Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində geniş əməliyyat müşavirəsi keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il sentyabrın 30-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimində kollektiv qarşısında çıxışı zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası ilə əlaqədar oktyabrın 25-də baş prokuror Zakir Qaralovun sədrliyi ilə İdarədə geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri giriş nitqi ilə açan baş prokuror demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun şəraitdə keçirilməsi və yenidən bu ali dövləti vəzifəyə seçilməsi münasibətilə Prezident İlham Əliyevi Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından bir daha səmimi təbriklərini çatdırmışdır.

Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayan baş prokuror bu sahədə həyata keçirilmiş institusional və cinayət təqibi tədbirlərinin müsbət nəticələrini bildirməklə mübarizənin kəsərinin daha da artırılmasının vacibliyini xüsusi qeyd etmişdir.

Zakir Qaralov dövlətimizin başçısı İlham Əliyevin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimində verdiyi tapşırıq və tövsiyələrə, habelə oktyabrın 9-da prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciəti və andiçmə mərasimi zamanı korrupsiyaya qarşı mübarizənin ümumxalq işi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın mənfi hallara biganə qalmaması barədə proqram xarakterli nitqindən irəli gələn vəzifələrin vacibliyini qeyd etmişdir. O, bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış orqan olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qarşısında prioritet istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini vurğulamışdır.

Müşavirədə məruzə ilə çıxış edən Baş Prokuror yanında  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qurumun müasir texniki avadanlıqla təchiz edilmiş yeni inzibati bina ilə təmin olunmasına və korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə verdiyi qiymətə görə Prezident İlham Əliyevə kollektivin adından təşəkkürünü bildirmişdir. O, İdarənin əməkdaşları üçün böyük məsuliyyət və fəaliyyətin daha da təkmilləşdirilməsi üçün stimul yarandığını qeyd etmişdir.

Müşavirədə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq səlahiyyətli qurumlara təkliflərin hazırlanaraq təqdim olunması, bu sahədə mövcud qanunların daha da səmərəli tətbiq edilməsi, əməliyyat tədbirlərinin intensivləşdirilməsi, cinayət işləri üzrə ibtidai istintaqın qanunla nəzərdə tutulmuş müddətlərdə tam və hərtərəfli aparılması, cinayət törətmiş bütün şəxslərin müəyyənləşdirilməsi ilə cinayətkar şəbəkənin üzvlərinin aşkar olunması və məsuliyyətə cəlb edilməsinin təmin olunmasının vacibliyi bildirilmişdir. Fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlardan istifadə edilməsi, sərt cəza tədbirlərinin tətbiqinə nail olunması, son dərəcə mühüm əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, korrupsiyaya daha çox uğramış sahələr üzrə mövcud normativ aktların təhlil edilməklə müvafiq təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunması tələb edilmişdir. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bütün məlumatların tam və düzgün araşdırılması, vətəndaşların qəbulu, onların müraciətlərinə diqqətlə yanaşılması və operativ reaksiya verilməsi, digər dövlət orqanları ilə mövcud əməkdaşlığın inkişaf etdirilməsi, İdarənin fəaliyyətində müasir texnikadan və elektron xidmətlərdən istifadənin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və bu sahədə müsbət nəticələrə nail olmuş ölkələrin təcrübəsinin öyrənilməklə tətbiq olunması, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə fəal iştirakının təmin edilməsi məqsədi ilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması, xüsusən qurumun əməkdaşları tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizəyə dair mühazirələrin keçirilməsi, İdarənin kadr potensialının gücləndirilməsi, hər bir əməkdaşın peşə hazırlığının və məsuliyyət hissinin artırılması istiqamətində qurumun fəaliyyətinin təkmilləşdirilməsi qərara alınmışdır.

Əməliyyat müşavirəsində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tapşırıq və tövsiyələrinin icrasına dair Tədbirlər Planı” təsdiq edilmişdir.

Müşavirəyə yekun vuran baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizə sahəsində ən qətiyyətli tədbirlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında