Bakı: gözəlləşən diyar...

 

İndi  hər kəs bu şəhərin  qənirsiz  gözəlliyinə valeh olur. Bakı on il əvvəlki  şəhər deyil. Onun siması günbəgün dəyişir, yeniləşir. Bir il əvvəl bu şəhərdə olan xarici  qonaqlar etiraf edirlər ki, Bakı   tanınmaz dərəcədə  gözəlləşib. Bakı ölkəmizdə  gedən  nəhəng  quruculuq   işlərinin  ən bariz nümunəsidir. Haraya baxırsan,  yenilik var, köhnə məhəllələrin yerində ucalan göydələnlər, parklar və xiyabanlar,  yeni yollar  adamda qürur hissi  doğurur. Hələ bu harasıdır...

Xarici turistlə söhbətimdə dedi ki, mən on il əvvəl  sizin  bu şəhərdə olmuşam. Bu, həmin Bakı deyil, Bakı Avropanın  gözəl şəhərlərini də arxada  qoyub. Bəli, Bakı doğrudan da,  arzularımızın şəhərinə çevrilib. Hərdən Dağüstü Parka  çıxıb   bu şəhərə tamaşa edin. Möcüzələr  görəcəksiniz, Xəzərə qucaq açan bu şəhərin  gözəlliyi sizi məftun edəcək. Elə bil hansısa rəssam əliylə  çəkilmiş bir tablodur. Onun  rəngləri də  başqa bir aləmdir.

Bu yaxınlarda  Azərbaycan Respublikasının İqtisadi İnkişaf  Nazirliyi “Bakı  2003-2013: hədəflər, inkişaf, nəticələr” adlı kitab-albomunu   çapdan buraxmışdır. Kitab ulu  öndər Heydər Əliyevin   “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı ilə başlayır. Bu müdrik ifadə  ulu öndərin  necə uzaqgörən  bir siyasi xadim olduğunu bir daha təsdiq edir. Bəli, Azərbaycan həqiqətən dünyaya günəş kimi  doğdu,  onun  şəfəqləri  indi  dünyanın bütün qitələrinə yayılmışdır. Cənab  Prezident İlham Əliyevin  kitaba daxil edilmiş bir kəlamı isə bu günümüzün mənzərəsini   aydın təsəvvür etmək imkanı yaradır: “Bizim iqtisadi  göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdir.  Bizim iqtisadi inkişafımız ən sürətlidir. Təkcə son on ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf  dünyada çox nadir hallarda müşahidə edilir-həm siyasi, iqtisadi, həm  energetika, mədəniyyət sahələrində”.  Budur, Azərbaycanın bugünkü reallığı.

Bakı isə  bu  irəliləyişin önündə addımlayır. Onun hüdudları genişlənir, əhalisi artır, dünyanın ən gözəl  şəhərləri sırasında adı çəkilir. Biri digərindən hündür binalar, abad yollar, möhtəşəm körpülər, insana rahatlıq və  zövq bəxş edən  parklar və  xiyabanlar, yeni yaşayış kompleksləri, dünyanın məşhur mehmanxana brendləri  paytaxtımızı  meqapolisə çevirmişdir. Müasir Bakının yeni rəmzləri meydana  gəlmişdir. Alov qüllələri, Dövlət  Bayrağı Meydanı, “Crystal Hall”, Heydər Əliyev Mərkəzi və onlarla digər  memarlıq inciləri  bu şəhərin gözəlliyinə   xüsusi bir  çalar qatır. Bakı xarici turistlərin daha çox  üz tutduğu şəhərlərdəndir. Turistləri bu şəhərə cəlb edən təkcə   yeni yaradılan abidələr deyil, daha çox  bu xalqın milli-mənəvi dəyərlərinə çevrilmış tarixi abidələridir. Qız Qalası, İçərişəhər  Dövlət Tarixi- Memarlıq  Qoruğu, “Atəşgah məbədi”  Dövlət Tarixi-Memarlıq  Qoruğu, Qobustan  Dövlət Tarixi-Memarlıq Qoruğu və Muzeyi,  Qala  Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və neçə-neçə muzeylər   bu şəhərə  təşrif buyuranları həqiqətən valeh edir.

Haqlı olaraq  Bakını ölkənin mədəniyyət paytaxtı adlandırırlar. Bu  şəhər  həm də 2009-cu idə İslam  mədəniyyətinin paytaxtı elan olunmuşdu. Teatrların,  konsert salonlarının,  kinoteatrların  bu on ildə  görkəmi tamamilə dəyişdirildi, onlar yenidən təmir olundular, yeni, müasir  texnologiyalarla təmin edildilər. Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Milli Akademik Dram Teatrı, Rus Dram Teatrı, Opera və Balet Teatrı  yenidən əsaslı təmir olunaraq  tamaşaçıların istifadəsinə verildi.  Nizamı Kino Mərkəzi  bu  gün öz yeni görkəmi ilə  hamını heyran edir. Dövlət Film Fondunun  yeni binası da  kino sənətimizin inkişafına ən qiymətli töhfədir. Son on ildə paytaxtımızın  rayonlarında  6 mədəniyyət evi, 2 klub tikilib istifadəyə verilmiş, 18 mədəniyyət evi və  3 klub isə  əsaslı təmir olunmuşdur. Bakının gözəlliyini artıran həm də onun  müasir dizaynla  tikilmiş park  və  bağlarıdır. Bakıda 46 yeni  mədəniyyət və istirahət parkı  salınmış, 84-ü isə  əsaslı surətdə yenidən qurulmuşdur.

Müasir təhsil ocaqları  Bakıya  xüsusi görkəm verir. Son on ildə Bakıda məktəb tikintisi geniş vüsət almışdır. Bu illər ərzində  paytaxtımızda  32800 şagird yerlik  46 yeni məktəb binası, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində  7300 şagird yerlik  12 məktəb binası  tikilib istifadəyə verilmişdir. Yeni universitet binaları tikilmiş, mövcud  universitet binaları öz görkəmini tamamilə dəyişmişdir. Bakını gözəlləşdirən  həm  də onun müasir üslubda inşa edilən səhiyyə ocaqlarıdır. Son on ildə  Bakıda  2592 çarpayılıq  15 xəstəxana, 19 poliklinika binaları 900 çarpayılıq  7 korpus tikilib  istifadəyə verilmiş, 8255 çarpayılıq 53 xəstəxana  və 44  poliklinika  binası əsaslı təmir olunmuşdur.

Paytaxtımız indi  müasir körpülər, yeraltı, yerüstü  yol qovşaqları və  keçidlər  şəhəridir. Son on ildə  şəhərimizin sürətli inkişaf dinamikasını təcəssüm etdirən  25  yolötürücü, 35 yeraltı, 22 yerüstü  piyada keçidi  tikilib istifadəyə verilmişdir. 10  yeraltı piyada  keçidi  əsaslı təmir olunmuşdur. Həmin dövrdə şəhərdə və şəhərətrafı qəsəbələrdə 300 kilometr  yeni yollar inşa edilmiş,  1300 kilometrdən artıq  yol isə əsaslı təmir edilmişdir. İndi  şəhərimizin  bu böyük  və mürəkkəb  infrastrukturunda  nəqliyyatın  hərəkəti  yeni yaradılmış  intellektual mərkəzdən  idarə olunur.

Hava limanı, dəmir yolu vağzalı, dəniz limanı və avtovağzal tarixi İpək yolunun  üzərində yerləşən  Bakının əsas giriş qapılarıdır. İndi şəhərimizə gələn qonaqlarda   yenidən qurulmuş bu obyektlərin gözəlliyi ilkin təəssürat yaradır.

Bakı,  doğrudan da gözəlliklər  şəhəridir. Onun gələcəyi isə daha da gözəl və yaraşıqlı olacaq. Bugünkü inkişaf  və tərəqqi bunu  deməyə əsas verir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında