Rayonda keçirilən seçkilərin gedişini izləmək məqsədilə 18 saylı Nərimanov-Nizami dairə seçki komissiyasına baş çəkdik. Komissiyasının sədri İslam Muradovdan aldığımız məlumata görə, dairə üzrə adı seçici siyahısında olan 44560 nəfər 32 məntəqədə səs verir. Yaşı 80-100 arası olan seçicilərin sayı 557 nəfər təşkil edir.
1071 nəfər isə ilk dəfə səs verir. Prosesi yaxından izləmək və səsvermənin gedişinə nəzarəti gücləndirmək məqsədilə 10 məntəqədə veb-kamera quraşdırılıb. Bundan əlavə, seçki prosesini yaxından izləmək üçün 295 nəfər yerli müşahidəçi və 60 nəfər məşvərətçi qeydiyyatdan keçib. ATƏT-in, Avropa Parlament Assambleyasının və MDB müşahidə missiyalarının nümayəndələri də səhər saatlarından etibarən seçkinin gedişini yaxından izləyirdilər.
Dairə üzrə seçici fəallığı da qənaətbəxş idi. Təkcə onu demək kifaəytdir ki, saat 12-dək 12802 nəfər öz seçimini reallaşdırmışdı ki, bu da ümumi seçicilərin 28,7 faizini təşkil edirdi. Saat 15- dək isə seçicilərin 53,7 faizi (23935 nəfər) səsvermə hüququndan istifadə etmişdir.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 1 saylı məntəqəsində də seçici fəallığı yüksək idi. Artıq 4 saat ərzində 500 nəfərə yaxın seçicinin bülleten alıb öz səsvermə hüququndan istifadə etməsi də bunu təsdiqləyirdi.
Məntəqədə keçirilən səsvermə prosesini izləyən müşahidəçilərə yaxınlaşıb rəylərini soruşduq. Müstəqil müşahidəçi Zərifə Qafarova dedi:—Məntəqədə istər biz müşahidəçilərin fəaliyyəti, istərsə də vətəndaşların səsvermə hüquqlarından istifadə etmələri üçün çox yaxşı şərait mövcuddur. Burada yüksək seçici fəallığı müşahidə edirik, qanun pozuntusundan isə söhbət belə gedə bilməz. Hamı öz seçimində azad və sərbəstdir.
Zümrüd Ramazanova, seçici:— Yaşıma görə çox seçki prosesinin iştirakçısı olmuşam. Ölkəmizdə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün yaradılan şərait ildən-ilə yaxşılaşır. Biz, vətəndaşlar bundan çox razıyıq. Bu gün mən məntəqəyə gələrək öz seçimimi sərbəst şəkildə reallaşdırdım. Ölkəmizin gələcək firavanlığı, inkişaf və tərəqqisi naminə layiq bildiyim namizədə səs verdim.
Seçki prosesinin yekun nəticəsinə əsasən, 18 saylı Nərimanov – Nizami seçki dairəsi üzrə seçicilərin 64,2 faizi (28794 nəfər) səsvermədə iştirak etmişdir.
Müşahidələrimizi 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə davam etdiririk. Dairə seçki komissiyasının sədri Etibar Abdullayevin bildirdiyinə görə, prezident seçkilərinin normal şəkildə keçirilməsi məqsədilə dairə üzrə 32 məntəqə yaradılmışdır. Həmin məntəqələrdə 44996 seçici səs verməlidir. Saat 12-dək onların 37,1 faizi (16693 nəfər) öz seçimini reallaşdırıb. Saat 17-dək bu dairənin tərkibinə daxil olan məntəqələr üzrə səs verənlərin sayı 26149 nəfərə (58,1 faiz) çatmışdı. Dairə üzrə 10 məntəqədə veb-kamera quraşdırılmışdı. Səsvermənin gedişini 280 nəfər müşahidəçi izləyirdi. Bundan əlavə, bir sıra beynəlxalq müşahidə missiyalarının nümayəndələri də seçki məntəqələrinə baş çəkərək qeydlərini aparırdılar.
Ankara liseyində təşkil olunmuş 26 saylı seçki məntəqəsinin önündə, sözün həqiqi mənasında, böyük izdiham vardı. Bura gələn seçicilərin sayı anbaan çoxalırdı. Məntəqə seçki komissiyasının sədri Səmayə Eynullayeva dedi ki, bu məntəqədə 1478 nəfər səs verməlidir. Artıq 5 saat ərzində 400 nəfərə yaxın seçici bülleten alaraq layiq bildiyi namizədə səs verib. Burada yerli müşahidəçilərlə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də seçki prosesini yaxından izləyirdilər. Müstəqil müşahidəçi Tamilla Nəmətova və YAP-ın nümayəndəsi məntəqədə yaradılmış şəraitdən razılıqlarını bildirərək buradakı seçici fəallığını xüsusi qeyd etdilər. Şəxsiyyət vəsiqəsini təqdim etmədən səs vermək istəyində olan bir neçə vətəndaşın təkidinə baxmayaraq, onlar məntəqəyə buraxılmadılar.
26 saylı məntəqədə səs verməyə gəlmiş Nərgiz Məmmədova bu hüququndan ilk dəfə idi ki, istifadə edirdi. O bildirdi ki, Azərbaycanın dünyəvi, demokratik bir dövlət kimi inkişaf etməsi ölkə gənclərindən çox asılıdır. Ona görə də əhalinin bu təbəqəsi siyasi proseslərdə xüsusi fəallıq göstərməli, bu cür vacib kampaniyalarda yaxından iştirak etməlidir. İlk dəfə səs verməyimə baxmayaraq, ölkəmizdə keçirilən budəfəki prezident seçkilərinin keçirilməsi üçün yaradılmış şərait məni tam qane edir.
Saat 19-a olan məlumata görə, dairə üzrə səsvermədə 29492 nəfər iştirak etmişdir ki, bu da ümumi seçicilərin 65,5 faizi deməkdir.
20 saylı Nərimanov ikinci dairə seçki komissiyasının tərkibində isə 33 daimi və iki müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Komissiyanın sədri Eldar Sadıqov bildirdi ki, dairə üzrə adı seçici siyahısına salınmış vətəndaşların sayı 44164 nəfər təşkil edir ki, onların da 335 nəfəri seçkiyə beş gün qalmış yaradılan məntəqələrdə səs verməlidir. 15 saylı seçki məntəqəsində səs verən ahıl seçici Qaraş Qasımovun 105 yaşı var. Gündüz saat 12-dək bu dairə üzrə səs verməli olan seçicilərin 34,3 faizi (15268 nəfər) öz konstitusion hüququndan istifadə etmişdi. Saat 17-yə olan məlumata görə isə, onların sayı 26472 nəfərə çatmışdı.
Yerlərdə seçki prosesini izləyən yerli və xarici müşahidəçilər üçün hərtərəfli şərait yaradılmış, 10 məntəqədə veb-kamera quraşdırılmışdı. Gün ərzində dairə seçki komissiyasına məntəqələrdən heç bir şikayət və narazılığın daxil olmaması da prezident seçkilərinin tam şəffaf və demokratik keçirilməsi üçün yaradılmış şəraitin nəticəsi idi.
Prezident seçkilərinin yekun nəticəsinə əsasən, bu dairə üzrə 27945 nəfər (62,8 faiz) səsvermə hüququndan istifadə etmişdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.