Nəqliyyat, informasiya və rabitə, energetika
2010-cu ilin yanvar-iyun ayları ərzində Şərur rayonunun Ələkli kəndində Asfalt-Beton Zavodu və Qum-Çınqıl Karxanası, Ordubad rayonunun Aza kəndində Beton Zavodu və Qum-Çınqıl Karxanası istifadəyə verilmiş, Naxçıvan şəhərində isə Beton Zavodu və Qum-Çınqıl Karxanasının qurulması hazırda davam etdirilməkdədir. Bu müddət ərzində 1 yeni körpünün tikintisi, 2 körpünün isə təmiri davam etdirilmişdir. Nəqliyyat kompleksimizin aktiv magistrallarından olan Naxçıvan-Sədərək avtomobil yolunun tikintisi hazırda davam etdirilir.
6 ayda muxtar respublikada yük daşınması 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz, sərnişin daşınması isə 16 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 15 milyon 884 min 400 manat gəlir əldə edilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur.
Nəqliyyat infrastrukturu quruculuğu üzrə 2010-cu ilin yanvar-iyun ayları ərzində Ordubad şəhərində Avtovağzal Kompleksinin tikintisi davam etdirilmiş, "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin 12 saylı Culfa Təhlükəsizlik Komandası və Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa Vaqon Deposunun Texniki Xidmət Məntəqəsi üçün binanın tikintisi başa çatdırılmış, "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad yol sahəsinin və Ordubad dəmir yolu sərnişin vağzalı binalarının tikintisi isə hazırda davam etdirilir.
İqtisadi inkişafa paralel olaraq yük və sərnişin daşınmasında intensivliyə nail olunması, nəqliyyat əlaqələrinin gücləndirilməsi, turizmin dərinləşdirilməsi və ümumilikdə nəqliyyat kompleksinin inkişafı üçün müasir tipli hava nəqliyyatı infrastrukturu və çoxşaxəli uçuş marşrutlarının təşkili təmin olunmaqdadır. Bu tədbirlərin davamı kimi Türk Hava Yollarının "Anadolu Jet" Şirkəti ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında bağlanmış müqaviləyə əsasən cari ilin iyun ayının 24-dən başlayaraq həftədə 3 dəfə olmaqla İstanbul-Naxçıvan-İstanbul reysi üzrə uçuşların həyata keçirilməsinə başlanılmışdır.
İlin əvvəlindən avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmir yolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə ümumilikdə 27 milyon 917 min manatdan artıq investisiya yönəldilmişdir.
Muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə olunması və onun genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu işlərin davamı kimi 2010-cu ilin yanvar-iyun ayları ərzində Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən yeni nəsil telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir. Yeni nəsil telekommunikasiya şəbəkəsinin ənənəvi telefon rabitəsi sistemlərindən əsas üstünlükləri eyni zamanda səs və şəkil siqnallarının ötürülməsi, şəbəkə üzərindən televiziya və geniş zolaqlı internet, video-telefon və çoxlu sayda əlavə servis xidmətləri göstərməkdən ibarətdir.
Yanvar-iyun ayları ərzində muxtar respublikada 1312 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş və 1 iyul 2010-cu il tarixə muxtar respublika üzrə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 64-ə çatmışdır.
Muxtar respublikada hazırda aktiv istifadə olan mobil telefonların sayı 355 min 975 ədəddir. Əhalinin hər 100 nəfərinə düşən aktiv mobil telefonların sayı 1 iyul 2010-cu il tarixə 88 ədəd olmuşdur.
6 ayda muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 17 milyon manatdan çox olmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 16,6 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətinin həcmi 14 milyon 496 min manat olmaqla 2009-cu ilin müvafiq dövründəki göstəricini 18 faiz üstələmişdir.
Muxtar respublikanın elektroenergetika sahəsində yenidənqurma tədbirləri davam etdirilir. Yanvar-iyun ayları ərzində "Xalçaçılıq" və "Xətai" elektrik yarımstansiyalarının yenidən qurulması işləri başa çatdırılmışdır. Ümumilikdə, muxtar respublikada 32 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmış, 45,9 kilometr uzunluğunda yeni elektrik verilişi xətləri çəkilmişdir. Ordubad rayonunda Gilançay üzərində 20 meqavat gücündə su elektrik stansiyasının tikintisi, Naxçıvan şəhərində yeni "Sənaye qovşağı" elektrik yarımstansiyasının qurulması hazırda davam etdirilir.
İstehsalçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunması, infrastrukturun təkmilləşdirilməsi enerjidən istifadə haqlarının tam həcmdə yığılması prosesində mühüm amillərdəndir. Yanvar-iyun ayları ərzində istehlak olunan 7 milyon 994 min manat dəyərində 133 milyon 234 min kilovat-saat elektrik enerjisinin müqabilində 8 milyon 38 min 200 manat vəsait toplanmış, ödənilmə faizi 100,6 faiz olmuşdur.
Enerji təhlükəsizliyini təmin edən mühüm faktorlardan biri də muxtar respublikanın təbii qazla tam təmin olunmasıdır. Təbii qaz təminatının bərpası layihəsi çərçivəsində muxtar respublika üzrə əhali təsərrüfatlarına qaz çəkilişi prosesi başa çatdırılmış, 77 min 504 abonent təbii qazla təmin olunmuşdur.
Sahibkarlıq, əhalinin gəlirləri və məşğulluq
Sərəncamın icrası nəticəsində təkcə yanvar-iyun aylarında muxtar respublika üzrə 44 hüquqi və 731 fiziki şəxs qeydiyyata alınıb ki, bu da iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir.
Muxtar respublikada genişmiqyaslı kreditləşmənin təşkili əsasında sahibkarlıq fəaliyyətinin inkişafı davamlı olaraq stimullaşdırılır. Yanvar-iyun ayları ərzində muxtar respublikada sahibkarlara 18 milyon 77 min manat həcmində güzəştli kreditlər verilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz və ya 925 min manat çoxdur. Bu dövr ərzində sənaye sahəsinə 5 milyon 567 min manat, tikinti sahəsinə 2 milyon 155 min manat, kənd təsərrüfatı sahəsinə 5 milyon 326 min 555 manat (o cümlədən balıqyetişdirmə sahəsinə 40 min manat, taxılçılığa 640 min manat, kartofçuluğa 1 milyon 354 min 50 manat, şəkər çuğunduru istehsalına 38 min 900 manat, limonçuluq sahəsinə 10 min manat, üzümçülük sahəsinə 65 min manat, istixana komplekslərinə 135 min manat, heyvandarlıq sahəsinə 2 milyon 440 min 805 manat, arıçılığa 409 min 800 manat, quşçuluğa 193 min manat), topdan və pərakəndə ticarət sahəsinə 1 milyon 201 min 473 manat, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahəsinə 100 min manat, maliyyə fəaliyyətinə 1 milyon 100 min manat, sosial və şəxsi xidmətlərin göstərilməsi sahəsinə isə 2 milyon 626 min 941 manat həcmində kreditlər verilmişdir.
Kreditlərin 8 milyon 846 min manatını və ya 48,9 faizini Sahibkarlığa Kömək Fondunun vəsaitləri, 5 milyon 379 min 900 manatını və ya 29,8 faizini bankların öz vəsaitləri, 3 milyon 851 min 100 manatını və ya 21,3 faizini isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının vəsaitləri təşkil etmişdir.
Sahibkarlıq fəaliyyətinin inkişafı dinamikasını xarakterizə edən mühüm bir fakt ondan ibarətdir ki, bu gün muxtar respublikada 287 növdə məhsul istehsal olunur, onun da 108 növü ərzaq, 179 növü qeyri-ərzaq məhsullarıdır. 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə muxtar respublikada 242 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Sahibkarlıq fəaliyyətinin inkişafı məşğulluq səviyyəsinin yüksəlişinə və əhali gəlirlərinin artmasına müsbət təsir göstərmişdir. 2010-cu ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin gəlirləri 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artaraq 436 milyon 830 min 500 manat, onun adambaşına düşən həcmi isə 7,2 faiz yüksələrək 1081,6 manat təşkil etmişdir.
Əhali gəlirlərinin əsas tərkib elementlərindən biri isə əməkhaqqıdır. 2010-cu ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 277,8 manat olmuş və 2009-cu ilin müvafiq göstəricisini 6,6 faiz üstələmişdir.
Əldə olunmuş yüksək inkişaf templəri səmərəli məşğulluğun təşkili və yeni iş yerlərinin yaradılması üçün də əlverişli mühit formalaşdırmışdır. 2003-cü il oktyabr ayının 1-dən 2010-cu il iyul ayının 1-dək Naxçıvan Muxtar Respublikasında 43804 yeni iş yeri yaradılmışdır ki, onun da 28711-i və ya 65,5 faizi daimi iş yerləridir. 2010-cu ilin yanvar-iyun ayları ərzində açılan 1989 iş yerinin isə 1578-i və ya 79,3 faizi daimi iş yerlərinin payına düşür.
İstehlak bazarı
Yanvar-iyun ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 273 milyon 137 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Əmtəə satışının və pullu xidmətlərin real həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz artmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 16,2 faiz yüksəlmişdir.
Əhalinin yaşayış standartlarının daha da yüksəldilməsi məqsədilə məişət və ticarət xidmətinin səviyyəsi hazırda ardıcıl olaraq təkmilləşdirilməkdədir. Bu istiqamətdə reallaşdırılan tədbirlərə uyğun olaraq yanvar-iyun ayları ərzində Şərur şəhərində ticarət mərkəzi və bazar kompleksinin, Ordubad rayonunun Gənzə kəndində ticarət mərkəzinin tikintisi başa çatdırılmış, Ordubad rayonunun Aşağı Əylis, Sabirkənd və Nüsnüs kəndlərində ticarət mərkəzlərinin, Babək rayonunun Aşağı Uzunoba, Yuxarı Uzunoba, Şərur rayonunun Maxta, Kəngərli rayonunun Yeni Kərki kəndlərində məişət evlərinin tikintisi, Şərur rayonunun Yengicə, Kəngərli rayonunun Xıncab, Təzəkənd və Şahtaxtı kəndlərində məişət evlərinin əsaslı təmiri davam etdirilmişdir.
Xarici ticarət
Tarazlı sosial-iqtisadi inkişafın təmin edilməsində xarici iqtisadi fəaliyyət, xüsusilə də xarici ticarətin həcmi, nomenklatur strukturu və coğrafiyası böyük rol oynayır. Xarici ticarət dövriyyəsinin sabit inkişafı ümumi daxili məhsul istehsalına və digər makroiqtisadi göstəricilərə də təsir göstərməkdədir.
İxrac potensialının inkişaf etdirilməsi, muxtar respublika ərazisində istehsal olunan məhsulların xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, qonşu xarici ölkələrin iqtisadiyyatlarına səmərəli inteqrasiyanın təşviqi ötən dövr ərzində də prioritet istiqamətlərdən olmuşdur.
6 ayda muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 96 milyon 661 min 200 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bu da 2009-cu ilin müvafiq dövründəki səviyyəni 5,4 faiz üstələyir. İxracın davamlı olaraq stimullaşdırılması və buna uyğun olaraq ixrac mallarının həcminin, çeşidinin artırılması, sahibkarlarımızın xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, onların maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində həyata keçirilən sistemli tədbirlər xarici ticarət üzrə pozitiv meyilləri təmin etməkdədir.
Muxtar respublikanın xarici ticarət dövriyyəsində 2010-cu ilin yanvar-iyun aylarında ixracın həcmi idxalı üstələmiş və 62 milyon 970 min 200 Amerika Birləşmiş Ştatları dolları həcmində müsbət saldo yaranmışdır. Belə ki, xarici ticarət dövriyyəsinin 16 milyon 845 min 500 Amerika Birləşmiş Ştatları dollarını və ya 17,4 faizini idxal, 79 milyon 815 min 700 Amerika Birləşmiş Ştatları dollarını və ya 82,6 faizini isə ixrac təşkil etmişdir. İxracın həcmi son bir il ərzində 61,7 faiz artmışdır.
Humanitar sahə
Muxtar respublikada aparılan fundamental elmi tədqiqatların prioritetlərinin əsasən sosial-iqtisadi və ictimai-mədəni həyata uyğunlaşdırılması, elmin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması, elmin informasiya təminatının gücləndirilməsi, elmi potensialın muxtar respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsi istiqamətlərində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərə uyğun olaraq elmi-tədqiqat mərkəzlərinin tikintisi də diqqət mərkəzində saxlanmış, Ordubad rayonunda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Biokimyəvi Tədqiqatlar Laboratoriyası üçün yeni bina tikilmişdir.
Təhsil sahəsində həyata keçirilən islahatlar əsasən təhsilin məzmununun yeniləşdirilməsi, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, məqsədli tədbirlərin həyata keçirilməsi vasitəsilə təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində aparılmaqdadır. İnfrastruktur quruculuğu tədbirləri ilin əvvəlindən davam etdirilmiş, 2010-cu ilin yanvar-iyun ayları ərzində Şərur şəhərində 738 şagird yerlik 1 saylı orta məktəb binasının yenidən qurulması başa çatdırılmışdır. Şərur rayonunun Yengicə, Maxta, Kəngərli rayonunun Təzəkənd, Yeni Kərki, Sədərək rayonunun Sədərək kəndlərində və Culfa şəhərində 3 saylı orta məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 15 saylı, Culfa şəhərində 2 saylı və Şərur rayonunun Zeyvə kəndində orta məktəb binalarının yenidən qurulması, Kəngərli rayonunun Xıncab kəndində orta məktəb binasının təmiri davam etdirilmişdir.
Ümumtəhsil məktəblərinin hamısı kompyuterlə təchiz edilmiş, məktəblərə hər 19 şagirdin istifadəsi üçün bir dəst olmaqla 2 min 674 dəst kompyuter verilmişdir.
Bu dövr ərzində Şərur şəhərində 200 yerlik uşaq bağçası binasının tikintisi başa çatdırılmışdır. Naxçıvan və Culfa şəhərlərində uşaq bağçaları binalarının tikintisi, Culfa rayonunda hərbi şəhərcikdə uşaq bağçası binasının yenidən qurulması, Şahbuz şəhərində və Babək qəsəbəsində uşaq musiqi məktəbi binalarının tikintisi davam etdirilmişdir. Hazırda Naxçıvan şəhərində fiziki qüsurlu insanlar üçün Naxçıvan Regional Mərkəzinin tikintisi, Culfa Rayon Ekoloji Tərbiyə, Texniki Yaradıcılıq, Uşaq Yaradıcılıq, Gənc Turist və Diyarşünaslıq mərkəzləri üçün ayrılmış binanın yenidən qurulması hazırda davam etdirilməkdədir.
2010-cu ilin yanvar-iyun ayları ərzində 85 çarpayılıq Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin yeni korpusunun tikintisi başa çatdırılmış, Ordubad və Sədərək rayonlarında mərkəzi xəstəxana binalarının tikintisi davam etdirilmişdir. Şərur rayonunun Yengicə, Maxta, Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərində həkim ambulatoriyası binalarının, Kəngərli rayonunda Təzəkənddə tibb məntəqəsi binasının tikintisi davam etdirilmişdir. Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Xəstəxanasının, Əlillərin Bərpa Mərkəzinin və Uşaq Bərpa Mərkəzi binalarının təmiri davam etdirilmişdir. Bundan əlavə, hazırda Kəngərli rayonunda "N" saylı hərbi hissədə tibb məntəqəsi binasının tikintisi davam etdirilməkdədir.
Əhali məşğulluğunun yüksəldilməsi, insanların maddi-rifah halının davamlı olaraq yaxşılaşdırılması, yaşayış üçün sağlam mühitin formalaşdırılması, müalicə profilaktika işinin təşkili sahəsində görülən səmərəli tədbirlər demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 6 min 130 nəfər artaraq 405 min 308 nəfər təşkil etmişdir.
2010-cu ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 4 min 193 körpə doğulmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricini 837 nəfər üstələyir.
Tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi ilin əvvəlindən diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası və təmiri davamlı xarakter almışdır. Bu dövr ərzində Naxçıvan şəhərində Naxçıvan Dövlət Xalça Muzeyinin, Ordubad şəhərində M.S. Ordubadinin ev-muzeyinin və Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyinin tikintisi, Naxçıvan şəhərində Bəhruz Kəngərlinin və Hüseyn Cavidin ev-muzeylərinin təmiri başa çatdırılmışdır.
Ordubad şəhərində Şərq hamamı tarixi abidə kompleksinin yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində "Qala", "Xan Evi", Ordubad şəhərində "Qədim Məbəd" və "Qeysəriyyə" tarixi memarlıq abidələrinin yenidən qurulması davam etdirilməkdədir.
Naxçıvan şəhərində "Bazar gölü" istirahət kompleksinin, Şahbuz şəhərində "Bulaq Abidə Kompleksi"nin tikintisi başa çatdırılmışdır. Naxçıvan şəhərində "Pirqəmiş" məscidinin yenidən qurulması başa çatdırılmış, Fəxri Xiyabanın tikintisi, Şəhidlər Xiyabanının yenidən qurulması davam etdirilməkdədir.
Kəngərli rayonunda ümummilli liderimiz Heydər Əliyevin heykəlinin ucaldılması, Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının yenidən qurulması hazırda davam etdirilir.
Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və bu prosesin stimullaşdırılması, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığın genişləndirilməsinin təşviqi, jurnalistlərin peşəkarlığının artırılmasına və sosial müdafiələrinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi kütləvi informasiya vasitələrinin işinin təkmilləşməsində başlıca amillərdəndir. Bu dövr ərzində "Şərq qapısı" qəzeti redaksiyası və "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və "Kanal-35" televiziyasının maddi-texniki bazalarının daha da gücləndirilməsi məqsədilə yeni avadanlıqlar alınıb quraşdırılmışdır.
Muxtar respublikada turistlərin yerləşdirilməsi biznesi dinamik şəkildə inkişaf edir. Ötən dövr ərzində bu istiqamətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada turizmin inkişafı üçün şərait daha da əlverişli vəziyyətə gətirilmiş, beynəlxalq turizm bazarına inteqrasiya dərinləşdirilmiş, turizm komplekslərinin rəqabətə davamlılığı yüksəldilmişdir. İlin ilk altı ayı ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 126 min 314 nəfər turist gəlmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricini 13,3 faiz və ya 14 min 792 nəfər üstələyir.
Hüquq-mühafizə sistemi
Muxtar respublikada məhkəmə hakimiyyəti orqanlarının və güc strukturlarının iş şəraitinin, müvafiq infrastrukturlarının təkmilləşdirilməsi işi davam etdirilmiş, bu müddət ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin inzibati binasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Şəhər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binalarının tikintisi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının isə yenidən qurulması davam etdirilməkdədir.
Bu gün muxtar respublikamızın hərtərəfli inkişafı, sürətli tərəqqisi, durmadan yeniləşməsi və burada həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticələri, iqtisadi, siyasi, sosial, mədəni sahələrdə əldə olunmuş əsaslı nailiyyətlər qədim Naxçıvanı dünyaya yeni formada və yeni məzmunda təqdim etməyə imkan verir. Bu böyük uğurlar onu göstərir ki, bu gün Naxçıvanda Heydər Əliyev ideyaları yaşayır, inkişaf edir və bizi aydın sabahlara aparır.{nl}
Material Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanmışdır
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.