Seçicilər demokratik, şəffaf seçki şəraitində öz iradələrini ifadə edərək səs verdilər

 

 

 

Səbail: Arzulara, ümidlərə verilən səs

Bakının   tarixi  keçmişini  yaşadan,   ölkənin  rəhbər  və  mərkəzi  qurumlarının yerləşdiyi  Səbail   rayonu,   haqlı olaraq,  “paytaxtın  paytaxtı”  statusunu  ləyaqətlə  daşıyır.  Son 10 ildə  respublikada  gedən  yeniləşmə  və  yüksəliş  prosesinin  ən  parlaq  səhifələri  də  məhz bu rayonda yazılmışdır.

Xəzər  dənizi boyunca  yerləşən  Səbailin  tarixi hissəsi son 10 ildə ölkə və şəhər  rəhbərliyinin diqqət və  nəzarəti   altında,  rayon  təşkilatlarının  fəal  iştirakı  ilə əsaslı  surətdə  yenidən  qurulmuşdur. Rayon ərazisi tamamilə abadlaşmış,  müasir  memarlıq  nümunələri ilə   zənginləşərək  əzəmətli  mənzərə qazanmış, gözəlliyi ilə   hamını   heyran  qoymuşdur. Xatırlamağa  dəyər ki,  böhran  və   aşınmalar  dövründə   daha çox  şəhərin  bu  hissəsi  bərbad,   baxımsız  vəziyyətə düşmüşdü.

9 oktyabr  prezident seçkiləri  günü  Xəzərin  üstündən  baş qaldıran  və  əvvəlki  günlərdəkindən də parlaq  görünən  Günəş, sanki, bu gözəlliyin daha  aydın  görünməsi  üçün  nəhəng bir  məşəl  kimi  yanırdı. Son günlərin bayramsayağı  yır-yığışında,  payız  yağışları altında təmizlənib-paklanmış  mərkəzi  küçə,  meydan, bağ  və  tikililər  daha  yaraşıqlı,  baxımlı  görünürdü.  İş  günü  olmasa da,  maşınların  sırası  seyrək  olsa da bayırda  adamlar  əvvəlki günlərdən  daha  gur  görünürdü.  Sakinlərin   axın-axın yönəldiyi  səsvermə  məntəqələrinin  qarşısı  isə  sıx  və   təntənəli  görünürdü.

Səbail  rayonunun  Bülbül  prospektində — Dənizçilərin  mədəniyyət evində  yerləşən  əsas  seçki qərargahı —  29 saylı  dairə  seçki   komissiyası  qaynar  qazanı  xatırladırdı.   DSK  sədri  Cahangir  Məmmədovla qısa söhbətimizi  dairəyə  gələn  dalbadal  zənglər  kəssə  də  elə bunun  özü  rayonda   sürəkli  səsvermə  və  müşahidə   prosesi getdiyindən  xəbər  verirdi.  Zənglərdə  məntəqələrdən  məlumatlar  daxil olur,  hansısa  situasiyaya  aydınlıq  gətirilir,  seçki normalarına  ciddi  əməl  olunması  barədə  tapşırıqlar  verilirdi.   Nəhayət,   DSK  sədri  nəfəsini dərib yığcam məlumatını  tamamladı:

– Ərazimizdə  41  daimi, 11 mövsümi  məntəqə  fəaliyyət göstərir.  41  min  200  seçicinin  sərbəst,  rahat  səs verməsi  üçün  hər cür  şərait yaratmışıq.  12  məntəqədə  veb-kameralar   quraşdırılıb. Bu ildən  əlil  arabalarının  məntəqələrə  əziyyətsiz  daxil olması üçün  “pantus”  deyilən  xüsusi  keçidlər  yaradılıb.  Rayonda   yerləşən  Xəzər Dəniz  Gəmiçiliyinin səfərdə olan  gəmilərində 1015  dənizçinin  səs verməsi  üçün  də  şərait yaradılıb,  rabitə   qurulub.  

Aldığımız  məlumat seçicilərin  fəallığını  göstərir.   Bütün  məntəqələrdə  yerli  müşahidəçilər  səhər  tezdən  missiyalarını  yerinə yetirirlər.  Ölkəmizə  gəlmiş  xarici   müşahidəçilərin  bir çoxu  Səbail  ərazisində  yerləşdiyindən səsvermənin gedişi  onların  ciddi   nəzarəti altındadır.   İndi saat 12-dir, hansısa  bir qanun  pozuntusu,  xoşagəlməz  hadisə  baş verməyib.

Dairənin  qonşuluğunda, Xaqani  küçəsində   yerləşən  3 saylı  səsvermə  məntəqəsindən  səs verib  çıxan  ər-arvadla  da  müsahib olduq.   İxtisasca  bioloq-genetik  olan  Aleksandr Həkimov  dedi:

— Xanımım  Yelena Andreyevna  ilə səs  verdik.   Heç bir  məneəyə,  təşviqə  rast  gəlmədik.   Seçki  hüququndan sərbəst  istifadə  etmək  əsas  məsələdir.   Seçib-seçilmək  insanın  ali   hüququdur.  Bu,  həm də   şərəfli  vətəndaşlıq  borcudur.   Düşünürəm ki,   bu  hüquqdan  ümumi  taleyimiz,  gələcəyimiz  naminə  düzgün,  ədalətli  istifadə  olunmalıdır. Ağıllı  və  bacarıqlı   siyasətçiyə, sınaqdan  çıxmış  namizədə səs verməklə ölkəmizi  doğru  yola  yönəldə bilərik.  İkimiz  də  Azərbaycanın  müstəqilliyini  qoruyan,  ölkəmizi  tərəqqiyə  qoşan,   şəhərimizin,  yaşadığımız  rayonun  problemlərini  həll edən  siyasətə və  siyasətçiyə  səs verdik. Bunu  qəlbimizin  hökmü ilə   etdik.   Məntəqədəki şəraitə,   şəffaflığa  isə  söz  ola bilməz.

Məntəqədə  seçki  prosesini  izləyən, müxtəlif  siyasi   partiyaları  və  qurumları   təmsil  edən  müşahidçilərin  rəylərini  soruşanda  onlar  əllərindəki heç bir  qeyd düşməmiş  protokol  vərəqlərini  göstərdilər: yəni  heç bir  pozuntu  qeydə alınmayıb. 

23 saylı  Nəsimi – Səbail  seçki dairəsinin Səməd Vurğun  küçəsindəki  Mərkəzi  zabitlər  evində  yerləşən  25  saylı   məntəqəsində  də  səs verənlər  və  müşahidəçilər  hər şeyin  qaydasında   olduğunu  söylədilər. Bayırda  isə “Rəy – monitorinq”  müstəqil ekspert qrupu  “exit-poll”  müşahidəsi  aparır, hər  10  səsverəndən  birinin  seçimini  qeydə  alırdı. Qrupun üzvü Azər Kərimov  bildirdi ki,  seçicilər  seçimlərini  gizlətmir,  rəqəmlər  ölkənin  ali  postu uğrunda   mübarizədə  iqtidar  nümayəndəsinin  üstün  səs qazanmaqda  olduğunu  göstərir.

Həmin  küçədə – Dənizçilik  Akademiyasında  yerləşən  23  saylı   dairənin  24 saylı  məntəqəsində seçicilərin şəxsiyyət  vəsiqələrini qeydə  alan  xanım 18  yaşı okytabrın  9-da  tamam olan oğlanı  bizə  nişan verdi: Yəqin,  sizin üçün də   maraqlıdır.   Biz  də  oxucularımız  üçün  diqqətçəkən  olduğunu  nəzərə  alıb  Cavidan  İslamovun  səsverməsini  lentə  alıb, sonra onun ürək  sözlərini  yazdıq:

– Dənizçilik  Akademiyasının I kurs  tələbəsiyəm.  Ünvan  qeydiyyatım  oxuduğum  ali məktəb  olduğundan  buradakı   məntəqədə  səs verirəm.   Bu gün  mənim üçün  ikiqat  sevinclidir – ad  günümdə ilk dəfə  səsvermə  hüququmdan istifadə  edirəm.  Mən  Prezident  İlham Əliyevin  ölkəyə  rəhbərliyi  dövründə  orta  təhsil  alıb,  ali  məktəbə  daxil  olmuşam.   Tələbəlik  dövrümün də  prezidenti  kimi onu  seçdim.  İnanıram ki,   onun  rəhbərliyi ilə   biz  tələbələr   ali  məktəbi  uğurla  bitirib  ölkəmizə  gərəkli   kadrlar  kimi yetişə  bilərik.

Hər iki  dairənin  digər  məntəqələrində də  səsvermənin   şəffaf,  demokratik  şəraitdə  keçdiyini  müşahidə  etdik,  vətəndaşlıq  borcunu  yerinə  yetirməyə gələnlərin  məmnunluq,  xoş  arzular, sabaha inam dolu  sözlər  eşitdik. Müstəqil müşahidəçi Hacı Abayev isə bunları söyləməyi vacib saydı: Bu seçki tariximizə ölkəmizdəki ən şəffaf, ən demokratik seçki kimi daxil olacaq, Azərbaycanı dünyada azad, yetkin bir dövlət kimi tanıdacaq.

Səsvermə bitdikdən sonra aldığımız məlumata görə, 23 saylı Nizami-Səbail seçki dairəsi üzrə seçicilərin  63,81 faizi, 29 saylı Səbail seçki dairəsi üzrə 70,2 faizi səsvermədə iştirak etmişdir. 

Tahir AYDINOĞLU,

 Rafiq SALMANOV( foto)

“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında