Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkiləri uğurla başa çatdı. Bununla da Azərbaycan cəmiyyətində yüksək demokratik mühitin formalaşması bir daha öz təsdiqini tapdı. Binəqədi rayonunun bütün seçki məntəqələrində, o cümlədən 9 saylı Binəqədi ikinci seçki dairəsinin 4 saylı məntəqəsində də bunun bir daha şahidi olduq.
Sözügedən məntəqədə səsvermə qanunvericiliyin tələblərinə uyğun, azad, şəffaf və demokratik şəraitdə reallaşdı. Vətəndaşlar sərbəst şəkildə öz seçimlərini edir, istədikləri namizədə səs verirdilər. Səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq təşkilatların təmsilçiləri də izləyirdilər.
Müşahidəçilərin bildirdiyinə görə, burada seçkilər beynəlxalq standartlara uyğun keçirilmiş, heç bir qanun pozuntusu qeydə alınmamışdır. Məntəqədə texniki təchizat yüksək səviyyədə idi. Beynəlxalq standartlara uyğun səsvermə kabinələri yerləşdirilmiş, qutular, seyf, parça, ultrabənövşəyi lampalarla təchizat tam təmin edilmişdi. Məntəqənin fasiləsiz elektrik enerjisi, telefon və internetlə təmin olunması da qaydaya salınmışdı.
Məntəqədə komissiya üzvlərinin normal fəaliyyəti, vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələri, istədikləri namizədə şəffaf və demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Səhər saat 8-də məntəqənin açılışında beynəlxalq və yerli müşahidəçilər iştirak etmişlər. Bununla da adı çəkilən seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada işə başlamışdır.
Sədr İsa Cahanov bizimlə söhbətində bildirdi ki, məntəqə bütün zəruri avadanlıqla təmin edilmişdir. Məntəqə seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilmişdir. Seçkiləri müşahidə etmək üçün müxtəlif siyasi partiya və təşkilatlardan nümayəndələr qeydiyyatdan keçmişdir. Seçicilər axın-axın məntəqələrə gəlir, azad və sərbəst surətdə növbəti 5 il üçün prezident görmək istədikləri namizədə səs verirdilər. Hələ səhər saatları olmasına baxmayaraq, seçicilərin fəallığı müşahidə olunurdu. Səsvermənin başlanmasından bir neçə saat keçsə də artıq məntəqə üzrə seçicilərin böyük bir hissəsi istədikləri namizədə səs vermişdilər. Burada seçkinin bütün prosedurlarına əməl olunurdu.
Səsvermədə veteranlar və ağsaqqallar xüsusi fəallıq göstərirdilər. Onlar birincilər sırasında məntəqələrə gələrək səs verirdilər. Seçici 68 yaşlı Qasım Hüseynov dedi ki, o, builki prezident seçkiləri qədər şəffaf və demokratik seçkilər görməmişdir. Doğrudur, əvvəlki seçkilər də demokratik əsaslarla keçirilmişdir. Ancaq indi respublikada elə bir adam tapmaq olmaz ki, o, keçirilən bu seçkilərdən narazılıq etsin. Hər şey göz qabağındadır. Hər kəs istədiyi namizədə sərbəst şəkildə səs verir.
Məntəqədə səs verməyə gəlmiş təqaüdçü Nərgiz Xəlilova bildirdi ki, ölkəmiz gündən-günə inkişaf edir və gözəlləşir. Hər bir sahədə yüksəliş müşahidə olunur. Biz təqaüdçülər belə yüksəlişin davamlı olmasını arzulayırıq. Gələcək nəsillər də yaxşı, firavan yaşamalıdırlar. Nərgiz xanım qeyd etdi ki, məntəqədə hər cür şərait yaradılmışdır. Seçicilər heç bir problemlə qarşılaşmırlar.
Məntəqə sədri İsa Cahanov vurğuladı ki, seçkilərin demokratik keçirilməsini təkcə seçicilər deyil, beynəlxalq müşahidəçilər də yüksək qiymətləndirirlər. Onlar apardıqları müşahidələrin nəticəsi olaraq bildirirlər ki, Binəqədidə prezident seçkiləri yüksək seçici fəallığı şəraitində keçir və heç bir qanun pozuntusuna yol verilmir.
9 saylı Binəqədi ikinci seçki dairəsindən aldığımız məlumata görə, sözügedən məntəqə üzrə səsvermə hüququ olan 1306 seçici qeydə alınmışdır. Səsvermədə isə 1279 nəfər iştirak etmişdir ki, bu da seçicilərin ümumi sayının 97,9 faizini təşkil edir. Prezidentliyə namizəd cənab İlham Əliyev səsvermədə iştirak edənlərin 92 faizinin səsini qazanmışdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.