Füsunkar təbiətə, zəngin sərvətlərə malik bölgələrimizdən biri də iyirmi il bundan əvvəl işğal olunmuş Zəngilan rayonudur. 1993-cü ilin oktyabrın 29-da rayonu bütün istiqamətlərdən mühasirəyə alan Ermənistan silahlı qüvvələri ikinci Xocalı soyqırımı törətmək arzusunda idilər. Lakin rayon əhalisinin əksəriyyəti son anda Araz çayını keçərək qırğından xilas oldu. Çayı keçmək bəzilərinə hətta canları bahasına başa gəldi...
Zəngilana Qarabağın sonuncu qalası da deyirlər. Amma, əslində, Zəngilanı həm Qarabağa, həm də vaxtilə sovet hakimiyyəti illərində Ermənistana güzəşt edilmiş Zəngəzur mahalına aid etmək olar. Çünki həmin vaxt Qubadlı, Zəngilan, Laçın rayonları Zəngəzur qəzasının tərkib hissələri idi. Zəngəzurun böyük bir hissəsi- Mehri, Qafan, Qarakilsə (Sisian), Gorus və s. ermənilərə güzəşt edilərkən, Laçın, Qubadlı və Zəngilan Azərbaycanda qalmışdı. Rayonlarımızın ardıcıl işğalı və sıranın Zəngilana gəlib çatması, fikrimizcə, həm Qarabağın, həm də bizim qədim torpaqlarımız sayılan Zəngəzur mahalının yeganə “sağ qalmış” nişanəsinin də itirilməsi idi.
Zəngilan rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazın cənub şərqində, Arazın sol sahilində yerləşir. Qərbdən Ermənistan, cənubdan isə İranla sərhəddir. Ərazisi 707 kvadratkilometr, əhalisi 37 min nəfərdir.
Zəngi yurdu
Zəngilan toponimini incələdikdə maraqlı məqamlar üzə çıxır. Belə ki, oğuz-türk boylarından biri olan və tarixdə böyük dövlətlər yaratmış zəngi tayfalarının Azərbaycanla bağlılığı heç kəsə sirr deyil. Adları əski mənbələrdə “sanqi” şəklində qeyd edilmiş zəngilər, əsasən, Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgəsi, Zəngi çayı, Zəngilər kəndi də bu soyun adını yaşadan toponimlərdəndir. Haqqında bəhs etdiyimiz Zəngilan rayonunun adı da bu qədim oğuz boyunun adından götürülmüş və Zəngialan (Zəngilərin aldığı yer) və Zəngilan şəklində müasir dövrümüzə gəlib çıxmışdır.
Zəngilan ərazisində xeyli qala və abidə mövcuddur ki, bunların da tarixi qədim dövrlərə gedib çıxır. Arxeoloji qazıntılar zamanı qalalar, müşahidə məntəqələri,maddi-mədəniyyət nümunələri, qədim sikkələr və məişət qablarının tapılması bunu sübut edir. Burada “Şəhri Şərifan” və ya “Şəhri Xəlifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Bundan əlavə, Məmmədbəyli kəndində yerləşən eyniadlı türbə də dövrümüzə qədər gəlib çatmış abidələrdəndir. Orta əsrlərdə belə türbələr, adətən, feodal əyanların və varlı şəxslərin, eyni zamanda tanınmış şəxslərin qəbri üzərində ucaldılırdı. Həmin türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Kitabədə deyilir ki, bu türbə 704-cü ildə ramazan ayında (1305) Məhəmməd əl-Xacənin qəbri üstündə tikilmişdir. Bundan əlavə, XIV əsrə aid olan Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, Zəngilan məscidi və Bartaz qız qalası da bu yerlərin qədim yaşayış məntəqəsi olduğundan xəbər verir.
Təbiətin füsunkar nümunəsi
Ölkəmizin səfalı yurdlarından biri olan Zəngilan rayonu Araz çayı boyunca Kiçik Qafqaz dağlarının cənub tərəfində yerləşir. Sıldırımlı qayaları, laləli düzləri, meşələri rayonun təbii gözəllikləri hesab olunur.
Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enliyarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və şəfalı bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.
Zəngilan rayonunda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafızə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək büllur sulu təbii bulaqlar, 4 mənbədən ibarət olan, tərkibi “Yessentuki-4" suyuna uyğun gələn ”Qotursu" mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində turş su mineral bulaqları vardır.
Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Bəsitçay hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn bu nadir çinarlıq dünyada ikinci, Avropada birinci yeri tutur. Akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbii meşəliyi qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Bəsitçay Dövlət Qoruğu yaradılmışdır.
Bundan əlavə, zəngin flora və faunaya malik Araz çayı hövzəsi Zəngilanın təbii sərvətləri sırasında özünəməxsus yer tutur. Uzunluğu təqribən 50 kilometr olan qoruğun eni Araz çayının axınına uyğun olaraq 50 metrdən 250 metrə qədər dəyişir. Burada müxtəlif ağaclar, çöl heyvanları və quşları vardır. Ərazinin əsas torpağı gildir. Burada əsasən suya tələbatı çox olan ağaclar bitir.
İşğal
Ermənistanın ərazi iddiası ilə ölkəmizə qarşı apardığı müharibə rayonlarımızın bir-bir işğalı ilə nəticələndi. Beləliklə, sıra hər tərəfdən mühasirə vəziyyətinə düşmüş Zəngilana çatdı.
Erməni silahlı birləşmələri əvvəlcə Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə daxil olaraq evlərə od vurdular. Rayonda ilk olaraq bu kəndlər ermənilərin işğalına məruz qaldılar. Beləliklə, 1992-ci ilin sonunadək Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçdi. Bununla da rayonun işğalının əsası qoyuldu.
Kiçik qruplarla mübarizə aparan və rayonun könüllülərindən təşkil olunmuş özünümüdafiə dəstələri düşmənin ağır texnika və çoxsaylı canlı qüvvəsinə qarşı mərdliklə vuruşurdular. Lakin qüvvələr qeyri-bərabər idi. Ermənistan, demək olar ki, bütün hərbi gücünü bu rayonun işğalına sərf etmişdi. Hərbi təyyarələr belə hücumda iştirak edir və rayonun mərkəzini bombalayırdı. Ciddi müqavimətə baxmayaraq, vəziyyət daha da çətinləşirdi. Çünki düşmən döyüşə əlavə qüvvələr cəlb edir, təzyiqi artırırdı. Dörd gün ərzində əsasən Mehri, Qafan, Gorus ərazilərindən aramsız hücuma keçməklə qüvvələrimizi bu istiqamətə cəlb edən düşmən beşinci gün – oktyabrın 27-də səhər Cəbrayıl-Qubadlı istiqamətindən cəbhəni yardı.
Üç istiqamətdə hücuma keçən ermənilər rayonu mühasirəyə aldılar. Mehri istiqamətində hərəkət edən düşmən yüksəklikləri ələ keçirib, Vejnəli və Ağbənd kəndlərini işğal etdi. Qafan istiqamətində hərəkət edən daşnaklar Bürünlü, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar. Qubadlının işğal edilmiş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbis kəndləri və Ağbis yüksəkliklərini ələ keçirdilər. Sığırt və Bartaz yüksəklikləri tutulduqdan sonra Zəngilan faktiki olaraq işğal edildi.
Təxminən 34 min əhali İran İslam Respublikasının sərhədinə – Araz çayı kənarına toplaşmışdı. Araz çayını isə keçmək mümkün deyildi. O zaman dövlət başçısı Heydər Əliyevin birbaşa müdaxiləsindən sonra İran hökuməti ilə danışıqlar aparıldı və Araz çayı üzərindəki bənddə suyu bağladılar. Yalnız bundan sonra əhali çayı keçib İran vasitəsilə Azərbaycanın müxtəlif regionlarına pənah gətirdi. İndi zəngilanlılar paytaxt Bakı da daxil olmaqla, respublikanın müxtəlif bölgələrinə səpələnmiş və məcburi köçkün həyatı yaşamaqda davam edirlər.
Beləliklə, 1988-ci ildə başlayan və 1994-cü ilə qədər davam edən erməni təcavüzü və Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində 20 faiz torpağımız işğal edildi. Minlərlə soydaşımız şəhid oldu. Dövlətimizə milyardlarla manat ziyan vuruldu. Regional infrastruktur tamamilə dağıdıldı. Milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Bütün bunlar yalnız bir şeyə görə edildi – sərsəm “Böyük Ermənistan” xülyası naminə. Doğrudur, Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi olsa da, düşmən dövlət bu günə qədər dünyanın ən böyük təşkilatının münaqişəyə dair bu rəylərini faktiki olaraq nəzərə almır. Bu, azmış kimi, işğal olunmuş ərazilərimizə, o cümlədən, Zəngilan rayonuna son vaxtlar birbaşa Ermənistanın dəstəyi ilə Suriyadan və Ermənistanın digər rayonlarından kütləvi şəkildə erməni əhalinin köçürülməsi həyata keçirilmişdir. Tarixi və hüquqi cəhətdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması heç bir mübahisə doğurmayan Zəngilan və bütövlükdə digər işğal olunmuş ərazilərimiz bu gün erməni talançılığının və qəsbkarlığının qurbanı olmuşdur. Dünyanın böyük dövlətləri, nüfuzlu təşkilatları isə hələ də ermənilərin bu özbaşınalıqlarına dözümlü yanaşmaqda davam edirlər.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.