Şriftin ölçüsü:
03.08.2010 00:04 | Oxunma sayı: 477
Ölkə ərazisinə yağan aramsız yağışlar nəticəsində bir müddət öncə Kür və Araz çaylarının məcralarından çıxması respublikanın Aran bölgəsində böyük fəlakətlər yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbii fəlakətin nəticələrini aradan qaldırılması üçün Bakı və Şirvan şəhərlərində müşavirələr keçirmiş, tapşırıqlar vermişdir.
Dəymiş ziyanın aradan qaldırılması və böyük fəlakətin qarşısını almaq üçün ölkə başçısının rəhbərliyi altında dövlət qurumları öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdilər. "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamında təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmiş və digər müvafiq tapşırıqlar verilmişdir.
Ölkə başçısı görülən işləri yüksək qiymətləndirmiş, müvafiq dövlət qurumlarına müraciətində xüsusi qeyd etmişdir: " Hər bir məmur, vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçub, onun ailəsi evsiz-eşiksiz qalıb. Hər kəs bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır".
Təbii fəlakət Kəlbəcər məcburi köçkünlərindən də yan keçmədi. Belə ki, may ayının 10-dan 11-ə keçən gecə güclü leysan yağışları nəticəsində Gəncə şəhəri Kəpəz rayonunun Hacıkənd qəsəbəsində torpaq sürüşməsi baş vermiş, həmin qəsəbədəki ictimai binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin evlərini, həyətlərini lil basmış, şəxsi təsərrüfatlarındakı mal qarasına, minik maşınlarına çox ciddi ziyan dəymişdir. Güclü sel nəticəsində bir neçə evə ciddi ziyan dəymiş, bəzi evlər qəzalı vəziyyətə düşmüş, bir neçə ev və tövlə tamamilə dağılmışdır. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayon komissiyası yaradılmışdır.
Təbii fəlakətdən sonra Kəlbəcər Rayon İcra Hakimiyyəti aparatının işçiləri və rayonun müvafiq idarələrinin rəhbərləri dərhal hadisə yerinə gəlmişlər. Eyni zamanda,Göygöl rayonu və Gəncə şəhərinin icra hakimiyyətləri, həmçinin Fövqəladə Hallar Nazirliyi və Nəqliyyat Nazirliyinin " Azəryolservis" ASC-nin qüvvələri də hadisə yerinə gəlmişlər. Təbii fəlakətin vurduğu zərəri aradan qaldırmaq üçün əraziyə 30-dan artıq müvafiq texnika cəlb olunmşdur. Həyata keçirilən operativ tədbirlər nəticəsində Hacıkənd qəsəbəsində daxili yollar, həyətlər, evlərin zirzəmiləri az vaxt içərisində lildən təmizlənmiş, 5 km uzunluğunda yeni su xətti, 1 km uzunluğunda yeni elektrik hava xətti çəkilmiş, keçidlər və körpülər bərpa olunmuşdur.
Təbii fəlakətdən zərər çəkmiş məcburi köçkün ailələrə Qırmızı Aypara Cəmiyyəti tərəfindən 35 ədəd çadır, ərzaq və məişət əşyaları, Dövlətqaçqınkom tərəfindən yataq dəstləri, Fövqəladə Hallar Nazirliyi tərəfindən ərzaq və yataq dəstləri kimi humanitar yardımlar paylanılmışdır. Əlbəttə bütün bunlar dövlət başçısının tapşırığı və qayğısı nəticəsində olmuşdur.
Dövlət başçısının bu qayğısı məcburi köçkünlər tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır. Kəlbəcər Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına və yuxarıda qeyd edilən mərkəzi icra orqanlarının yerli təşkilatlarının köməkliyi ilə Hacıkənd qəsəbəsində məcburi köçkün ailələri üçün 2 otaqlı 2 ev, 4 otaqlı 1 ev inşa edilərək onların istifadəsinə verilmişdir. 2 evin tikintisi davam edirilir. Təbii fəlakət nəticəsində ziyan dəymiş digər yaşayış binalarında xeyli təmir işləri aparılmışdır, bu işlər hazırda davam edir.
Tərtərçayın daşması nəticəsində Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan olan 5 ailənin mənzili uçaraq sıradan çıxmışdır. Bərdə Rayon İcra Hakimiyyəti həmin ailələri oradan köçürərək, onlar üçün həyətyanı torpaq sahəsi ayırmışdır. Hazırda bu ailələrə ev tikmək üçün lazımi köməkliklər göstərilir.
Onu da fərəh hissi ilə qeyd etmək lazımdır ki, respublikamızı cənginə almış sel daşqınları ilə əsl mübarizə başlanmış, ölkənin bütün qüvvələri səfərbərliyə alınmış, gecəli-gündüzlü aparılan məqsədyönlü tədbirlər sayəsində el gücü sel gücünə qalib gəlmişdir. Heç bir xarici dövlətdən kömək olmadan ölkəmiz təbii fəlakətin nəticələrini öz qüvvəsi ilə aradan qaldırmışdır.
Bunların hamısı möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu və müdrik siyasəti nəticəsində mümkün olmuşdur. Ölkəmizin digər vətəndaşları kimi kəlbəcərlilər də bu qayğıdan yetərincə yararlanmışlar. Təbii fəlakətdən zərər çəkmiş Kəlbəcər məcburi köçkünləri göstərilən hərtərəfli köməyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və respublikanın müvafiq dövlət orqanlarına öz minnətdarlıqlarını bildirdilər.
{nl}
Zahid MUXTAROV, "Kəlbəcər harayı" rayon qəzetinin baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.