Müsahibim Etibar Quliyevin 69 yaşı var.Yasamal rayonunda yaşayır. Uzun illər keçmiş Bakı Baş Tikinti İdarəsində briqadir, sahə rəisi kimi çalışıb. Heydər Əliyev adına Respublika Sarayının, Azərbaycan Dövlət Tibb Universitetinin, habelə onlarla sosial-mədəni obyektin tikilib istifadəyə verilməsində böyük əməyi olub. Etibar müəllim oktyabrın 9-da keçirilən prezident seçkilərində iştirakı barədə dedi:
—Mən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 26 saylı məntəqəsində səs vermişəm. Əvvəla bildirim ki, bu seçki məntəqəsində müşahidə etdiyim vəziyyət rayonda prezident seçkilərinə ciddi hazırlıq tədbirlərinin həyata keçirilməsindən xəbər verirdi. Məntəqədə komissiya üzvlərinin normal fəaliyyəti, vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələri, istədikləri namizədə şəffaf və demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılmışdı.
Mən və qonşularım böyük məmnuniyyətlə səsvermədə iştirak etdik. Məntəqədə yaradılan demokratik mühit və şəffaflıq bizdə xoş ovqat yaratdı. Heç bir müdaxilə və narahatlıq olmadan istədiyimiz namizədə səs verdik... Mən Azərbaycana rifah, xoş gün bəxş edən ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini ləyaqətlə davam etdirən cənab İlham Əliyevə səs verdim. Səs verdim ki, qoy Azərbaycanda abadlıq, quruculuq və iqtisadi tərəqqi bundan sonra da davam etsin.
...Axşam isə televiziyadan eşitdim ki, cənab İlham Əliyev demokratik və şəffaf şəraitdə keçirilmiş azad və ədalətli seçkilərdə parlaq qələbə qazanıb. Bu, Azərbaycan Respublikasının siyasi, sosial-iqtisadi inkişafı naminə möhtərəm Prezidentimizin göstərdiyi xidmətlər üçün ümumxalq rəğbətinin və məharətlə həyata keçirilən Heydər Əliyev siyasi xəttinə bəslənən sonsuz inamın ifadəsidir. Azərbaycanda bu siyasətin alternativinin olmadığını son on ildə misilsiz inkişafa və çiçəklənməyə doğru uzun bir yol qət etmiş ölkəmizin təcrübəsi dönə-dönə sübut etmişdir.
Bu gün Azərbaycanda bərqərar olmuş səmərəli, məsuliyyətli və demokratik idarəçilik sistemi xalqımızın maraqları və tələbatı üzərində qurulan dövlət siyasətinin uğurlarına şərait yaradır. Cənab İlham Əliyevin müdriklik və uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası bütün dünyanın diqqətini cəlb edən heyrətamiz bəhrələr verir.
Azərbaycanın tarixində görünməmiş yüksəliş ölkə həyatının gündəlik reallığına çevrilmişdir. Son on ildə Azərbaycan Respublikası iqtisadi artım sürətinə görə dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Dövlət və cəmiyyət həyatının bütün sahələrində hökm sürən inkişaf dinamikası misilsiz vüsət almışdır.
İqtisadiyyatın ardıcıl inkişafı Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişdirir, insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, səhiyyəyə, mədəniyyətə, ədəbiyyata, incəsənətə, idmana dövlət qayğısı artır.
Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır.
Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.
Vətəndaş cəmiyyəti yaradılması, hüquqi, demokratik dövlət quruculuğu yolunda böyük uğurlar əldə edilmişdir. Demokratikləşmə prosesinin genişləndirilməsi, qanunun aliliyinin qorunması, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində görülən işlər ölkəmizi Avropa xalqları ailəsinin nümunəvi üzvlərindən birinə çevirmişdir.
Cənab İlham Əliyevin əzmkar fəaliyyətindən danışarkən ulu öndərimiz Heydər Əliyevin bir müdrik sözünü də xatırlatmaq istərdim: “Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır”. Hər bir Azərbaycan vətəndaşının bu ideyaya inamı sonsuzdur və elə buna görə də xalqımız prezident seçkilərində bu əminliyi ifadə etdi.
Söhbəti qələmə aldı: Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.