdığından soraq verir: bu ilin altı ayında əhaliyə yüz milyon manatlığa qədər ticarət, 18 milyon manatlıq pullu xidmət göstərilib. Ötən ilin həmin dövrü ilə müqayisədə ticarət xidməti 2,4 faiz, pullu xidmətlər 7,2 faiz artıb. Əhalinin gəlirləri 6,5 faiz, xərcləri 6,1 faiz çoxalıb. Altı ayda 15 milyon manatlığadək əmək pensiyaları və müavinətlər ödənilib.
Lənkəranda sosial sahə də sürətlə inkişaf edir. May ayında Qarabağ əlilləri və şəhid ailələri üçün inşa olunmuş 36 mənzilli bina istifadəyə verilib. İki nəfər Böyük Vətən müharibəsi əlilinə minik avtomobili bağışlanıb.
Rayonun səhiyyə sistemində güclü infrastruktur mövcuddur. Müasir Müalicə-Diaqnostika Mərkəzi, Uşaq Sağlamlıq Mərkəzi, rayon xəstəxanasının nəzdində Perinatal Mərkəz bu infrastrukturu daha da genişləndirib.
Lənkəranın girəcəyindəki xalq sənətkarlığı şəhərciyi uzaqdan diqqət çəkir. Novruz bayramında burada keçirilən el şənliklərini yaxşı xatırlayıram. Qədim el sənəti nümunələrinin sərgisi, folklor örnəkləri, bədii özfəaliyyətçilərin çıxışları, yerli mətbəxin özəlliyini göstərən ləvəngi, plov, kabab, yuxa bişirilib qonaqlara paylanması bu yerlərin etnoqrafik əlvanlığını gözəl əks etdirir, iştirakçılara əsrarəngiz təsir bağışlayır. Ənənə halını almış bu kimi tədbirlər vasitəsilə cənub bölgəsinin, bütövlükdə Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ etmək, doğrudan da, zəruridir və gözəl effekt verir. Lənkəranda bir neçə ildir ki, Turizm-İnformasiya Mərkəzi fəaliyyət göstərir. Yerli və beynəlxalq turizm şirkətləri ilə əlaqələr genişlənir. Bu yönümdə kiçik və orta sahibkarlığın inkişafına hər cür şərait yaradılıb.
Şəhərin küçələrində doqquz marşrut üzrə məişət tullantısı daşınması təşkil edilib. Ayrı-ayrı ərazilərə 550-dən çox zibil konteyneri və qutusu qoyulub. Bütün bunlar həm şəhərin təmizliyi, həm də Lənkərana gələn qonaqların təəssüratının korlanmaması baxımından önəmlidir.
Hazırda Lənkəran rayonu ərazisində qonaqlara xidmət göstərməkdən ötrü onadək iri obyekt işləyir. "Qafqaz-Sahil", "Qala", "Qızıltac", "Dalğa", "Xəzər" otelləri, "Bəşəru", "Palıdlı sahil" istirahət mərkəzləri, Hirkan xidmət kompleksi qonaqların və turistlərin qəbulunda mühüm rola malikdir. Rayonda 87 tarix və mədəniyyət abidəsi qeydə alınıb və dövlət mühafizəsinə götürülüb.
Bu ilin ən əlamətdar hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 25-də Lənkərana səfər etməsi olub. Dövlət başçısı yeni konserv zavodunu işə salıb, hazır məhsulu saxlama kamerasının, çay fabrikinin, "Paldad" dondurma müəssisəsinin və Liman şəhərində Regional Boks Mərkəzinin açılışlarında iştirak edib. Lənkəranlı ziyalılarla görüşüb. Görüş zamanı Prezident İlham Əliyev Lənkəranın sosial-iqtisadi inkişafını xüsusi qeyd edib və bu tərəqqiyə gələcəkdə də təkan veriləcəyini bildirib.
Lənkəranda gözəl parklar, tarixi və müasir memarlıq üslubunda tikilmiş binalar, yaraşıqlı mədəniyyət ocaqları çoxdur. Şəhərin mərkəzi xüsusilə cəlbedicidir. Nümunəvi görkəmi olan xidmət və ticarət obyektləri burada səliqə ilə yan-yana düzülüb.
Qonaqların şəhər haqqında təsəvvürünü formalaşdıran əsas yerlərdən biri də bazardır. Bu baxımdan Lənkəran bazarı istisna deyil. Həmin bazarda hər cür yerli nemət, kənd təsərrüfatı məhsulu, ət və ət məhsulları, quş, balıq, bal, hətta pal-paltar da satılır. Nə istəsən, tapmaq olar, özü də münasib qiymətə. Şirin dilli satıcıların təklif edilən malı hər vasitə ilə tərifləməsi, alıcının diqqətini cəlb eləməkdən ötrü, necə deyərlər, dəridən-qabıqdan çıxması təbii bazar mənzərələridir. Elə alıcı çoxluğu, hər kəsin bazardan dolu zənbillərlə çıxması da özlüyündə bir göstəricidir. Amma memarlıq və estetik tərtibat baxımından Lənkəran bazarı geri qalır. Heç də arzu edilən səviyyədə deyil.
Mən bu yazımda Lənkəranın könül açan gözəlliklərindən və genişmiqyaslı quruculuq işlərindən də həvəslə söhbət açdım, sonda bir çatışmazlığı da yüngülcə döyəclədim. Oxucular əmin ola bilərlər ki, hamısı sevgidəndir.{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında