Yadımdadır, düz bir ay əvvəl növbəti prezident seçkilərinə hazırlıqla əlaqədar Füzuli rayonundan yazı hazırlamışdım. Bir bölgə müxbiri olaraq mənim üçün düşmənin, necə deyərlər, iki addımlığımda yerləşən, ərazisinin 70 faizi hələ də erməni tapdağı altında qalan, 1994-cü ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin güclü əks-hücumu nəticəsində azad olunan doğma yurd-yuvalarına qayıdan insanların həyat şəraiti, gün-güzəranı, arzu və düşüncələri çox maraqlı idi.
Həmin günlərdə dairə və məntəqə seçki komissiyalarında oldum, cəbhə xəttində yerləşən kəndlərə getdim, ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbət etdim və yekdil bir nəticəyə gəldim ki, Füzulidə növbəti prezident seçkilərinin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür imkan və şərait yaradılmışdır. İnsanların əhval-ruhiyyəsi yüksəkdir, gün-güzəran yaxşılaşır. Adamlar sabaha dərin inam və ümidlə baxırlar. Əsas cəhət odur ki, müxtəlif sənət və peşə sahibləri, ayrı-ayrı məslək və əqidəyə qulluq edənlər eyni məqamda bir araya gələ bilirlər, birləşə bilirlər.
Onlar öz fikir və düşüncələrini açıqca bəyan edirdilər: Bizi yenidən ata-baba yurd yerlərinə qaytaran, yeni həyat və xoşbəxtlik bəxş edən ulu öndər Heydər Əliyev olmuşdur. İndi isə siz də şahid olursunuz ki, bu torpaqlarda nələr yaratmışıq. Horadiz indi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Kəndlərimiz öz simasını əsaslı surətdə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur. Onlarla müxtəlif təyinatlı müəssisə yaradılmış, parklar, xiyabanlar, yollar, körpülər salınmışdır. Minlərlə yeni iş yeri açılmışdır. Əkib-becəririk, tikib-qururuq, ayağımızı doğulub böyüdüyümüz bu torpağa daha möhkəm dirəyirik. Biz, bax, bu inkişaf və yüksəlişə, xoşbəxt gələcəyə, işğal altında olan torpaqlarımızın azad olunmasına bəslədiyimiz möhkəm inama səs verəcəyik.
Yuxarıda da dediyimiz kimi, bütün bunlar bir ay bundan əvvəl növbəti prezident seçkilərinə hazırlıqla əlaqədar olaraq gördüklərim, şahidi olduqlarım, müşahidə etdiklərim, aldığım təəssürat və düşüncələrim idi.
İndi yenidən Füzulidəyəm. Jurnalist marağı, hər halda, üstün gəldi: Növbəti prezident seçkiləri Füzulidə necə keçdi, verilən vədlər, deyilən sözlər necə yerinə yetirildi, nəticələr barədə nə demək olar?
Bu suallara konkret olaraq belə cavab vermək olar: cəbhə xəttində yerləşən Füzuli rayonunda prezident seçkiləri yüksək fəallıqla, aşkar və şəffaf şəkildə başa çatmışdır. Heç bir ciddi qanun pozuntusu qeydə alınmamış, kənar müdaxilə hallarına yol verilməmişdir. Bu, əlbəttə, öz-özlüyündə fərəh doğurur və hər şeydən əvvəl, füzulililərin ölkə Prezidenti İlham Əliyevə olan sonsuz məhəbbət və ehtiramından, aparılan qətiyyətli, uzaqgörən daxili və xarici siyasət xəttinin bəyənildiyindən, müdafiə edildiyindən, daha böyük hədəflərin, daha uca zirvələrin fəth olunacağına olan möhkəm inamdan xəbər verir. Buna, necə deyərlər, sözümüz yoxdur və bu həqiqəti istər ölkə xaricində, istərsə də daxildə etiraf etməyən yoxdur.
Demək istədiyimiz həqiqət isə başqadır: Növbəti prezident seçkilərinin əlamətdar məqamlarından biri də Azərbaycanda siyasi qüvvələr arasında münasibətlərin yeni, beynəlxalq standartlara cavab verən mərhələyə qədəm qoyması, iqtidar-müxalifət münasibətlərində baş verən mülayimlik, köhnə təfəkkürlü müxalifətin yenilikçi müxalifətlə əvəzlənməsi prosesi oldu. Biz Füzulidə bunun real nəticələrinin bir daha şahidi olduq. Belə ki, prezident seçkilərindən dərhal sonra müxalifət qüvvələrinin onlarla təmsilçisi seçki dairələrinə gəlmiş, ölkə Prezidenti İlham Əliyevə böyük qələbə münasibətilə təbriklərini çatdırmış, seçkilərin azad və demokratik şəraitdə keçdiyini bildirmişlər. Bəziləri isə mənsub olduqları müxalifət partiyalarının sıralarını tərk etdiklərini bəyan etmişlər.
Həmin müxalifət nümayəndələrinin bəziləri ilə biz də görüşdük. Söhbət əsnasında belə bir fikir bir daha təsdiq olundu ki, həqiqəti vaxtında görmək və qiymətləndirmək, baş verən hadisələrdən obyektiv və düzgün nəticə çıxarmaq əsl insani keyfiyyətdir. Belə mövqe nəciblik, mərdlik və ləyaqət duyğuları ilə bağlıdır. Mən bu insanların ürəkdən gələn səmimiyyətinə inandım. İnandım ki, onların qəlbində uzun illər davam edən tərəddüdlərə, çaşqınlığa, fikir ayrılığına, nəhayət, son qoyuldu. Həqiqət, haqq-ədalət, sağlam düşüncə qalib gəldi.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.