Sosial Rifah Partiyası terrora qarşı beynəlxalq qurum yaradılmasını təklif edir

Dünən "Xalq" mətbuat klubunda Sosial Rifah Partiyasının təşəbbüsü ilə "Bəşəriyyət terrorizmə, təcavüzə və işğalçılığa yox deyir" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycandakı səfirliklərin nümayəndələri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, tarixçi alimlərin, ictimaiyyətin təmsilçiləri iştirak edirdilər. Əvvəlcə dünyada, eləcə də Azərbaycanda terrorun, təcavüzün və işğalçılığın qurbanı olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra Xocalı hadiəsələrini əks etdirən videolent nümayiş etdirildi.
Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı giriş sözü ilə çıxış edərək bildirdi ki, terror, təcavüz və işğalçılıq hazırda bəşəriyyəti narahat edən ən böyük problemdir və bu antibəşəri cinayətə qarşı beynəlxalq ictimaiyyət birlikdə mübarizə aparmalıdır. Keçən və hazırkı əsrlərdə baş vermiş terror, təcavüz və işğalçılıq faktları haqqında geniş məlumat verən X.Kazımlının sözlərinə görə, istər sovet hakimiyyəti illərində Macarıstanda, Çexoslovakiyada, istərsə də 1990-cı ilin yanvarında Bakıda, 1992-ci ilin fevralında Xocalıda, eləcə də 2001-ci ilin 11 sentyabrında ABŞ-da, son illər Rusiyada və dünyanın digər guşələrində törədilmiş terror hadisələri sübut edir ki, bəşəriyyət bu bəlalara qarşı birgə mübarizə aparmalıdır.
Natiq əlavə etdi ki, erməni terroru dünyada bu antibəşəri cinayətin ən qədimi və ən təhlükəlisidir. Ermənilər təkcə Xocalıda, Qarabağın digər rayon və kəndlərində dinc əhaliyə, qadın, uşaq və qocalara amansız divan tutmayıblar, həm də Azərbaycanın ayrı-ayrı ziyalılarına, sadə vətəndaşlara qarşı terror cinayətləri törədiblər. Xocalıda vəhşicəsinə qətlə yetirilmiş 613 nəfərdən 63-ü uşaq, 106-ı isə qadın olub.
Millət vəkili rəhbərlik etdiyi partiyanın dünyada terrora, təcavüzə və işğalçılığa qarşı mübarizə aparmaq üçün vahid bir beynəlxalq qurum yaradılması ideyası ilə çıxış etdiyini də bildirdi.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd etdi ki, bəşəriyyət terrora, təcavüzə qarşı mübarizənin qarşısını almaq üçün zaman-zaman müxtəlif qurumlar yaradıb. İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı yaradılıb. Amma bəşəriyyət hələ də terror, təcavüz və işğalçılıq faktları ilə üz-üzədir. Həyat göstərir ki, bu gün heç bir dövlət bu təhlükələrdən xali deyil. Hətta ABŞ, Rusiya kimi güclü dövlətlər də terror təhlükəsindən xilas ola bilmir. Ona görə də terrorun nəticələri ilə deyil, terroru doğuran səbəblərlə mübarizə aparmaq lazımdır. Amma hazırda bu cinayət texnoloji terror səviyyəsinə qalxıb və ona qarşı mübarizə aparmaq çətinləşib.
Mübariz Qurbanlı SRP-nin təklif etdiyi terrora qarşı mübarizə üzrə beynəlxalq qurum yaradılması ideyasını dəstəklədiyini də bildirdi. Amma bu zaman ilk növbədə, ikili standartlara son qoyulmalı, Ermənistan kimi terrorçu, işğalçı dövlətlərə təzyiq göstərilməli, bu istiqamətdə beynəlxalq səylər birləşdirilməlidir.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirdi ki, hazırda dünyada terrora qarşı düzgün mübarizə aparılmır. Terroru doğuran səbəb araşdırılmır, sadəcə, nəticə axtarılır. İraq BMT Təhlükəsizlik Şurasının qərarı olmadan işğal edilib. Onun sözlərinə görə, terrorçuluğa, təcavüzə qarşı mübarizə güc deyil, beynəlxalq hüquq əsasında, qurulmalıdır. Terrorçu, eləcə də terroru dəstəkləyən dövlətlər layiqli cəzalarını almalıdır, amma bəzən əksinə olur. ABŞ terrorçu Ermənistan dövlətinə maliyyə yardımı edir, Dağlıq Qarabağdakı terrorçu rejimə hər il 8 milyon dollar yardım ayırır. Bu qayda ilə terrorçuluğa qarşı necə mübarizə aparmaq olar? "Terrorun milləti, dini olmamalıdır".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı terrorçuluğun, təcavüzkarlığın dünyada öz miqyasını kifayət qədər genişləndirdiyini qeyd etdi. Onun sözlərinə görə, bu məsələ təkcə Azərbaycan üçün deyil, bütün dünyaya böyük problemdir. Amma hazırda belə bir təsəvvür yaradılır ki, sanki dünyada təkcə müsəlman terrorçular mövcuddur. Əslində bu terror təşkilatlarını bu və ya digər məqsədlərlə Avropa dövlətləri yaradıb. ASALA, Hnçaq erməni terror qurumları, PKK bu qəbildən olan təşkilatlardandır. Ona görə də dünyada terrora qarşı mübarizə adı altında ədalətsiz bir proses gedir. 1915-ci ildə Türkiyədə baş vermiş hadisələr "erməni soyqırımı" kimi təqdim edilir. Amma tarixçilər yaxşı bilirlər ki, Osmanlı Türkiyəsində heç bir soyqırım baş verməyib. Sadəcə, dövlət xarici ölkələrin təşviqi ilə ölkədə təxribatlarla məşğul olan ermənilərin müharibə aparılan zonadan uzağa köçürülməsi haqqında qərar qəbul edib və aksiya 300 min ermənini əhatə edib. Sonralar isə əvvəlcə 500 min, daha sonra 1 milyon, nəhayət, 1 milyon yarım ermənini öldürüldüyü barədə yalanlar uydurulub. Tarix göz qabağında saxtalaşdırılır.
Amma Xocalıda, Azərbaycanın başqa yerlərində baş vermiş terror, etnik təmizləmə, soyqırım faktları qulaqardına vurulur. Ermənistanın hazırkı rəhbərləri dəhşətli Xocalı vəhşiliyinin törədilməsində birbaşa iştirak etmiş terrorçulardır. Amma onlar bu gün Qərbdə terrorçu deyil, dövlət xadimləri kimi qəbul edilir. 7 min nəfərlik Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsini isə dünyada görən, qəbul edən yoxdur. Hətta bir çox müsəlman dövlətləri, o cümlədən İran terrorçu Ermənistan dövləti ilə isti münasibətlərini davam etdirir.
Macarıstanın Azərbaycandakı səfiri Yeno Boroş, Türkiyə səfirliyinin nümayəndəsi İsmayıl Çalışqan və digər ölkə səfirliklərinin təmsilçiləri öz çıxışlarında Azərbaycan xalqının faciəsini yaxşı başa düşdüklərini və terrora qarşı ümumi səylərlə mübarizə aparılmalı olduğunu bildirdilər.

{nl}

Paşa ƏMİRCANOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında