Oktyabr 9-u Azərbaycanda prezident seçkilərinin keçirilməsi münasibətilə ölkəmizə gələn beynəlxalq təşkilatların nümayəndələrinin və müşahidəçilərin fikir və rəyləri davam edir.
Seçkilər barədə ABŞ Müstəqil Siyasi Mərkəzinin müşahidə qrupu öz rəylərini açıqlayıb. Oktyabrın 10-da keçirilən mətbuat konfransında qrupun üzvü, ABŞ-dan olan hüquqşünas Tia Mkritrik qrupun böyük müşahidə təcrübəsinə malik olduğunu vurğulayıb və qeyd edib ki, təşkilat paytaxt Bakı və bölgələrdə bir sıra seçki məntəqələrində müşahidə aparmışdır. Qrupun rəyi isə müsbətdir. Bu barədə Müstəqil Siyasi Monitorinq Mərkəzinin rəhbəri Lida Lavsin danışıb. O qeyd edib ki, seçki məntəqələrində texniki işlər və səsvermənin təşkili beynəlxalq standartlara cavab verirdi: “Mütəxəssislərimiz heç bir seçki məntəqəsində Seçki Məcəlləsinə zidd hallarla rastlaşmayıblar. Həm yerli, həm də beynəlxalq müşahidəçilər seçkiləri sərbəst izləyə bilirdilər. Səsvermənin bütün iştirakçıları prosesin tam yüksək səviyyədə təşkil olunduğunu bildirib. Məntəqə seçki komissiyalarının üzvləri seçki qanunvericiliyi ilə tam tanış idilər və istənilən sualı izah edə bilirdilər. Qrupumuzun üzvləri hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar”.
Qrupun digər üzvü, Polşa Seyminin deputatı Andrej Romanek isə bildirib ki, seçki tamamilə qanunauyğun şəkildə keçirildi və insanların seçim hüquqları tam təmin olundu: “Biz hansısa qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yüksək şəkildə təşkil olunmuşdu və səsvermə prosesi şəffaf keçirilirdi. Müşahidə missiyamızın yekun rəyi ondan ibarətdir ki, seçkilər şəffaf, demokratrik və beynəlxalq standartlara uyğun keçirildi. Seçkilər Azərbaycan vətəndaşlarının iradəsini ifadə etdi və seçicilər öz seçimlərini etdilər”.
“Azərbaycan demokratiya istiqamətində daha da inkişaf etməlidir ki, növbəti seçkilərdə də bu şəffaflığı qoruyub saxlaya bilsin”. Bu sözləri Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Demokratlar Mərkəzinin (CAPDI) müşahidə missiyasının rəhbəri, İndoneziyanın sabiq prezidenti Yusuf Kala deyib. Müşahidələrinin son nəticələri barədə danışan missiyanın rəhbəri bildirib ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesi demokratik və şəffaf sferada keçirilib: “Azərbaycan Parlamentinə müşahidə missiyası ilə birgə dəvət olunduğum üçün təşəkkür edirəm. Olduğumuz məntəqələrdə etdiyimiz müşahidələrə əsasən deyə bilərəm ki, Mərkəzi Seçki Komissiyası seçkinin çox ədalətli və demokratik şəkildə keçirilməsi üçün bütün lazımi şəraiti yaradıb. Seçkilər dinc, sərbəst və şəffaf şəkildə həyata keçirilib, təhdid və zorakılıq halları olmayıb. Qeyd edim ki, müşahidə missiyamıza hər hansı bir qayda pozuntusu ilə bağlı müraciət edilməyib. Sevindirici haldır ki, biz hazırda Azərbaycan xalqını doğru seçimi ilə əlaqədar təbrik edə bilirik”. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təskilatının Parlament Məclisi dünən keçirilən seçkilərlə bağlı müşahidə missiyasının nəticələrini açıqlayıb. Konfransın əvvəlində məclis üzvləri 3 komitədə birləşərək müntəzəm olaraq yığışıb iclaslar keçirdiklərini bildiriblər.
Rusiya Dövlət Dumasının nümayəndəsi jurnalistlərə açıqlamasında seçki məntəqələrindəki vəziyyətin çox sevindirici olduğunu bildirib: “İnsanlar öz vətəndaşlıq mövqelərinin göstərmək üçün xüsusi səy göstərirlər. Səhhətindən asılı olmayaraq, qoca, yaşlı vətəndaşlar da seçkilərə gəlib öz səsvermə hüquqlarından istifadə edirlər. Bu, çox yaxşı cəhətdir. Könüllü “exit-poll” keçirən gənclərin də sayı yüksək idi.
Müşahidə missiyasının nümayəndəsi Pyotr Kaniev də Azərbaycan xalqını təbrik edib: “Belə şəffaf seçkilər münasibətilə də xalqı təbrik etmək olar. Mən indiyə qədər Ukrayna, Özbəkistan, Moldovada olmuşam və etiraf edirəm ki, təşkilatçılıq baxımdan ən yaxşı seçki məhz Azərbaycanda olub. Ən əsası isə burada heç bir qərəz yoxdur, müxalifətin də nümayəndələrinə müşahidə aparmağa şərait yaradıldı”.
Estoniyalı siyasətçi Nikolay Meinert seçkilərin demokratik şəkildə həyata keçirildiyini deyib: “Biz burada qısamüddətli missiya üçün gəlmişdik və ancaq seçki gününü müşahidə etdik. Müşahidələrimizdən deyə bilərik ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, hansısa texniki səhvlərə fikir verdik, amma hər hansı texniki problemlər nəticəyə heç bir təsir göstərməyib”.
Bir çox seçki məntəqələrində olduğunu deyən qrupun üzvü, Avstriya Parlamentinin deputatı Qerhard Huber seçkilərin texniki baxımdan lazimi səviyyədə təşkil edildiyini vurğulayıb: “Mən hər hansı bir zorakılıq halına və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Yəni seçkilərin azad və şəffaf şəkildə keçirildiyini deyə bilərik”.
Həmkarlarının fikri ilə razılaşdığını deyən qrupun üzvü Nikolas Qriffin müşahidələrinin müsbət nəticə doğurduğunu qeyd edib. O, müxalifətin bəzi nümayəndələrinin ona şikayətlə müraciət etdiyini bildirib: “Onların şikayəti ziddiyət təşkil edirdi, ancaq mən gün ərzində çalışdım ki, müxalifət üzvlərinin dedikləri şikayətlə bağlı hər hansı bir sübut tapım, ancaq tapa bilmədim”. Müşahidəçi əlavə edib ki, seçkilər zamanı hansısa pozuntulara və ya təzyiqlərə rast gəlməyib.
Qrupun digər üzvü, Litva Parlamentinin deputatı Linas Balsys Bakıdan kənarda da seçki məntəqələrində olduğunu deyərək qeyd edib ki, vəziyyət heç də Bakıdakından fərqli deyildi: “Seçki ardıcıllığı və qanunlara riayət olunması yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda yerli müşahidəçilərin də çox olması məni çox sevindirdi. Onlar çox fəal idilər, bizimlə əməkdaşlıq edirdilər. Biz yüksək seçki fəallığını da müşahidə etdik ki, bu da ən mühüm göstəricidir”.
Bir daha qeyd edək ki, Prezident seçkisində 10 namizəd mübarizə aparıb.
MSK sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, bütövlükdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 84,55 faiz səslə qalib gəlmişdir.
Anar TURAN,
Elçin ABBASOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.