Qəlblərin səsi, ürəklərin hökmü

 

Balakən

Neçə gündür ki, havalar soyuyub. Balakənin dağları ağappaq örpəyə bürünüb. Sadə balakənlinin dediyi sözləri xatırlayıram: “Biz hamımız seçkiyə bax, qar kimi  belə üzüağ gedirik”. Həqiqətdir, son illər Balakəndə çox böyük işlər görülüb. İndi kimi dindirsən bu barədə  fərəhlə danışır.

Uşaq Yaradıcılıq Mərkəzində yerləşən 3 saylı məntəqəyə səhər tezdən xeyli seçici gəlib. Çoxunu tanıyıram. Müxtəlif tədbirlərdə, mərasimlərdə görüşmüşük. Birini sizə də təqdim edim. Aydın Dibirov “BalaCans” MMC şirkətinin icraçı direktorudur. Yaşlı adamlar yaxşı xatırlayırlar. Bir vaxtlar Balakən konserv zavodunun şöhrəti hər yana yayılmışdı. Sonralar hərcmərclik illərində onu da dağıtdılar. Bax beləcə, 1969-cu ildə ümummilli liderin xeyir-duası ilə fəaliyyətə başlayan bu müəssisə məhv oldu. 2008-ci  ildə müəssisə yenidən bərpa edildi. Açılışında ölkə başçısı iştirak etdi. Bu gün fəxrlə demək olar ki, əvvəlki ənənə geri qayıdır.

İndi müəssisədə 200 nəfər çalışır. Burada 4 ədəd 250 ton tutumu olan soyuducu kamera fəaliyyət göstərir. Avropa ölkələrindən gətirilmiş meyvə konsentartları hazırda həmin kameralarda saxlanılır. Bunlardan hazırlanmış 9 çeşidli “WELL” brendli meyvə şirələri respublikamızın müxtəlif bölgələrində satılır. Balakənin meşələrindən dərilmiş müxtəlif növ meyvələrdən, o  cümlədən böyürtkən, itburnu, yemişan, heyva, alma, armud, gavalı, albalı, gilas kompotları, mürəbbələri və cemləri süfrələrimizi bəzəyir. Təkcə bununla iş bitmir. MDB ölkələrinə də hazır məhsul ixrac edilir. İstehsal olunan kompotlar, mürəbbələr və cemlər Rusiya Federasiyasının Moskva və digər vilayətlərinə satılır. Gələcəkdə Balakəndə istehsal olunan məhsullardan hər yerdə görəcəyik.

Aydın Dibirov səs verməyə tək gəlməyib. Kollektivin 30-a yaxın üzvü bu məntəqədə səs verəcək. Müsahibim sevinclə danışır: “Ölkəmizdə sahibkarlığa bu qədər diqqət heç vaxt olmayıb. Bu gün bizdə çalışanların orta aylıq əmək haqqı 400 manat təşkil edir. Kimi dindirsəniz bu barədə ağızdolusu danışar. Elə götürək sahibkarlıqla bağlı sonuncu sərəncamı. Burada biz sahibkarlara bütün səlahiyyətlər verilib. Belə gözəl dövranda yaşamağa, işləməyə nə var ki”. 

3 saylı məntəqədə görüşdüyüm ayrı-ayrı adamlar  da bugünki güzərandan razı qaldıqlarını fəxrlə dilə gətirdilər. Məntəqədə 1444 nəfər seçici səs verməlidir. Günortaya yaxın artıq onlardan 70 faizi gəlib öz seçimlərini etmişdilər.

109 saylı Balakən Dairə Seçki Komissiyasının sədri Vahid Əliyev söhbət zamanı bildirdi ki, 36 məntəqədə 41164 nəfər səs verməlidir. 8 məntəqədə veb-kamera quraşdırılıb. Məntəqələrdə səs vermək üçün hər cür şərait yaradılıb. Sədr haqlıdır. Bunu ayrı-ayrı məntəqələrdə də öz gözlərimizlə gördük. Müşahidəçilərlə də söhbət etdik. Onlar da hər şeyin yerli-yerində olduğunu, heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdilər.

Bax beləcə dünən Balakəndə seçicilərin 73,35 faizi səsvermədə iştirak etdi.

Yeri gəlmişkən, deyim ki, seçkidən bir gün əvvəl rayonun Roçəhməd kəndində yaşayan 94 ailəyə təbii qaz verildi. Həmin  mərasimdə ağsaqqal, nurani bir kişinin dediyi sözlər hamını təsirləndirdi: “Heç vaxt inanmazdım ki, bir gün gələcək rayonun ən ucqar kəndinə qaz çəkiləcəkdir. Ölmədim bu günü də gördüm”.

Ağsu

Ağsuda bir kənd var, Çiyni adlanır. Dəfələrlə istəmişəm ki, bu kənddən, onun insanlarından bir yazı hazırlayım. Sərlövhəni də fikirləşmişəm. Adı belə olacaq: “Çiyni kəndinin adamları”. Amma nədənsə, neçə ildir ki, ürəyimdə gəzdirdiyim bu hissləri istədiyim kimi kağıza köçürə bilmirəm... Burada çox olmuşam. Ayrı-ayrı adamlarla söhbət etmişəm. Bir vaxtlar kənd orta məktəbində işləmiş rəhmətlik Allahverdi müəllim buranın tarixi haqqında mənə çox danışıb. Bu kənddə hər şey var. Gəlib görsəniz özünüz də vurularsınız. Gözəl mədəniyyət evi, yaraşıqlı məktəb binası, məscid, stadion, neçə-neçə digər sosial obyektlər... İnandırım sizi, rayon mərkəzindən, şəhərdən geri qalmır. Başdan-başa asfaltlanıb. İşıq dirəkləri buraya xüsusi yaraşıq verir. İndi də yeni uşaq bağçası-körpələr evinin tikintisinə başlanılıb. Tanıdıqlarımın hamısına demişəm. Gedin özünüz baxın, inanın. Bütün Azərbaycan kəndlərini belə görmək istəyirik və bu, bir həqiqətdir ki, bunu hamımız görəcəyik.

40 saylı məntəqə Çiyni kənd məktəbində yerləşir. Ömrünün 72-ci ilini yaşayan, bütün həyatını balalarımızın təhsilinə həsr etmiş, hamının ağsaqqal kimi tanıyıb, hörmət etdiyi İsmayıl İsmayılovla görüşürəm. İlləri yora-yora gələn bu ixtiyar insanın söhbətlərindən  doymaq olmur. Bir vaxtlar işlədiyi məktəbə bu gün səs verməyə gəlib. Onu hörmətlə qarşılayırlar, ehtiramla salam verirlər. İsmayıl müəllimlə  söhbət edirik: “Oğul, bu gün Ağsunu tanımaq olmur. Başdan-başa simasını dəyişib. Elə bir küçəsi yoxdur ki, orada bir yeniliklə qarşılaşmayasan. Bizim kənddən danışırıq. Bütün bunlar hamısı dövlətin nə qədər böyük qüdrətə, gücə sahib olduğundan xəbər verir. Baxdıqca sevinirsən, fərəhlənirsən. Bu gün Azərbaycanın adı dünyanın ən yüksək tribunalarından eşidilir. Bu dövlət elə-belə inkişaf etməyib. Onu yaradan, quran,   irəli aparan lider var. Biz xoşbəxtik ki, Azərbaycan dünyanın hesablaşdığı bir ölkəyə çevrilib”. 

Xatırladım ki, bu fikirlər dünyanın hər üzünü görmüş bir insanın səmimi, içdən gələn ürək sözləridir.

87 saylı Ağsu - İsmayıllı seçki dairəsinin sədri Azad Dursunəliyev bildirdi ki, 62 məntəqənin 9-da veb-kamera quraşdırılıb. 605 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Hələlik qanun pozuntusu barədə heç bir məlumat daxil olmayıb. ATƏT-in müşahidə missiyasının üzvü Rikardo Lepri ilə görüşürük.  “Bayaqdan məntəqələri gəzirəm, - deyir. Hər şey normaldır, qaydasındadır. Seçkidə qanun pozuntusuna rast gəlmədim”.

Saat yeddidir. Dairə sədri Azad Dursunəliyev ilə əlaqə saxlayıram. Xəttin o başından sədrin fərəh dolu səsini eşidirəm: “Seçki uğurla baş tutdu, - ilkin məlumata görə seçicilərin 74,4 faizi seçkidə iştirak edib”.

Qax

Əfraşim Vəliyev Qarabağ müharibəsi əlilidir. 1992-ci ilin avqust ayında könüllü cəbhəyə gedib. Füzuli bölgəsində - Qəcər, Dilağar istiqamətində  döyüşlərdə iştirak edib. Son döyüşü isə Zərgər kəndində olub. Ayağından nə vaxt yaralandığını bu gün də xatırlaya bilmir. Onu Qaraxanbəylidə yerləşən hərbi hospitala, oradan da Bakıya gətiriblər. Bax, beləcə sağ ayağını itirib. Bu gün də döyüş yoldaşları haqqında danışanda gözləri dolur. “Təəssüf edirəm ki, bu döyüşlərdə bir-birindən igid, qəhrəman oğulları, dostları itirmişəm - deyir. Bu gün mən həmin dostlarımın yarımçıq qalmış ömürlərini yaşayıram”.

Təxminən beş gün bundan əvvəl Əfraşim Vəliyevin ailəsinə ikiotaqlı mənzil verilib. Onunla Qaxbaş kəndindəki məntəqədə görüşürük. Həyat yoldaşı Dilarə ilə birlikdə gəlib. Üç övlad atası olan Əfraşim fərəhlə danışır: “Mənə verilən bu ev dövlətin göstərdiyi ən böyük qayğıdır. Ümumiyyətlə, bu diqqəti mən həmişə görmüşəm. Hara getmişəmsə, mənə xoş münasibət göstərilib. İşlə təmin olunmuşam. 2000-ci ildə mənə avtomobil bağışlanıb. Bütün bunları necə unutmaq olar? Çox təəssüflənirəm ki, bəzi nankor insanlar onlara qayğı, diqqət göstərən insanlara minnətdarlıq etmək əvəzinə, böhtan atmaqla məşğuldurlar. Belələrinə üzümü tutub demək istəyirəm: “Biz hər cür qayğı ilə əhatə olunmuş insanlarıq. Azərbaycan nəinki aybaay, hətta günbəgün dəyişir, inkişaf edir. Bu gün mən məhz həmin inkişafa, daha xoşbəxt günə səs verməyə gəlmişəm”.

112 saylı Qax seçki dairəsində 41193 nəfər seçici var. Onlar üçün 57 məntəqədə bütün şərait yaradılıb. 8 veb-kamera seçkilərin birbaşa izlənməsini təmin edir. Dairə seçki komissiyasının sədri Abdukərim Əliyev söhbət zamanı bildirdi ki, məntəqələr bütün təlimatlarla təmin olunub, orada seçkilərin keçirilməsi üçün heç bir problem yarana bilməz.

Düz sözə nə deyəsən? Biz olduğumuz bütün məntəqələrdə bu sözlərin şahidi olduq. Seçicilərin öz fikirlərini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılmışdı. Günün sonunda öyrəndik ki, seçicilərin 75 faizi seçkilərdə iştirak edib, talelərini etibar etdikləri namizədə səs vermişdir.

İsmayıllı

Bu gün İsmayıllı öz yeni ömrünü yaşayır, desək, yanılmarıq. Bu dağlar diyarında son aylar görülən işlər, sözün həqiqi mənasında, hamını heyrətə gətirir. Bu günlərdə rayondan hazırladığımız yazıda İsmayıllıda görülən işlərdən, o cümlədən şəhid Mübariz Orucovun adını daşıyan küçənin başdan-başa yenidən qurulmasından iftixarla söhbət açmışdıq. Yazmışdıq ki, başqa küçələrdə də həmin quruculuq işləri gedir. Lap az vaxtda siz İsmayıllını tanımayacaqsınız. Çünki, bir-birindən gözəl layihələr həyata keçirilir. Onlardan biri — uşaq kitabxanası yenidən qurulur. Gəlin, baxın, görün ki, bura analoqu olmayan məkana çevrilib. Hələ son tamamlanma işləri gedir. Baxıb heyran oldum. Yanımızda başqa qonaqlar da var idi. Əlləri üzlərində qalmışdı.

İsmayıllıda görülən işlərin hamısı belə gözəldir. Odur ki, seçki günü hamı məntəqələrə tələsirdi ki, gələcək xoşbəxt günlərə səs versin. Mən isə həmin gün Xanagah kəndinə getmişdim. Getmişdim ki, 113 yaşlı Cahanbanu Gözəlova ilə görüşüm. Rayonun ən yaşlı seçicisi ilə görüşməyi özümə borc bilirdim. Görüşdük, qarı nənə uzaq xatirələrdən danışdı. Həsrətlə baxırdım. Doğma adamım kimi qulaq asırdım. Bir elin, obanın ağbirçəyi olan bu nənəyə səsvermə qutusunu evə gətirmişdirlər. “Deyirəm özüm gedim, qoymurlar, bala, - deyə, -Cahanbanu nənə danışır, - deyirlər ki, bu yaşda hara gedəcəksən, əziyyət olar. Cavab verirəm ki, bizə, mənim balalarıma, nəvələrimə bu gözəl günü bəxş edən bir insanın əziyyətini də biz çəkək. Mənim balam, siz xoşbəxtsiniz ki, belə bir dövranda yaşayırsınız”.

Əlavə şərhə nə ehtiyac. Cahanbanu nənə  ilə elədiyim söhbət, yəqin ki, gələcəkdə başqa bir yazının da mövzusu olacaq. Sağlıq olsun...

Seçki günü rayon gənclər mərkəzində yerləşən 3 saylı məntəqədə ATƏT-in müşahidəçisi, İsveçrənin İnsan Hüquqları Bürosunun əməkdaşı Evi Yansonla görüşdüm. Qonaq bildirdi ki, Azərbaycanda seçkilərin belə demokratik keçməsindən ancaq fərəh hissi ilə danışmaq olar: “ATƏT-in müşahidə missiyası bu rayonda yerləşir. Seçkilərdən əvvəl bütün məntəqələrdə olmuşam. Gözəl şərait yaradılıb. Ən uzaq dağ kəndi ilə də istədiyin vaxt əlaqə yarada bilirsən. Gedin, siz də məntəqələrdə olun. Mənim dediklərimin şahidi olacaqsınız”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası rayon şöbəsinin sədri Əhməd Tahirov da heç bir  qanun pozuntusuna rast gəlmədiyini dedi. 86 saylı İsmayıllı dairə seçki komissiyasının sədri Əlirəmzi Məhərrəmov bildirdi: “40800 nəfər seçici var və onlar 65 məntəqədə səs verəcəklər. Yəqin ki, özünüz gördünüz. İndiyədək İsmayıllıda seçicilər belə fəallıq göstərməyiblər.  Məntəqələrlə hər an əlaqə saxlayırıq. Seçicilər məntəqələrə gəlib sərbəst şəkildə öz istədikləri namizədə səslərini verirlər”.

Axşama yaxın dairə seçki komissiyasından aldığımız məlumat belə oldu: Seçicilərin 73,2 faizi seçkilərdə iştirak edib”.

Zaqatala

... Zaqatalanı “Azərbaycanın İsveçrəsi” adlandıranlar yanılmırlar. Bu gözəlliklər diyarına nə qədər tərif desən, yaraşır. 22 millətin bir ailə kimi yaşadığı Zaqatalada indi başqa büsat var. Zəlzələdən sonra onun əksər kəndləri, demək olar ki, yenidən qurulub. Rayonun özü isə gözəlləşib, buraya, sanki, bir sığal çəkilib. Hara baxırsan göz oxşayır. Dədə Qorqud meydanı yenidən qurulub, şəhərin küçələrinə asfalt döşənib, su-kanalizasiya sistemi dəyişdirilib, yeni-yeni sosial obyektlər, məktəblər tikilib. Bir sözlə, Zaqatalaya ilin hansı fəslində istəsən qonaq gələ bilərsən. Buranın özü də gözəldir, insanları da.

110 saylı Zaqatala dairə seçki komissiyasının sədri Fikrət Mustafayevlə bir neçə gün əvvəl görüşüb söhbət edəndə, o da doğma torpağa olan sevgisini gizlədə bilməmişdi: “Biz zaqatalalılar doğma torpağa o qədər bağlıyıq ki, burada yaşayan hər bir adam mənim üçün əzizdir. Qınamayın, məndən heç kəs inciməz: zaqatalalıların üzündə pak bir işıq var”. Dünən seçki məntəqələrinə gələn hər bir zaqatalalının üzündə mən də bu işığı görürdüm.

Car kəndində yerləşən 2 saylı məntəqədə səs verəcək 897 nəfərin günortayadək, demək olar ki, 70 faizi gəlib öz səsini inandığı namizədə vermişdi. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, müşahidəçi Elmira Mehdiyeva bildirdi ki, indiyədək heç bir qanun pozuntusu olmayıb, hamı sərbəst şəkildə öz səsini verib. MDB-dən olan beynəlxalq müşahidəçi Aleksandr Kuzmin də səsvermənin demokratik, şəffaf keçirildiyini dönə-dönə qeyd etdi.

111 saylı Zaqatala-Balakən Seçki Dairəsinin Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialında yerləşən 2 saylı məntəqəsində isə ilk dəfə səs verən Nərgiz Məmmədovanın sevincinin həddi-hüdudu yox idi: “Xoşbəxtəm, çox xoşbəxtəm-dedi. Sevinirəm ki, prezident seçkilərində iştirak edirəm. Bugünkü gənclik kimin  arxasınca getməyi yaxşı bilir. Bu gün böyük Məhəmməd Hadi sağ olsaydı, məşhur misralarını, yəqin ki, belə yazardı: “Var millətimin imzası imzalar içində”.

Biz dünən Zaqatalanın bir neçə seçki məntəqəsində olduq. Müxtəlif millətlərdən olan sakinlərlə görüşdük. Onların içində ziyalısı da var idi, sadə zəhmətkeşi də... Həvəslə səs verməyə gəlmişdilər ki, öz qəlblərinin səsinə qulaq assınlar, Azərbaycanın xoşbəxt gələcəyinə səs versinlər. Elə bunun nəticəsi idi ki, 110 saylı Zaqatala seçki dairəsində seçicilərin 76,8, 111 saylı Zaqatala-Balakən seçki dairəsində isə 72,5 faizi səs vermişdir.

İlqar HƏSƏNOV,

 “Xalq qəzeti”nin  bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında