Abşeron rayonu
Prezident seçkiləri ölkənin hər yerində olduğu kimi, Abşeron rayonunda da mütəşəkkil qaydada keçirildi. Abşeronlular böyük həvəslə növbəti dəfə ölkə başçısını seçmək üçün seçki məntəqələrinə gəlir, heç bir pozuntuya yol vermədən səsvermədə iştirak edirdilər.
45 saylı Abşeron seçki dairəsi üzrə dairə seçki komissiyasının sədri Dilşad Abbasovadan aldığımız məlumata görə, 2-si “N” saylı hərbi hissə olmaqla rayonda 37 məntəqə mövcuddur. 43894 seçicinin 956-sı bu seçkilərdə ilk dəfə səs verir. 290 nəfərin qeydiyyatdan çıxarıldığını deyən DSK sədri bildirdi ki, seçkiləri 2-si xarici (Sergey Kozmenko-Niderland, Maqomed Dibirov- Dağıstan) müşahidəçi olmaqla 391 müşahidəçi izləyib. Saat 12-yə olan məlumata görə, seçicilərin 37,5 faizi (17392 nəfər) səs verib. O bildirdi ki, məntəqələrə gəlib səsvermədə iştirak edə bilməyən fiziki qüsurlu şəxslərin də səsvermədə iştirakı daşınan qutular vasitəsilə təmin edilib. Səsvermənin gedişatını “exit-poll” vasitəsilə də izləmək mümkün olub. Bundan əlavə, 10 məntəqədə veb-kameralar vasitəsilə dünyanın istənilən nöqtəsindən birbaşa səsverməni müşahdə etmək mümkün olub. 102 yaşlı Abşeron sakini Zəhra Muradova da evdə səs verərək öz vətəndaşlıq hüququndan istifadə etməklə yanaşı, həm də digərlərinə örnək olub.
Son məlumata görə, 45 saylı DSK üzrə 36971 seçici (79,7 faiz) səs vermişdir.
Xırdalan qəsəbəsi şəhər statusu alandan sonra Bakı ətrafının ən abad, yaraşıqlı məntəqələrindən biri kimi inkişaf edir. Təzələnən kommunikasiyalar, yeni tikilən sosial obyektlər, ümumi abadlıq tədbirləri, ardıcıl həll edilən problemlər şəhər sakinlərində daha xoş günlərə ümidləri artırır. Xırdalanlılar növbəti prezident seçkilərinə xoş əhval-ruhiyyə və yeni arzuların gerçəkləşməsi inamı ilə gəlmişdilər.
Şəhərin 28-ci məhəlləsində yerləşən 25 saylı Abşeron seçki dairəsinin 15 saylı məntəqəsinə səhər tezdən axın-axın seçici gəlirdi. İlk dəqiqələrdə növbə yaransa da, məntəqə seçki komissiyası üzvlərinin səliqə-sahmanlı işi nəticəsində tezliklə səsvermə konveyeri ahəngdar işləməyə başladı. İçəri daxil olanlar çağırış vərəqini təqdim edən kimi onların baş barmağı ultrabənövşəyi şüa ilə yoxlanıb şəffaf mürəkkəblə işarələnirdi. Bunun ardınca qeydiyyatdan keçənlər bülleten alıb, pərdə arxasına keçir, sərbəst şəkildə seçimlərini edir, şəffaf qutuya yaxınlaşırdılar.
Məntəqə komissiyasının sədri Aygün Həsənova bu prosesi göstərib ərazidəki hər seçicinin səsverməyə dəvət aldığını, sərbəst seçim üçün lazımi şərait yaradıldığını söylədi.
Məntəqəyə gələnlərin içərisində gənclərin çoxluğu diqqəti cəlb edirdi. Komissiya sədri bildirdi ki, bu, gənc şəhər kimi sürətlə böyüyən Xırdalan əhalisinin böyük hissəsinin yeni nəsil olduğu ilə bağlıdır. Onların da çoxu ilk dəfə səs verənlərdir.
Ailəlikcə səs verməyə gələn Mehdiyevlərin yüksək əhval-ruhiyyəsini görməmək mümkün deyildi. Səbəbini soruşanda ailənin ağbirçəyi Nuriyyə nənə bildirdi ki, bu onun həyatda sayını-hesabını itirdiyi seçkilər içərisində ən əlamətdarıdır, həmişəlik yadda qalacaq. Bu il böyük nəvəsi Aydın ali məktəbə daxil olub və ailə ənənəsinə qoşularaq ilk dəfə səs verir.
Aydının atası Zeynal müəllim anasının dediklərinə əlavə olaraq bildirdi ki, Xırdalanda yaşasalar da, oğlu öz arzusu ilə Prezident İlham Əliyevin vaxtilə oxuduğu Bakının Səbail rayonundakı 6 saylı orta məktəbi bitirib. Aşağı siniflərdə təkidlə xahiş etdi ki, təhsilini bu şöhrətli məktəbdə davam etdirsin. “Oğlumla söhbət edən məktəbin direktoru Gülşən Orucova bilik səviyyəsini yoxlayandan sonra İlham Əliyevin həyat yolunu özünə örnək seçən Aydının sənədlərini istisna qaydasında qəbul etdi. Oğlum bu il yüksək balla Bakı Diplomatiya Akademiyasına qəbul olmaqla bu etimadı doğrultdu, arzu-istəyində ardıcıl olduğunu sübut etdi.
Aydın isə bunları söylədi:
– Prezident İlham Əliyev mənim həyat idealımdır. Mən də onun kimi diplomat olmağı arzulamışam. Xoşbəxtəm ki, bu yolda ilk addımlarımı atıram. İlham Əliyev bu gün nəinki Azərbaycanın ən güclü siyasətçisi, regionun ən ağıllı dövlət xadimi, həm də dünyanın ən mahir diplomatlarından biridir.
İlk dərs günümdə bizi qəbul edən rektor Hafiz Paşayev bunu bizə xatırladıb, İlham Əliyev kimi diplomat olmağımızı arzuladı. Bu gün mən öz qəhrəmanıma, idealıma səs verməklə çox xoşbəxtəm. Ailəmiz bu sevinci əlamətdar etmək üçün hamılıqla səs verməyə gəlib. İnanırıq ki, İlham Əliyev xalqın çoxluğunun səsini qazanıb Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaracaq" - deyə bildirdi.
Kürdəmir rayonu
Kürdəmirdə də səsvermə gündəlik həyat ritmini pozmadan, daha dəqiq desək, yüksək bayram əhval-ruhiyyəsində keçirildi. 57 saylı Kürdəmir rayonu üzrə dairə seçki komissiyasından verilən məlumata əsasən, 41 məntəqədə 41544 seçici qeydiyyatdadır. Seçicilər axın-axın gələrək növbəti beş il üçün öz gələcəklərinə səs veriblər.
58 saylı Hacıqabul-Kürdəmir dairə seçki komissiyasının 6 məntəqə seçki komissiyasında 4602 seçici qeydiyyatdan keçib.
65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairə seçki komissiyası 25 məntəqə seçki komissiyasından ibarətdir. Məntəqənin 15083 nəfər seçicisi vardır.
Ümumiyyətlə, cəmi 3 dairə seçki komissiyası üzrə 61229 seçici vardır. 57 saylı dairə seçki komissiyasının 11 məntəqəsində, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairə seçki komissiyasının bir məntəqəsində veb-kameralar quraşdırılmışdır. Bununla da səsvermənin gedişini canlı olaraq izləmək mümkün olmuşdur.
Məlumat üçün qeyd edək ki, hər üç dairə seçki komissiyasında bu il ilk dəfə səs verənlərin sayı 2386 nəfər olmuşdur. Rayonda səsvermənin gedişini müxtəlif məntəqələrdə ATƏT-in və MDB-nin müşahidəçilər qrupu izləmiş, heç bir qanun pozuntusu və xoşagəlməz hadisə baş verməmişdir.
Salyan rayonu
Salyan rayonunda 2 dairə seçki komissiyası - 59 saylı Salyan DSK və 60 saylı Salyan-Neftçala DSK yerləşir. 59 saylı Salyan DSK-da 38, 60 saylı Salyan-Neftçala DSK-da isə 33 məntəqə Salyan rayonunda yerləşməklə 37 seçki məntəqəsi vardır. Rayon uzrə ümumi seçicilərin sayı 69693-dür. Bunların 37622 nəfəri 59 saylı Salyan dairə seçki komissiyasında, 32071 nəfəri isə 60 saylı Salyan-Neftçala dairə seçki komissiyasında qeydə alınıb. 59 saylı Salyan DSK-nın 8 məntəqəsində, 60 saylı Salyan-Neftçala DSK-nın isə 5 məntəqəsində veb -kamera quraşdırılmışdır.
Dairə seçki komissiyaları seçki gününə qədər tam təmir edilmiş, ətrafı abadlaşdırılmış və lazımi avadanlıqlarla təmin edilmişdir. Məntəqələrin fasiləsiz rabitə və işıqlandırma sisteminin dayanıqlı olması üçün lazımi tədbirlər görülmüşdür.
9 oktyabr 2013-cü il tarixdə Seçki Məcəlləsinə uyğun olaraq səhər saat 8-də rayon üzrə 71 seçki məntəqəsinin hamısı açıq elan edilmiş və heç bir nöqsan qeydə alınmamışdır.
Salyan rayonunda 2 nəfər ATƏT-in uzunmüddətli müşahidəçisi - Almaniyadan olan Karl Fredrix Fink və Norveçdən olan xanım Slyen Engunn Engesater fəaliyyət göstərirlər. Bundan başqa, bütün məntəqələrdə Yeni Azərbaycan Partiyası, bitərəflər, qeyri-hökumət təşkilatları və digər siyasi partiyalardan 800 nəfərə yaxın müşahidəçi seçkilərin gedişini izləyiblər. Bunlardan başqa, beynəlxalq təşkilatlardan qısamüddətli müşahidəçilər, eyni zamanda, 2 müxtəlif qeyri-hökumət təşkilatından 59 saylı Salyan seçki dairəsində 9, 60 saylı Salyan-Neftçala seçki dairəsində isə 5 seçki məntəqəsində “exit-poll” keçirilir.
Saat 12-yə olan məlumata görə, Salyan rayonu üzrə 71 seçki məntəqəsində, 59 saylı Salyan seçki dairəsində 7953, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə 7332, ümumilikdə 15285 nəfər seçkidə iştirak etmişdir ki, bu da ümumi seçicilərin 21,93 faizini təşkil etmişdir.
Heç bir məntəqədə qanun pozuntusu qeydə alınmamışdır.
Hacıqabul rayonu
58 saylı Hacıqabul-Kürdəmir dairə seçki komissiyası üzrə 46 məntəqədə 42250 seçici qeydiyyatdan keçib. 644 seçici isə qeydiyyatdan çıxıb.
DSK-nın Hacıqabul rayonu üzrə 40 məntəqəsində 37398 seçici qeydiyyatdan keçib, 625 nəfər isə qeydiyyatdan çıxıb. Bu il seçicilərin 4,2 faizi- 1592 nəfər ilk dəfə səsvermə hüququ qazanmışdır.
Rayon üzrə 8 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. Hacıqabullular builki prezident seçkilərində görünməmiş fəallıqla iştirak etmişlər. Bunu təkcə bu fakt da sübuta yetirir ki, yaşı 80-100 arası olan 613 nəfər,100 yaşdan yuxarı olan 16 nəfər səsvermədə iştirak etmişdir. Onların iştirakını təmin etmək üçün daşınan qutular yaşadıqları ünvanlara aparılmışdır. Ümumiyyətlə, səsvermə zamanı heç bir qanun pozuntusuna rast gəlinməmişdir.
Günün sonunda aldığımız məlumata əsasən, rayon üzrə 27,265 (72,9 faiz) seçici, dairə üzrə isə 30,420 (72 faiz) seçici səsvermədə iştirak etmişdir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.