“Bulla-dəniz” yatağındakı qəzanın aradan qaldırılmasında iştirak edən sərhədçilər Dövlət Neft Şirkətinin mükafatlarına layiq görülmüşlər

 

“Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında digər dövlət qurumları ilə birlikdə fəal iştirak etmiş Dövlət Sərhəd Xidmətinin 17 hərbi qulluqçusu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəxri fərmanları və qiymətli hədiyyələr ilə  mükafatlandırılmışdır.

AzərTAc xəbər verir ki, oktyabrın 29-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayev mükafatları təqdim etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX)  olmuşdur.

Cari ilin avqustunda Xəzər dənizinin Azərbaycan sektorundakı “Bulla-dəniz” yatağında 90 nömrəli quyuda baş vermiş açıq fontanla əlaqədar yaranmış qəzanın aradan qaldırılması zamanı ekstremal şəraitdə yüksək fədakarlıq və peşəkarlıq göstərmiş DSX-nin əməkdaşlarının fəaliyyəti haqqında film nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev dəniz akvatoriyalarında baş verən texnogen qəzaların aradan qaldırılmasının bütün dünyada mürəkkəb əməliyyatlardan olduğunu söyləmişdir. O, Azərbaycan mütəxəssislərinin bu çətin işin öhdəsindən layiqincə gəldiyini, quyunun xilas olunduğunu, sistemə qoşulduğunu və hazırda istismar edildiyini bildirmiş, sərhədçilərin yüksək peşəkarlıqla həyata keçirdikləri tədbirlərin əhəmiyyətini vurğulamışdır.

DSX-nin rəhbərliyinə və şəxsi heyətinə çoxminli neftçilər ordusu adından minnətdarlığını bildirən Rövnəq Abdullayev qeyd etmişdir ki, quyudakı qəzanın təhlükəsiz və operativ aradan qaldırılmasında fəal iştirak etmiş, yanğının söndürülməsi ilə əlaqədar xüsusi tapşırığa cəlb edilmiş sərhəd xidmətinin əməkdaşları ARDNŞ-in fəxri fərmanları və pul mükafatları ilə təltif olunmuşlar. O bildirmişdir ki, sərhəd xidmətinin digər əməkdaşları ilə birlikdə qəza yerində onlara bilavasitə rəhbərlik etmiş DSX-nin rəisi, general-leytenant Elçin Quliyev də ARDNŞ-in fəxri fərmanına layiq görülmüşdür.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev general-leytenant Elçin Quliyevə, eləcə də general-mayor Əfqan Nağıyevə, polkovnik-leytenantlar Zaur Əhmədova, Rasim Əliyevə və Dövlət Sərhəd Xidmətinin digər əməkdaşlarına ARDNŞ-in fəxri fərmanlarının vəsiqələrini təqdim etmişdir. R.Abdullayev təltif olunanları təbrik etmiş, onlara işlərində müvəffəqiyyətlər arzulamışdır.

Xidmətin rəisi, general-leytenant Elçin Quliyev ölkə iqtisadiyyatının dinamik inkişafında misilsiz xidmətləri olan neftçilərin əməyini yüksək qiymətləndirmiş, ARDNŞ ilə Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın gündən-günə daha da möhkəmləndiyini söyləmişdir. O vurğulamışdır ki, “Bulla-dəniz” yatağındakı qəzanın aradan qaldırılması işində sərhədçilər vaxtilə Dövlət Neft Şirkəti tərəfindən DSX-yə təmənnasız verilmiş gəmilərin gücündən istifadə etmişlər. E.Quliyev hərbi əməkdaşlıq sahəsində ARDNŞ-in xidmətlərini qeyd etmiş və şirkət rəhbərliyinə təşəkkür elan etmişdir. O, Azərbaycanın bütün sərhədləri kimi, ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının həyata keçirilməsində müstəsna əhəmiyyət daşıyan dəniz yataqlarının mühafizəsinin sərhəd qoşunları tərəfindən bundan sonra da yüksək səviyyədə təşkil olunacağını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında