Dünən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirildi. Tədbirdə ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrdən geniş bəhs edildi, hesabat dövründə Nərimanov rayonunun sosial-iqtisadi inkişaf istiqamətləri və qarşıda duran vəzifələr geniş təhlil olundu.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər. Şura üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrin ölkənin bütün şəhər və rayonlarında geniş müzakirə edildiyini diqqətə çatdırdı.
Hesabat məruzəsi ilə çıxış edən A. Fərzəliyev oktyabr ayının 6-da Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə edilmiş nailiyyətlərlə bağlı söylədiyi fikirlərin bəzi məqamlarına toxundu. Nazirlər Kabinetinin iclasında müzakirə edilən hər bir məsələnin Bakı şəhərinin aparıcı rayonlarından biri olan Nərimanov rayonunun sosial-iqtisadi həyatı üçün də müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayan natiq diqqəti rayonun sosial-iqtisadi inkişafı istiqamətində cari ilin doqquz ayı ərzində görülmüş işlərə yönəltdi.
Qeyd olundu ki, 2013-cü ilin doqquz ayının yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 447 milyon manatlıq məhsul istehsal olunmuş, ötən ilin müvafiq dövrünə nisbətən 103,2 faiz artım sürəti qeydə alınmışdır. Hesabat dövrü ərzində istehlakçılara 1 milyard 450,9 milyon manatlıq sənaye məhsulu göndərilmiş, istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 83,5 faiz təşkil etmişdir. İlin doqquz ayında sənaye kompleksində işləyənlərin sayı 9948 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 7,9 faiz artaraq 551,1 manata çatmışdır. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində doqquz ay ərzində rayonda 1971 daimi iş yeri yaradılmışdır.
Yanvar-sentyabr aylarında bütün mənbələr hesabına əsas kapitala 282,9 milyon manatlıq investisiya qoyulduğunu diqqətə çatdıran natiq bildirdi ki, hesabat dövründə rayonun tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 1 milyard 533 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin 9 ayı ilə müqayisədə 2,4 dəfə çox olmuşdur. Bu sahədə çalışanların sayı isə 15 min 533 nəfər olmuş və onların orta aylıq əmək haqqı 2,2 faiz artaraq 490,6 manata çatmışdır.
Məruzəçi daha sonra bildirdi ki, ilin əvvəlindən iqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artaraq 185,5 milyon manata çatmış, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz çoxdur. Ticarət və nəqliyyat sahələrinin də xeyli inkişaf etdiyini vurğulayan A. Fərzəliyev dedi ki, cari ilin 9 ayında ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 664 milyon manat olmaqla 0,2 faiz, əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 58,1 milyon manat olmaqla 25,2 faiz artmışdır. Yanvar-sentyabr aylarında əhaliyə göstərilən nəqliyyat və rabitə xidmətinin həcmi də artmışdır. Belə ki, 9 ay ərzində əhaliyə 38,3 milyon manatlıq nəqliyyat və 223,6 milyon manatlıq rabitə xidmətləri göstərilmiş, bu sahələrdə əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,6 faiz və 17,6 dəfə artım əldə olunmuşdur.
A. Fərzəliyev ölkə Prezidenti İlham Əliyevin Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramların, imzaladığı sərəncamların, verdiyi tapşırıqların Nərimanov rayonunun da tərəqqisinə təkan verdiyini vurğuladı. Belə ki, ilin əvvəlindən “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilmişdir. Bundan əlavə, Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik Həsən Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində mühüm işlər görülmüşdür.
Qeyd olundu ki, Nərimanov rayonunun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Belə ki, dövlət başçısı 2013-cü ilin 9 ayı ərzində dörd dəfə Nərimanov rayonunda olmuş, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyasının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun, eləcə də “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimlərində iştirak etmiş və Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşdur.
Azərbaycan və Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq əlaqələrinin son zamanlar xeyli genişləndiyini diqqətə çatdıran A.Fərzəliyev Prezident İlham Əliyevin göstəriş və tapşırığı ilə Həştərxan şəhərində sosial sahəyə xeyli investisiya cəlb edən bir sıra genişmiqyaslı layihələrin həyata keçirildiyini bildirdi, bu sahədə görülən işlərdən geniş bəhs etdi.
Başçı, həmçinin rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2013-cü ilin 9 ayı ərzində görülmüş işləri konkret faktlarla əsaslandıraraq növbəti payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işləri diqqətə çatdırdı. Qeyd olundu ki, ötən müddətdə Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda yeni transformator məntəqələri quraşdırılmış, hava xətləri əsaslı təmir edilmiş, köhnə sayğac elektron tipli sayğaclarla əvəz olunmuşdur. Yanvar-sentyabr ayları ərzində rayon su kəməri istehsalat zonası tərəfindən müxtəlif ünvanlarda 11596 paqonometr uzunluğunda metal və plastmas borular dəyişdirilmiş, 121 ədəd nasos və 79 ədəd mühərrik təmir olunmuş, 29 ədəd su anbarı yuyulmuşdur. Nərimanov Rayon Qaz İstismar İdarəsi tərəfindən isə yeni magistral qaz kəmərləri çəkilmiş, qaz tənzimləyici şkaf və qurğular təftiş edilmiş, yeniləri quraşdırılmışdır.
Cari ilin doqquz ayında rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində dövlət başçısının müvafiq fərman, sərəncam və tapşırıqları rəhbər tutularaq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirildiyi diqqətə çatdırıldı.
Məruzə ətrafında çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov, Nərimanov Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Babək Hüseynov və 36 saylı tam otra məktəbin direktoru İradə Babayeva cari ilin ötən doqquz ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində uğurlu göstəricələrin əldə olunmasını son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlərin məntiqi nəticəsi kimi dəyərləndirdilər. Ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirdilər.
Şura iclasına yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev qeyd etdi ki, rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin daha rahat və firavan yaşamaları, çalışmaları və istirahətlərinin təşkili üçün qarşıda çox mühüm və ciddi vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi, dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi, Nərimanov rayonuunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.