9 oktyabr prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün paytaxtın Nizami rayonunda hazırlıq işləri yüksək səviyyədə başa çatdırılmış, dairə və məntəqə seçki komissiyalarının normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Seçki prosesini izləyən yerli və beynəlxalq müşahidəçilər, eləcə də səsvermə hüququndan istifadə etmək istəyən vətəndaşların fikirləri də bunu təsdiqləyirdi.
Sübh tezdən 24 saylı Brinci Nizami seçki dairəsinin səsvermə məntəqələri öz qapılarını vətəndaşların üzünə açmışdı. Dairə seçki komissiyasının sədri Niyazi Nəcəfovun bildirdiyinə görə, ərazidə yaşayan seçicilər 28 açıq tipli və seçkiyə beş gün qalmış yaradılan 5 qapalı məntəqədə səs verirlər. Onların sayı 42919 nəfərdir. 474 nəfər seçicinin yaşı 80-100 arasındadır. İlk dəfə səs verənlərin sayı isə 1752 nəfər təşkil edir. Dairə üzrə seçkilərin gedişini izləmək üçün 197 nəfər yerli müşahidəçi və 59 nəfər məşvərətçi qeydiyyatdan keçmişdir. Səsvermə prosesinə nəzarəti təmin etmək məqsədilə 10 məntəqədə veb-kamera quraşdırılmışdır.
Dairənin tərkibində fəaliyyət göstərən seçki məntəqələrində ilk saatlardan başlayaraq yüksək seçici fəallığı müşahidə olunurdu. Yerlərdən daxil olan məlumatlara görə, səhər saat 10-dək 4744 nəfər səsvermə hüququndan istifadə etmişdi ki, bu da ümumi seçicilərin 11 faizini təşkil edirdi. Artıq gündüz saat 15-dək dairə üzrə seçicilərin 57 faizi (24480 nəfər) səsvermə hüququndan istifadə etmişdi. Dairə seçki komissiyasının yaxınlığında yerləşən 14 saylı seçki məntəqəsinin önündə böyük qələbəlik müşahidə olunurdu. İnsanlar dəstə-dəstə, axın-axın məntəqəyə gələrək öz konstitusion hüququndan istifadə edirdilər. Məntəqə seçki komissiyasının sədri Zümrüd Səmədova bildirdi ki, saat yarım ərzində 210 nəfər səs vermişdir ki, bu da göstərilən müddət üçün yüksək göstərici sayıla bilər.
Məntəqədə quraşdırılmış veb-kameradan savayı, burada 13 nəfər yerli müşahidəçi səsvermə prosesini diqqətlə izləyirdi. Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin nümayəndəsi Zimirxan Əliyev:— Səhər saat 8-də məntəqə sədri səsvermənin başlandığını elan etdikdən sonra prosesi yaxından izləyirəm. İndiyədək hər hansı bir qanun pozuntusu qeydə almamışam. Vətəndaşlar öz seçimlərində sərbəst və azaddırlar.Bizə yaradılmış şərait də tam qənaətbəxşdir.
Prezidentliyə namizəd Cəmil Həsənlinin müşahidəçisi İlham Hüseynli:— Deyə bilərəm ki, müşahidə apardığım məntəqədə seçicilər üçün normal şərait yaradılıb, vətəndaşlar öz iradələrini sərbəst şəkildə ifadə edirlər. Hələlik heç bir qayda-qanun pozuntusuna rast gəlməmişəm. Səsvermə prosesi tam şəffaf və demokratik keçir.
Son məlumata görə, dairə üzrə 30056 nəfər (70,03 faiz) səsvermə hüququndan istifadə etmişdir.
25 saylı Nizami ikinci seçki dairəsi üzrə də prezident seçkilərinin normal şəkildə keçirilməsi üçün hazırlıq işləri yüksək səviyyədə başa çatdırılmışdı. Komissiyada və məntəqələrdə hərtərəfli şərait yaradılmışdı. Xatırladaq ki, adı çəkilən dairə üzrə 43944 nəfər seçicinin səs verməsi üçün 33 məntəqə fəaliyyət göstərirdi. Ev şəraitində səs verənlər üçün isə 33 daşınan seçki qutusu təşkil edilmişdi. Bu dairədən adı seçici siyahısına salınmış 5 nəfərin yaşı 100-dən çox idi. İlk dəfə səs verənlərin sayı isə 2208 nəfər təşkil edirdi. Seçki prosesinə nəzarəti gücləndirmək məqsədilə 10 məntəqədə veb-kamera quraşdırılmışdı. Bundan əlavə, məntəqələrdə səsvermənin gedişini izləmək üçün dairə üzrə 230 yerli müşahidəçi və 66 məşvərətçi hüququna malik şəxs qeydiyyatdan keçmişdi. Dairə seçki komissiyasının sədri Heydər Vəliyevin bildirdiyinə görə, səhər saatlarından etibarən beynəlxalq təşkilatlardan olan müşahidəçilər də seçki prosesini yaxından izləməyə başlamışlar. Onlar ölkəmizdə keçirilən prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün yaradılmış şəraitdən razılıqlarını bildirdilər.
Dairə üzrə səsvermə prosesini yaxından izləyib qeydlərimizi götürmək üçün yaxınlıqda yerləşən 17 saylı seçki məntəqəsinə baş çəkdik. Bu məntəqə üzrə səsvermə hüququna malik 1375 nəfər seçici qeydə alınmışdı. Burada səsvermənin normal keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Seçkilərin gedişini 7 nəfər yerli müşahidəçi izləyirdi. Məntəqədə ATƏT-in və digər beynəlxalq təşkilatların nümayəndələri də müşahidə aparır, lazımi qeydlərini götürürdülər. Onların da səsvermənin gedişi ilə bağlı rəyləri müsbət idi.
Buradakı yerli müşahidəçilərə yaxınlaşıb rəylərini öyrəndik. Müsavat Partiyasının üzvü, “Milli Şura”nın vahid namizədi Cəmil Həsənlinin nümayəndəsi:—Səsvermə prosesinə start verildiyi andan məntəqədəyəm. Hələlik heç bir qanun pozuntusu müşahidə etməmişəm. Səsvermənin keçirilməsi üçün yaradılmış şərait də tam normaldır. Əminəm ki, sonadək də bu şəkildə davam edəcək.
Ehtiram Əhmədov, YAP-ın nümayəndəsi:— Ölkəmizdə seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Müxalifətdən olan müşahidəçilərlə ilk dəqiqələrdən etibarən səsvemə prosesini izləyirik. Vətəndaşlar öz iradələrini sərbəst şəkildə ifadə edirlər, hər kəs seçimində sərbəstdir, heç bir müdaxilə halları müşahidə olunmur.
Seçici fəallığı şəraitində keçirilən səsvermə prosesinin nəticələrinə əsasən, axşam saat 17-dək dairə üzrə 28036 nəfər öz seçimini reallaşdırmışdı ki, bu da ümumi seçicilərin 63,7 faizini təşkil edirdi.
Bu dairə üzrə yekun nəticə isə 66,3 faiz (29142 nəfər) olmuşdur.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.