Tarixi uğurları tamamlayan və xoş günlərdən soraq verən qələbə

 

Dövlət müstəqilliyi və demokratiya yolu ilə inamla irəliləyən Azərbaycan dünyanın gözü qarşısında daha bir taleyüklü sınaqdan üzüağ çıxdı. Məhz “dünyanın gözü qarşısında”, “taleyüklü sınaq” və “üzağlığı”. 9 oktyabrda ölkəmizdə keçirilən növbəti prezident seçkilərini bu 3 ciddi və tutumlu ifadə ən qısa şəkildə və dəqiqliklə səciyyələndirir.

Seçkilərdə dövlət başçısı İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanmaqla, növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin və dövlətimizin möhtəşəm qələbəsidir. Bu demokratik uğur, hər şeydən əvvəl, cənab İlham Əliyevin öz həmvətənlərinə sonsuz sevgisinin əks-sədası, bar-bəhrəsi kimi onun özünə qaytarılması deməkdir. İkincisi, xalqımız ulu öndər Heydər Əliyevin yoluna sədaqətini onun özü qədər inandığı, ideya və əməllərinin davamını etibar etdiyi yetkin siyasətçi İlham Əliyevə üçüncü dəfə səs verməklə qəti olaraq təsdiqlədi.

Prezident İlham Əliyevin növbəti seçkilərdə qələbəsi ölkə daxilində və xaricdə qabaqcadan da gözdənilirdi. O, siyasi fiqurasının tutumu və çəkisi ilə rəqiblərinin hamısını kölgədə qoyurdu. Bundan əlavə, İlham Əliyev Azərbaycanı qarşıdakı dövrdə də idarə etmək səlahiyyətini həyata keçirdiyi əzəmətli işlərlə qazanmışdır. O, 10 il əvvəl bəyan etdiyi kimi, “hər bir azərbaycanlının Prezidenti olduğunu” hər addımda sübuta yetirmişdir. Onun təşəbbüskar rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı 3 dəfə artmış, ölkənin siması şəhərli-kəndli yeniləşmiş, böyük bəla sayılan işsizlik və yoxsulluq, əsasən, aradan qaldırılmış, ümumi rifah yüksəlmişdir.

Fikir vermişdinizsə, seçkiqabağı təşviqat zamanı, xüsusən, teledebatlarda prezidentliyə digər namizədlərin hələ indi vəd etdiklərinin əksəriyyətini Prezident İlham Əliyev ötən illərdə gerçəkləşdirilmişdir. Xalq görür və inanır ki, böyük ideallar və əməllər siyasətçisi olan İlham Əliyev onun bundan sonrakı arzu-istəklərini də böyük uğurla həyata keçirəcəkdir. Bax, bu amil İlham Əliyevin mütləq və gözlənilən qələbəsini təmin etdi.

Seçki marafonunda dünya siyasətində böyük ümidləri doğrultmuş, təkcə Azərbaycanın deyil, regionun da lideri kimi tanınmış, yalnız öz ölkəsinin deyil, dunyanın da taleyüklü məsələlərində imzası olan İlham Əliyevin qələbəsi suveren dövlətimizlə bağlı günün daxili və xarici reallıqlarını da gündəmə gətirdi. Daxildəki üstün gerçəklik ondan ibarət oldu ki, xalq heç kimin diqtəsinə, xülyasına uymadan öz qəlbinin səsinə qulaq asdı, müstəqilliyimizin dönməzliyini təmin edən, tərəqqi və rifaha yol açan liderə səs verdi. Xarici aləmdə isə hələ də ölkəmizi öz yolundan sapdırmaq, yad maraqları qəbul etdirmək cəhdləri diqqətdən yayınmadı.

Seçkinin nəticələri göstərdi ki, xalqımızın ötən illərdə Heydər Əliyev yolunda əldə olunmuş naliyyətləri, möhkəm sabitliyi, milli birliyi, hərtərəfli yüksəlişi qoruyub saxlamaq, artırmaq əzmi dönməzdir. Xalq yenidən öz taleyini Azərbaycanı canı qədər sevən, onu sivil dəyərlərə qovuşdurmaq üçün gecəli-gündüzlü çalışan, ölkəni qarış-qarış gəzib quruculuq işlərinin sürətlə getməsinə nəzarət edən qadir dövlət başçısı İlham Əliyev şəxsiyyətinə etibar etdi. Xalqımız kimi, çoxəsrlik mədəniyyətimizin çağdaş davamçıları olan yaradıcı ziyalılar bu seçimin önündə getdilər, ağıl-kamalın, Vətən sevgisinin, gələcək xoş günlərin təntənəsinə səs verdilər.

Dostlarımız buna ürəkdən sevindilər, bədxahlarımız, düşmən maraqlarının daşıyıcıları isə yenidən yasa batdılar. Bu yerdə bir şair qəlbindən qopan nida ilə deyirəm:

Yeni qələbən mübarək,

əziz xalqım! Qoy bu təmiz, halal seçimin ölkəmizi daha yaxşı günlərə qovuşdursun.

Dövlət başçısı İlham Əliyevin prezident seçkilərində parlaq qələbəsini ölkənin Konstitusiya Məhkəməsi də təsdiq etdi. Möhtərəm Prezident təntənəli surətdə and içib növbəti 5 ildə ölkənin ali rəhbərliyini qəbul etdi.

Heydər Əliyev məramını ucada saxlayan, Azərbaycanı qələbədən-qələbəyə aparan Prezident İlham Əliyevi yeni müddətə fəaliyyətə başlaması münasibətilə ürəkdən təbrik edir, doğma Azərbaycanın tərəqqisi yolunda sevimli dövlət başçımıza yeni uğurlar, möhkəm cansağlığı arzulayıram.

Nəriman HƏSƏNZADƏ, xalq şairi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında