ÜAK-ın mərkəzi ofisində operativ qərargah yaradılmışdır

 

Moskvada Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) rəyasət heyətinin iclası keçirilmişdir. İclasda Rusiya Federasiyasının azərbaycanlı vətəndaşları adından Biryulevoda baş vermiş hadisələrlə əlaqədar narahatlıq ifadə olunmuş və Yeqor Şerbakovun Orxan Zeynalov tərəfindən törədildiyi ehtimal edilən qətli ilə bağlı səmimi təəssüf bildirilmişdir.

İclasda Moskvanın Biryulevo rayonunda baş vermiş son hadisələrlə əlaqədar bəyanat qəbul edilmişdir.

Bəyanatda qeyd edilir ki, ÜAK-ın rəyasət heyəti Rusiyanın bəzi kütləvi informasiya vasitələrinin məişət zəminində baş vermiş adi ölüm hadisəsini etnik kontekstdə təqdim etməsindən narahatdır. Cinayətkarın milliyyəti olmur. Bəyanatda deyilir: “Əgər hər hansı şəxs cinayətin törədilməsində şübhəli bilinirsə, onun günahı qanuna uyğun şəkildə sübut edilməlidir”.

ÜAK-ın rəyasət heyətinin üzvləri bu gün Moskvada qatil olduğu ehtimal edilən bir nəfərin tapılması üçün bu hadisə ilə heç bir  əlaqəsi olmayan onlarla mühacirin saxlanması faktını qeyd etmişlər. Cinayətin törədilməsində yalnız şübhəli bilinən şəxsin saxlanması zamanı hüquq-mühafizə orqanlarının nəzakətsiz rəftarı xüsusi vurğulanmışdır.

Bəyanatda daha sonra deyilir: “Rusiya bir çox xalqların nümayəndələrinin yüz illər boyu birgə yaşadığı və çalışdığı  çoxmillətli, çoxdinli dövlətdir.

Rusiya azərbaycanlıları baş vermiş hadisələrlə bağlı təhqir olunmuşlar. Bu hadisələr onların heysiyyətinə toxunur. Moskvada da, Rusiyanın digər şəhərlərində də bizim çox sayda həmvətənlərimiz yaşayırlar. Onların arasında çox hörmətli insanlar – həkimlər, alimlər, pedaqoqlar, mədəniyyət xadimləri vardır. Maraqlı olan üçüncü qüvvələrin həmin təxribat vasitəsilə ölkələrimiz və xalqlarımız arasında nifaq salmaq cəhdləri uğursuzluğa düçar olmuşdur. Dövlətlərimiz arasındakı münasibətlər o qədər möhkəmdir ki, heç bir millətçi meyillər onu poza bilməz.

Bununla yanaşı, xüsusilə qeyd etmək lazımdır ki, Rusiyanın rəsmi şəxsləri bu müddətdə heç bir nəzakətsiz ifadə səsləndirməmişlər. Rusiyanın hakim dairələrinin bu hadisə ilə bağlı azərbaycanlılarla münasibətdə mövqeyi qüsursuz olmuşdur. Əksinə, dəfələrlə qeyd olunmuşdur ki, bu cinayət  millətlərarası xarakter daşımır. Belə ki, Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski və G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin prorektoru Sergey Markov bildirmişlər:

“Biz heç bir vəchlə yol verməməliyik ki, bu cür münaqişələr məhz millətlərarası gərginliyə səbəb olsun. Rusiyanın azərbaycanlı vətəndaşlarının Rusiya iqtisadiyyatının inkişafına və Rusiya-Azərbaycan münasibətlərinə böyük töhfələri barəsində hamı çox gözəl bilir”. 

Ümumrusiya Azərbaycan Konqresinin rəyasət heyəti bəyanatında həmvətənləri ehtiyatlı və təmkinli olmağa, eləcə də mümkün təhrikçiliyə və təxribatlara uymamağa, Rusiya Federasiyasının qanunvericiliyinə riayət etməyə və fəaliyyətlərini qanuna uyğun şəkildə qurmağa çağırmışdır.

Qeyd edək ki, konqresin mərkəzi ofisində həmvətənlərimizə hüquqi kömək göstərilməsi məqsədilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılmışdır. Mərkəzin ünvanı: Trubnaya küçəsi, 19/12, tikili 2 (metronun “Svetnoy bulvar”, “Trubnaya” stansiyaları). Tel.:8-495-626-70-15; 8-495-626-49-04; 8-495-363-75-94.

Rusiyada yaşayan bütün azərbaycanlılar hüquqi kömək və məsləhət almaq üçün qaynar xətt vasitəsilə ÜAK-ın qərargahına müraciət edə bilərlər.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında