“Ermənilərin sifarişini yerinə yetirməklə, Tarasov kimi
satın alınan müəlliflər tarix elmində öz qədim ənənələri və metodologiyası olan rus tarixşünaslığının imicinə zərbə vururlar
Moskvada rusiyalı tarixçi Oleq Kuznetsovun “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqət” kitabının təqdimat mərasimi keçirilmişdir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Arqumenti i faktı” qəzetinin redaksiyasında keçirilən mərasimdə Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri, tarixçilər və politoloqlar iştirak etmişlər.
Elmi-tarixi əsərin müəllifi, tarix elmləri namizədi Oleq Kuznetsov kitabın rusiyalı politoloq-tarixçi Stanislav Tarasovun Ermənistan-Azərbaycan münaqişəsi haqqında yazdığı “Dağlıq Qarabağ haqqında miflər” kitabına cavab olduğunu demişdir. Oleq Kuznetsov “Tarasovun mifləri” adlandırdığı çap məhsulunun erməni sifarişi olduğunu bir sıra faktlarla sübut etmişdir.
Müəllif bildirmişdir ki, “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqət” kitabı saxtakarlığa və qərəzə cavabdır: “Hesab edirəm ki, bir il öncə ermənilərin sifarişi ilə Stanislav Tarasovun yazdığı “Dağlıq Qarabağ haqqında miflər” kitabı rus tarixşünaslığına qara ləkədir. Ermənilərin sifarişini yerinə yetirməklə Tarasov kimi pulla satın alınan müəlliflər tarix elmində öz qədim ənənələri və metodologiyası olan rus tarixşünaslığının imicinə zərbə vururlar.
Tarasov kimi müəlliflər arxiv sənədlərini, tarixi faktları sifarişçilərinə sərf etdikləri formada təhrif edib kitab yazır. Rus tarixşünaslığında yer almış bu biabırçılıq məni bu haqda kitab yazmağa məcbur etdi. Odur ki, mənim yazdığım cavab kitabı əslində Dağlıq Qarabağ münaqişəsi haqda, Azərbaycan-Ermənistan münaqişəsi barədə deyil, rus tarixşünaslığının bir sıra təmsilçilərinin mənəvi düşkünlüyündən bəhs edən, siyasi konyuktura naminə, öz şəxsi maddi maraqları naminə rus tarixşünaslığını zərbə altına qoyanlardan bəhs edən hüquqi tarixi əsərdir. Konkret desək, bu əsər Stanislav Tarasovun öz mənfəəti naminə Rusiyanin xarici siyasətini təhrif etmiş çap məmulatına cavabdır”.
Rusiyalı tarixçi Tarasovun kitabının sifarişlə yazıldığını bir sıra arqumentlərlə sübut edir: “Birincisi, kitabı Tarasova yazdıran təşkilat “Rus-Erməni əməkdaşlığı” təşkilatıdır ki, bu təşkilat Ermənistanın Daşnaksütyun partiyasının Rusiyadakı təmsilçisidir. Rusiya federal qanunvericiliyinə görə, hər hansı bir xarici dövlətin partiyasının Rusiya ərazisində nümayəndəliyi fəaliyyət göstərə bilməz. Belə ki, qanunvericilikdə xarici dövlətin partiyasının təmsilçiliyi əcnəbi agent sayılır və belə təşkilatın fəaliyyəti cinayətdir. “Rus-Erməni əməkdaşlığı” təşkilatı isə artıq 20 ildir ki, fəaliyyət göstərir. Deməli, bu kitabı yazmaq artıq əcnəbi dövlətin milli maraqlarına sərf edən təbliğatla məşğul olmaq və Rusiya xarici siyasətində problemlər yaratmaq deməkdir. Nəticə isə göz qabağındadır. Erməni Daşnaksütyun partiyasının diktəsi ilə rus tarixşünaslığında saxtakarlığa, qərəzə və yalana yol verilir”.
O. Kuznetsov “Rus-Erməni əməkdaşlığı” təşkilatının fəaliyyətinin dayandırılması üçün hüquq-mühafizə orqanlarının məlumatlandırılmasının vacib olduğunu da söyləmişdir: “Bu barədə müvafiq tədbirlər görülməlidir. Mətbuat bu haqda yazmalıdır ki, müvafiq orqanlar ”Rus-Erməni əməkdaşlığı” təşkilatının gerçək fəaliyyətindən xəbər tutsunlar”.
O.Kuznetsov S.Tarasovun öz kitabında təhrif etdiyi arxiv sənədlərini də təqdim etmişdir. O, bu sənədlərin Rusiya dövlət sosial-siyasi tarix arxivindən (RQASPİ) tapıldığını bildirir: “Tarasovun bir il bundan qabaq “Regnum” agentliyində yazdığı yazılarda heç bir yeni fakt yoxdur. Onun yazdığı silsilə məqalələr erməni müəllif Yuri Barseqovun “Qenoüid armən. Otvetstvennostğ Turüii i obəzatelğstva mirovoqo soobhestva” əsərindən köçürülmüşdür. Həmin yazılarda Tarasov Dağlıq Qarabağın Ermənistana aid olduğunu, Stalin tərəfindən Azərbaycan SSR-ə verildiyini “faktlar”la sübut etməyə çalışıb.
Rusiya dövlət sosial-siyasi tarix arxivindən tapılan sənədlərin orijinalından çıxarılan surətlər sübut edir ki, Tarasov arxiv sənədlərindən nəinki cümlə, hətta 1-2 səhifəni çıxartmaqla yalan yazmışdır. Bu sənəd 1921-ci ilin 15 aprel tarixində Ermənistan SSR-in xarici işlər komissarı Poqos Makinzyan tərəfindən SSRİ rəhbərliyinə göndərilən məktubdur. Həmin diplomatik sənəddən yazdığı kitabda istifadə etdiyini söyləyən Tarasov nədənsə Ermənistan SSR-in xarici işlər komissarının 1918-ci ilin martında Azərbaycanda törətdikləri soyqırımı etiraf etməsi faktına toxunmur. Bu və digər faktlar onu göstərir ki, Tarasov nəinki tarixi, hətta diplomatik sənəddəki faktları saxtalaşdırmışdır. Bu hərəkət rus tarixşünaslığına yaraşmayan qara ləkədir”.
Təqdimat mərasimində çıxış edən keşmiş diplomat, Azərbaycanın BMT-dəki keçmiş səfiri Eldar Quliyev bildirmişdir ki, Stanislav Tarasovun diplomatik sənəddə əks olunan tarixi faktları saxtalaşdırmasına müvafiq orqanlar tərəfindən hüquqi qiymət verilməlidir.
Yazıçı Çingiz Hüseynov isə bildirmişdir ki, “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqət” kitabının müəllifi Oleq Kuznetsov bu əsəri yazmaqla rus tarixşünaslığının şərəfini qorumuşdur: “Təəssüflər olsun ki, rus tarix elmi erməni ideologiyasının təsiri altına düşüb. Bir qrup erməni avantüristi Dağlıq Qarabağ münaqişəsini yaratmaqla, bütün erməni xalqını uçuruma aparıb. Oleq Kuznetsova bir alim kimi ona görə minnətdaram ki, o, rus tarixşünaslığının şərəfini qoruyub”.
Qeyd edək ki, 2012-ci ilin iyul ayında “Arqumenti i faktı” qəzetinin redaksiyasında Stanislav Tarasovun “Dağlıq Qarabağ haqqında miflər” kitabının təqdimat mərasimi keçirilmişdir. O zaman azərbaycanlı jurnalistlərin iştirakından xəbər tutan ermənilər mətbuata sual verməyə icazə verməmişdilər. Opponentlerindən fərqli olaraq, Oleq Kuzentsov isə kitabının təqdimat mərasimində ermənilərə fikirlərini bildirmək üçün tam şərait yaratmışdır. Tarixçi ermənilərin təxribat xarakterli suallarını peşəkarcasına cavablandırmışdır.
“Erməni soyqırımı” ilə bağlı suala cavab verən O. Kuznetsov bildirmişdir ki, 1915-ci ilin aprelin 24-də baş verən hadisə hərbi nöqteyi-nəzərdən arxa cəbhənin müdafiəsinə yönəlmiş əməliyyat olmuşdur: “Bu kimi əməliyyatı II Dünya müharibəsində bolşeviklər Qazaxıstan və Sibirə 26-ya yaxın xalqı deportasiya etməklə həyata keçirmişlər. Bəs nəyə görə bolşeviklərin bu əməliyyatına soyqırımı deyilmir?! Məgər fransızlar I Dünya müharibəsində Elzas bölgəsindən almanları normal şəraitdə deportasiya etmişdilər? Məgər bu əməliyyat soyqırımı adlanır? Türklər heç bir xalqın kökünü kəsmək naminə öz ölkəkərindən deportasiya etməmişlər. Odur ki, üsyankar erməniləri tərksilah edib Mesopotamiya, Ərəbistan səhrasına deportasiya etməklə, türklər heç də çərçivədən kənara çıxmamışlar. Bunu mən xalqı qırmağa yönəlmiş siyasət yox, qələbəni təmin edən əməliyyat adlandırardım. Bir də ki, müharibənin yazılmamış qanunu belə səslənir: kimlərinsə faciəsi qələbə qazanıldığı halda sağ qalmışların triumfu ilə nəticələnir. Türklərin deportasiya siyasəti düzgün olmuşdur”.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.