Azərbaycanda növbəti prezident seçkiləri başa çatmışdır. Builki seçkiləri izləyən çoxsaylı xarici müşahidəçilər arasında pakistanlı müşahidəçilər də olmuşdur. Əməkdaşımız Pakistan nümayəndə heyətinin rəhbəri, Pakistan Senatının müdafiə komitəsinin sədri Muşahid Hüseyn Seyyid ilə görüşərək ondan seçkilər barədə fikirlərini qəzetimizin oxucuları ilə bölüşməsini xahiş etmişdir. Pakistanlı senator bunları demişdir:
- 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkilərində Pakistanı yüksək səviyyədə nümayəndə heyəti təmsil edirdi. Fikrimi dəqiqləşdirmək üçün vurğulayıram: bizim nümayəndə heyətinə əsasən ölkəmizin aparıcı iqtidar və müxalifət partiyalarından Pakistan parlamentinin həm aşağı, həm də yuxarı palatalarında təmsil olunan millət vəkilləri daxil idilər. Belə bir fakta diqqət yetirin: Bakıya təşrif buyuran pakistanlı müşahidəçilərin təkcə altısı senatordur.
Mən bununla başqa ölkələrin nümayəndə heyətlərini aşağılamaq fikrində deyiləm. Sadəcə bildirmək istəyirəm ki, biz Pakistanda müstəqil Azərbaycan dövlətinə, onun müdrik rəhbərinə, bütövlükdə dost Azərbaycan xalqına dərin hörmət və rəğbətlə yanaşırıq. Yeri gəlmişkən, bizim nümayəndə heyətinə üç nəfər təcrübəli jurnalistdən ibarət media təmsilçisi də daxildir. Onlar Pakistanın ən nüfuzlu mətbu orqanlarını təmsil edirlər. Bu fakt ona dəlalət edir ki, Pakistan mediası da Azərbaycanda gedən ictimai-siyasi proseslərə dərin maraq göstərir.
Pakistan nümayəndə heyətinin üzvləri Bakıda, şəhərin müxtəlif rayonlarında 15 seçki məntəqəsində müşahidələr aparıblar. Dünən axşam (9 oktyabr-red) səsvermə başa çatandan sonra fikir və təəssüratlarımızı bölüşdük. Gəldiyimiz ümumi nəticə belədir: Azərbaycan xalqı ən yüksək səviyyədə seçki keçirmək bacarığını bütün dünyaya sübut etmişdir. Bu, böyük və qürurgətirici hadisədir. Bu böyük uğura görə xalqınızı ürəkdən təbrik edirik.
O ki qaldı seçkilərlə bağlı konkret detallara, onlardan bir çoxu barədə fikrimi bildirmək istərdim. Şəxsən məni, eləcə də bizim nümayəndə heyətini çox razı salan bir çox məqamlar olmuşdur. Birincisi, Azərbaycanda, daha dəqiq desəm, olduğumuz bütün seçki məntəqələrində vətəndaşların rahat səsvermələri üçün maksimum şərait yaradılmışdı. Yəni vətəndaşların qeydiyyatdan keçmələrindən tutmuş, azad, sərbəst surətdə iradələrini bildirmələri üçün heç bir maneə yox idi. Seçki məntəqələrində veb-kameraların yerləşdirilməsini də alqışlayıram. Seçki qutularının şəffaf olması da, təbii ki, çox müsbət haldır.
Biz heç bir yerdə seçicilərə təzyiq göstərilməsinin, yaxud onların seçki hüquqlarının hər hansı bir şəkildə pozulmasının şahidi olmadıq. Kim hansı namizədə üstünlük verirdisə, ona da səs verirdi. Yaxşı haldır ki, səsvermə prosesini çoxlu sayda yerli müşahidəçi izləyirdi. Mən dəfələrlə seçkilərin gedişi barədə onların fikirlərini öyrənməyə çalışdım. Bir dəfə də olsun, şikayət, giley eşitmədim. Müxalifətdən olan yerli müşahidəçilər də seçkilərin şəffaf və ədalətli keçirildiyini etiraf edirdilər.
Mən bu dəfə Azərbaycanda bir məqama da diqqət yetirdim. Mənə elə gəlir ki, hər bir ölkənin iqtisadi inikişafı, xalqın rifah halının yaxşılaşması sivil, demokratik dəyərlərə daha sürətlə sahib olmasına imkan yaradır. Görünən budur ki, son illər Azərbaycan dövləti böyük iqtisadi uğurlar əldə edir. Xalqınızın rifahının yaxşılaşması da aşkar hiss olunur. Bu, yaxşı idarətetmənin uğurlu nəticəsidir. Prezident İlham Əliyevin xalqı tərəfindən sevilməsinin səbəbi də ölkəsini irəli apara bilməsidir. Bu, hər liderə müəssər olmur. Biz Azərbaycanın yeni seçilmiş dövlət başçısını, çox hörmətli İlham Əliyevi ürəkdən təbrik edirik. Biz inanırıq ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bütün sahələrdə yeni, böyük uğurlar əldə edəcək.
Azərbaycan-Pakistan əlaqələri yüksələn xətlə inkişaf edir. Bizim dövlətimiz Azərbaycanı bütün səviyyələrdə birmənalı olaraq dəstəkləyir. Rəsmi Bakı da Pakistana qarşı eyni mövqeni nümayiş etdirir. Pakistanın ən çətin anlarında, təbii fəlakətlər zamanı biz Azərbaycan dövlətinin və xalqının qardaş dəstəyini hiss etmişik.
Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qətiyyətlə pisləyir və Dağlıq Qarabağın qeyd-şərtsiz azad edilməsi ilə bağı Azərbaycan iqtidarının haqlı mövqeyi ilə tam həmrəydir. Biz BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı müvafiq qətnamələrinin həyata keçirilməsini vacib sayırıq.
Mən bu fikirlərimi 10 oktyabrda Pakistan nümayəndə heyətinin rəhbəri kimi “Hilton” otelində keçirdiyim mətbuat konfransında da söyləmişəm. Orada məxsusi vurğuladım ki, Azərbaycan xalqı demokratik seçki keçirmək bacarığını bir daha nümayiş etdirməklə dostlarını sevindirdi. Bəli, Azərbaycan seçkiləri yüksək səviyyədə keçirməyi bacarır. Biz sabah Bakını tərk edəcəyik. Amma ürəyimizdə dost Azərbaycan, onun gündən-günə gözəlləşən paytaxtı Bakı, qonaqpərvər sakinləri barədə dərin sevgilərimizi aparacağıq.
Söhbəti qələmə aldı: Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.