qədim diyarın yeni növrağı

 

 

 

...Salyan avtovağzalının qarşısındakı dairədən sola burulub 50 kilometrə qədər yol getdikdən sonra Neftçala şəhərinin göz oxşayan mənzərələri görünür. Tarixi mənbələrə görə, burada mövcud olmuş “Xaraba şəhər” nə zamansa Xəzərin suları altında qalıb. Yüz-yüz əlli il öncələr isə  “Nöyütxana” adlanırmış bu baxımsız yerlər. Qədim ünvanın hazırkı növrağı sanki tarixin söylədiklərini inkar edir. Neftçala indi müasir bir əyalət şəhəri kimi diqqət çəkir. İlbəil böyüyür, gözəlləşir. Qonaqlar artıq burada darıxmır, yeniliklərə, abadlıq-quruculuq işlərinə nəzər salmaqdan məmnunluq duyurlar.

Neftçalada həyatın bütün sahələrində dirçəliş, inkişaf olduğunu ürəklə vurğulamaq olar. Doqquz aylıq yekunlara həsr olunmuş ümumrayon tədbirində  səslənən rəqəmlər bu qənaəti daha da gücləndirir. Yığıncaqda icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin məruzəsi maraqla dinlənilib. O deyib ki, doqquz ayda rayonda ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 7,7 faiz artıb. Həmin göstərici 147,1 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 10,5  milyon manat çoxdur. Ümumi məhsulun tərkibində sənaye məhsulu 14,3 faiz, kənd təsərrüfatı məhsulu 42,5 faiz, ticarət, iaşə və digər xidmət növlərinin həcmi 32,2 faiz, tikinti işlərinin həcmi isə 9,8 faiz olub. Qeyri-dövlət bölməsinin payı 88,4 faizə çatıb.

– İlin əvvəlindən Neftçalada üç yeni müəssisə yaradılmış, bir müəssisənin fəaliyyəti bərpa edilmiş, 466 fiziki şəxs fəaliyyətə başlamışdır. Cəmi 518 daimi yeni iş yeri açılmışdır.

Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 21 milyon  manatlıq məhsul istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 86,7 faiz təşkil etmişdir.

Hər bir işçinin orta aylıq əmək haqqı 253,0 manatdır.

Rayondakı nərəbalıqartırma zavodları tərəfindən 3 milyon 461,7 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 20,6 faiz çoxdur.

Aqrar sahədə irəliləyişlər olmuşdur. Ümumi kənd təsərrüfatı məhsulu  62 milyon 516 min manata çatmışdır. Diri çəkidə 7322,6 ton ət,  5078,7 ton süd, 3 milyon 166 min ədəd yumurta, 253,5 ton yun istehsal olunmuşdur. Taxıl  sahələrindən 110,9 min  ton məhsul toplanmışdır. İri buynuzlu mal-qaranın sayı 41355 baş, qoyun və keçilərin sayı 128353 başdır.

Əkin sahələrinin tam suvarma suyu ilə təmin olunması üçün Kür çayından Xol zonasına 25 kilometrlik kanalın  tikintisi davam edir.  Yeddi ildə  həmin kanalın tikintisinə 10 milyon 144 min manat vəsait sərf olunmuşdur. Kanal çəkilən ərazidə iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur.

Hesabat dövründə rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işin həcmi 5 milyon 475 min manat olmuşdur.

Heydər Əliyev prospekti yenidən qurulur, yeni parklar salınır, prospekt boyunca yol kənarları abadlaşdırılır. Heydər Əliyev mərkəzinin inzibati binasının, “Bayraq” meydanının, “Şəhidlər Kompleksi”nin, Kür  çayı sahilində “Bulvar”ın  tikintisi, yeni müasir saat qülləsinin tikintisi, Neftçala şəhərini iki hissəyə ayıran “Axmaz Göl”ün ekoloji cəhətdən sağlamlaşdırılması, Bankə  qəsəbəsi ərazisində mini futbol meydançasının inşası davam etdirilir. “Şorsulu-Xolqarabucaq-Xəzərkənd” avtomobil yolu, Hüseyn Cavid parkında müasir standartlara cavab verən mini futbol meydançası istifadəyə verilmişdir.   Rayon icra hakimiyyətinin yeni binasında son tamamlama işləri aparılır. 

Kürkənd, Yuxarı Qaramanlı, Aşağı Surra kənd  məktəbinin əsaslı təmiri və  10 əlavə sinif otağının tikintisi davam etdirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 90 mənzilli binanın inşası və “İdman Kompleksi”nin tikintisi ilə əlaqədar ərazilər ayrılmışdır. Şəhərin Heydər Əliyev prospekti, M. Ə. Rəsulzadə, 20 Yanvar, M. Əsədov və digər küçələrinin təmirinə 3 milyon 515 min manat, cari təmir və yolların saxlanılmasına 535 min manat dəyərində vəsait sərf edilmişdir.

Bütün bunlarla yanaşı, rayonun təhsil, səhiyyə və mədəniyyət obyektlərinin, mövcud idman qurğularının bərpa və əsaslı təmirinə, bu obyektlərin lazımi avadanlıqlarla təchizatına, gənclərin asudə vaxtının səmərəli keçirmələri üçün rayonda “Gənclər Evinin” tikintisinə  ehtiyac vardır.

Rayon  rəhbərliyi tərəfindən əhali ilə əlaqələri möhkəmləndirmək, sosial problemləri öyrənmək və həll etmək üzrə operativ tədbirlərin görülməsi məqsədilə  müntəzəm səyyar görüş və qəbulların keçirilməsi ənənə halı almışdır. İlin əvvəlindən icra hakimiyyəti başçısı tərəfindən yerlərdə 35 səyyar görüş və qəbul keçirilmişdir. Bu görüşlərdə 3937 nəfər iştirak etmiş, 189 nəfər  121 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir. Vətəndaşların qaldırdığı məsələlər nəzarətə götürülmüş, həlli üçün yuxarı təşkilatlar qarşısında məsələlər  qaldırılmış və çözümü yerlərdə mümkün olan problemlərlə bağlı operativ tədbirlər görülmüşdür. İcra hakimiyyətinə ünvanlanmış müraciətlər  2012-ci ilin doqquz ayı ilə müqayisədə xeyli az olmuşdur.

Bəli, Neftçala tarixinin sürətli inkişaf dövrünü yaşayır. İnanırıq ki, qarşıdakı iki ayda da bu yüksəliş eyni səylə davam etdiriləcək və il uğurla başa çatdırılacaq.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında