Rayonlarımızda özəl bölmə sürətlə inkişaf edir

Zaqatala sahibkarları da bu prosesə öz töhfələrini verirlər

{nl}

Zaqatalada gördüklərim məni ürəkdən sevindirir. Mən çox şadam ki, rayon çox dinamik inkişaf edir və hər şey burada yüksək səviyyədədir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Bölgə müxbiri işləməyin bir neçə maraqlı cəhəti var. Birincisi odur ki, daim insanlar arasında olur, ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə daha dərindən tanış olmaq imkanı qazanırsan. İkinci cəhət odur ki, Bakı ilə bərabər regionların da iti sürətlə inkişaf etməsinin canlı şahidinə çevrilirsən. Daha doğrusu, bu inkişaf bizim gözümüzün qabağında, addım-addım irəliləyir, artır. Bölgə müxbiri işləməyin maraqlı cəhətləri ilə yanaşı, qəribə məqamları da var. Məsələn, mən özüm Gəncədə doğulub böyümüşəm, 35 ilə yaxındır Bakıda yaşayıram. Ancaq respublika miqyaslı istənilən tədbirdə Şəki-Zaqatala bölgəsi ilə bağlı məqamlar məni daha çox maraqlandırır. Mən indi bunu "qəribə cəhət" adlandırdım. Bəlkə də düz ifadə etmirəm. Bəlkə də daim ünsiyyətdə olduğum adamların uğuru, nailiyyəti bir insan kimi məni daha çox maraqlandırır. Qərəz...
Azərbaycan dövlətinin aqrar sahədə fəaliyyət göstərən sahibkarlara göstərdiyi qayğının müxtəlif təzahürlərinin şahidiyik. Belə sahibkarların istehsal etdiyi məhsulların daha rahat satılması üçün hər həftənin son iki günü Bakıda keçirilən satış yarmarkaları hamı tərəfindən böyük razılıqla qarşılanır. Daha maraqla qarşılanan tədbir isə Dənizkənarı Parkda təşkil edilən ənənəvi kənd təsərrüfatı məhsulları sərgisidir. Bu il keçirilən həmin sərgidən sonra televiziyada işləyən bir həmkarım zəng edərək mənə "qiymət" verdi: "Sənə beş! Sərginin ən uğurlu nümunələri Zaqataladan gətirilmiş bal, Şəki paxlavası və İsmayıllı pendiri idi". Sözünü kəsib Qəbələ barədə nə üçün danışmadığını soruşmaq istəyirdim. Aman vermədi: "Bu sözləri qəzetdə yazma ha! Çünki Astaradan, Qubadan, Gədəbəydən də yaxşı məhsullar gətirilmişdi. Təkcə Zaqatala-Şəki bölgəsini yada salıb o biri bölgələri unutsaq, kimsə inciyə bilər. Amma, sənin bölgənə beş!" Çox əcəb. Yazma dedi, mən də üç-dörd ay yazmadım.
...Zaqatalaya gələndə əsas məqsədim o idi ki, rayon ziyalıları ilə görüşüm, dövlət başçımızın ayın əvvəlində buraya səfərindən yaranan təəssüratlarla tanış olum. Elə icra başçısının müavini İlkin Şəfizadə ilə görüşdə də bu barədə danışdıq və razılaşdıq. Söhbətin bir yerində Dənizkənarı Parkdakı sərgidən sonra həmkarımın zəng edib zarafatla mənə "beş" verməsini də yada saldım. İlkin müəllimin gözündə məmnunluq dolu bir təbəssüm yarandı: - Bəlkə cənab dövlət başçımızın Zaqatala səfərinin yaratdığı təəssüratlar barədə "sənə beş verdirən" adamlarla söhbət edəsən? Doğrusu, bu mövzu da maraqlı idi. Ancaq gələndə fikirləşdiyim planı pozmaq istəmirdim: - Bəs ziyalılarla görüşməyi necə edim?
Həmsöhbətim öz fikirləri ilə hamını inandırmağı bacaran adam idi. Ona görə də mən də elə o "hamının" sırasına qoşulmalı oldum. Yəni məni də inandırdı: - Biz çox məmnunuq ki, hər ay qəzetinizdə Zaqataladan, onun ziyalılarından söhbət açırsınız. Cənab Prezident istənilən bölgəyə səfəri zamanı qeyd edir ki, biz aqrar sektorda fəaliyyət göstərən sahibkarların xidmətini yüksək qiymətləndiririk və onlara daim dövlət qayğısı göstərilməlidir. Ona görə də bu dəfə həmin adamlarla görüşüb, onlarla olan söhbətinizi qələmə alsanız, əsas məqsədə daha yaxın olarıq. Razılaşdıq.
Bu gün Zaqatalada aqrar sahədə fəaliyyət göstərən sahibkarlar çoxdur. Onlardan bəzisi qeyri-ənənəvi sahələrdə fəaliyyət göstərsə də, çoxu öz təsərrüfatını Zaqatala üçün ənənəvi olan taxılçılıq, qoyunçuluq, meyvəçilik və arıçılıq kimi daha çox yayılmış sahələrdə qurur. Onlardan üç nəfəri ilə görüşdük. Müxtəlif sahələri təmsil etsələr də, məramları birdir: məhsul bolluğu yaratmaq, rayonun ümumi inkişafına kömək etmək, ölkə iqtisadiyyatının tərəqqisinə töhfə vermək.
İlk həmsöhbətim arıçılıq üzrə damazlıq fermer təsərrüfatı yaratmış Yuxarı Tala kənd sakini Mövləddin QURBANƏLİYEV oldu. Əslində bu təsərrüfat Mövləddinə ata-babasından qalmış qazanc mənbəyidir. Yəni yüz illərdən bəri bu ailənin nümayəndələri arıçılıqla məşğul olublar. Özləri üçün, qohum-qardaşları üçün, rayona gələn hörmətli qonaqlar üçün həmişə keyfiyyətli bal məhsulları olub. İkinci Dünya müharibəsinə gedib qayıtmayan babası Cəmaləddin kişi də, dörd il əvvəl 67 yaşında dünyasını dəyişmiş atası Şaban Qurbanəliyev də, qohum-əqrabadan başqa adamlar da arıçılıqla məşğul olublar. Məhz arıçılıqla. Mövləddin isə bir az da irəli gedib bu işi bir az da müqəddəsləşdirərək "arıçılıq üzrə damazlıq təsərrüfatı" yaradıb. Yəni indiyə qədər ancaq bal əldə edirdilər. İndi isə bununla yanaşı yeni arı ailələrinin sayının artırılması kimi daha səmərəli bir işlə məşğuldurlar.
Ali təhsilli inşaat mühəndisi olan Mövləddini bu sahəyə gətirən arıların qurduğu memarlıq nümunəsinə - şanlara diqqətlə baxmasından sonra yaranan düşüncələr olub - "arılar daha peşəkar memarlardır". İndi 200-ə yaxın arı ailəsi var. Oğlu, qardaşı, həyat yoldaşı ilə birlikdə bu 200 ailənin xidmətində dururlar. Üstəlik İtaliyaya yeni arı növləri sifariş edib. Bəzi adamlar deyirlər ki, guya Qafqazda, Azərbaycanda başqa ölkələrdən gətirilmiş bal arıları o qədər də məhsuldar olmurlar. Amma uzun müddət arı damazlığı ilə məşğul olan Mövləddin bu sahədə öz sözünü deyəcəyinə tam əmindir.
Mövləddinin bu təcrübəsi təkcə ölkəmizdə deyil, xaricdə də maraqla qarşılanır. Məsələn, Zaqatalada olan ABŞ səfiri onun təsərrüfatı ilə tanış olandan sonra Mövləddini öz ölkəsinə dəvət edibmiş: - Gəldi, bizim təsərrüfatla tanış oldu, xüsusilə damazlıq məsələsində əldə etdiyimiz göstəricilərlə maraqlandı və məni Birləşmiş Ştatlara dəvət etdi - deyə o bildirdi: - Səfir dedi ki, Amerikada arıçılıq məhv olmaq üzrədir. Mən bu dəvətlə Amerikaya getdim. Kaliforniya, Çikaqo, Ayova ştatlarında oldum. Məsləhətləşdik, tövsiyələrimi verdim. Bir məsələnin şahidi oldum ki, Azərbaycanın, Zaqatalanın balından heç yerdə yoxdur. Bizim fəaliyyətimizlə Yaponiya səfiri də maraqlandı və gördüklərindən çox məmnun oldu.
Mövləddin öz məhsullarıyla hər il Bakıda keçirilən sərgilərdə iştirak edir. Onun fikrincə, bu sərgilər dövlətin fermerlərə göstərdiyi qayğının ən dəyərli nümunəsidir: - Çünki biz orada öz məhsullarımızla ölkə və dünya ictimaiyyəti qarşısına çıxırıq. Mən rayon icra hakimiyyətimizin başçısı Mübariz Əhmədzadəyə və bizə qayğı göstərən hər kəsə öz minnətdarlığımı bildirirəm. Ancaq ildə bir dəfə Zaqatalaya gəlib bizim uğurlarımızla tanış olan dövlət başçımıza minnətdarlığımız daha çox, daha böyükdür.
Taxılçılıq sahəsində böyük uğurlar əldə etmiş Məmmədxan Məmmədov da Mövləddin kimi öz təsərrüfatını yeni istiqamətdə formalaşdırıb. Onun da məqsədi təkcə qazanc əldə etmək deyil, həm də bu sahənin məhsuldar toxumla təmin edilməsidir. Ona görə də əkdiyi 310 hektar taxıl sahəsinin 235 hektarını məhz toxum üçün nəzərdə tutub: - Fermer təsərrüfatı yaratmaq o qədər də çətin deyil. Hamı yarada bilər. Ancaq rayon rəhbərinin, dövlətin qayğısı olmasa bu təsərrüfatın səmərəliliyindən danışmaq mümkün deyil. Məhz rayon rəhbərliyinin köməyi ilə mən 25 min ABŞ dolları məbləğində kredit almışam. "Aran" adlı buğda sortu və "Qarabağ-22" adlı arpa sortu əkirik. Uğurlarımız göz qabağındadır. Ən başlıcası camaatımız da, rayon rəhbərliyi də bizim fəaliyyətimizdən kifayət qədər razıdır. İyulun əvvəlində Zaqatalaya gələn Prezident İlham Əliyevdən eşitdiyimiz istənilən söz, istənilən ifadə isə bizim fəaliyyətimizə böyük stimul verdi. Əminəm ki, daha böyük uğurlara imza atacaq Zaqatalanın ümumi inkişafına daha dəyərli töhfələr verəcəyik.
Fermer Zeynulla Əhmədovu çoxdan tanıyıram. Müxtəlif tədbirlərdə çox görüşmüşük. Səmimi adamdır. Doğulub boya-başa çatdığı Muxax kəndində uşaqdan böyüyə hamı onu yaxşı tanıyır. Ondan kömək uman hər kəsə həmişə əl uzadıb, qayğısına qalıb. Odur ki, bu gün nəinki kənddə, Zaqatalada Zeynulla haqqında həmişə səmimiyyətlə danışırlar. Zaqatalanı ovuc içi kimi tanıyan İlkin Rzayevin dediyi kimi "çünki Zeynulla özü səmimi adamdır".
Budəfəki görüşümüzdə də fermer Zeynulla Əhmədov öz fəaliyyəti barədə deyil, dövlətin sahibkarlara göstərdiyi qayğı barədə danışdı: - Bu gün ölkənin istənilən rayonunda sahibkarlar böyük uğurlara imza atırlar. İndi Zaqatalanın istənilən kəndində fermer təsərrüfatı yaratmış insanlar daimi qayğı ilə əhatə olunublar. Məhz ona görə də uğurlar böyükdür. Mən qoyunçuluq üzrə fermer təsərrüfatının rəhbəriyəm. 1998-ci ildən bəri fəaliyyət göstəririk. Artıq 2 min baş heyvanımız var. Təsərrüfatda 18 nəfər işçi çalışır. Hər birinə orta hesabla 250 manat əmək haqqı veririk. Üstəlik yeməklərini də təsərrüfat ödəyir. 531 hektar yaylaq, 2012 hektar isə qış otlaq sahəmiz var. Qışlağımız Xanabaddadır. Yəni, rayon rəhbərliyi bizə lazım olan şəraiti yaradır. Biz də cavabsız qalmırıq. Çalışırıq gündən-günə inkişaf edən dövlətimizə öz töhfəmizi verək. Nə gizlədim, əvvəllər əli papkalıların əlindən bilmirdik nə edək. İndi isə ab-hava, mühit dəyişib. Ölkədə bizə xüsusi diqqət, qayğı var. Bütün qapıları ürəklə döyə bilirik.
Zeynulla söhbətinin sonunda xüsusilə qeyd etdi ki, dövlətin qayğısına cavab vermək hər bir vətəndaşın borcudur: - Bu rayon bizimdir, bu dövlət bizimdir. Bu cəmiyyəti biz inkişaf etdirməliyik. Bütün məsələlərin həllini rayon rəhbərindən, dövlət başçısından gözləmək isə əslində heç bir iş görməmək deməkdir. Biz bu süstlükdən uzaq olmaqla nümunə göstərənlərin sırasında olmaqdan məmnunuq.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında