Ölkəmizin bütün bölgələrində seçicilər yüksək fəallıq nümayiş etdirmişlər

 

 

 

Sabitliyə, inkişafa, daha xoşbəxt gələcəyə bəslənən inam

YEVLAX

... Səhər tezdəndir. Neçə gündür davam edən yağış kəsib, buludlar dağılıb. Göyün üzü tərtəmizdir. Günəşli, sakit bir günə başlayırıq. Kürün sahilində, yollar ayrıcında yerləşən Yevlaxın abad, yaraşıqlı küçələri ilə addımlayırıq. Hər yerdə qələbəlik, bayram əhval-ruhiyyəsi hiss olunur. Şəhər sakinləri dəstə-dəstə seçki məntəqələrinə doğru axışırlar.

Biz də həmin adamlara qoşulub seçki məntəqələrindən birinə - 8 saylı orta məktəbdə fəaliyyət göstərən 17 saylı məntəqəyə gəlirik. Adamlar növbə ilə bülleten götürüb qeydiyyatdan keçir, pərdə arxasına keçirdilər. Onlar öz iradəsini, arzu və istəyini açıq, aydın və şəffaf şəkildə ifadə edirdilər.

Məntəqənin sədri Mehriban Məcnunova ilə səsvermənin gedişi barədə söhbət edirik:

- Səsvermə təzə başlanıb, gördüyünüz kimi, artıq növbə yaranıb. Adamlarımızın prezident seçkilərinə göstərdikləri maraq, fəallıq yüksəkdir. Başqa cür də ola bilməz. Onlar qarşıdakı 5 il üçün öz talelərinə və gələcəklərinə səs verirlər. 1330 nəfər seçicimiz var. Hələlik heç bir narazılıq qeydə alınmayıb. Adamlarımız hər hansı kənar təsir olmadan, azad şəkildə, öz istədikləri namizədə səs verirlər.

Seçki məntəqəsinin həyətində Əjdər Əhmədovla tanış olduq. Ömrünün ixtiyar çağını yaşayır. Ancaq səsverməyə ilk gələnlərdəndir:

- Ömrüm boyu çox seçkilərdə iştirak etmişəm. Ancaq bu dəfəki prezident  seçkilərində daha böyük həvəslə iştirak edirəm. Bilirsinizmi niyə? Ona görə ki, ürəyimdə tutduğum namizədin gördüyü böyük işlərin canlı şahidiyəm. Ona inanıram, onu bir lider kimi sevirəm.

 48 saylı Yevlax seçki dairəsinə gəldik. Dairə komissiyasının sədri Yaşar Abbasov bildirdi:

- Dairənin tərkibində 32 seçki məntəqəsi fəaliyyət göstərir. Bütün məntəqələrlə müntəzəm əlaqə saxlayırıq, səsvermənin gedişi normaldır. Hələlik heç bir yerdə narazılıq, qanun pozuntusu qeyd alınmamışdır. Onu da bildirim ki, məntəqələrimizin 15-də veb-kameralar quraşdırılmışdır.

ZƏRDAB

5 saylı Qoşaoba seçki məntəqəsində maraqlı bir faktın şahidi olduq. Yaşı 80-ni adlamış Sürəyya Qarayeva səsverməyə oğlanları, qızları, gəlinləri, nəvələri, nəticələri ilə birlikdə gəlmişdi: cəmi 25 nəfər.

Sürəyya nənə bülleteni birinci götürdü və dedi:

- Yaxşı deyiblər ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Böyük sözü ağsaqqal, ağbirçək öyüd-nəsihəti hər yerdə olduğu kimi, burada da vacibdir. Xeyir-dua ilə səs verib, evimizə-eşiyimizə qayıdacağıq. Hamımız da seçimimizi özümüz etmişik. Allah-taala  xalqın  səsini  qazanan  rəhbərə uğur,  xoşbəxtlik qismət eləsin.  Xalqımız  seçimindən yarısın.

Məntəqənin sədri Oqtay Nurəliyev isə dedi:

- Seçicilərimizin sayı 1405 nəfərdir. İndiyə kimi onların, demək olar ki, yarısı səsvermədə iştirak edib. Heç bir qanun pozuntusu qeydə alınmayıb, hamı sərbəst şəkildə gəlib öz istədiyi namizədə səs verir. Əvvəlki seçkilərlə müqayisədə seçici fəallığı da yüksəkdir.

92 saylı Zərdab-Ucar seçki dairəsi 48 seçki məntəqəsini əhatə edir. Bunlardan 42-si Zərdabda, 6-sı isə Ucarda fəaliyyət göstərir.

Dairə komissiyasının sədri İsmayıl Əhmədovun telefonları, demək olar ki, susmaq bilmirdi. Vaxt  tapıb bunları söylədi:

- Zərdab rayonu üzrə seçicilərin sayıl 33074 nəfərdir. Seçki məntəqələri ilə müntəzəm olaraq əlaqə saxlayırıq, demək istəyirəm ki, seçici fəallığı çox yüksəkdir. Məntəqələrdən aldığımız son məlumatlara görə, artıq seçicilərin yarıdan çoxu öz iradələrini ifadə etmişlər.

Biz Zərdab şəhər 1 saylı, 15 saylı Qoruqbağı, 17 saylı Məmmədqasımlı, 23 saylı Gəlmə, 30 saylı Çallı seçki məntəqələrində də olduq. Hər yerdə yüksək mütəşəkkiliyin, ruh yüksəkliyinin, seçici fəallığının şahidi oduq.

GORANBOY

Biz Goranboya günortadan sonra çatdıq. Burada 2 seçki dairəsi – 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələri fəaliyyət göstərir. Seçicilərin ümumi sayı isə rayon üzrə 51680 nəfərdir.

96 saylı Goranboy-Naftalan seçki dairəsinin sədri Arif Abbasov söhbət zamanı bildirdi:

– Seçki məntəqələrindən alınan son məlumatlara görə, seçicilərin artıq 50-55 %-i öz iradələrini ifadə etmişlər. Yerli və beynəlxalq müşahidəçilərə hər hansı qanun pozuntusu, yaxud neqativ hadisə barədə məlumat daxil olmayıb. Adamlarımız heç bir kənar təsir olmadan seçki məntəqələrinə gəlir, əvvəlcədən müəyyən etdikləri, bəyəndikləri namizədə səs verirlər.

22 saylı Fəxralı seçki məntəqəsində ilk dəfə səs verən Əfsanə Rəsulova ilə tanış olduq. Sevinc və həyəcanını gizlədə bilmirdi:

- Həyatımın ən xoşbəxt gününü yaşayıram. Hiss edəndə ki, xalqımızın, dövlətimizin gələcək inkişaf və yüksəlişində sən də iştirak edirsən, sevincimin həddi-hüdudu olmur. Mən, əlbəttə, bir gənc olaraq daha yaxşı yaşamaq, daha sürətli inkişaf edən bir ölkənin vətəndaşı olmaq istəyirəm. Elə ona görə də inandığım, etibar etdiyim namizədə səs verdim.

LAÇIN

Məlum hadisələrlə əlaqədar olaraq laçınlılar respublikanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmışlar. Başqa sözlə desək, növbəti prezident seçkiləri ilə bağlı yaradılmış məntəqələrin sayı çoxdur. Bu isə sössüz ki, işin təşkilində daha çox çevik və operativ metodlarla işləməyi tələb edir.

121 saylı Laçın  dairə seçki komissiyasının sədri Hüseyn Səfərov səsvermənin gedişi barədə məlumat verərək dedi:

–  42 şəhər və rayonda təşkil olunmuş 100 seçki məntəqəsində 44088 nəfər laçınlı səs verməlidir. İlk dəfə səs verəcək gənclərin sayı 2067 nəfərdir. Yaşı 80-100 arasında olanların sayı 1070 nəfər, 100-dən yuxarı olanların sayı isə 16 nəfərdir. Məntəqələrlə müntəzəm əlaqə saxlayırıq. Hələlik yerlərdə heç bir qanun pozuntusu aşkar edilməyib. Adamlarımızın əhval-ruhiyyəsi yüksəkdir. Onlar növbəti prezident seçkilərində böyük fəallıqla iştirak edirlər. Belə deməyə tam əsas var ki, bizim rayonda da demokratik şəraitdə, heç bir kənar təsir olmadan, şəffaf şəkildə başa çatacaqdır.

Saat 15-də Vağazin qış obasında təşkil edilmiş 88 saylı seçki məntəqəsinə baş çəkdik. Öyrəndik ki, burada 848 nəfər seçici var. Artıq onların yarısı səsvermədə iştirak edib.

Məntəqənin həyətində 92 yaşlı Alıqulu Quliyevlə tanış olduq. Yenicə səs vermişdi. Ona görə də rahat idi, qəlbi qürur və iftixar hissi ilə döyünürdü. Hiss olunur ki, danışmağa sözü çoxdur:

- Yaxşı deyiblər ki, aşıq gördüyünü çağırar. Mən də ömrümün bu ahıl çağında səhv edə bilmərəm. Ona görə də gördüklərimə, şahidi olduqlarıma səs verdim. Axı bunları görməmək nankorluqdur, namərdlikdir. Laçınlıların həmişə sözü də, əməli də bir olub. Biz o insanı ölkə rəhbəri görmək istəyirik ki, bugünkü sabitlik və inkişaf gələcəkdə də davam etidirilsin. Seçəcəyimiz prezidentin doğma ata-baba torpaqlarımızı geri qaytarmağa gücü, qüdrəti və təcrübəsi çatsın.

* * *

Biz günün sonunda həmin rayonların seçki dairələri ilə bir daha əlaqə saxladıq. Səsvermənin gedişi, yekun göstəricilərlə maraqlandıq. Məlum oldu ki, Yevlaxda seçicilərin 74,48 faizi,  Zərdabda 74,55 faizi,  Goranboyda 71,1 faizi,  Laçında isə  76,24  faizi səsvermədə iştirak etmiş və öz iradəsini, açıq və demokratik şəkildə ifadə etmişlər.

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri

 

 

Saatlı

62 saylı Saatlı seçki dairəsinin 19 saylı Genişkənd seçki məntəqəsində həmişə olduğu kimi bu dəfəki seçki də böyük ruh yüksəkliyi ilə keçmişdir. Seçki məntəqəsinin sədri Yaqub Quliyev bildirdi ki, bu kənddə bütün seçkilər əsl bayram əhval-ruhiyəsində keçirilir. Baxmayaraq ki, Genişkənd rayon mərkəzindən  xeyli aralıda yerləşir, burada bütün tədbirlər yüksək səviyyədə qurulur.

Bir neçə il əvvəl Heydər Əliyev Fondunun təşəbbüşü ilə bu kənddə tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla təmin olunmuş məktəb binası kənd sakinlərini daha da ruhlandırmışdır. Axı, bu məktəb torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid Əyyub Quliyevin adını daşıyır. Qarabağ şəhidlərinə, onların ailələrinə, müharibə veteranlarına və torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirmiş əlillərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı Genişkənd kənd sakinləri tərəfindən də yüksək qiymətləndirilir. Bu qəbildən olan insanlar həmin kənddə də var. Ona görə də siyasi əhəmiyyət daşıyan, xalqımızın gələcək taleyini həll edən prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə aparılmış və bu zəruri əhəmiyyətli seçkidə iştirak etmək, ən layiqli namizədə səs vermək prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.

Səsvermə başlayandan kəndin kənarında yaşayan seçicilərin səsvermə məntəqəsinə rahat və  vaxtında gəlmələri üçün xüsusi nəqliyyat vasitələri ayrılmışdır. Seçicilər arasında yaşlı və xəstə olanlar da şəxsən seçki məntəqələrinə gələrək istədikləri namizədə səs veriblər. Seçki məntəqəsindən bir  qədər kənarda isə sanki çal - çağır, bayram idi. Y.Quliyev deyir ki, bu kənddə bütün seçkilər belə bayram əhval - ruhiyyəsində keçirilir. Hamı seçkilərə gəlir, səvermədə şəxsən iştirak edir.

Söhbət zamanı məlum oldu ki, müşahidəçilər arasında bir nəfər  öz təşəbbüsü ilə “Milli Şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin nümayəndəsi kimi seçkinin gedişini izləyib. Onun sözlərinə görə, öz təşəbbüsü ilə müxalifətin namizədinin nümayəndəsi olduğundan  sonradan peşmançılıq hissi keçirib.

Seçkidə məğlub olanların sonradan yersiz  hay-küy qaldırmaları yalnız öz məğlubiyyətini ört -  basdır etmək məqsədi daşıyır. Əgər yersiz - hay küy salan məğlublar seçki keçirilən gün 19 saylı Genişkənd seçki məntəqəsində müşahidə aparsaydılar, bir daha şahidi olardılar ki, bu kənddə səsvermə hüququ olan da , olmayan da müxalifət nümayəndəsinin prezidentliyə namizədini ümumiyyətlə tanımır. Bu kənddə hamı ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqətli və  etibarlıdır. Yaxşı bilirlər ki, sovetlər birliyi vaxtında rayonun ən geridə qalmış kəndinin müstəqillik dövründə inkisaf etmiş qabaqcıl kəndlərdən birinə çevrilməsində, rahat yol çəkilməsində, uşaq bağçasının fəaliyyətə başlamasında və qeyd etdiyim kimi, müasir tələblər səviyyəsində məktəb binasının tikilməsində ulu öndərin siyasi xətti böyük rol oynamışdır. Ona görə də kəndin bütün sakinləri Heydər Əliyev siyasi xəttinin bundan sonra da davam etdirilməsinə yekdilliklə səs verdilər. Kənd sakinləri dünən keçirilən prezident seçkilərində fəal iştirakları ilə də bunu təsdiqlədilər. Son məlumata əsasən, seçicilərin 85 faizi prezident seçkisində iştirak edərək  hamılıqla ən layiqli namizədə səs vermişdir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 

 

 

Quba

52 saylı Quba seçki dairəsi 70  seçki  məntəqəsini birləşdirir. Həmin  məntəqələrdən 11-i  Quba  şəhərində, 59-u isə rayonun  kəndlərində  fəaliyyət göstərir.  Dairə  seçki komissiyasının sədri Mübariz  Abasovun  verdiyi  məlumata görə,   seçki  gününədək  dairə  və   məntəqələrin  normal  fəaliyyəti üçün  bütün  zəruri  tədbirlər görülüb. Quba  şəhərində  fəaliyyət göstərən  1, 2, 3, 5, 7, 9 və 11  saylı  seçki  məntəqələrində, habelə Dağlı,  Qəçrəş  və Vəlvələ kəndlərindəki seçki  məntəqələrində  veb-kameralar quraşdırılmışdır.

Bir sözlə,  seçici  siyahılarına daxil edilmiş  44483 seçicinin şəffaf  və demokratik şəraitdə öz iradəsini ifadə etməsi üçün tam təminat yaradılmışdır. Sağlamlıq  durumu ilə əlaqədar seçki məntəqələrinə gəlmək imkanı olmayan 500-ə yaxın seçicinin ev şəraitində səs verməsi üçün onların yaşadığı ünvana  səyyar seçki qutuları  göndərilmişdir.

Seçkinin gedişi 655 yerli müşahidəçi, həmçinin ATƏT və MDB-dən olan  müşahidəçilər  tərəfindən izlənilmişdir.

Səhər saatlarından başlayaraq Quba şəhərindəki məntəqələrdə, habelə 52 saylı  dairəyə  daxil olan  kəndlərdəki  seçki  məntəqələrində  seçicilərin  siyasi fəallığı qeydə  alınmışdır.  Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında yerləşən 1 saylı, Quba  şəhər 2 saylı məktəbdə fəaliyyət göstərən 3 saylı seçki məntəqələrində,  habelə  Qəçrəş və Püstəqasım kənd seçki  məntəqələrində seçici fəallığı xüsusilə yüksək olmuşdur. Ümumilikdə, 52 saylı dairədə saat 10-dək  seçicilərin 22-25 faizi, saat 17-dək 70 faizi  seçki məntəqələrinə gələrək  səsvermədə  iştirak etmişdir. Seçkinin  yekun  nəticəsi  isə 78,41 faiz  olmuşdur.

53  saylı  Quba – Qusar  seçki  dairəsində  də  prezident  seçkilərinin tam şəffaf və  demokratik  şəraitdə  keçməsi  üçün  bütün  zəruri  tədbirlər  görülmüşdür.  Məlumat üçün  bildirək ki, 53 saylı  dairə  Quba  və  Qusar  rayonlarının 70-dən   çox  yaşayış  məntəqəsini  əhatə  edir.  75 seçki  məntəqəsini  özündə  birləşdirən  həmin  dairədə 45937  seçici  qeydə   alınmışdır.   Onlardan da  813  nəfəri ilk  dəfə  olaraq  prezident  seçkilərində iştirak etmişdir.  Seçkinin  tam şəffaf  və  demokratik şəraitdə  keçməsini  təmin  etmək  üçün  10  məntəqədə veb-kameralar  quraşdırılmışdır.  Dairə  seçki  komissiyasının  sədri  Rahim Qarayevin   verdiyi  məlumata görə, dairənin  əhatə   etdiyi  bütün  seçki  məntəqələrində  seçkinin  gedişi  yerli   müşahidəçilər tərəfindən izlənilmişdir.   Xatırladaq ki,  bu  məqsədlə dairə seçki komissiyası  tərəfindən 772   müsahibəsi  qeydiyyata  alınmışdır.  Bundan  əlavə, seçkinin gedişi bir sıra  beynəlxalq  təşkilatların  müşahidəçiləri  tərəfindən də  izlənilmişdir. Sevindirici haldır ki, 53 saylı  dairədə də yüksək seçici fəallığı  qeydə  alınmışdır.

  Belə ki saat 10-dək  53  saylı   dairə  üzrə  seçicilərin 22, 95 faizi, saat 12-dək 43, 39  faizi, 17-dək  isə 71 faizi  məntəqələrə   gələrək  rəğbət   bəslədiyi  namizədə səs vermişdir.  Yekun   məlumata görə,  dairə  üzrə   seçicilərin 74,43 faizi  prezident  seçkilərində  iştirak  etmişdir. 

Seçkinin  gedişi   zamanı  heç bir  ciddi  qanun  pozuntusu  qeydə alınmamışdır.

Xaçmaz

Seçki  gününədək  rayon üzrə 88193  nəfər  seçici  qeydiyyata  alınmışdır. Onlardan 43039  nəfəri  55    saylı   Xaçmaz  şəhər   seçki  dairəsində,  45154  nəfəri  isə  56  saylı   Xaçmaz  kənd  seçki  dairəsində  səs verməli idi.  55 saylı  dairənin  seçiciləri 38  məntəqədə,  56  saylı   dairənin  seçiciləri isə 43  məntəqədə   səsvermədə  iştirak etmişdir.  Seçkinin  gedişi  352  nəfər yerli  müşahidəçi, habelə beynəlxalq  müşahidəçilər tərəfindən  izlənilmişdir.  22  məntəqədə  seçkilərin  gedişini  izləmək məqsədilə  xüsusi  veb-kameralar  quraşdırılmışdır.   Beləliklə,  Xaçmaz  şəhər  seçki  məntəqələrindən 10-da,   Xudat   şəhər seçki  məntəqələrindən isə 5-də,  habelə  Nabran,  Yalama,  Həsənqala,  Nərəcan, Müqtədir  və digər iki  kənd  seçki  dairəsinin məntəqələrində  seçkinin  gedişi  veb-kameralarla izlənilmişdir.  55  saylı  Xaçmaz şəhər dairə seçki  komissiyasının  sədri  Bəhram Ömərov  bildirmişdir ki,  builki  prezident   seçkilərində  dairə üzrə 471 gənc  ilk   dəfə olaraq səs vermişdir.  Səhhəti  ilə əlaqədar  seçki  məntəqələrinə  gəlmək  imkanı  olmayan 471  nəfər  seçicinin  səsvermədə   iştirakını təmin etmək  məqsədi ilə  onların yaşadığı  ünvanlara seçki  qutuları göndərilmişdir.  56  saylı   Xaçmaz  kənd  seçki  dairəsində isə  487  nəfər  ilk dəfə  olaraq  seçkilərdə  iştirak  etmişdir.  Səhhəti ilə   bağlı  seçki  məntəqələrinə  gələ bilməyən   400   nəfər  seçici  üçün isə  evlərə seçki qutuları yollanılmışdır.

Saat 10-dək 55  saylı  dairə üzrə seçicilərin 23,65  faizi,  56  saylı dairədə  isə 22,3  faizi  səsvermədə  iştirak   etmişdir.  Günorta  saatlarında seçicilərin fəallığının  daha  da  artdığı  müşahidə  olunmuşdur.  Belə ki  saat  17-dək  55  saylı   dairədə  iştirak  faizi  71, 69 faizə, 56  saylı  dairədə  isə  69,64 faizə  çatmışdır.  Dairə  seçki  komissiyalarından  aldığımız son məlumata  görə,   oktyabrın 9-da  keçirilən  prezident  seçkilərində  ümumilikdə Xaçmaz  rayonu üzrə  seçicilərin 75,42 faizi  iştirak etmişdir.  Ayrı-ayrı  yaşayış  məntəqələrində  seçicilərin fəallığı  daha  yüksək  olmuşdur.

Məlumat  üçün  onu  da bildirək  ki,   Xaçmaz  rayonunda  prezident  seçkilərinin  gedişi yerli   müşahidəçiçlərlə  yanaşı, bir sıra  beynəlxalq  təşkilatların,  o  cümlədən  ATƏT, Avropa Beynəlxalq Akademiyası və  MDB-dən olan  müşahidəçilər  tərəfindən  də   izlənilmişdir.

Müsbət  haldır ki,  seçkilərin gedişi  zamanı  Xaçmaz  rayonundakı  məntəqələrin  heç birində  hər  hansı ciddi  qanun  pozuntusu  qeydə alınmamışdır. 

Q.CƏFƏROĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında