Oktyabrın 26-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində növbəti qəbul keçirmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, şəhər baş polis idarəsində Gəncə, Göygöl, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış Kəlbəcər və Xocalıdan olan bir qrup məcburi köçkünü qəbul edən nazir onların müraciətlərini dinləmiş, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar vermişdir.
Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapmışdır. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılmışdır.
Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq etmiş, Azərbaycan Prezidentinin ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildirmişlər.
Daha sonra daxili işlər naziri Ramil Usubov Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir.
Məlumat verilmişdir ki, tikintisinə ötən ilin aprelində başlanmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 3300 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilmişdir. Yeni tikilidə 52 xidməti otaq, 120 yerlik akt zalı vardır. Binada mərkəzləşdirilmiş ventilyasiya-istilik sistemləri, ayrıca qazanxana və transformator istifadəyə verilmiş, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir. İnzibati binada qeydiyyat və şəxsiyyət vəsiqəsi, dövlət yol polisi bölmələri, növbətçi hissə və digər xidməti otaqlar yaradılmışdır.
General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən virtual təlim keçirilməsi üçün xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına baxmış, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olmuşdur.
Görülən işləri yüksək qiymətləndirən nazir şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün lazım olan bütün şəraitin yaradılmasından məmnunluğunu bildirmişdir.
Daxili işlər naziri yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşmüş, əlamətdar hadisə münasibətilə onları təbrik etmiş, konkret tapşırıq və tövsiyələrini vermişdir. O, xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində, cinayətkarlıqla qətiyyətli mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanlarının rolunu daim yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Bütün bunlar isə polis əməkdaşlarını daha yaxşı işləməyə ruhlandırır, eyni zamanda, vətəndaşların rahatlığına xidmət edir.
General-polkovnik Ramil Usubov Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə gedən geniş quruculuq işlərinin ölkənin ikinci böyük şəhərinin də simasını büsbütün dəyişdiyini, Gəncənin daha da gözəlləşdiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, son illər Gəncədə cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində bir sıra uğurlar əldə edilmişdir və bu, şəhər polisinin yerli hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətinin nəticəsidir.
Nazir əmin olduğunu bildirmişdir ki, idarənin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işində səylərini əsirgəməyəcəkdir.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak etmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.